Məhkəmə qərarları › İş №2(107)-346/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-346/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-346/2021 01.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1272/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1272/2020 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilərək İddiaçı Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilinə ümumi əsaslarla istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra cavabdeh və ya Cavabdeh1 və Cavabdeh2) qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən iddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası isə X3r. Ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamış, xx xxxxxx 2008-ci ildə anası vəfat etmişdir. Anasının vəfatından sonra atası Cavabdeh2 ilə ailə qurmuşdur. Birgə yaşadıqları müddətdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilini almışlar. Daha sonra universitetə daxil olduğu üçün Bakı şəhərinə getmişdir. Bu müddət ərzində onlara nənəsi köməklik etmişdir. Yəni o, bacı-qardaşının yanında yaşamaq istəsə də Cavabdeh2 ona imkan verməmişdir. O, hər dəfə sözügedən mənzilə gedib orda yaşamaq istəyəndə mübahisə düşmüş və cavabdehlər tərəfindən onun mənzildə yaşamasına şərait yaradılmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də onun Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili X5 iddia tələbini qəbul etməyərək izahatında gösrətmişdir ki, iddiaçı Cavabdeh1 qızıdır. İddiaçı uşaqlıqdan cavabdehlərlə mübahisəli Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilində yaşasa da, xeyli müddətdir evi tərk etmiş və həmin mənzildə yaşamır. Nəzrinin bacı-qardaşı onun sözügedən mənzildə onlarla birlikdə yaşamasına razı deyillər. İddiaçı həmin mənzildə yaşayarsa daim söz-söhbət olması qaçılmaz olar. Ona görə də iddianın rədd olunmasını xahiş edir. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)- 1272/2020 nömrəli qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1272/2020 nömrəli qətnaməsinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisə edilən ev Cavabdeh1 mülkiyyətindədir və həmin evi arvadı Cavabdeh2 ilə birlikdə 2014-cü ildə almışlar. İddiaçı mübahisəli mənzildə çox az yaşamışdır. Belə ki, o dövrdə iddiaçı nənəsinin himayəsinə verilmişdir. Bunu iddiaçı da öz ifadəsində qeyd etmişdir ki, bir müddət nənəsinin yanında, sonralar isə bacısı və qardaşı ilə Bakı şəhərində yaşamışdır. Beləliklə də, mübahisəyə baxılarkən yeni qəbul edilmiş xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Məcəllənin müddəaları tətbiq edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 nümayəndəsi X5 məhkəmənin elektron ünvanına məktub göndərərək işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Şəxsiyyət vəsiqəsinin surətindən və Daxili İşlər Nazirliyinin ******* №li arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İbrahimova X4 şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzildə qeydiyyatdadır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzili Cavabdeh1 adına mülkiyyət hüququ əsasında xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək göstərmişdir ki, “məhkəmənin qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə ilə bağlı yaranan mülki mübahisədir. Məhkəmə, işin hallarına mənzil və mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, iddiaçı xx.xx.1998-ci ildə anadan olmuş, atası Cavabdeh1, anası isə X3r. O, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. 2008-ci ildə anası vəfat etmiş, anasının vəfatından sonra atası hazırkı iş üzrə Cavabdeh2 ilə ailə qurmuşdur. İddiaçı ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzildə yaşamışdır. İddiaçı daha sonra universitetə daxil olmuş və Bakı şəhərinə oxumağa getmişdir. Bu müddət ərzində ona nənəsi köməklik etmişdir. İddiaçı sonradan bacı qardaşının yanında yaşamaq istəsə də, cavabdehlər ona imkan verməmişlər. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, İddiaçı Cavabdeh1 doğma qızı olmaqla ailə üzvləri ilə birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilində yaşamışdır. Onun sözügedən mənzilə istifadə hüququ mənzil əldə olunan andan yaranmışdır. İddiaçının yaşamaq üçün başqa yaşayış yerinin olması iş materialları ilə öz əksini tapmır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin 16 saylı mənzilinə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qanunauyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır və əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edərsə o, yaşayış yerini itirmir. 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxxx 2013-cü il tarixli Qərarında göstərilir ki, «Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.». «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmli fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Qanunun 5-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən və Daxili İşlər Nazirliyinin ******* №li arayışından görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İbrahimova X4 şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzildə qeydiyyatdadır. Göründüyü kimi iddiaçı doğulduğu vaxtdan mübahisəli Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/3 saylı evin, 16 saylı mənzildə qeydiyyatdadır. Bundan başqa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2 və 27.3-cü maddələrinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Kollegiya hesab edir ki, İddiaçı doğulduğu vaxtdan mübahisəli mənzildə qeydiyyatda olmuş və yaşamışdır. Ona görə də onun qeydiyyatda olduğu və daimi yaşadığı ünvan sözügedən mənzil olduğundan o, həmin mənzildə yaşamaq hüququ əldə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. X7 Məhkəməsi “X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. “Avşar Türkiyəyə qаrşı” iş üzrə qərаrındа Avropа Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. İstinad olunan milli qanunvericilik normalarından və X7 Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəf öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X7 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1272/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(051)-1272/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar