Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-329/2025 18.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)- 594/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 2900 (iki min doqquz yüz) manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun alınıb özünə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi yaxşı tanıyır. Aralarında dostluq münasibəti yaranmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixdə ondan 2900 manat borc pul almış və bu barədə aralarında Qax rayon Dövlət notariat kontorunda 3M-150 Reystr nömrəli müqavilə bağlanmışdır. Cavabdeh pulu aldığı zaman xx.xx.2020-ci il tarixdə qaytaracağını bildirsə də öhdəliyini icra etməmiş və ona müxtəlif tarixlərə pulu qaytarması barədə vəd vermişdir. Cavabdeh sonuncu dəfə pulu 2024-cü ilin avqust ayının 15-də qaytaracağına söz versə də, öhdəliyini icra etmir. Hazırda cavabdeh öhdəliklərini icra etmir. Bu səbəblərdən o məcbur olub bu iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Ödədiyi dövlət rüsumunu da cavabdehdən tələb edir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçıya borcu yoxdur. İddiaçı ona şər gəlir ki, guya ondan 2900 manat borc pul almışdır. Ancaq bu belə deyil. O, bağ sahəsini satarkən 130 top fındıq yeri olmuşdur. Həmin sahəni internetdə satışa qoymuşdur. İddiaçını internet vasitəsi ilə tanımışdır. Belə ki, İddiaçı onu özü gəlib tapmışdır. Həyat yoldaşı xəstə olduğu üçün başqa yerdən 20 faizlə 1350 manat borca pul almış və ödəyə bilməmişdir. Bu səbəbdən bağını da satmışdır. Dörd ay həmin pulu ödəyə bilməmiş, axırı bağ sahəsini satıb ödəmişdir. Bağı satanda da İddiaçı onun yanına gələrək bağı almaq istədiyini demişdir. O, Elçinə əgər bağı istəyirsə əvvəlcədən pulu verməsini, çünki həm borcunu ödəməli olduğunu, həm də sənədləri hazırlayacağını demişdir. Bağı 11000 manata, 3000 manat da həmin məbləğə daxil olmaqla satmışdır. Bundan sonra notariusa getmişlər. Notarius sənəd verdikdən sonra 2900 manat pul banka qoyulmuşdur. Bankda İddiaçı 2900 manat pulun üzərinə 100 manat da əlavə edərək ona ümumilikdə 3000 manat pul vermişdir. O, da gedib borcunu bağlamışdır. Çünki evin sənədlərini borc götürdüyü şəxsə vermişdir. Sənədləri hazırladıqdan sonra alqı-satqı edən zaman Elçin həmin bağı özünün yox, anasının adına rəsmiləşdirmişdir. Həmin vaxt notariusa borcla bağlı müqaviləni göstərərək necə olacağını soruşduqda, notarius müqaviləni evdə saxlamasını, nə vaxtsa lazım olacağını bildirmişdir. Həmin vaxt onu başa salan olsaydı aparıb həmin pulu banka qoyar, deyərdi ki, pulu versin. Bunu bilməmiş və onu başa salan olmamışdır. Tələb olunan həmin o puldur. Bağı satdığı müddətdən 5 il müddət keçmişdir. Üzərindən 3 ay, yaxud 3 il də keçdikdən sonra deyir ki, onda iddiaçının pulu qalmışdır. İddiaçıya bağını satmış, lakin yenidən pulunu geri istəyir. İddiaçının özünə məxsus təsərrüfatı var idi və arı pətəklərini onun həyətinə qoyurdu. Sonra isə arılarını aparmışdır. İddiaçının bağına da o qulluq etmişdir. Ağacları pulsuz budamış, hər bir şeyi təmənnasız etmişdir. İddiaçı şikayət etməzdən əvvəl gəlib ona şər atmışdır ki, guya onun bağından 500 kq fındıq məhsulu yığmışdır. İddiaçı ona fındıq altının otunu çalmasını dedikdə gecikmiş, demişdir ki, çatdıra bilmir və iddiaçı ona 70 manat pul vermişdir. Müqavilə bağlandıqdan bu yana iddiaçı ondan 2900 manat puldan bir qəpik belə tələb etməmişdir. İddiaçı onu məhkəməyə verəndə bu söhbət ortaya çıxmışdır. Həmin pulu da notariusun yanında veməmiş, notarius onlara pulu çıxıb çöldə verməsini demişdir. İddiaçı ona notariusda 8000 manat pul vermiş, sənədə 5000 manat yazdırmış, qalan 3000 manat pulu isə sonra ona əlbəəl vermişdir. Torpağı nə üçün iddiaçıya deyil, anasına satması ilə bağlı bildirir ki, iddiaçı onun başqa işləri olduğunu və ona görə də, rəsmiləşdirməni anasının adına etdiyini bildirmişdir. O iddiçıya borclu deyil, iddiaçı ona şər atır. Odur ki, iddia müddətinin tətbiq edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İş üzrə iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə müvafiq olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-594/2024 nömrəli qətnaməsi (hakim Taleh Kərimov) ilə, İddiaçı Cavabdeh qarşı «2900 manat pul və ödənilmiş 50 manat dövlət rüsumu» tələbinə dair iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
7. Məhkəmə həmçinin müəyyən etmişdir ki, işin mübahisə olunmayan hallarıdır ki, borcalan müqavilədə müəyyən olunmuş müddətdə, yəni xx.xx.2020-ci il tarixədək iddiaçıya olan borcunu ödəməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Lakin bununla belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi barədə isə Cavabdeh tərəfindən ərizə verilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, iddiaçının borcalanla bağladığı kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu xx.xx.2020-ci il tarixi müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2024cü il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, Cavabdeh baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasına əsaslanaraq hazırki tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmişdir.
10. Sadalanan xüsusatları rəhbər tutan məhkəmə hesab etmişdir ki, iddia tələbi iddia müddəti tətbiq edildiyi üçün təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 372.1, 372.2, 373.3, 375.2, 377.2, 385, 386.1, 739-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası MPM-nin 119.1, 217.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, iddia müddətinin axımını düzgün hesablamamışdır.
14. Qeyd edir ki, məhkəmə hazırkı işdə iddia müddətinin axımını xx.xx.2020-ci il tarixdən hesablamışdır. Lakin iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır. İddia ərizəsində o, cavabdehin pulu aldığı zaman xx.xx.2020-ci il tarixdə qaytaracağını bildirməsini, lakin öhdəliyini icra etməməsini, o, ona müxtəlif tarixlərə pulu qaytarması barədə vəd verdiyini və cavabdehin sonuncu dəfə ona 2024-cü ilin avqust ayının 15-də pulu qaytaracağına söz verdiyini bildirsə də məhkəmə bunu nəzərə almamışdır. Cavabdeh yalan mülahizələri ilə məhkəməni aldatmağa nail olmuşdur.
15. Əlavə olaraq qeyd edir ki, cavabdehlə aralarında bağ alqı-satqısı olmuşdur. Lakin cavabdehə həmin bağın pulunu tam olaraq ödəmişdir. Cavabdeh ondan borc alarkən isə arvadının xəstə olmasını və müalicəyə pul lazım olduğunu bildirmişdir. Həmin pulu isə cavabdeh ödəyəcəyini, və ya kredit alıb qaytaracağını bildirmişdir. Lakin cavabdeh məhkəmədə guya ondan bağ almaq üçün 3000 manat verdiyini bildirmişdir.
16. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sübutlar düzgün təhlil edilməmiş və nəzərə alınmamışdır.
17. Odur ki, Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-594/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-594/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir.
21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
Apellyasiya baxışının hədləri
26. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlil, 2(024)-594/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
29. Ona görə də kollegiya Qax rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixlil, 2(024)- 594/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
31. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
32. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 3 ay müddətinə, yəni 26 fevral 2020-ci il tarixədək qaytarılması şərti ilə 2900 manat borc pul verilmiş, Cavabdeh tərəfindən həmin borc məbləğindən hər hansı bir hissəsi qaytarılmamış, cavabdeh tərəfindən iddia müddəti ərzində borcun etirafına yönəlmiş hərəkətlərin edilməsi müəyyən edilməmiş, 2024-cü ilin avqust ayında birinci instansiya məhkəməsinə daxil olmuş iddia ərizəsinə münasibətdə cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin axımının düzgün hesablamaması, cavabdehin ona müxtəlif tarixlərdə pulu qaytarması barədə vəd verməsi, cavabdehin sonuncu dəfə ona 2024-cü ilin avqust ayının 15-də pulu qaytaracağına söz verdiyini bildirsə də məhkəmənin bunu nəzərə almamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
35. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 26 noyabr 2019-cu il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 3 ay müddətinə, yəni 26 fevral 2020-ci il tarixədək qaytarılması şərti ilə 2900 manat borc pul verilmişdir.
36. Beləliklə İddiaçı kredit müqaviləsinin müddətinin başa çatdığı 26 fevral 2020-ci il tarixdən öz hüquqlarının pozulduğunu bilmiş, lakin bundan sonrakı 3 illik iddia müddəti ərzində, yəni 26 fevral 2023-cü il tarixədək Cavabdeh qarşı hazırkı iddia tələbi üzrə iddia ərizəsini birinci instansiya məhkəməsinə təqdim etməmiş, iş materiallarından da ötən müddət ərzində cavabdeh tərəfindən iddianı etiraf edən hərəkətlər etməsi, iddia müddətinin axımının kəsilməsi və dayandırılması üçün əsasların olması halı müəyyən edilməmişdir.
37. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir.
38. L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına (nəzərə almaq lazımdır ki, Konstitusiya Məhkəməsinin şərhləri məcburi xarakterə malikdir) əsasən hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2ci maddəsi). İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə, məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddihüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.
41. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, işin faktiki halları tam və hərtərəfli araşdırılmış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-594/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(024)-594/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.