Məhkəmə qərarları › İş №2(107)-335/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-335/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-335/2024 08.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: maşına dəymiş zərər, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023cü il tarixli 2(051)-136/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. “X13” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 məxsusdur. Həmin avtomobil xx.xx.2021-ci il tarixli Etibarnamə əsasında tam səlahiyyətlər verilməklə İddiaçı2 xx.xx.2022-ci il tarixədək 11 ay 4 günlüyə etibar edilmişdir. Avtomobil 2021-ci ilin iyun ayının 23-də mühərriki işləmədiyi səbəbi ilə mülkiyyətiçi olan İddiaçı1 təmsilçisi olaraq İddiaçı2 tərəfindən təmir üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən və faktiki olaraq Cavabdeh tərəfindən istifadə olunan avtomobil təmir sexinə verilmişdir. xx.xx.2021-ci il tarixdə həmin avtomobil həmin qeyri-yaşayış obyektinin (təmir sexinin) qarşısında “həyətyanı sahədə” naməlum səbəblərdən yanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçılar İddiaçı1n və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair Mingəçevir şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh İddiaçı1 mülkiyyətində olan və İddiaçı2 istifadəsində olmuş **-BJ-*** dövlət qeydiyyat nişanlı, “X13” markalı avtomobilə yanması nəticəsində 17.920 (on yeddi min doqquz yüz iyirmi) manat dəymiş zərərin, nəğd verilmiş puldan borclu qaldığı 400 manatın, X13 markalı avtomobil (dizel mühərrik üçün) üçün nəzərdə tutulmuş "Turbo"-nun, özü olmadığı halda 1100 (bir min bir yüz) manat dəyərinin, dövlət rüsumu kimi ödənilmiş 149 (bir yüz qırx doqquz) manatın və sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 9 (doqquz) manat pulun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. İddiaçıların vəkili məhkəmə iclası zamanı iddianı müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, “X13” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 məxsusdur. Mülkiyyətində olan həmin avtomobil tam səlahiyyətlər verilməklə İddiaçı2 xx.xx.2022-ci il tarixədək Etibarnamə əsasında etibar etmişdir. Həmin avtomobili bir az xərclərini çəkdikdən sonra satmaq məqsədi olmuşdur. Əlində olan pulunu avtomiblə vermiş, usta xərclərini fikirləşmişdir. İstifadəsində olan avtomobilinin mühərriki işləmədiyindən 2021-ci ilin iyun ayının 23-də təmir etdirmək üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən Bayram adlı şəxsin avtomobil təmir sexinə gətirdi. Avtomobili təmir üçün Bayramın oğlu Hüseynə təhvil verdi. Hüseyn şəhərdə eşitdiyinə görə tanınmış mühərrik ustasıdır. Sex atası Bayramın adı ilə tanınsa da, usta Hüseyndir. Hüseyn avtomobili təhvil aldıqdan sonra saz vəziyyətə gətirəcəyini söz verdi. “X13” markalı avtomobilin təmiri və avtomobil üçün zəruri avadanlıqların alınması üçün Hüseynə nəğd olaraq 100 manat, Hüseynə məxsus bank hesabına isə 2100 manat pul köçürdü. Həmin vaxtdan avtomobil avtoservisin ərazisinində qaldı. “X13” markalı avtomobilin mühərriki söküldü və təmir üçün zəruri olan “qalovka” hissəsini Hüseyn tapa bilmədiyi üçün Hüseynə verdiyi ümumi 2.200 manat puldan 500 manatını geri aldı və “qalovka” nı başqa yerdən alaraq Hüseynə təhvil verdi. Bu prosses 2021-ci ilin avqust ayının 13-17 aralığında baş vermişdir. O, arabir sexə gedir, avtomobilin təmiri ilə maraqlanırdı. Sonuncu dəfə 2021-ci ilin sentyabr ayının əvvəllərində avtomobilin təmirinin davam etdiyinin şahidi idi. Avtomobilin “qalovka” hissəsini Hüseynə təqdim etdikdən sonra Hüseyn ona avtomobilin üç günə hazır olacağını bildirsə də, hər dəfə başqa bəhanələrlə və əsassız səbəblərdən avtomobilin təmirini gecikdirirdi. xx.xx.2021-ci il tarixə keçən gecə Bayramın sexində işləyən adını bilmədiyi Hüseynin köməkçisinin ona zəng vuraraq sexin həyətindən istifadəsində olan “Hyundai Santafee” markalı avtomobilin yandığını, yanğınsöndürənlər tərəfindən söndürüldüyünü, DYM xidmətinin əməkdaşlarının hələ də orada olduğu barədə məlumat verdi. O, dərhal sexin həyətinə gəldi, həqiqətən avtomobilinin yandığını və yanğınsöndürənlər tərəfindən söndürülməsinə baxmayaraq avtomibilin yanaraq tam yararsız halda olduğunu gördü. Həmin vaxt sexin işçiləri də, orada idi. O, Hüseynin harada olduğunu soruşduqda Hüseynin Bakı şəhərinə getdiyini dedilər. O, Hüseynin atası Bayramdan hadisənin necə baş verdiyini soruşduqda ona yanğının baş verməsinin müəmmalı olduğunu bildirdi. Həmçinin Bayram ona avtomobilin akkumulyatorunun və mühərrikinin avtomobilin üstündə olmadığını bildirdi. Buna görə mühərrik və akkumulyator olmadığından qısaqapanmadan yana bilməməsi ehtimalına gələrək DİN-nin 102 xidmətinə zəng etdi, avtomobilin yandığını bildirdi. Şikayəti ilə bağlı Mingəçevir ŞPŞ-nin İB-də araşdırma aparıldı. Mingəçevir ŞPŞ-nin İBnin müstəntiqi, polis leytenantı X7 icraatında olmuş HK-1/1969 saylı Cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarda göstərilir: Aparılmış araşdırma zamanı izahatı alınmış Cavabdeh xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər sakini İddiaçı2 yazdığı ərizə ilə tanış olduğunu, İddiaçı2 da, əvvəlcədən tanıdığını və münasibətin normal olduğunu bildirmişdir. O, 2021 ci ilin iyun ayının ortaları Kənanın özünə məxsus avtomobilinin mühərriki xarab olduğu üçün atası Bayrama məxsus avtomobil təmir sexinə gətirdiyini bildirmişdir. O, hətta Kənanın avtomobili üçün lazımi detalları almaq üçün Bakı şəhərinə getdiyini də, bildirmişdir. O nəhayət lazımi detalların tapıldığını və mühərriki yığılmağa başladığını bildirmişdir. Son zəruri detal olan mühərrikin turbosu tapılmadığından mühərrikin yığılması prossesinin uzandığını qeyd etmişdir. O, xx.xx.2021 -ci il tarixdə gecə saatlarinda Bakı şəhərindən Mingəçevir şəhərinə yola düşdüyünü yolda olan zaman iş yoldaşı Mirələmin ona zəng vurduğunu və sexin həyətində avtomobilin yandığını bildirmişdir. O, Mirələmə Bakııfcı olduğun atası Bayrama xəbər etməsini bildirmişdir. O sonradan Mirələm ilə telefon əlaqəsi saxlayan zaman Kənana məxsus “Hyundai Santafe” markalı avtomobilin yandığını və yanğın zamanı sexin həyətindəki “Opel Corsa” markalı və “Mersedes-190” markalı avtomobillərə də, ziyanlıq dəydiyini öyrənmişdir. O, xx.xx.2021 -ci il tarixdə səhər saat 9 radələrində Mingəçevir şəhərinə çatdığını və avtomobilin nəcür yandığı barədə məlumatlı olmadığını bildirmişdir. Həmçinin o, avtomobilin mühərriki üzərində olmamış və akkumulyator götürüldüyündən elektrik sisteminin işlək vəziyyətdə olmadığını bildirmişdir. İddiaçı2 xx.xx.2021-ci il tarixli müraciəti əsasında ona məxsus “Hyundai Santafee” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yandığını bildirmişdir. Baxış keçirilmiş avtomobil təmir sexinin qarşısıdır. Avtomobil təmir sexinin qarşısında bir neçə avtomobil vardır. Baxış zamanı həyətin mərkəzində dayanmış “Hyundai Sanla l-'e markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yanaraq yararsız hala düşmüş ^ ətrafda olan boz rəngli “Opel Corsa” markalı və qara rəngli “Mercedes 190” markalı avtomobillərə ziyan dəymişdir. Avtomobil sexinin qarşısındakı ərazidə hər hansı bir hasar yoxdur. Belə ki, açıq ərazidir. Hadisə yerinə baxışda iştirak edən kriminalist tərəfindən heç bir əl-barmaq izi aşkar edilməmiş, eyni zamanda yanmış avtomobilin ətrafında heç bir əşya və ya predmet aşkar edilməmişdir. Eyni zamanda müraciətlə bağlı izahatı alınmış İddiaçı2 məxsus ‘"Hyundai Santafee” markalı avtomobilin avtomobil təmir sexinin qarşısında açıq ərazidə olduğunu, ətrafda hər hansı bir hasarın olmadığını bildirmişdir. Həmçinin avtomobilin ətrafında hər hansı alışqan maddə və digər məhsullar aşkar edilməmişdir. İddiaçı2 məxsus X13 markalı 99-BJ- 126 dövlət qeydiyyat nişanlı avtomobil, 2007-ci il buraxılışı, mühərrik, nömrəsiz, ban: KMH81W8U33492 olan avtomobil istismarda olduğu müddətdə 250.000 km yol qət etmişdir. Yanğın zamanı kənarda olan mühərrikin və akkumulyatorun birlikdə qiyməti 4080 ( dörd min səksən ) manat olduğunu nəzərə alaraq satış qiyməti 22.000 (iyirmi iki min) manat olduğu müəyyən edilmişdir. Qərarın nəticə hissəsində İddiaçı2 istidəsində olmuş X13 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində İddiaçı2 dəymiş zərərin məbləği 17.920 (on yeddi min doqquz yüz iyirmi) manat olması nəzərə alınması göstərilmişdir. Bundan başqa Cavabdeh İddiaçı2 tərəfindən verilmiş 2200 (iki min iki yüz) manat puldan 400 manatını borclu qalmış, X13 markalı avtomobil (diz$ mühərrik üçün) üçün nəzərdə tutulmuş 1100 (bir min bir yüz) manat dəyərində "Turbo"-nu qaytarmamışdır. Dəfələrlə Cavabdeh dəymiş ziyanın ödənilməsini xahiş etsə də müxtəlif bəhanələrlə dəymiş ziyanı ödəmək istəmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.

4. Məhkəmədə Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında avtomobilin təmiri ilə bağlı hər hansı bir müqavilə bağlanılmamış və cavabdehin hər hansı bir öhdəliyi yaranmamışdır. Odur ki, məhkəmədən iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi.

5. Cavabdeh və İddiaçı1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, X13” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən İddiaçı1 məxsusdur. Həmin avtomobil tam səlahiyyətlər verilməklə İddiaçı2 xx.xx.2022-ci il tarixədək Etibarnamə əsasında etibar etmişdir. İddiaçı2 avtomobilinin mühərriki işləmədiyindən 2021-ci ilin iyun ayının 23-də təmir etdirmək üçün Mingəçevir şəhəri, Samux küçəsində yerləşən avtomobil təmir sexinə gətirmiş və təmir üçün Cavabdehə təhvil vermişdir. “X13” markalı avtomobilin təmiri və avtomobil üçün zəruri avadanlıqların alınması üçün iddiaçı Cavabdehə nəğd olaraq 100 manat, Cavabdehə məxsus bank hesabına isə 2100 manat pul köçürmüşdür. xx.xx.2021-ci il tarixə keçən gecə iddiaçıya sexin həyətindən “Hyundai Santafee” markalı avtomobilin yandığını, yanğmsöndürənlər tərəfindən söndürüldüyünü bldirmişlər. İddiaçı hadisə yerinə gələrkən avtomobilinin yandığını və tam yararsız halda olduğunu görmüşdür. Hadisə ilə bağlı Mingəçevir ŞPŞ-nin İB-də araşdırma aparılmış və iş üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hal-hazırda iddiaçılar onlara dəymiş ziyanı tələb edir. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, iddiaçıya məxsus avtomobilə 19429 (17920+400+1100+9) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçıları bu tələbləri məhkəmədə tətqiq olunmuş sübutlarla; Mingəçevir şəhər PŞ-nin İB-nin müstənqinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı və iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə təsdiqini tapır.

7. Cavabdeh tərəfindən iddiaçıya maddi zərər vurulmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Hüquq normaları iddiaçıya vurulmuş ziyanın ödənilməsinin hüquqi əsasını təşkil edir və X5 vurulmuş ziyan ilə bağlı zərərin ödənilməsi tələbinin təmin olunmasını şərtləndirir.

8. Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)-136/2023 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) iddia təmin olunmuş, Cavabdeh cəmi 19429 (17920+400+1100+9) manat pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 149 manat məbləğində pul alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və 1115-ci maddələrinə istinad etmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş İddiaçı1 məxsus nəqliyyat vasitələri barədə məlumat

11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda X13 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanğın nəticəsində yanması və avtomobilin qəsdlə yandırılması öz təsdiqini tapmadığından, cinayət hadisəsi baş vermədiyindən cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla hadisənin baş verməsində cavabdeh İsmayıl Hüseynovun təqsiri müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, İsmayıl Hüseynov hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli törətmişdir. Ancaq əməlin konkret olaraq hansı hərəkətlərlə törədildiyi aydın deyildir. O, avtomobillərin mühərriki ustası olduğundan İddiaçı2 avtomobilin mühərrikini təmir etmək üçün ona müraciət etmiş, o da avtomobilin mühərrikini və akkumulyatorunu götürüb sexə aparmışdır. Avtomobilin sexin qarşısında ağaclığın altında qalmasına səbəb iddiaçının öz avtomobilini öz sahibliyində saxlamaq istəmədiyi ilə bağlı olmuşdur. Onun həmin avtomobili saxlanca qəbul etməyinə dair hər hansı sübut mövcud deyildir.

13. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası isə nöqsan aktı olmadığından geri qaytarılsa da, sonradan elektron sistemə daxil edilməmiş qüsur aktına əsasən əldə edilmiş ekspert rəyinə əsasən ondan 17920 manat pulun tutulması qənaətinə gəlməkdə haqlı olmamışdır.

14. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)- 136/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)-136/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)-136/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 771-ci maddəsinə görə podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. 772.1-ci maddəsinə görə görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-ci mаddəsinə əsаsən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. 226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

21. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)- 136/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, məhkəmə iddianın təmin edilməsi nəticəsinə gəlsə də, qətnaməni işin faktiki hallarına uyğun əsaslandırmamış, iddianın qanuni əsasını düzgün müəyyən etmədən və düzgün maddi hüquq normalarını işə tətbiq etmədən qərar qəbul etmişdir.

24. Əvvəla, birinci instansiya məhkəməsi iddiaçılara dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə olduğunu və bu halın Mingəçevir şəhər PŞnin İB-nin müstənqinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə təsdiqini tapdığını qeyd etsə də, həmin qərarla hansı halın hansı əsasla təsdiqini tapdığı göstərilməmişdir. Bundan başqa, məhkəmə iddia tələbi üzrə yalnız Mülki Məcəllənin zərərin ödənilməsi barədə olan 21-ci maddəsi və deliktlər barədə olan fəslinin maddələrinə istinad etməklə qərar qəbul etmişdir.

25. Halbuki, cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda yalnız İddiaçı1 məxsus maşının yandığı təsdiq olunur, cavabdehin həmin hadisədə birbaşa təqsiri təsdiq olunmur. Belə olan halda, deliktə əsaslanmaqla cavabdehin məsuliyyətini müəyyən etmək mümkün deyildir. Hazırki iş üzrə cavabdehin iddiaçılara dəyən zərərə görə mülki hüquqi məsuliyyət daşıyıb-daşımamasının müəyyən edilməsi üçün əvvəlcə tərəflər arasında yaranmış hüquqi münasibətin qanuni əsasları müəyyən edilməlidir. İş üzrə tərəflərin izahatlarından və cavabdehin vergi məlumatları ilə bağlı elektron məhkəmə informasiya sistemindən çıxarışlardan mübahisəsiz olaraq müəyyən edilir ki, cavabdeh avtomobil mühərriki təmiri xidməti ilə məşğuldur. Həmçinin mübahisəsiz haldır ki, mülkiyyətiçi olan İddiaçı1 təmsilçisi olaraq digər İddiaçı2 sahibliyində olan maşını cavabdehə təmir üçün vermişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddianın qanuni əsası olaraq podrat müqaviləsi çıxış edir. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. (MM 362.1) Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. (MM 359.1) Hazırki iş üzrə iddiaçılardan İddiaçı2 mülkiyyətiçi olan İddiaçı1 təmsilçisi olaraq cavabdehlə podrat müqaviləsi bağlamışdır. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (MM 752). O da nəzərə çatdırılmalıdır ki, qanun podrat müqaviləsinin bağlanma forması ilə bağlı imperativ norma müəyyən etmədiyindən podrat müqaviləsi şifahi bağlana bilər. Tərəflər arasında yaranmış münasibətlərin qanuni əsası aydın olduğundan cavabdehin iddiaçıya dəymiş zərərə görə məsuliyyəti də Mülki Məcəllənin podrat müqaviləsi ilə bağlı müddəaları əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 771-ci maddəsinə görə podratçı sifarişçinin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 772.1-ci maddəsinə görə görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur. Göründüyü kimi, podrat müqaviləsinə əsasən podratçı sifarişçinin əmlakına yalnız birbaşa təqsirlə dəyən zərər görə deyil, həm də diqqətsizlik və təsadüfən baş verən hadisələr nəticəsində dəyən zərərə görə də məsuliyyət daşıyır.

26. Kollegiya qeyd edir ki, diqqətsizliyin nəyi ehtiva etdiyinin müəyyən edilməsi üçün analoji olaraq Mülki Məcəllənin saxlama barədə olan 824.1-ci maddəsinə nəzər yetirilə bilər. Həmin maddənin tələbinə görə əgər saxlama əvəzsiz həyata keçirilirsə, saxlama dövründə saxlayıcı yalnız qəsd və/və ya kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır. Əgər saxlama haqq müqabilində həyata keçirilirsə, saxlayıcı şərtləşdirilmiş vicdanlılığa riayət edilməsi üçün, qalan hallarda isə bu cür əşyaların saxlanması zamanı adi olan vicdanlılıq üçün məsuliyyət daşıyır. Hazırki vəziyyətdə cavabdeh ona təmirə verilmiş maşının təhlükəsizliyi üçün ən azından adi vicdanlılıq şərtlərinə riayət etməli idi. Hazırki halda isə 2021-ci ilin iyun ayında cavabdehə təmir üçün verilmiş və mühərriki açılaraq götürülmüş avtomobil xx.xx.2021-ci il tarixədək iddiaçının avtomobil təmiri xidmətini həyata keçirdiyi qeyri-yaşayış binasının (sexin) qarşısında kənar təsirlərdən hər hansı şəkildə müdafiə olunmayan ictimai ərazidə işlək olmayan vəziyyətdə qalmışdır. Avtomobilin mühərrikini avtomobildən ayıraraq götürən cavabdeh belə bir ərazidə qeyri-işlək vəziyyətdə 3 ay müddətində qalan avtomobilə mümkün kənar təsirlər barədə ümumi fikirə sahib olmuşdur və olmalı idi. Belə olan halda, hazırki iş üzrə cavabdehin yuxarıda göstərilən hərəkətləri (və ya hərəkətsizliyi) əşyaların saxlanması zamanı adi olan vicdanlılığa zidd və eyni zamanda Mülki Məcəllənin 771-ci maddəsi baxımından diqqətsizlik hesab olunmalıdır.

27. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin bu qətnamənin 12-ci bəndində göstərilən dəlilləri qismən, birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 1096-cı maddəsinə əsaslanması ilə bağlı hissədə əsaslı olsa da, qalan hissələrdə əsassızdır. Belə ki, cavabdeh avtomobilin onun istifadəsində olan təmir sexinin qarşısında saxlanılmasını iddiaçının maşını öz sahibliyində saxlamaq istəməməsi ilə əsaslandırsa da, kollegiya həmin dəlilləri inandırıcı və əsaslı hesab etmir. Belə ki, cavabdeh özü də etiraf edir ki, o, maşının mühərrikini və akkumulyatorunu maşından ayıraraq götürmüşdür. Belə olan halda qeyri-işlək vəziyyətdə olan maşının iddiaçının sahibliyində qalması real olaraq mümkün deyildi. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 13-cü bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarında mövcud olan Lada TSX-nin xx.xx.2021-ci il tarixli Aktı məhkəmənin 24 may 2023-cü il tarixli iclasında məhkəməyə təqdim edilmişdir ki, həmin iclasda da cavabdeh ona məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq iştirak etməmişdir. Cavabdehin məhkəməyə ərizə təqdim etməklə həmin aktla tanış olmaq hüququ da mövcud olmuşdur. Ona görə də, apellyasiya şikayətinin həmin dəlilləri də əsassızdır.

28. O da qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi cavabdehdən tutulmasını qət etdiyi məbləğin iki iddiaçıdan hansına hansı hissədə ödəniləcəyini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 226.1-ci maddəsinin tələbinə görə məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenum qərarının 1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Həmin qərarın 6.8-ci bəndində qeyd olunur ki, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir. Məhkəmə kollegiyasının fasiləsiz audio-video çəkiliş altında aparılan baxış iclasında iddiaçılardan İddiaçı2 maşının təmiri üçün cavabdehə verdiyi geri qaytarılmamış 1500 manatın cavabdehdən alınaraq ona verilməsini istədiyi bildirmişdir. Digər İddiaçı1 isə maşının yanması nəticəsində ona dəymiş zərərin cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir.

29. Zərərin ödənilməsi ilə bağlı tələbin əsaslılığı yuxarıda şərh edilmişdir. Zərərin məbləğinə gəldikdə isə kollegiya qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində avtomobilin orta bazar qiyməti 20.000 manat müəyyən edilmişdir. Lada MMC-nin xx.xx.2021-ci il tarixli Aktında isə avtomobilə dəymiş zərər 17.920 manat qeyd olunmuşdur ki, iddiaçılar da iddia tələbində maşına dəymiş zərər olaraq 17.920 manat tələb etmişlər. Ona görə də, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən avtomobilə dəymiş zərər 17.920 manat qəbul edilməklə həmin məbləğ cavabdehdən alınaraq İddiaçı1 ödənilməlidir.

30. Kollegiya iddiaçılardan İddiaçı2 maşının təmiri üçün verdiyi pulun qaytarılması ilə bağlı tələbinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci madəsinə görə əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Həmin Məcəllənin 765-ci madəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Hazırki halda cavabdehin diqqətsizliyi nəticəsində iddiaçının əmlakı məhv olduğundan qüsurun aradan qaldırılması üçün hər hansı müddət müəyyən edilməsi də mümkün deyildir. Tərəflərin izahatlarından o da müəyyən olunur ki, yanğın hadisəsi baş verən xx.xx.2021-ci il tarixdə belə maşın tamamilə təmir edilməmiş, yəni tərəflər arasındakı şifahi podrat müqaviləsi icra edilməmişdi. Hazırki vəziyyətdə isə əmlakın məhv olması səsəbindən icra mümkün deyildir. Belə olan halda, podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməlidir. Kollegiya onu da qeyd edir ki, iddia tələbində X13 markalı avtomobil (dizel mühərrik üçün) üçün nəzərdə tutulmuş "Turbo"-nun, özü olmadığı halda 1100 (bir min bir yüz) manat dəyərinin cavabdehdən alınıb verilməsi tələb olunmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı həmin Turbonun özünün mövcud olmadığı müəyyən edilməklə dəyərinin cavabdehdən tutulması qət edilmiş və nə iddiaçı tərəf, nə də cavabdeh tərəf konkret olaraq həmin halı mübahisələndirməmişdir. Ona görə də kolelgiya hesab edir ki, həmin "Turbo"-nun dəyəri olan 1100 manatın tutulması düzgün olacaqdır.

31. Kollegiya onu da qeyd etməyi lazım bilir ki, iş üzrə cavabdehin istifadəsində olan maşının təmirə verildiyi qeyri-yaşayış obyektinin (sexin) dəqiq ünvanı ilə bağlı iş materiallarında ziddiyyətlər vardır. Belə ki, iddiaçılar iddia ərizəsində maşını Mingəçevir şəhər Samux küçəsində yerləşən sexə təmirə veriklərini qeyd etmişlər. Kollegiyanın 11 saylı Baş Vergilər İdarəsinə verdiyi sorğuya cavab olaraq göndərilmiş 28 mart 2024-cü il tarixli **********020700 nömrəli məktubunda göstərilmişdir ki, Məlumatuçot bazasına əsasən bildirilir ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən **********-27001 kodlu 24 kv.m olan "Avtotəmir” obyekti ləğv edilmiş və Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən **********-27002 kodlu 36 kv.m olan “Avtotex” obyekti isə aktivdir. Ödəyicinin fəaliyyət növü “4520011-Avtomobillərə Cari Xidmət” kodu ilə qeyd olunmuşdur. X2 məxsus Mingəçevir şəhəri, Samux ünvanında yerləşən **********-27001 kodlu 140 kv.m olan “Avtotexxidmət" obyekti ləğv edilmiş və Mingəçevir şəhəri, X12 ev tikinti materialları kombinatının cənub hissəsində yerləşən **********-27002 kodlu 140 kv.m olan “Avtotex Xidmət” obyekti ləğv edilmişdir. Ödəyicinin fəaliyyət növü ‘‘45200- Avtomobillərə texniki xidmət göstərilməsi və onların təmiri” kodu ilə qeyd olunmuşdur. Bildirilir ki, məlumat-uçot bazasına əsasən “X3 Stansiyası” nın vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar edilməmişdir. Məhkəmə kollegiyasının son iclasında iddiaçılardan İddiaçı2 11 saylı Baş Vergilər İdarəsinin məktubunda göstərilənlərlə bağlı qeyd etmişdir ki, onun avtomobili təhvil verdiyi obyekt həmin məktubda göstərilmiş X2 məxsus Mingəçevir şəhəri, Samux ünvanında yerləşən **********-27001 kodlu 140 kv.m olan “Avtotexxidmət" obyektidir. Məhkəmə kollegiyasının iclaslarında həm iddiaçılar, həm də cavabdeh mübahisəli hüquq münasibətinin məhz Samux küçəsində yerləşən təmir sexi ilə əlaqəli olduğunu bildirmiş, cavabdeh də həmin ünvanda təmir sexi istifadə etdiyini etiraf etmişdir. Kollegiya hesab edir ki, həmin ünvanda yerləşən təmir sexi cavabdehin atası X2 məxsus olmasına və ləğv edilmiş olmasına baxmayaraq faktiki olaraq cavabdehin mübahisəli avtomobili həmin ünvandakı təmir sexində təhvil alması və tərəflər arasında podrat münasibətlərinin yaranması mübahisəsiz olduğundan iddia həmin əsasla təmin edilməlidir.

32. İddia tələbinin bir hissəsi isə məhkəmə xərclərinin ödənilməsi ilə bağlıdır. İş materiallarından görünür ki, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunu iddiaçılardan İddiaçı1 ödəmişdir. Ona görə də, həmin rüsum məbləği də cavabdehdən alınaraq İddiaçı1 verilməlidir. Sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş rüsumlara gəldikdə, iş materialıarından görünür ki, İddiaçı1 və İddiaçı2 şəxsiyyət vəsiqələrinin surətlərinin və avtomobilin qeydiyyat şəhadətnaməsinin notarial qaydada təsdiqi üçün hər birinə görə 3 manat rüsum ödənilmişdir. Rüsumun iddiaçılardan hansı tərəfindən ödənildiyi məlum olmadığından və həmin sənədlərdən biri İddiaçı2 aid olduğundan kollegiya hesab edir ki, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilmiş 9 manatın 6 manatı İddiaçı1, 3 manatı isə İddiaçı2 ödənilməlidir.

33. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)-136/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası qismən təmin edilməli, X13 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində dəymiş zərərin əvəzi olaraq 17.920 manat pul Cavabdeh tutularaq İddiaçı1 verilməli, avtomobilin təmiri üçün verilmiş 1500 manat pul Cavabdeh tutularaq İddiaçı2 verilməli, məhkəmə xərcləri olaraq ödənilmiş 155 manat pul Cavabdeh tutularaq İddiaçı1 verilməli, məhkəmə xərcləri olaraq ödənilmiş 3 manat pul Cavabdeh tutularaq İddiaçı2 verilməlidir.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli 2(051)-136/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və pul tələbinə dair iddiası qismən təmin edilsin. X13 markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanması nəticəsində dəymiş zərərin əvəzi olaraq 17.920 (on yeddi min doqquz yüz iyirmi) manat və məhkəmə xərcləri olaraq ödənilmiş 155 manat pul Cavabdeh tutularaq İddiaçı1 verilsin. Avtomobilin təmiri üçün verilmiş 1500 manat və məhkəmə xərcləri olaraq ödənilmiş 3 manat pul Cavabdeh tutularaq İddiaçı2 verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar