Məhkəmə qərarları › İş №2(107)-328/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-328/2021

06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-328/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 Nadir oğluna və Cavabdeh2 qarşı “kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predimetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit məbləğinin geri qaytarılması və tutmanın ipoteka predimetinə yönəldilməsinə” dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 12096 manat əsas borc, 200 manat faiz borcu, ümumilikdə 12296 manat məbləğində kredit borcunun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində rüsumun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh1 ilə bank arasında bağlanmış 29 may 2018-ci il tarixli, YVF-92 saylı kredit müqaviləsinin təminatı qismində banka ipotekaya qoyulmuş 23.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli, Seriya MA ******* nömrəli çıxarışa əsasən Yevlax şəhəri C.Cabbarlı küçəsində Cavabdeh2 tam mülkiyyət hüququ əsasında məxsus olan 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət 121A nömrəli fərdi yaşayış evinə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin yuxarda göstərilən pııl tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin satıldıqdan sonra 1 ay müddətinə boşaldılması barədə məhkəmə qətnaməsi çıxarilmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli (hakim G.Cavadova) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 29.05.2018-ci il tarixli YVF-92 saylı kredit müqaviləsinə əsasən 12096 manat məbləğində əsas borc, 200 manat məbləğində faiz borcu, ümumilikdə 12296 (on iki min iki yüz doxsan altı) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutma ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 50000 (əlli min) manat müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324.92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin onlar tərəfindən boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir. işin faktiki halları: İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2018-ci il tarixli, YVF-92 saylı kredit müqaviləsinə əsasən, daşınmaz əmlakın alınması üçün 24 ay müddətinə illik 21% ödəmək şərti ilə 21000 manat məbləğində kredit verilmişdir. Cavabdehlə bank arasında bağlanmış 29 may 2018-ci il tarixli, YVF-92 saylı kredit müqaviləsinin təminatı qismində 23.09.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli, MA seriyalı ******* nömrəli çıxarışa əsasən Yevlax şəhəri C.Cabbarlı küçəsində Cavabdeh2 tam mülkiyyət hüququ əsasında məxsus olan 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət 121A nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuş və ipoteka müqaviləsi qeydiyyata alınaraq, qeyd olunan orqan tərəfindən 30.05.2018-ci il tarixli, **********66-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli RX seriya, ******* nömrəli ipoteka yüklüyünə dair çıxarış verilmişdir. Cavabdeh1 bank qarşısındakı öhəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Cavabdehin 25.09.2019-cu il tarixə 12096 manat əsas borc, 200 manat faiz borcu, ümumilikdə borcu 12296 manat məbləğ təşkil edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Yevlax Rayon Məhkəməsinin 24.12.2019-cu il tarixli, 2(039)-2075/2019 saylı qətnaməsini tam şəkildə qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə prosesi zamanı tərəfindən məhkəməyə mühasibatlıq ekspertizasının keçirilməsinə dair poçt vasitəsi ilə vəsatət göndərilsədə məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş və vəsatətinin rədd edilməsi barədə ona qərardad təqdim edilməmişdir. Sözügedən qətnamənin məzmunundan göründüyü kimi məhkəmə onun zülm və əziyyətlə əldə etdiyi ünvan 2 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 3 otaqlı, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi anası Cavabdeh2 mülkiyyətində olmasına baxmayaraq həmin ünvanda o, həyat yoldaşı və iki azyaşlı körpə uşaqları ilə yaşayırlar. Məhkəmə icraatında olmuş mülki işi hər tərəfli və obyektiv araşdırsaydı görərdi ki, iddiaçı sonrakı ipoteka müqaviləsini bağlayarkən ipoteka qoyan Cavabdeh2 ayaqları tutulmuş yataq xəstəsi olması həqiqətən iddiaçıya məlum olsada bankın dələduz əməkdaşları öz xeyrlərini güdmək məqsədilə ipoteka qoyanın imzası olmadan hardansa saxta ipoteka müqaviləsini mülki işə əlavə edib öz saxtakarlıqlarını nümayiş etdirmişlər. Məhkəmə onun iştirakını təmin etsəydi o, iddiaçının onlara qarşı etdikləri qanunsuzluqlar barədə bildiyi bütün sübutları və dəlilləri məhkəmə iclasında sübut edərdi. Məhkəmə tərəfindən işin bu həqiqi hallarını nəzərə almamış onun düşdüyü durum məhkəmənin qanunsuz qətnaməsi əsasında dahada ağırlaşmışdır. Bu səbəbdən də hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə xətşünaslıq ekspertizası təyin edilməli, fərdi yaşayış evi satıldıqdan 1 ay sonra onun və anasının fərdi yaşayış evindən çıxarılmağı, fərdi yaşayış evinin boşaldılması hissəsində rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh (apelyator) Cavabdeh1 rəsmi poçt vasitəsilə yanaşı, həmçinin iddia ərizəsində qeyd olunmuş 050 300 14 25 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (MPM 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli qətnaməsi ipoteka predmetlərinin dəyərinə münasibətdə dəyişdirilməlidir. İş materiallarında olan və məhkəmə kollegiyası iclasında tədqiq edilmiş: YVF-92 №-li, 29 may 2018-ci il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinin təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh1 illik 21 faiz dərəcəsi ilə 24 ay müddətinə 21000 manat məbləğində kredit verilmiş və Yevlax şəhəri C.Cabbarlı küçəsində Cavabdeh2 tam mülkiyyət hüququ əsasında məxsus olan 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət 121A nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və onun qeydiyyatı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışla təsdiqlənmişdir. 25.09.2019-cu il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh1 banka 12096 manat əsas, 200 manat faiz borcu olmaqla, cəmi 12296 manat borcu vardır. “xxxx” MMC-nin ƏQ-20/2019 saylı 12.11.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən Cavabdeh2 mülkiyyətində olan 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin 12.11.2019-cu il tarixə real bazar qiyməti 50000 manat müəyyən edilir. Apellyasiya icratı zamanı əldə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 24 may 2021-ci il tarixli, LF№10 saylı rəyindən görünür ki, məxsus Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 121a saylı fərdi-yaşayış evinin ərazi üzrə monitorinqi aparılıb. Məlum olub ki, tədqiqat obyektinin yerləşdiyi ərazi infrastruktur baxımından əlverişlidir. Gediş-gəliş yolları qənaətbəxşdir. Qiymətləndirilən fərdi yaşayış evi yaşayış üçün yararlıdır, hazırda təyinatı üzrə istifadədədir. Yerləşmə ərazisinin perspektiv imkanları yüksək qiymətləndirilir. Ərazidə yerləşən analoji yaşayış sahələrinin gəlirlilik əmsalı, həmçinin kirayə formasında gəlir- gətirmək və dövriyyə imkanları yüksəkdir. Ərazi üzrə daşınmaz əmlak bazarının monitorinqi aparılmış və təhlil olunmuşdur. Monitorinq bazasında toplanan, əməkdaşlıq edilən rieltor qurumlarından, alqı-satqı sahəsində fəaliyyət göstərən internet resurslarından və digər etibar doğuran açıq mənbələrdən alman məlumatlara istinad olunmuşdur. Beləliklə,aparılmış hesablamalar və təhlillərə əsasən Cavabdeh2 məxsus Yevlax şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 121a saylı fərdi-yaşayış evinin likvid dəyəri 24 may 2021-ci il tarixinə 40 000 (qırx min) manat təşkil edir. Qiymətləndirmə işi xxxx Standartları üzrə Beynəlxalq Komitənin və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən uyğun qiymətləndirmə metodlarından istifadə edilməklə əmlakın faktiki vəziyyətinə və bazar konyukturasına uyğun olaraq aparılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. 307.6-cı maddəsinə uyğun olaraq, ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış YVF-92 №-li, 29 may 2018-ci il tarixli kredit müqaviləsinin və ipoteka müqaviləsinin n qeyd olunmuş müddəaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının cavabdehlərə münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bununla belə, iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki, ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun; 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1.-ci maddəyə görə yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2.-ci maddəyə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 21.08.2019-cu il tarixli YVF 06-00229 saylı bildiriş göndərilmiş və qeyd olunan bildiriş 21.08.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq borc ödənilməmiş, ona görə də kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Bundan əvvəl də qeyd olunduğu kimi cavabdeh apellyasiya şikayətində iddia tələbində qeyd olunmuş ipotekanın qiymətini mübahisələndirmiş, lakin şikayətinin bu hissəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Apellyasiya icraatı zamanı ipotekanın hazırki real bazar dəyərinin (likvid dəyərinin) yenidən qiymətləndirilməsi təyin edilmiş və qiymətləndirilməni aparılması “xxxx” MMC-yə həvalə edilmişdir. 24 may 2021-ci il tarixli, LF№10 saylı rəydən müəyyən edilir ki, mübahisəli əmlakın likvid dəyəri 40 000 (qırx min) manat təşkil edir. Göründüyü kimi mübahisəli əmlakın likvid dəyəri ilkin satış qiymətindən aşağı qiymətləndirilmişdir. Qeyd olunan qiymətləndirmə rəyi cavabdehə tərəfə göndərilmiş, lakin sonuncu bununla bağlı münasibətini bildirməmişdir. Kollegiya qeyd edir ki, apellyasiya şikayətini cavabdeh tərəfindən verilməsinə, əmlak likvid dəyəri 40.000 manat müəyyən edilməsinə baxmayaraq, mübahisənin bu halı qanunvericiliyin tələbindən irəli gəldiyindən iş üzrə əmlakın likvid dəyəri əsas götürülməlidir. Apellyasiya şikayətinin digər dəlilinə, sonrakı ipoteka müqaviləsi bağlanarkən Cavabdeh2 imza etməməsinə gəldikdə isə kollegiya qeyd edir ki, cavabdeh dəfələrlə kollegiya tərəfindən məhkəmə iclasına dəvət edilməsinə, sübut təqdim edilməsi ( o cümlədən sərbəst imza nümunələrinin götürlüməsi üçün) barədə təklif olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Belə olna halda kollegiya cavabdehin bu dəlilini də formal mülahizə kimi qiymətləndirir. Apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirən kollegiya şikayətin daha bir dəlilinə, yəni “məhkəmə iclasında onun iştirakının təmin olunmamasına” tənqidi yanaşaraq qeyd edir ki, iş materiallrının 40 və 41- ci səhifələrindəki xəbərnamələrdən müəyyən edilir ki, cavabdehlərin hər ikisi məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmışlar. Cavabdehlər (o cümlədən apellyator) apellyasiya icraatı zamanı da məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Bu da bir daha onu deməyə əsas verir ki, cavabdehlər məhkəmə iclaslarına gəlməkdən qəsdən yayınırlar. Odur ki, kollegiya cavabdehin apellyasiya şikayəti üzrə bu dəlilini də səmimi və inandırıcı hesab etmir. Kollegiya sonda qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində (i/m səh.66) yalnız Cavabdeh1 Nadir oğlundan pulun tutulması qənaətinə gəlsə də, qətnamənin nəticə hissəsində hər iki cavabdehdən pul tutmuşdur. Kollegiya qətnamənin bu hissəsini texniki səhv kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi bu hissədə düzgün olmayan nəticəyə gəlmişdir. Kollegiya bildirir ki, apellyasiya şikayətinin dəlillərində həmin məsələyə toxunulmasa da apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi bu məsələyə qiymət verməlidir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cаvаbdeh Cavabdeh1 Nadir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli qətnaməsi ipoteka predmetinin dəyəri və Cavabdeh2 pulu tutulması hissəsi qətnamədən xaric edilməklə dəyişdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli, 2(039)-2075/2019 nömrəli qətnaməsi “ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməsi və Cavabdeh2 pulun tutulması hissəsi qətnamədən xaric edilməklə” dəyişdirilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin hazırki vəziyyətdə likvid dəyəri 40 000 (qırx min) manat müəyyən edilsin. Qətnamə Cavabdeh1 29.05.2018-ci il tarixli YVF-92 saylı kredit müqaviləsinə əsasən 12096 manat məbləğində əsas borc, 200 manat məbləğində faiz borcu, ümumilikdə 12296 (on iki min iki yüz doxsan altı) manat məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması; tutma ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324,92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi; ünvan 1 ünvanında yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 69,02 kv.m yaşayış, 324.92 kv.m yardımçı sahə olmaqla, 393,94 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi satıldıqdan sonra ən geci bir ay ərzində tərk etmədikləri təqdirdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin mənzildən çıxarılması və mənzilin onlar tərəfindən boşaldılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar