Məhkəmə qərarları › İş №2(107)-33/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-33/2022

31.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-33/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbi”nə dair (Açar sözlər: maddi ziyan, delikt, pul tələbi, ekspert rəyi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəklili və nümayəndəsi X1 iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(035)-400/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus radar qurğusunu yararsız hala salmaqla vurduğu ziyana görə 14134 manat məbləğində pulun Cavabdeh alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 27.05.2018-ci il tarixdə saat 13:40 radələrində Hacıqabul-Horadiz yolunun 49-cu kilometrliyində quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus sürətölçən radar nöqtəsinə cavabdeh tərəfindən idarə olunan “Howo” markalı ** MN *** dövlət nömrə nişanlı yük avtomobili tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Hadisə zamanı “Howo” markalı ** MN *** dövlət nömrə nişanlı avtomobili sürücü Cavabdeh idarə etmişdir. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Sürücü Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ekin Texnoloji A.Ş.şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 31.05.2018-ci il tarixli аkt dəymiş ziyanın məbləğini təsdiq edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(035)-400/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14134 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməsi, dövlət rüsumuna görə 30 manat alınaraq dövlət mədaxilinə ödənilməsi, həmçinin 100 manat ekspertiza xərcinin alınaraq müvafiq hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 27.05.2018-ci il tarixdə saat 13:40 radələrində idarə etdiyi “Howo” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədərək Hacıqabul-Horadiz yolunun 49-cu km-də quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus video müşahidə nöqtəsinə (radar) maddi ziyan vurmuşdur. Həmin əməlinə görə cavabdeh Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Hadisə nəticəsində iddiaçıya ümumilikdə 14134.0 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında cavabdeh iddiaçıya dəymiş maddi ziyana görə 2000 manat ödəməyə razı olduğunu bildirsə də, iddiaçı tərəf bununla razılaşmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır: Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbinin aid olduğu hüquq münasibəti mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərlə bağlı olduğundan həmin hüquq münasibətinin tənzim olunması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin deliktlə bağlı normaları tətbiq edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11.09.2020-ci il tarixli, 9/2986 saylı rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab etmişdir ki, iddia təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 14134 manat pul tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, 71-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 107, 124.1, 217.4-cü maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.14-cü maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə verdiyi vəsatətlərdə göstərdiyi xüsusatların araşdırılmasından əsassız olaraq imtina etmişdir. Vəsatətdə göstərdiyi kimi iddiada əsas sübut kimi istinad edilən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinib cərimə edilməsinə dair qərarın surəti ona verilməmişdir. Həmin qərarın surətinin ona verilməsi üçün sorğu vermiş və qərarın surətini alan kimi həmin qərarı məhkəmədə mübahisələndirəcək. Lakin aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə verdiyi sorğu cavablandırılmamış, məhkəmə isə həmin qərarın surətinin alınmasında ona yardım etməmişdir. İş materiallarından göründüyü kimi Zərdab Rayon Məhkəməsinin 2(035)-400/2020 saylı mülki işi üzrə 15 iyul 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmttəşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: "27.05.2018-ci il tarixdə, saat 13:40 radələrində Hacıqabul Horadiz yolunun 49-cu kilometrliyində quraşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus radar nöqtəsinə Cavabdeh idarə etdiyi "Howo" markalı **-MN-*** dövlət nömrə nişanlı yük avtomobili tərəfindən yol nəqliyyat hadisəsi zamanı dəymiş ziyanın məbləği nə qədər təşkil edir?" Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/3206 saylı, 09 okyabr 2020-ci il tarixli rəy verilmişdir. Həmin rəylə razılaşmamışdır. Belə ki, rəyin "tədqiqi hissə” adlanan hissəsində göstərilir ki, rəy "Ekin Texnoloji ASC" tərəfindən tərtib edilmiş 31.05.2018-ci il tarixli akta istinad edərək rəy vermişdir, yəni eksperizanın predmeti olan radar nöqtəsini görməmişdir. O, "Ekin Texnoloji ASC” tərəfindən 31.05.2018-ci il tarixli aktın tərtib edilməsində iştirak etməmiş, həmin təşkilatın iddiaçı ilə yaxın münasibətləri barədə məlumatlıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə teleqramla müraciət edərək ekspertiza tədqiqində iştirakının təmin olunmasını xahiş etmişdir. Lakin ekspertizanın keçirilməsi barədə hər hansı xəbərdarlıq, məlumat, çağırış almamışdır. Məhkəmə ekspertizası aparılarkən tədqiqat obyektləri ekspertizanı təyin (sifariş) etmiş orqanın və ya şəxsin müvafiq razılığı əsasında yalnız tədqiqat aparılması və rəy verilməsi üçün zəruri olan ölçüdə zədələnə və ya istifadə oluna bilər. Həmin razılıq məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda (qərardadda) və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə və yaxud müvafiq məktubda göstərilməlidir. Tədqiqat obyektini məhkəmə ekspertizası idarəsinə gətirmək mümkün olmadıqda, hadisə yerində və ya tədqiqat obyektinin olduğu yerdə tədqiqat aparılması zərurəti yarandıqda, ekspertizanı təyin (sifariş) etmiş orqan və ya şəxs obyekt üzərində ekspert tərəfindən tədqiqatın aparılması üçün şərait yaratmalıdır. Əvvəlki ekspertizası aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağının motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/3206 saylı, 09 okyabr 2020-ci il tarixli rəyi sadalanan qanun normalarının tələblərinə cavab vermir. Yuxarıda göstərdiyi kimi, rəydən ekspertiza obyektinin ekspert tərəfindən tədqiq edildiyi görünmür, əksinə ekspert rəyinin tədqiqat nəticəsində deyil, arayış əsasında tərtib edildiyi, tələb etməyinə baxmayaraq tədqiqatda iştirakının təmin edilmədiyi aydın görünür. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ona qarşı "vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə başlanmış 2(035)-400/2020 saylı mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə, ekpertiza obyektinin tədqiqində iştirakının təmin edilməsinə, iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə dair vəsatətinə heç bir münasibət bildirməmiş, bununla da tərəflərin bərabərlik prinsipini, ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Barəsində şikayət verdiyi məhkəmə aktına görə guya o, 2000 manat məbləğində ziyan ödənilməsinə razı olmuşdur. Bildirir ki, bununla bağlı məhkəmədə heç nə bildirməmiş, məhkəmə iclas protokolları ona verilmədiyindən onlara əlavə və düzəliş etmək imkanı olmamışdır. Yuxarıda göstərdiyi kimi o, iddianı qəbul etmir və hesab edir ki, məhkəmə şübhəli sübutlar əsasında iddianı təmin etməkdə haqlı olmamış, qəbul etdiyi məhkəmə aktı ilə mülkiyyət hüquqlarını pozmuşdur. Qanunvericiliyin normalarının mülkiyyətçilərin hüquqlarının müdafiə məqsədi güddüyü şübhəsizdir. Təbiidir ki, əks təqdirdə qanun fəaliyyətsiz qalar ki, bu da qanunvericiliyin çatmaq istədiyi ümumi məqsəd xəyali xarakter alardı. Məhkəmələr tərəfindən çıxarılan qərarlar qanuni olmaqla bərabər, həm də ədalətli olmalı, ictimai münasibətlərin düzgün tənzimlənməsinə xidmət etməlidir. İnsan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən, hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalniz məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənməsi və ona hörmət olunması məhkəmə işinin səmimiliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırrmasında iştirak edən tərəflərin, bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Qeyd edilənləri nəzərə alaraq o, 2(035)-400/2020 saylı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsini ləğv edib, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul ediməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəklili və nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 97.1-ci maddəsinə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020ci il tаrixli, 2(035)-400/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam şəkildə yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(035)-400/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, cavabdeh 27.05.2018-ci il tarixdə saat 13:4 0radələrində idarə etdiyi “Howo” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yol-nəqliyyat hadisəsi törədərək Hacıqabul-Horadiz yolunun 49-cu km-də quraşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus videomüşahidə nöqtəsinə (radar) maddi ziyan vurmuşdur. Həmin əməlinə görə cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. “Ekin” Texnoloji A.Ş şirkəti şirkəti tərəfində tərtib edilmiş 31.05.2018-ci il tarixli qüsur aktına əsasən videomüşahidə nöqtəsinə (radar) 14134 manat miqdarında zərərin vurulması müəyyən edilmişdir. Vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb edilsədə, heç bir nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsi məhkəmə prosesinin gedişində iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası keçirmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09.10.2020-ci il tarixli, 9/3206 saylı rəyinə əsasən “Ekin” Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş 31.05.2018-ci il tarixli akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə nöqtəsinə (radar) dəyən zərərin məbləğinin təxminən 14134 manat təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 9/3206 saylı, 09 okyabr 2020-ci il tarixli rəy verilmişdir. O, həmin rəylə razılaşmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ona qarşı "vurulmuş ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə başlanmış 2(035)-400/2020 saylı mülki iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə, ekpertiza obyektinin tədqiqində iştirakının təmin edilməsinə, iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin məhkəmə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsinə dair vəsatətinə heç bir münasibət bildirməmiş, bununla da tərəflərin bərabərlik prinsipini, ədalətli məhkəmə araşdırılması hüququnu pozmuşdur. Məhkəmə kollegiyası cavabdehin yuxarıda qeyd edilmiş apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, o, ekspert rəyi ilə razı olmadığını və yenidən ekspertiza keçirilməsi barədə vəsatətinin təmin edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası tərəfindən proses gedişində işin obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertiza təyin etmişdir. İş materiallarında olan 21.02.2022-ci il tarixli 9/9492 saylı ekspert rəyindən də görünür ki, “Ekin” Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş 31 may 2018-ci il tarixli Akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş videomüşahidə nöqtəsinə dəymiş zərərin məbləği təxminən 14134 manat müəyyən olunmuşdur. Göründüyü kimi hər iki ekspertizanın rəyində məbləğlər eyni olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin həmin dəlilini birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessul hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh tərəf qeyd edilən məbləğlə razılaşmadığını bildirsə də, sübut təqdim etməmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(035)-400/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tаrixli, 2(035)-400/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar