Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-342/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı və onun nümayəndəsi (oğlu) X2, Cavabdeh və onun nümayəndəsi X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tövlənin sökülməsi tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus evə birləşik, qeyri-qanuni tikilmiş tövlənin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli (hаkim T.Qubadov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı qanunsuz tikilmiş tövlənin sökülməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikаyəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonunun Bıçaqçı kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Cavabdehlə 37 ildir ki, qonşusudurlar. Cavabdeh təxminən üç il bundan əvvəl onun evinə bitişik mal tövləsi tikmişdir. Hesab edir ki, həmin tikili tikinti-texniki normalara zidd tikilmişdir və qanunsuzdur. Sözügedən tikili qanunsuz olduğu üçün sökülməlidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsi tərəfindən iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, cavabdehə məxsus tövlə onun faktiki yaşadığı tikiliyə birləşik tikilib. Bu isə ərazidə anti-sanitar vəziyyətin yaranmasına əsaslı səbəb olur. Dəfələrlə qarşı tərəfə sözü gedən məsələnin mahiyyətini izah etməyə çalışaraq tövlənin ərazidən uzaqlaşdırmasını xahiş etmişdir. Lakin müraciətlərinin heç bir əsası olmamışdır. Buna əsasən Zərdab Rayon Məhkəməsinə müvafiq sənədlərlə müraciət edərək sözü gedən tövlənin sökülməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsinə torpaq sahəsinin onun mülkiyyətində olmasına dair müvafiq sənədləri də əlavə edərək ona məxsus tikilinin mülkiyyətində olan torpağın üzərində tikilməsini qeyd etmişdir. Lakin cavabdehin tövləsinin tikildiyi ərazi yəni onun evinin arxa hissəsi isə zəbt torpaqdır. Belə ki, cavabdeh qeyri-qanuni olaraq sözü gedən ərazini zəbt edərək şəxsi məqsədləri üçün sözü gedən torpaq sahəsindən istifadə edir. Məhkəmə proseduru zamanı cavabdeh müvafiq sənədlər təqdim etsədə sənədlərin heç birinin tövləyə və tövlənin tikildiyi əraziyə aidiyyəti olmamışdır. Bundan əlavə qeyd edir ki, məhkəmə proseduru zamanı məhkəməyə vəsatətlə müraciət edərək tövlənin tikildiyi ərazinin kordinatlara uyğun olaraq təyin olunmasını xahiş etmişdir. Lakin vəsatətləri təmin olunmamışdır. Məhkəmə qətnaməsindən də aydın olur ki, iddianın təmin olunmamasına səbəb ona məxsus evə dair hər hansı bir hüquq müəyyən edici sənədin və ya tikililərə dair texniki pasportunun olmaması bildirilmişdir. Məhkəmə proseduru zamanı hazırda sözü gedən ona məxsus evə müvafiq sənədləri hazırlasa da lakin məhkəməyə təqdim etməyə çatdıra bilməmişdir. Məlumat üçün qeyd edir ki, artıq sözü gedən ona məxsus yaşayış sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən 29 sentyabr 2020-ci il tarixli inventor nömrəsi 905-3/408 saylı Texniki passport və Çıxarış verilmişdir. Ona görə də Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş tövlə onun yaşadığı evə tam bitişikdir. Həmin tövlənin inşasından sonra evin divarları nəm çəkir. Bundan başqa iydənqoxudan evdə oturmaq mümkün deyil. Məhkəmədən kənar qaydada nə qədər xəbərdarlıq etsələr də heç bir nəticəsi olmamışdır. Ona görə də Zərdab Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) X5 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qeyd olunan A və A-1 literli hər iki ev onların (anasının) xüsusi mülkiyyətindədir. Cavabdehlər tərəfindən inşa edilmiş tövlənin yerləşdiyi torpaq sahəsi isə cavabdehlər tərəfindən zəbt edilib. Cavabdehin özünün evi tövlədən xeyli aralıda yerləşir. Həmin tövlə evin birindən 10-12 metr aralı olsa da, digər yaşayış evinə tam bitişikdir. İy-qoxudan evdə otura bilmirlər. Bu barədə cavabdehlərə bildirsələr də heç bir müsbət nəticəsi olmamış, əksinə cavabdeh tərəf ondan müxtəlif orqanlara şikayətlər yazmışdır. Bundan sonra onların barışması qeyri-mümkündür. Ona görə də Zərdab Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq, iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, bu illər ərzində zəhmətlə pul qazanıb hazırki tövləni inşa etdirmişdir. Tövlə inşa edilərkən iddiaçı tərəf narazılıq etməmişdir. İndi maddi imkanı yoxdur ki, tövləni söküb başqa yerdə inşa etdirsin. Kənd yerində hamının tövləsi evlərə yaxın olur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçıların mübahisələndirdiyi tövlədə hazırda mal-qara saxlamır. Həmin tikilidə ipəkqurdu (barama) yetişdirir. İddiaçının inşa etdirdiyi ikinci evin yerləşdiyi torpaq sahəsi də heç onun mülkiyyətində deyil. Bütün bu göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-046A KOD 90504018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.09.1997-ci il tarixli, 06 saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə Zərdab rayonu Bıçaqçı kəndi ərazisində 0.24 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-048A KOD 90504018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 24.09.1997-ci il tarixli, 06 saylı qərarı ilə Cavabdeh və ailə üzvlərinə Zərdab rayonu Bıçaqçı kəndi ərazisində 0.37 ha həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus həyətdə fərdi yaşayış evi vardır. Ev haqqında mübahisə qaldırılan tövlədən təxminən 15-20 m kənarda yerləşir. Həyətdə evdən başqa iddiaçıya məxsus hamam-tualet və yerdən olan başqa yardımçı tikili mövcuddur ki, həmin yardımçı tiklilər cavabdehə məxsus tövləyə bitişik vəziyyətdədir. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş 29.09.2020-ci il tarixli, **********40-10301 reyestr nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu Bıçaqçı kəndində 0.24 ha torpaq sahəsində yerləşən 107.6 kv.m-dən ibarət fərdi yaşayış evi İddiaçı, torpaq sahəsi isə İddiaçı, Rəhmanov taryel Rəhman oğlu və X3 məxsusdur (mülki iş səh.77). Apellyasiya şikayətinə əlavə edilmiş fərdi yaşayış evinə dair Texniki Pasportdan müəyyən nedilir ki, İddiaçı məxsus fərdi yaşayış evi A (4 yaşayış otağı, mətbəx və açıq eyvan) və A-1 (yaşayış otağı, açıq sahə, hamam, ayaqyolu) liter hissələrindən ibarətdir (mülki iş səh. 74-76). Apellyasiya məhkəməsinin sorğusu əsasında Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi 08.01.2021 tarixli məktubla cavab verərək bildirmişdir ki, Cavabdeh məxsus olan mal-qara tövləsi X1 evindən 13 metr, alçaq hündürlüyü olan tikilidən isə 1 metr məsafədə yerləşir. Azərbaycan Tikinti normalarına 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə 15 metr olmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Cavabdeh tikdiyi və istifadə etdiyi tövlə Dövlət Tikinti normalarına və sanitar – gigiyenik tələblərə cavab vermir. Şəki Apellyasiya Məhkəməsinin icraatı zamanı işə cəlb edilmiş mütəxəssis mövqeyindən müəyyən edilir ki, 1-ci sual üzrə: Cavabdeh məxsus tövlə İddiaçı məxsus “A1” literli fərdi yaşayış evinə bitişik inşa edilmişdir. İddiaçıya məxsus digər “A” literli fərdi yaşayış evi ilə mübahisəli tövlə tikilisi arasındakı məsafə isə 14 m təşkil edir. 2-ci sual üzrə: ərazinin ümumixəritəsi, plan və s) və Aerofotoplan üzərində aparılan tədqiqat zamanı məlum olmuşdur ki, Cavabdeh məxsus tövlə onun mülkiyyətində olan torpaq sahəsində deyil, faktiki istifadəsində olan torpaq sahəsi daxilindədir. 3-cü sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69cu, 70, 71-ci və 72-ci maddələrinin tələblərində göstərilənləri nəzərə alaraq, tövlə tikilərkən evlə arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğunluğu gözlənilməmişdir. Kollegiya hazırki mübahisənin obyektiv həlli ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. -157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və cavabdehin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, cavabdeh öz əmlakı olan torpaq sahəsi üzərində qanunveriliklə müəyyən edilmiş qaydada tikililər və qurğular inşa edə, o cümlədən qonşu torpaq sahələrindən torpaq sahəsini ayırmaq üçün hasara alaraq mərzlənmə işlərini həyata keçirə bilər. Eyni zamanda mülki qanunvericilik mülkiyyət hüququnun məhdudlaşdırılmasını da istisna etmir. Mülki Məcəllənin 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Qeyd olunan müddəa Məcəllənin 169.2, 170 və 172-ci maddələrində əksini tapmışdır. Məcəllənin 169.2-ci maddəsinə əsasən hər bir daşınmaz əmlak mülkiyyətçisi, əgər quyuların qazılması, drenaj, qaz və başqa boruların, habelə yerüstü və yeraltı elektrik xətlərinin çəkilməsi onun torpaq sahəsindən istifadə edilmədən qətiyyən mümkün deyildirsə və ya hədsiz yüksək məsrəflər hesabına mümkündürsə, bununla əlaqədar dəyən zərərin əvəzinin qabaqcadan tam ödənilməsi şərti ilə həmin tədbirlərin həyata keçirilməsinə icazə verməlidir. Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Məcəllənin 170.2-ci maddəsinə görə isə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. MM-nin 172.1-ci maddənin məzmununa görə qazıntı və tikinti işləri apararkən mülkiyyətçiyə icazə verilmir ki, torpağı qonşu torpaq sahələrinə kürüməklə onlara ziyan vursun və ya onları təhlükəyə məruz qoysun və ya həmin sahələrdəki qurğuları zədələsin. 172.2-ci maddəyə görə torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər; - 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Dövlət şəhərsalma norma və qaydaları şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” Qaydalarının 4.20-ci bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək (bloklaradək) olan məsafə: bir və ya iki tikili olarsa -15 m-dən, 8-dək tikili olarsa -25 m-dən, 30-dək tikili olarsa -50m-dən, 30-dan çox tikili olarsa -100 m-dən az olmamalıdır. Məskunlaşma ərazisində yerləşdirilən mal-qara və quşlar saxlanılan tikintilərin (blokların) sayı hər qrup üzrə 30-dan çox olmamalıdır. Mərtəbəliyi 2-dən çox olan binalarda yaşayan əhalinin mal-qara üçün nəzərdə tutulan təsərrüfat tikililəri məskunlaşma ərazisindən kənarda yerləşdirilməlidir. Həmin binaların zirzəmisində və ya onların yaxınlığında kənd təsərrüfat məhsulları saxlanılan yeraltı anbarlar yerləşdirilə bilər. Bu anbarların ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilməlidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.4, 69.5 və 69.5.1-ci bəndlərində göstərilir: 69.4. ara məsafəsi divar hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5 bəndi-ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir. 69.5.1 divar hündürlüyünün 0,6.hissəsi. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslı olmaqla, şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.
1. İş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı və cavabdeh qonşuluq münasibətlərində olmasına baxmayaraq, mövcud tövlənin inşasından sonra münasibətləri pisləşmiş və mübahisəni məhkəmədənkənar qaydada həll edə bilməmişlər.
2. Kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh məxsus olan tövlə İddiaçı məxsus A” literli fərdi yaşayış evindən 13-14 metr aralıda inşa edilsə də, digər, yəni “A1” literli fərdi yaşayış evinə bitişik inşa edilmişdir.
3. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilmiş mübahisəli tikili (tövlə) onun özünə məxsus olan torpaq sahəsində deyil, faktiki istifadəsində olan torpaq sahəsi daxilində inşa edilməklə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 70, 71-ci və 72-ci maddələrinin tələblərində göstərilənlərə cavab vermir. Yəni tövlə tikilərkən evlə arasındakı məsafənin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qaydalarına uyğunluğu gözlənilməmişdir.
4. Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, Cavabdeh məxsus olan mal-qara tövləsi X1 evindən 13 metr, alçaq hündürlüyü olan tikilidən isə 1 metr məsafədə yerləşir. Azərbaycan Tikinti normalarına 4.20 bəndinə əsasən yaşayış otaqlarının pəncərələrindən mal-qara və quşlar saxlanılan tikililərədək olan məsafə 15 metr olmalıdır. Cavabdeh tikdiyi və istifadə etdiyi tövlə Dövlət Tikinti normalarına və sanitar– gigiyenik tələblərə cavab vermir. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçı israr edir ki, qarşı tərəfin inşa etdiyi mal tövləsi onun yaşayış evinə yaxın məsafədə tikilərək qanunvericiliklə müəyyən edilmiş ara məsafəsi saxlanmamış, mal tövləsindən gələn zərərli qoxular evinə daxil olur, bu səbəbdən o, öz evində rahat yaşaya bilmir. İddia tələbindən də göründüyü kimi iddiaçı yaşayış evinin yaxınlığındakı tövlənin sökülməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş həm yerli baxış zamanı, həm GEM-in nümayəndələrinin, eləcə də mütəxəssislərin mövqeyindən göründüyü kimi mübahisəli tövlə iddiaçının yaşadığı mübahisəli fərdi yaşayış evlərindən- “A” literli yaşayış evindən 13-14 metr, “A-1” literli yaşayış evinə isə bitişik inşa edilmişdir.
5. Kollegiya cavabdeh tərəfin etirazına əsasən iddiaçı tərəfə məxsus olan evlərin 29.09.2020-ci il tarixli, **********40-10301 reyestr nömrəli çıxarışda qeyd olunmuş ölçüyə, yəni hər iki literin cəminin 107.6 kv.m. təşkil etməsinə də xüsusi diqqət yetirərək, Texniki Pasport üzrə riyazi hesablama aparmışdır. “A” literli fərdi yaşayış evi üzrə 4.8+16.5+20.0+17.6+24.0=82.9 kv.m (açıq eyvan istisna olmaqla), A-1” literli fərdi yaşayış evi üzrə 18.6+3.4+2.7=24.7 kv.m.(açıq sahə istisna olmaqla), cəmi 82.9+24.7=107.6 kv.m. Göründüyü kimi “A” və “A-1” literli fərdi yaşayış evlərinin cəmi 107.6 kv.m təşkil edir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya məhkəməsində iddia tələbini, eləcə də apellyasiya şikayətini təkzib edəcək hər hansı mötəbər sübütü məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya qeyd edir ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi mülahizələr birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1. və 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli, 2(035)-410/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilsin. Zərdab rayonu Bıçaqçı kəndində yerləşən İddiaçı evinə bitişik inşa edilmiş Cavabdeh məxsus olan tövlə cavabdehin vəsaiti hesabına sökülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov