Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-339/2023 13.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 19391 (on doqquz min üç yüz doxsan bir) manat məbləğində pulun və ödənilmiş 150 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə yoldaşlıq etmişlər və əvvəllər yaxşı münasibətləri olmuşdur. Sonradan bankdan pul götürərək cavabdehə vermişdir. Cavabdeh bu faktı etiraf edir və bununla bağlı vatsap yazışmaları da mövcuddur. Ancaq cavabdeh öz öhdəliyindən boyun qaçırır. Həmçinin o, kreditə görə xeyli pul itirmişdir. Belə ki, 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7% təşkil edir bu məbləğ bir ilə 1100 manat, iki ilə cəmi 2200 manat təşkil edir. O pulu depozitə qoysa idi illik 10- 15% hissəsi miqdarında xeyir götürərdi. Həmçinin o, cavabdehin bu hərəkəti nəticəsində ağır sarsıntı və əzab keçirmiş, beləliklə ona mənəvi zərər dəymişdir. Odur ki, Cavabdeh 16191 manat pulun, 2200 manat əsas məbləğin faizi, 1000 manat mənəvi ziyanın, cəmi 19391 manat pulun və 150 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Mingəçevir Şəhər Məhkəməsinin (hakim: E.Cəbrayılzadə) 12 dekabr 2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh 16191 manat pulun, 2200 manat əsas məbləğin faizi, 1000 manat mənəvi ziyanın, cəmi 19391 manat pulun və 150 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçının cavabdehlə yaxın dostluq əlaqələri olmuşdur. Lakin məhkəmə iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi “Whatsapp” yazışmalarını nəzərdən keçirərkən cavabdehin iddiaçıya 16191 manat məbləğində borclu olması barədə tərəflərin arasında olan yazışmalarla sübuta yetirilmir, belə ki, yazışmalarda borcun etiraf edilməsi və ya hansı məbləğdə etiraf edilməsi müəyyən olunmur. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclası zamanı verdiyi izahatında cavabdehə kredit götürməklə 16191 manat məbləğində borc pul verdiyini və pulu qaytarmadığın, beləliklə maddi və mənəvi zərərə düşdüyünü bildirmiş, cavabdeh tərəf isə həmin halı təsdiq edən hər hansı cavab verməmişdir. Belə olan halda iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə vəzifəsi daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə “Express Bank” la İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansısübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Məhkəmə tərəflərin təqdim etdikləri sübutların məcmusuna hüquqi qiymət verərkən hesab edir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmadığından, həmçinin iddiaçının cavabdehə 1619 Manat məbləğində borc pul verməsi və cavabdehin öhdəliyi yerinə yetirməməsi nəticəsində ona 2200 manat maddi və 1000 manat mənəvi zərər dəyməsi öz təsdiqini tapmadığından, iddiaçı hazırkı tələbi irəli sürərkən subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəllənin 406.1, 329.2, 329.3, 739.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə heç bir qanuna əsaslanmamış və birinci instansiya məhkəməsi şəxsi mülahizələri əsasında çıxarılmışdır. Qətnamədə maddi və prosessual hüquq normaları pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi sözügedən pozuntulara qiymət verilməsi əvəzinə əsassız olan qətnaməsi əsaslandırmağa çalışmışdır. Əsaslanma dedikdə qətnamə ümumiyyətlə əsaslanmamışdır. Cavabdeh onunla yoldaşlıq etmiş və əvvəllər yaxşı münasibəti olmuşdur. Cavabdeh iki-üç il ərzində ondan müxtəlif vaxtlarda müxtəlif bəhanələrlə pul istəmiş və oda ona inanaraq cəmi 16191 manat pulu ona vermişdir. Sözügedən məbləğin ona göndərilməsi və bu məbləğin onun tərəfindən qəbul olunması ilə bağlı yazışmalar mövcuddur. Cavabdeh özü də sözügedən məbləğin ondan alınması ilə bağlı mübahisə etmir və borcu olmasını etiraf edir. Lakin cavabdeh Azərbaycanda olmaması səbəbindən bu cür ifadələrin alınması qeyri-mümkün olmuşdur. Bundan əlavə onunla əlaqə saxlamaq qeyri mümkündür. Lakin cavabdehin yaxın qohumları Cavabdeh ona pul borclu olmasını etiraf etmişdir. Bundan əlavə onu da qeyd etmək istəyir ki, o hüquq mühafizə orqanlarına müraciət etmiş və həmin orqanların qərarlarından da görünür ki, əməldə cinayət tərkibi olmasa da Cavabdeh ona pul borclunun olması müəyyən olunmuşdur. Qərarın müəyyən etdi hissəsində Cavabdeh ona pul borclu olması öz əksini tapmış və qərarda göstərilmişdir. Bu faktlar öz əksini tapsa da birinci instansiya məhkəməsi bu qərarı belə nəzərə almamışdır. Bu qədər sübutun qabağında birinci instansiya məhkəməsi yalnız cavabdehin izahatını tələb etməsi qanunsuzdur. Bundan əlavə o dəfələrlə yazışmalarda göstərilən və onun tərəfindən cavabdehə bank vasitəsi ilə göndərilmiş pulların Cavabdeh bank hesabına daxil olması barədə vəsatət versə də birinci instansiya məhkəməsi şifahi vəsatətlərini nəzərə almamış və vəsatətə rəsmi qaydada cavab verməmişdir. Belə ki, Cavabdeh bankda olan hesabına (bank kartına) onun qeyd etdiyi və yazışmalarında olan tarixlərdə bildirdiyi miqdarda pulların ödənilməsini yalnız onun bank hesabından çıxarışın alınması ilə mümkündür. Bank hesabından çıxarışın alınması isə yalnız məhkəmə qərardadı ilə mümkündür. Ona görə də məhkəmə iclasında bu cür qərardadın çıxarılmasını xahiş edir. Birinci instansiyada bildirdiyi sübutlar araşdırılsaydı və məhkəmə iddianı təmin etsəydi ədalət mühakiməsi öz yerini tapardı. Lakin bu cür hərəkətlər vətəndaşların hüquqlarını pozur və süründürməçiliyə yol açır. Apellyasiya Məhkəməsinin onsuzda çox olan iş yükü isə bu cür hallarla birinci instansiya məhkəməsi tərəfindən artırılır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən sübutlara deyil qanunla nəzərdə tutulmayan dırnaqarası öz daxili inamına əsaslanmışdır. MPM-nin və Mülki Məcəlləsinin tələblərini pozmaqla çıxarılmış qətnamənin ləğv olunacağı mütləq və labüddür. Cavabdehin hərəkətləri nəticəsində o xeyli pul itirmişdir. Belə ki, o sözügedən pulun müqabilində faiz ödəməlidir. Ona görə də hesab edir ki, mülki cavabdeh sözügedən məbləğin faizlərini də ödəməlidir. Hazırda cavabdehin ona borclu olduğu pula görə faizdə tələb edir. Belə ki, 2020 və 2021-ci il üçün bank uçot dərəcəsi 7% təşkil edir, bu məbləğ isə bir ilə təxminən 1100 manat, iki ilə cəmi 2200 manat təşkil edir. Ona dəymiş ziyanın əvəzi kimi hazırda o həmin pulu özündə saxlayıb hər hansı qazanc gətirən sahəyə və ya banka depozit kimi qoysaydı ən azı sözügedən pulu illik 10-15% hissəsi miqdarında xeyir götürərdi. Sğzügedən iddia borc pul tələbi ilə bərabər maddi ziyan tələbidir. İş üzrə borcla bağlı maddələri qeyd etsə də sözügedən iddia ziyan tələbidir. Belə ki, cavabdehin hərəkətləri nəticəsində maddi və mənəvi ziyan dəymişdir. Belə ki, cavabdeh uzun müddət onu aldatması nəticəsində mənəvi sarsıntı və əsəb keçirmiş. Cavabdehin qanunsuz əməlləri ilə ona mənəvi ziyan kimi 1000 manat ziyan dəymişdir. Qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsini ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsinin ləğv olunmasını və idda tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1–ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
Apellyasiya baxışının hədləri
Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(051)- 1924/2022 saylı qətnaməsinin ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını apellyasiya şikayətinin dəlillərinə münasibətdə tam həcmdə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçının məhkəməyə sübut olaraq təqdim etdiyi “Whatsapp” yazışmalarını nəzərdən keçirərkən cavabdehin iddiaçıya 16191 manat məbləğində borclu olması barədə tərəflərin arasında olan yazışmalarla sübuta yetirilmir, belə ki, yazışmalarda borcun etiraf edilməsi və ya hansı məbləğdə etiraf edilməsi müəyyən olunmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf cavabdeh tərəfindən ona borclu olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında nə şifahi, nə də yazılı qaydada borc müqaviləsi bağlanmamışdır. İşdə olan kredit müqaviləsindən də göründüyü kimi, sözügedən müqavilə “Express Bank” la İddiaçı arasında bağlanmışdır. Belə olan halda məhkəmə işə mövcud olan və məhkəmə gedişində araşdırılan sübutlar əsasında baxaraq hesab edir ki, həmin müqavilədən yaranan münasibət bankla iddiaçı arasında yaranmışdır və pul məbləğinin cavabdehə ödənilməsini təsdiq edən sübut yoxdur. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normasının dispozisiya şərtinə görə borc verən pulu və ya digər əvəz edilən əşyaların mülkiyyət hüququnu borc alana keçirməyi öhdəsinə götürməli, borc alan isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürməlidir. İddiaçının tələbinin əsaslı olması üçün bu şərtlər məcmu halında, yəni tərəflər arasında yazılı və yaxud şifahi formada borc müqaviləsi mövcud olmalıdır. Hazırkı iş üzrə isə iddiaçı ilə cavabdeh arasında elə bir müqavilənin bağlanması iş materiallarından görünmür, nə də cavabdeh tərəfin iddiaçıdan borc pul aldığı barədə etiraf və ya hər hansısübut təqdim olunmamış, eyni zamanda iddiaçı tərəf isə həmin halı sübut edə bilmir. Digər tərəfdən kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Halbuki iş materiallarında belə bir müqavilə mövcud deyildir. Daha sonra kollegiya şikayətin məhkəmənin banka sorğu verməli olduğu halda bunu etməməsi barədə dəlilini əsassız sayır. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin qərında hüquqi mövqe ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Göründüyü kimi qanunverici sübutların təqdim edilməsini tərəflərin üzərinə qoymuşdur. Şikayətin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarın müəyyən etdi hissəsində Cavabdeh ona pul borclu olması öz əksini tapmış və qərarda göstərilmişdir. Bu faktlar öz əksini tapsa da birinci instansiya məhkəməsi bu qərarı belə nəzərə almamışdır. Kollegiya şikayətin qeyd edilən dəlili ilə də razılaşmır. Belə ki, qeyd edilən qərardan görünür ki, cavabdeh tərəf dindirmədə iştirak etməmiş, onun izahatı alınmamışdır. Yəni cavabdehin borclu olduğu faktının həmin qərarda əksini tapmasında dair dəlillər əsassızıdır. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən məbləğdə pulun cavabdehə verildiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Kollegiya iddianın mənəvi ziyan hissəsi ilə bağlı qeyd edir ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İddiaçı tərəf isə mənəvi ziyan çəkməsi və mənəvi ziyanın məhz cavabdeh tərəfindən vururlmasına dair hər hansı bir sübut növü məhkəmələrə təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə doğru nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, maddi hüququn tətbiqində səhvə yol verməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2(051)-1924/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.