Məhkəmə qərarları › İş №2(107)-335/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-335/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-335/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı pul tələbinə dаir iddia ərizəsi üzrə çıxarılmış Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsindən iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı MMC cavabdehə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1346.10 manat əsas borcun, 640.20 manat cərimənin və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1986.30 manat pulun İddiaçı MMC –nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli (hakim E.Hümbətov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1346.10 əsas borc, 3 manat cərimə borcu, ümumilikdə 1349.10 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20.4 manat alınıb İddiaçı MMC-in hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-in “MKT-Ucar” filialı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ********* saylı müqaviləyə əsasən cavabdeh 7.0 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 14 ton xam-pambıq istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə bağlı cavabdeh iddiaçıdan 5228.60 manat məbləğində avans vəsaiti götürmüşdür. Müqavilə şərtlərinə əsasən cavabdeh götürdüyü avansın dəyərini xampambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı idi. Lakin nəticədə cavabdeh 3715.70 manat məbləğində 7598 kq xam-pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuşdur və müqavilə şərtləri pozulmuşdur. Cavabdeh ümumi borcundan 3715.70 manat dəyərində vəsaitləri iddiaçıya geri qaytarmışdır. Nəticədə cavabdehin avans vəsaitinə görə iddiaçıya 1346.10 manat borcu qalmışdır. Cavabdehin borclu qalması iddiaçının tapşırığı əsasında xampambığın tədarükünü həyata keçirən “MKT-Ucar” filialı ilə cavabdeh arasında aparılan hesablaşma sənədləri-qeydiyyat vərəqəsi ilə təsdiq edilir. Müqavilənin 4.2-ci bəndinə əsasən cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam-pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəlik üzrə xam-pambığın İ-ci növ qiyməti ilə (İ-ci növ xam-pambığın 1 tonunun qiyməti 500 manatdır) 20% həcmində cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 640.20 manat təşkil edir. Müqavilə üzrə cavabdeh 14 ton məhsul təhvil verməli olduğu halda 7598.0 kq məhsul təhvil vermişdir. (14 ton – 7598 ton) x 500 manat = 3201 manat x 20% = 640.20 manat verilməmişdir. Beləliklə cavabdeh 1346.10 manat əsas borcdan əlavə 640.20 manat cərimə ödəməlidir ki, ümumi ödəniləcək borcun məbləği 1986.30 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq cavabdehdən həmin borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 30.00 manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2016-cı il mövsümü üzrə 7.15 ha pay torpq sahəsində pambıq əkərək təhvil verməsi barədə iddiaçı ilə xx xxxxx 2016-cı ildə tərtib edilmiş müqaviləyə imza etmişdir. Lakin müqavilənin surətini həmin ilin sentyabr ayında əldə etmişdir. Təcrübəsiz olduğundan müqavilə şərtləri ilə vaxtında tanış ola bilməmiş, şərtlər barədə qarşı tərəfdən ona lazımi qaydada izah edilməmişdir. Çox əziyyətlə yetirşdirdiyi pambıq məhsulunun 10 ton 320 kq-nı Ucar filialına təhvil vermişdir. İki il vaxt keçəndən sonra Ucar filial direktoru tərəfindən ünvanına pretenziya gəlmiş, 1346.10 manat borcu olduğunu və həmin məbləğin ödənilməsi tələb edilmişdir. Müqavilədə xam pambığın bir kiloqramı 0.51 qəpikdən alınacağı yazıldığı halda əməl edilməyərək 0.50 qəpikdən alınmışdır. Bundan başqa müqavilədə hər hektarda 20 sentner pambıq yetişdirilməli olduğu halda o 25 sentner pambıq yetişdirmişdir. Yığım pulu verilmədiyinə görə tonlarla pambıq sahədə qalaraq məhv olmuşdur. Yığım pulu xahiş etdikdə cəmiyyətin mühasibi etiraz edərək təhvil verdiyi pambıqdan 1390 kq çıxaraq 1200 kq pambığa 50 qəpikdən 600 manat pul vermişdir. Yığım pulu isə nə qədər xahiş etsə də verməmişdir. Pambığının kiloqramını 35 qəpikdən aldılar. Qarşılaşdığı çətinliklərlə bağlı xx xxxxxxx 2016-cı ildə Ağsu rayon İcra Hakimiyyətinə məlumat vermiş, eyni zamanda zavodun işçisi Babadan pambıq yığan maşın istəmişdir. Sonuncu iki traktorla gələrək pambıq sahəsinə yarpağın tökülməsi üçün bir litr zəhərli maddəni 60 litr suya əlavə etmək əvəzinə 200 litr suya əlavə edərək sahəyə çiləmişdir. Nəticədə yarpaq tötülmək əvəzinə quruyub pambığa yapışmış, yağımı çətinləşdirməklə ona bu yolla da ziyan vurmuşlar. Tələb etdiyi pambıq yığan maşın gəlmədi. Dəfələrlə müraciət etsədə nəticəsi olmadı. Yağışlar isə 100 hektar sahədə əkilmiş pambığı batırdı. Əslində ona yzılan cərimə işçilərdən tutulmalıdır. Onların məsuliyyətsizliyi səbəbindən onun sahədə pambığı qalaraq məhv olmuş, edilən hərəkətlər müqavilə şərtlərinə uyğun olmamışdır. Ona görə iddia tələbinin rədd edilməsini xahişedir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ağsu rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarım pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Mülki işə baxılarkən birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə yekun nəticəyə gələrkən cavabdeh tərəfindən sübutların məzmunu səhv təfsir edilərək onların məzmununu iddia tələbinin əsassız olmasına yönələn xüsusatlar kimi qiymətləndirməmiş, iddiaçı tərəfindən iddia tələbinin əsaslı olmasına yönələn xiisusatları isə qanunsuz olaraq iddia tələbinin təmininə yönələn xüsusatlar kimi qiymətləndirmişdir. Belə ki, iddiaçı onun yetişdirdiyi pambığın çirklilik faizini və nəmlik dərəcəsini artıq qeyd etmiş, bununla da qiyməti aşağı salmış, pambığın yığımı üçün ona vəsait verməmişdir. Bütün bunların nəzərə alınaraq qətnamənin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətini müdafə edərək bildirmişdir ki, o həqiqətən də iddiaçı tərəflə müqavilə bağlamışdır. Müqavilə şərtinə görə 7 hektar torpaq sahəsində pambıq əkmək üçün iddiaçıdan 5200 manat avans götürmüşdür. Həmin müqaviləyə əsasən həmin il avans aldığı pulun əvəzini yığdığı pambıq məhsulu ilə əvəzləşdirilməyi, 7 hektar sahədə pambıq bitkisi əkib becərərək İddiaçı MMC-nə hər hektara 20 sentner məhsul yığaraq təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirə bilməmiş, bunun da nəticəsində 1346 manat əsas borcu yaranmışdır. Lakin bu ondan asılı olmayan səbəbdən baş vermişdir. Cavabdeh tərəf müqaviləni ona təqdim etməmiş, müqavilədə pambığın hər kiloqramının dəyəri 0,51 qəpik qeyd edildiyi halda ondan 0,50 qəpikdən almış, pambığın nəmlik və çirklilik faizi artıq qeyd edilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin olunaraq, ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onların iştirakı olmadan baxılıb, apelyasiya şikayətinin təmin olunmamasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iddiaçının nümayəndəsinin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; - xx.xx.2016-cı il tarixli müqavilədən görünür ki, tərəflər arasında pambıq tədarükünə dair müqavilə bağlanmışdır. Cavabdeh müqavilənin qeyd edilən şərtləri ilə razılaşaraq imza etmişdir. Təqdim edilmiş qaimələrdən görünür ki, cavabdeh, iddiaçıdan 5228,6 manat məbləğində avans götürmüşdür. - xx.xx.2019-cu il tarixli borc haqqında məlumatdan görünür ki, cavabdehin, iddiaçıya 1346,1 manat əsas borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə kollegiyası iclasında müəyyən olunur ki, iş üzrə cavabdeh iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyindən iddiaçıy borclu qalmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini qismən təmin etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır . Apelyasiya şikayətinin dəlillərinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbi cəmi 1986 manat 30 qəpik təşkil etdiyindən hazırkı iş üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(016)-525/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar