Məhkəmə qərarları › İş №2(107)-331/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-331/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-331/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mübariz Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov və Elçin Hüseynovdan ibarət tərkibdə, Yeganə Muradlının katibliyi, X1 (bundan sonra mətndə iddiaçı) Cavabdeh Salmanqızına qarşı “pul tələbi barədə” iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq İddia tələbi və onun həlli: X2 Cavabdeh Salmanqızına qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciətedərək, cavabdehdən 2500 (iki min beş yüz) manat məbləğində pulun alınıb ona verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qət olunmuşdur ki, iddia qismən təmin edilsin, cavabdehdən 1250 (bir min iki yüz əlli) manat məbləğində pul iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi rədd olunsun. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi Yevlax şəhər sakini kimi tanıyır. O, cavabdehə xx.xx.2016-cı ildə 2500 manat pul vermiş, cavabdeh borcun qaytarılmasına dair öz dəst xətti ilə ona qəbz də vermişdir. Cavabdeh 02 ay müddətinə bu borcu qaytaracağına söz versə də, bugünə qədər mövcud borcu qaytarmamışdır. Hazırda onun da bu pula ehtiyacı yaranmışdır. O, dəfələrlə cavabdehə müraciət edərək borcun qaytarılmasını tələb etmiş, ilk vaxtlarda cavabdeh ona müxtəlif bəhanələr gətirsə də, hazırda ümumiyyətlə borcu verməkdən yayınır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instanisya məhkəməsinin iclasında X2 və onun vəkili X6 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında iştirak edən cavabdehin vəkili iddianı qəbul etməyərək, izahatında və məhkəməyə təqdim etdiyi etirazında iddiaçının tələbi ilə razı olmadığını, onun iddiaçıya verdiyi iki ədəd kartdan ümumilikdə 1500 manat pulun məhz iddiaçı tərəfindən çəkildiyini, əlavə olaraq hər ay ona nağd şəkildə 145 manat olmaqla 06 ay ərzində cəmi 870 manat da ödədiyini, hazırda ona cəmi 130 manat borcunun qaldığını və onu da yaxın zamanda ödəyəcəyini bildirdi və məhkəmədən iddianın 130 manat hissədə təmin, qalan hissədə rədd olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya tələbi və izahatlar: Apellyasiya şikayətində tələb olunmuşdur ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə qətnaməsi ilə tutulan pulun o ödəmişdir. Onun iddiaçıya borcu qalmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Qətnamənin yoxlanılması: Qətnamənin bir hissəsi – 1250 manat pulun tutulmasına aid olan hissəsi mübahisələndirildiyinə görə yalnız həmin hissənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmışdır. Qətnamə xx.xx.2016-cı il tarixdə tərəflər arasında borcun verilməsi barədə qəbzə (kredit müqaviləsinə) əsaslanmışdır. Həmin müqavilə sadə yazılı formada bağlanmışdır (iş v. 62). Müqavilədə qeyd olunmuşdur ki, iddiaçı cavabdehə 2500 manat borc pul verilmiş, cavabdeh təminat üçün evinin sənədini və əmək haqqı kartını iddiaçıya vermişdir. İddiaçı ərizəsində borcun 2 aylıq müddətə verdiyini, cavabdeh isə bununla bağlı münasibət bildirməmişdir. Cavabdeh qətnaməni yalnız o əsasla mübahisələndirir ki, onun iddiaçıya 1250 manat borcu yoxdur, onun əmək haqqı kartı bir il ərzində iddiaçıda olmuş və həmin borcu tam olaraq ödəmişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normadan da göründüyü kimi, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, kredit müqaviləsi borc alınmış pulu iddiaçıya qaytardığını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillər qismən öz təsdiqini tapmış, yəni sübut edilmişdir ki, həqiqətən cavabdehə məxsus əmək haqqı kartı təxminən bir il ərzində iddiaçının sahibliyində olmuş və həmin müddətdə əmək haqqı kartından pul vəsaitləri çıxarılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən verilmiş qəbzdən görünür ki, o, iddiaçıdan xx.xx.2016-cı ildə 2500 manat borc pul almış, əvəzində girov olaraq evinin sənədini və maaş kartını vermiş, bunun məsuliyyətini daşıdığını bildirmişdir. “xxxx” ASC-dən götürülmüş video görüntülərə baxış keçirilərkən proses iştirakçıları kartdan pul çıxaran şəxslərin kim olduğunu bilməmi. və bununla da kartdan pulun iddiaçı və ya cavabdeh tərəfindən çıxarılmasını müəyyən etmək mümkün olmamışdır. “xxxx” ASC-dən götürülmüş məlumatlardan cavabdehə məxsus əmək haqqı kartının xx.xx.2017-ci il tarixdə yeni maaş kartı ilə əvəz olunduğu görünür. “xxxx” ASC-dən təqdim edilən cavabdehin adına olmuş əmək haqqı kart hesabından xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək müxtəlif məbləğlərdə vəsait nağd formada ATMdən çıxarılmış, eyni zamanda əmək haqqı kartına vəsait daxil olandan sonra Bank tərəfindən kredit borcuna silinmələr aparılmışdır. Belə müəyyən edilir ki, həmin nağdsız silinmələr cavabdehin özünə məxsus kredit borcu üçün silinmişdir. Bu silinmələr iddiaçının kredit borcu üçün ola bilməzdir, çünki burada cavabdehin razılığı lazım idi. Bundan əlavə həmin kart hesabında nağd qaydada ATM-dən də pul vəsaiti çıxarılmışdır ki, həmin vəsaitlərin sadə hesablama ilə topladıqda cəmi məbləği 1250 manatdan çox olmamışdır. Cavabdeh qeyd edilənlərdən əlavə olaraq apelyasiya instansiyası məhkəməsinə şikayətinin dəlili ilə bağlı əlavə sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə öz təşəbbüsü ilə əlavə sübutlar tələb edə bilməz, MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, 1-ci instansiya məhkəməsi 1250 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməklə düzgün nəticəyə gəlmişdir, qətnamənin həmin hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar