Məhkəmə qərarları › İş №2(107)-329/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-329/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-329/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul və zərər” tələbinə dаir mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(037)-715/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 410 manat əsas borc, 60 manat məbləğində maddi zərər və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 490 manat vəsaitin onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İsmayıllı Rayon Məhkəməsinin (hakim İ.Hüseynov) 20 sentyabr 2021-ci il tarixli, 2(037)-715/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh 410 manat borc məbləği və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 430 (dörd yüz otuz) manat pulun alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(037)-715/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı1 İsmayıllı Kommunal Müəssisələri Kombinatında bir yerdə işləyir, cavabdeh onun briqadiridir. Eyni zamanda cavabdeh digər İddiaçı2 dayısı arvadının yeznəsidir. 2019-cu ilin ortalarında cavabdeh iddiaçılardan ona təcili 500 manat pul lazım olduğunu bildirmiş, İddiaçı2 evdə müalicəsi üçün saxladığı 500 manatı ona vermişdir. Həmin puldan cavabdeh ötən müddət ərzində 50 və 40 manat olmaqla cəmi 90 manat hissəsini ödəmiş, qalan 410 manatı isə hazırkı vaxtadək ödəməmişdir. Bu müddət ərzində dəfələrlə cavabdehə borcunu qaytarması barədə bildirsə də heç bir nəticəsi olmamışdır. Belə olan halda cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 60 manat maddi zərər dəymişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həqiqətən o, iddiçılardan biri olan İddiaçı1 2020-ci ilin fevral ayında 500 manat məbləğində borc almışdır. Borcu minik avtomobili almaq üçün bankdakı kredit borcunu bağlatdınb yeni kredit almaq niyyəti ilə almışdır. İddiaçı1 onabildirmişdir ki, guya hansısa sələmə pul verən və adını bildirmək istəməyən bir qadından almışdır. O, həmin pulun 350 manatını ilk üç ay ərzində, yəni 150rmanat + 100 manat və + 100 manat olmaqla, cəmi 350 manatını ödəmişdir. Sonrakı aylarda isə hissə-hissə, yəni hər ay 40 manat olmaqla 18 ay ardıcıl olaraq ödəmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı1 sələmə pul verən qadın dediyi elə onun öz arvadı, hazırki iş üzrə ikinci iddiaçı İbrahimovani Haibə Arif qızıdır. O, artıq iddiaçıya 500 manat borca görə 1000 manatdan artıq ödəniş etdiyindən daha ödəniş etməkdən imtina etdikdən sonra Naibə və əri Tapdıq evinə hücum edib ondan yenə də faiz pulu tələb etməyə başlamışlar. Həmin vaxt o, Naibənin səsini telefonun yaddaşına köçürmüşdür. Həmin səs yazısında Naibə ona cəmi 18 ay ərzində hər ay 40 manat ödənildiyini etiraf edir və qalan faizi ondan tələb edir. Bu barədə səs yazısının köçürüldüyü disketi sübut kimi məhkəməyə təqdim etsə də məhkəmə həmin disketdə olan səs yazısına hüquqi qiymət verməmişdir. Bununla da İsmayıllı Rayon Məhkəməsində sözügedən qətnamə qəbul edilərkən işə birtərəfli yanaşılmış, iş üzrə sübutlar tam araşdırılmamış və düzgün hüquqi qiymət verilməmiş, işin halları tam araşdırılmamış, maddi-hüquq normaları bir tərəfli tətbiq edilmişdir. Odur ki, sözügedən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 388-390-cı maddələrinin tələblərini pozmuşdur. Qeyd edilənlərə əsasən İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(037)-715/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o həqiqətən də ehtiyacı olduğundan iddiaçılardan 500 manat məbləğində borc pul almış, həmin pulu da artıqlaması ilə, hətta əlavə faiz ödəmklə geri qaytarmışdır. Lakin birinci instansiya məhkəməsi işi tam araşdırmamış, onun sübutlarına əhəmiyyət verməmişdir. Odur ki, apellyasiya şikayətinin təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə bir yerdə işləyir. İddiaçı pula etiyacı olduğu üçün onlardan 500 manat borc pul istəmiş, onlar da ailə ehtiyacları üçün topladıqları puldan 500 manat iddiaçıya vermişlər. Lakin iddiaçı həmin borcdan bir dəfə 40 manat, bir dəfə də 50 manat, cəmi 90 manat qaytarsa da, qalan pulu qaytarmaqdan imtina edir. Apellyasiya şikayəti tam əsassızdır, ona görə də təmin olunmamasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o müayinə üçün topladığı puldan 500 manat iddiaçıya borc vermiş, lakin iddiaçı 90 manat qaytarsa da, qalan pulu qaytarmaqdan imtina edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(037)-715/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X3 bildirmişdir ki, İddiaçı1 və Cavabdehla birlikdə işləyir. Cavabdeh iddiaçılardan borc olaraq aldığı 500 manat məbləğini ödədiyini təsdiq edir. Belə ki, o 40 və 50 manat olmaqla ümumilikdə 90 manat məbləğində pulu İddiaçı1 vermişdir. Əlavə olaraq isə nə qədər pul verildiyi barədə məlumatı yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yarandığından iddiaçıların tələbinə də bu prizmadan yanaşılmalıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, bu apellyasiya şikayətininn dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması üçün əsaslı deyildir. Kollegiya nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdehə göndərilməsini və cavabdeh tərəfindən qaytarılmadığını sübut etməlidir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır. Birinci, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı tərəf 500 manatı 2019-cu il tarixdə cavadehə vermiş, cavabdeh də həmin pul məbləğini qəbul edərək, qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı da cavabdeh iddiaçı tərəfindən 500 manat məbləğində pul aldığını etiraf etmiş, lakin borcunun hamısını qaytardığını bildirir. İkinci, Cavabdeh iddiaçılara olan borcunu qaytardığını bildirsə də, kollegiya tərəfindən təklif olunmasına baxmayaraq sonuncu bunu təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, şikayətin bu dəlilini öz izahatı ilə əsaslandırmağa çalışmışdır. Kollegiya mübahisənin bu hissəsi ilə bağlı nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə verilmiş pulun qaytarılması tələbidir Üçüncü, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Hazırki mübahisə üzrə cavabdeh tərəf ziddiyyətli ifadə verərək, iddiaçı tərəfindən ona 500 manat pulun verildiyini inkar etmir, lakin sonradan faizlərlə verildiyini və pulu artıqlaması ilə qaytardığını bildirir. Dördüncü, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 106.3-cü maddəsinin tələbinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1.maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli, 2(037)-715/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar