Məhkəmə qərarları › İş №2(107)-347/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-347/2024

05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-347/2024 05.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsindən LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(046)-600/2023 nömrəli qərardadından iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsi ilə LPO İddiaçı ASC-nin Cavabdeh1 1947.96 manat əsas borcu, 390.12 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olan 245.43 manat olmaqla cəmi 2583.18 manat kredit borcu və 45.84 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(046)-600/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı LPO İddiaçı ASC qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 21 dekabr 2023-cü il tarixli, 2(046)-600/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(046)- 600/2023 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, apellyator məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları və istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlilləri, qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlilləri, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri göstərməmiş, eləcə də apelyasiya şikayətini qanunla müəyyən edilmiş formada tərtib etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İddiaçı LPO İddiaçı ASC hazırki qərardaddan verdiyi şikayətində qeyd etmişdir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə əlavə edilmiş formaya tam şəkildə uyğundur. Belə ki, iddiaçı Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin Mülki Məcəllənin 377.2-ci və Mülki Prosessual Məcəllənin 217-ci maddələrinin tələblərinin pozulması ilə çıxarıldığını aydın şəkildə göstərmiş və hər bir pozuntunun konkret nədən ibarət olduğunu ardıcıllıqla qeyd etmişdir. Göyçay Rayon Məhkəməsinin qərardadında həmçinin apellyasiya şikayətinin vahid formasında əksini tapan “birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” hissəsinə, “birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” hissəsinə və “məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” hissəsinə iddiaçının apellyasiya şikayətində yer ayrılmadığı qeyd olunmuşdur. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi onlar tərəfindən yalnız maddi və prosessual hüquq pozuntularının mövcudluğuna aid hissədə mübahisələndirilmişdir. Bir halda ki, apellyasiya şikayətinin vahid formasının 8, 9, 10 və 11-ci bəndlərində apellyatorun qeyd edəcəyi hər hansı dəlil və ya sübut yoxdur, o halda həmin bəndlərin apellyasiya şikayətinin tərtib olunduğu cədvələ daxil edilməsinə də lüzum yoxdur. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı bank qətnaməni maddi hüquq normasına istinadla bağlı mübahisələndirmiş və Mülki Məcəllənin 377.2-ci maddəsinə istinad etməklə birinci instansiya məhkəməsinin iddia müddətinin başlanğıcının hesablanması zamanı səhvə yol verdiyini iddia etmişdir. Apellyasiya şikayəti 2 saylı Əlavədə göstərilən cədvələ uyğun tərtib olunmuşdur. “birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər” hissəsinə, “birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” hissəsinə və “məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər” hissəsinə yer ayrılmamasına gəldikdə, məhkəmə kollegiyası iddiaçının qərardaddan şikayətinin dəlilləri ilə razılaşır. Belə ki, həmin hissələrdə apellyator heç bir dəlilinin olmaması halında həmin hissələrin əlavə edilməsinə də zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1.4-361.1.6-cı maddələrinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(046)-600/2023 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(046)-600/2023 nömrəli qərardadı ləğv edilməli, Göyçay Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli, 2(046)-600/2023 nömrəli qərardadı ləğv edilsin. Göyçay Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli 2(046)-600/2023 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar