Məhkəmə qərarları › İş №2(107)-330/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-330/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-330/2023 07.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X1 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin(bundan sonra- Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 20 may 2022-ci il tаrixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı Bank ilə ilə Cavabdeh1(bundan sonra- borcalan) arasında 05 oktyabr 2019-cu il tarixli, BFK/66443/71/23 nömrəli “Güzəştli kredit müqaviləsi” bağlanmış və həmin müqaviləyə əsasən borcalana 5(beş) il müddətinə, illik 1(bir) % dərəcəsi ilə 9680,97 manat məbləğində kredit verilmiş və xx.xx.2019-cu il tarixli Z-BF/66443/71/23 nömrəli zaminlik müqaviləsinə əsasən kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh2 borcalanın Bank qarşısında olan öhdəliklərinin icrasına zamin durmuşdur. Bank tərəfindən verilmiş maliyyə arayışına əsasən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə borcalanın xx.xx.2021-ci il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 9673,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 72,66 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank, cavabdehlərə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, borcalanla bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən əsas kredit borcunun ödənilməsi məqsədilə 9673,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 72,66 manat olmaqla, cəmi 9746,48 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Banka ödənilməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, borcalan ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və ona hesablanmış faizləri Banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Öhdəliyin icrası üçün zamin də borcalanla birlikdə məsuliyyət daşıyır. Qax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(024)-29/2022 nömrəli iş üzrə 20 may 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən birgə qaydada Bankın xeyrinə əsas kredit borcunun ödənilməsi məqsədilə 9673,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 72,66 manat olmaqla, cəmi 9746,48 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır. Belə ki, borcalan “Ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iddia tələbinin, borcun cavabdeh olan zamindən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, zaminlik müqaviləsi qüvvədə olduğundan iddia tələbi zaminə yönəldilən hissədə də təmin olunmalıdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448, 449.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh1 apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və nəticədə iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kredit müqaviləsi bağlanarkən bankın işçiləri onu ”hipnoz” etmişlər və o, nəyə imza etdiyini bilməmişdir. Ödəniş cədvəli düzgün tərtib edilməmişdir. müqavilə bağlananda əsas borc hissəsində azalma olsa da, Bank bunu ondan gizlədib. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı Bank apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1 izahatında hazırda borcunu ödəmək imkanına malik olmadığını bildirmişdir. İddiaçı Bankın nümayəndəsi Zaur Hacıyev apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat vermişdir. Cavabdeh2 apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, iclasa gəlməmişdirlər və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onun iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi tərəflər arasında mövcud mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Məhkəmə hazırki işin mübahisəsiz halı kimi müəyyən edir ki, iş üzrə tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı Bank borcalana müəyyən məbləğdə kredit verməyi, borcalan isə bu öhdəliyi vaxtında və lazımi qaydada icra etməyi üzərinə götürmüşdür. İşin hallarından görünür ki, borcalan, iddiaçı Bank qarşısında üzərinə götürdüyü borc öhdəliyini lazımınca icra etməmişdir. Yaranmış borcun ödənilməsi və kredit müqaviləsinin ləğv edilməsi iddiaçı Bank tərəfindən borcalana təklif edilmişdir. Cavabdeh2 ilə Bank arasında 05 oktyabr 2019-cu il tarixdə bağlanmış zaminllik müqavilələsindən görünür ki, iş üzrə Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icrasına zamin durmuşdur. Cavabdeh1 apellyasiya şikayətində kredit müqaviləsi bağlanılarkən bankın işçiləri tərəfindən aldadıldığını bildirsə də, bununla bağlı apellyator məhkəmələrə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə iş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apellyatorun iddiaçı Banka qarşı “xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçı Bankın tələbi əsaslıdır, birinci instansiyası məhkəməsi iddianı təmin etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, Məhkəmə MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 may 2022-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar