Məhkəmə qərarları › İş №2(107)-335/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-335/2022

10.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-335/2022 10.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(039)-1190/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 23.09.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə kredit müqaviləsi üzrə 13098,35 manat məbləğində kredit borcu, 2338,90 manat məbləğində faiz borcu olmaqla, cəmi 15437,25 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə Bank arasında bağlanmış 23.09.2019-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən, Bank borcluya 36 ay müddətinə illik 21% olmaqla 14999 manat məbləğində kredit vermişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 dəfə pozulduqda Bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilir. Borclular Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, yəni zaminlər həmin sazişə əsasən Bank qarşında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuiyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icra etməlidirlər. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli 2(039)-1190/2021 saylı qətnaməsi ilə (hakim G.Cavadova) iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 23.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada iddiaçı Bank of Baku” ASC-nin xeyrinə 13097,57 manat kredit borcu, 2335,06 manat faiz borcu olmaqla, cəmi 15432 (on beş min dörd yüz otuz iki ) manat 63 (altmış üç) qəpik məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddia qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri-100 manat pul cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka ödənilməmiş borcu qalmışdır. Bundan başqa məhkəmə müəyyən etmişdir ki, həmin müqaviləyə əsasən Cavabdeh1 illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 14999 manat məbləğində kredit götürmüşdür. Zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin müqaviləyə əsasən Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində 12 aprel 2021-ci il tarixə cavabdeh tərəfin 13098,35 manat məbləğində əsas borc, 2338,90 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ekspertiza rəyinə əsasən 12.04.2021-ci il tarixə cavabdehlərin əsas borcu 13097,57 manat, faiz borcu isə 2335,06 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, bankın irəli sürdüyü tələb- kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən 13097,57 manat əsas kredit borcunun, 2335,06 manat faiz borcunun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin olunmalı, Cavabdeh1 ilə Bank arasında bağlanmış 23.09.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13097,57 manat kredit borcu, 2335,06 manat faiz borcu olmaqla, cəmi 15432,63 manat pul tutulmalı, iddia qalan hissədə rədd olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən Bankın xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci, 472.2-ci, 421.2-ci, 739-cu maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə tamamilə əsassızdır və buna görə qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh1 ilə Bank arasında bağlanmış 23.09.2019-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən Bank borcluya 36 ay müddətinə illik 21% olmaqla 14999 manat məbləğində kredit götürülmüşdür. Kredit xətti üzrə Cavabdeh1 müqavilə əsasında 3952 (üç min doqquz yüz əlli iki) manat məbləğində ödəniş etmişdir. Lakin məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi ödənişlər barədə heç bir məlumat verməmişdir. İddia ərizəsində isə əsas məbləğ 13098.35 manat qeyd etmişdir. Mühasıbatlıq ekspertizasının 24.09.2021-ci il tarixli rəyi ilə razı deyillə. Belə ki, hesablanmış əsas məbləğ və faiz borcu düzgün hesablanmamışdır. İddiada tələb edilən məbləğlərin düzgün hesablanması uçün komission məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişlər. Lakin məhkəmə onların şifahi vəsatətini təmin etmədən cəmi iddia edilən məbləğdən 5 (beş) manat həcmində məbləğin azaldılması ilə əlaqədar ərizəni təmin etmişdir. Qeyd olunanlara əsasən onlar Yevlax rayon Məhkəməsinin 29 oktyabr 2021-cı ıl tarixli, 2(039)-1190/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax rayon Məhkəməsinin 29 oktyabr 2021cı ıl tarixli, 2(039)-1190/2021 saylı qətnaməsinin dəyişdirilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə Cavabdeh1 tərəfindən teleqram göndərilsə də iştirak etməməsinin səbəbini təsdiq edən əlavə sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını əsas və faiz puluna aid hissədə mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-cı ıl tarixli, 2(039)-1190/2021 saylı qətnaməsinin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci ıl tarixli, 2(039)-1190/2021 saylı qətnaməsini tələbin əsas və faiz borcuna aid hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(039)-1190/2021 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh1 banka ödənilməmiş borcu qalmışdır. Bundan başqa müəyyən etmişdir ki, həmin müqaviləyə əsasən Cavabdeh1 illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 14999 manat məbləğində kredit götürmüşdür. Zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin müqaviləyə əsasən Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. “Kredit razılaşması” üzrə Bank qarşısında götürülmüş öhdəliklərin icra edilməməsi nəticəsində 12 aprel 2021-ci il tarixə cavabdeh tərəfin 13098,35 manat məbləğində əsas borc, 2338,90 manat məbləğində kreditdən istifadəyə görə hesablanmış faiz borcu yaranmışdır. Ekspertiza rəyinə əsasən 12.04.2021ci il tarixə cavabdehlərin əsas borcu 13097,57 manat, faiz borcu isə 2335,06 manat təşkil edir. Bank ilə Cavabdeh1 arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində komisyon ekspertizanın keçirilməsini tələb etsə də, tələbinin əsasına dair heç bir əsaslandırma aparmamış, eyni zamanda yenidən ekspertizanın keçirilməsinə dair sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi cavabdehin banka olan əsas və faiz borcunu keçirilmiş ekspertiza rəyinə uyğun olaraq müəyyən etməkdə haqlı olmuşdur. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqata təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(039)-1190/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli, 2(039)-1190/2021 saylı qətnaməsi cavabdehlərin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar