Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-331/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)- 2109/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə 2013-cü ildə ailə qurmuşlar. Həmin evlilikdən xx.xx.2013-cü ildə Fatimə adlı uşağı anadan olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü Fatimə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 70 manat, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-901/2020 saylı qətnaməsi ilə isə 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o cavabdehlə 2013cü ildə ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü Fatimə adlı uşağı anadan olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü Fatimə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Bu da uşağın normal inkişafına və problemlərinin həllinə maneçilik törədəir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay 200 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği ödəməyə imkanı çatmır. Ona görə də iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etdi.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə münasibətlərindən xx.xx.2013-cü il təvəllüdlü Fatimə adlı uşağı doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinə əsasən, Cavabdeh Fatimə adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin məhkəmədə iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin 200 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədi. Odur ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir.
6. Məhkəmə hesab etmi.dir ki, İddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları qismən sübuta yetirmişdir. Belə ki o, məhkəməyə cavabdehin qazancı və digər gəlirləri barədə mötəbər sübutlar təqdim etmədi. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay 150 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)- 2109/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia qismən təmin olunmuş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-901/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh xx.xx.2013cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı vaxdan hesablanması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112-ci maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: atalığın müəyyən edilməsi və doğum haqqında şəhadətnamə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(051)-901/2020 saylı qətnaməsi
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, apellyasiya şikayəti verməkdə əsas məqsədi təyin edilmiş alimentin miqdarının çox olması ilə bağlıdır. İddiaçı onunla normal ailə münasibətində olmamışdır, ailə qurduğu ilk vaxtlardan, onun səhhətində problemlər var idi, yataqda xəstə yatırdı, iddiaçı elə həmin vaxtlar onu xəstə vəziyyətdə qoyub getmişdir. O, rəsmi olaraq işsizdir, 20 saylı Ərazi Məşğulluq Mərkəzində də işsiz kimi qeydiyyatdadır və müvafiq Arayışı da apellyasiya şikayətinə əlavə etmişdir. Onun heç bir rəsmi gəliri yoxdur, indiyə kimi təyin edilən 100 manat alimenti də atası Dadaşlı Firdovsinin dəstəyi ilə ödəyirdi. İddiaçı ondan ayrılandan sonra, valideynlərinin dəstəyi ilə müalicəsini davam etdirmiş və yenidən normal həyata qayıtmış, ailə qurmuş və hazırda ikinci nikahdan 3 övladı var. Uşaqların hər üçü azyaşlıdırlar, Əlinin 8, Hüseynin 4, Əbəlfəzin 3 yaşı var. Uşaqların hər üçü onun himayəsindədir və o uşaqlara birtəhər baxır. Onun heç bir yerdən rəsmi gəliri yoxdur, yalnız valideynlərinin köməyi ilə maddi xərclərini qarşılayır. Hazırda uşaqlarıyla birgə Mingəçevir şəhəri, X5, 5-ci küçə ünvanında yaşayır. Özü də iş axtarır. Təxminən 2023-cü ilin avqust ayında evdə pəncərə düzəldən zaman şüşə əlinin üstünə düşmüş və biləyini kəsmişdir, bundan sonra biləyinə tikiş qoyulmuş və o vaxtdan bəri ağır və ya fiziki işlərlə məşğul ola bilmir. Uşaqların təhsil, hazırlıq, yemək və sağlamlığının müayinəsi ilə əlaqədar müntəzəm xərclər tələb olunur, bir sözlə, onlara normal maddi təminat lazımdır, bu səbəbdən övladlarının saxlanılmasında normal, ağlabatan aliment ödənməlidir. Bundan əlavə, uşaqların sağlamlığında da problemlər var, daimi müalicə və müayinəyə ehtiyacı var. O, bu məsələni məhkəmə prosesində dəfələrlə bildirmiş, iddiaçı da bundan xəbərdardır. Lakin bütün bunlara rəğmən iddiaçı məhkəməyə ərizə verərək 200 manat aliment ödənilməsini bildirmişdir.
12. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)-2109/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)-2109/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissəsi kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
18. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
19. Qərarlar: 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiya: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
22. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)- 2109/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. 20 noyabr 1989-cu il tarixdə BMT-nin Baş Məclisinin 44-cü sessiyasında qəbul edilmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Həmin Konvensiyanın 27-ci maddəsində qeyd olunur ki, iştirakçı dövlətlər hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçün lazım olan həyat səviyyəsinə malik olmaq hüququnu təsdiq edirlər. Valideyn (lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Ali Məhkəmənin yuxarıda göstərilən qərarında sərgilədiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında da öz əksini tapmışdır. Həmin qərara görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
24. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 11-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, alimentin müəyyən edilməsi barədə öncəki məhkəmə qətnaməsinin qəbul olunduğu 2020-ci ildən hazırki iş üzrə məhkəmə qətnaməsinin qəbul olunduğu 2023-cü ilədək uşaqlar üçün yaşayış minimumunda 50 manat dəyişiklik olmuş, o cümlədən ölkənin iqtisadi şəraitində dəyişimlər baş vermişdir. İddiaçının iddia ərizəsində ayda 200 manat sabit pul məbləğində aliment tələb etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi alimenti 150 manat həcmində təmin etməklə, alimenti yalnız 50 manat məbləğində artırmışdır. Göründüyü kimi, hazırki şəraitdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ağlabatan olmuşdur. Qətnamənin alimentin artırılması hissəsinin ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmir. Məhkəmə kollegiyаsı cavabdehin apellyasiya şikayətinin yenidən ailə qurması və hazırda ikinci nikahdan 3 övladı olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.7-ci bəndində məhkəmələrə izah edilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın təmin edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)-2109/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli 2(051)- 2109/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev