Məhkəmə qərarları › İş №2(107)-352/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-352/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-352/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dаir mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(035)-576/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 3-cü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək cavabdehlərdən ona dəymiş maddi zərərə görə 2700 manat, mənəvi zərərə görə 5000 manat, vəkil xidmətinə görə ödədiyi 100 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 01 oktyabr 2021-ci il tarixli, 2(035)- 576/2021 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi, iddia təmin edilmədiyi üçün iş üzrə məhkəmə xərcinin (vəkil xidmətinə və dövlət rüsumuna görə ödənilən məbləğ) iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2014-cü ilin yanvar çağırışında Zərdab rayon Çağırış komissiyasının hərbi-həkim komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı bilinmiş, müddətli həqiqi xidmətə yola salınmışdır. İddiaçı N saylı hərbi hissədə əsgər kimi xidmət edərkən xəstələnməyi ilə əlaqədar olaraq əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, sonra 251 saylı hərbi hospitalda müayinə və müalicə almış və ona “Hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB(-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedonit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Soltərəfli 2-ci dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu qoyularaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2009-cu il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”sinin “Xəstəliklər cədvəli”nin 2 b maddəsinin 2-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək 30.09.2014-cü ildə 451 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən ehtiyata tərxis olunmuşdur. O, xəstəliyi ilə bağlı məsələnin araşdırılması və ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsinə dair müxtəlif dövlət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Hərbi Prokurorluğuna müraciət etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılan araşdırma nəticəsində iddiaçının xəstəliyinin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmadığı, ağciyərində olan vərəm prosesinin hərbi xidmətə daxil olmamışdan əvvəl yarandığı, 10.01.2014-cü il tarixdə 24 saylı döş qəfəsi orqanlarının flüroqramının onu şəhadətləndirən səlahiyyətli həkimlər (hazırkı cavabdehlər) - Zərdab rayon Çağırış Komissiyasının üzvü - hərbi həkim komissiyasının sədri Cavabdeh1 və həkim-fitiziatrı Cavabdeh2 tərəfindən diqqətlə öyrənilmədiyi, nəticədə onun 2014-cü ilin yanvar çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 15-ci maddələrinin tələblərinin pozulması ilə həqiqi hərbi xidmətə yola salındığı müəyyən olunmuş, lakin əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən 02.06.2015-ci il tarixli qərarla cavabdehlərin barəsində cinayət işinin başlanmasının rədd edilməsi və onların intizam məsuliyyətinə cəlb olunmaları üçün müvafiq təqdimat verilməsinə dair məsələ qaldırılması qərara alınmışdır. Cavabdehlərin qanuna zidd əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehlər tərəfindən qanunun tələblərinə uyğun düzgün şəhadətləndirilmiş olsaydı və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiq edilsəydi o, hərbi hissədə deyil, öz evində ailəsi ilə yaşamağa davam edər, işləyərək hər ay əmək haqqı alaraq ailəsinin və özünün maddi ehtiyaclarını ödəməyə davam edərdi. Evində olan rahat və komfortlu şəraitdən kəskin şəkildə fərqlənən hərbi hissədə olması onun xəstəliyinə təkan vermiş, vəziyyətinin acınacaqlı hala düşməsinə gətirib çıxartmışdır. Həmçinin hərbi xidmət dövründə o, qohumları ilə istədiyi qədər görüşə bilməmiş, istədiyi kimi sərbəst hərəkət edə bilməmiş və ümumi qaydaya tabe olmağa məcbur olmuşdur. Nəticə də ona mənəvi ziyan dəymişdir. O, ona dəyən maddi ziyanı 5000 manat dəyərində qiymətləndirir. Bundan başqa əgər o, həqiqi xidmətə çağrılmasaydı, 2014-cü ilin yanvar ayından tərxis edildiyi 2014-cü ilin sentyabr ayınadək - 9 ay ərzində işləyib, minimum hər ay 300 manat olmaqla, ümumilikdə 2700 manat məbləğində əmək haqqı ala bilərdi. Ona görə də iddiaçı ona dəyən maddi ziyanı 2700 manat dəyərində qiymətləndirir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən mübahisələndirilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İş uzrə məhkəməyə təqdim edilmiş sübutlarla iddiaçıya maddi və mənəvi zərərin dəydiyi açıq-aşkar görünsə də, məhkəmə qeyd edilən maddi huquq normalarını tətbiq etməmiş, nəticədə əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə subullara birtərəfli yanaşmış, iddiaçı tərəfindən təqdim edilmiş heç bir sübuta hüquqi qiymət verməmiş, bəzilərini qətnamədə ümumiyyətlə qeyd elməmişdir. Nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(035)- 576/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, sonda Zərdab Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, onun vəkili və cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 600 03 47 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Cavabdeh2 məhkəmə teleqram ünvanlayaraq işin təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə hər hansı sübut məhkəməyə təqdim etrməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə tam və hərtərəfli araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(035)-576/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddia tələbini rədd edərkən, məhkəmə aiddiyyəti qaydalarını pozmuşdur. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlərin qanuna zidd əməlləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. İddiaçının qənaətinə görə cavabdehlər tərəfindən qanunun tələblərinə uyğun düzgün şəhadətləndirilmiş olsaydı və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiq edilsəydi o, hərbi hissədə deyil, öz evində ailəsi ilə yaşamağa davam edər, işləyərək hər ay əmək haqqı alaraq ailəsinin və özünün maddi ehtiyaclarını ödəməyə davam edərdi. İddia ərizəsinin ifadə tərzinə görə, iddiaçı ona vurulan zərərin ilkin əsası kimi cavabdehin onu qanunsuz olaraq hərbi xidmətə yararlı hesab etməkdə ifadə olunan təqsirli hərəkətini qeyd edir. Lakin tələbin ümumi mahiyyətindən görünür ki, iddiaçı həmin vaxt müayinədən fərdi qaydada deyil, hərbi xidmətə yararlı olub-olmamasının müəyyən edilməsi məqsədilə kompleks tibbi müayinədən keçmiş, kompleks tibbi müayinə də konkret həkim tərəfindən deyil, Zərdab rayon Çağırış Komissiyasının üzvləri - hərbi həkim komissiyasının həkimləri tərəfindən keçirilmişdir. Göründüyü kimi iş üzrə cavabdehlər hazırkı mübahisənin müstəqil subyekti olmamışlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaətini və bu qənaəti üzrə əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, birinci instansiya məhkəməsi, ilk növbədə iddia tələbinə real vəziyyətdə yanaşaraq iddiaçının hərbi xidmətə çağırıldığı vaxt qüvvədə olan “Azərbaycan Respublikasında Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun normalarının tələblərinin təmin olunub-olunmadığını müəyyən etməli idi. Həmin Qanunun 13.1-ci maddəsinin tələbinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 13.1.1. komissiyanın sədri – müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 13.1.2. komissiya sədrinin müavini – müvafiq icra hakimiyyəti orqanının nümayəndəsi; 13.1.3. komissiyanın üzvləri – müvafiq icra hakimiyyəti orqanının nümayəndələri, hərbi həkim komissiyasının sədri. 13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. Həmin Qanunun tələbinə görə rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələrindən biri də çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək. (həmin Qanunun 14-cü maddəsi). Qeyd olunan Qanuna əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmətə yararlılıq, sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; . dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birini qəbul edir. (Qanunun 15-ci maddəsi) Göründüyü kimi, çağırış komissiyasının təşkilinin əsas məqsədi də məhz şəxsin hərbi xidmətə yararlılığının müəyyən edilməsindən ibarətdirsə, deməli, həmin komissiya qanunda şəxsin hərbi xidmətə yararsızlığının səbəbi kimi təsbit olunan bütün halları yoxlamaq vəzifəsi daşıyır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki; Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1 və 3.2-ci bəndlərində qeyd edilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulan mənada inzibati orqan olmalıdır. Həmin qərarın 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, baxılan işdə iddia tələbi üzrə hüquq münasibəti dövlət tərəfindən xüsusi qaydada tənzimlənən publik hüquq münasibətlərinə aiddir. Göründüyü kimi cavabdehlər fərdi subyekt kimi deyil Zərdab rayon Çağırış Komissiyasının üzvü - hərbi həkim komissiyasının sədri və həkim-fitiziatrı kimi çıxış etmişdir ki, iddiçının bu hissədə tələbinin faktiki əsası cavabdeh orqanın qanunsuz hərəkətlərinə yönəlmiş, məhz həmin sənədlər əsasında hərbi xidmətə aparıldığını iddia etmişdir. Bundan başqa tələbi inzibati orqan olan dövlət qurumlarının publik hüquq münasibətindən irəli gələn hərəkətləri ilə bağlıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə yolverilməzliyinə görə qəbul etməkdən imtina etməyərək iddia tələbinin həmin hissəsinə ümumi məhkəmədə baxılmalı olmadığı halda mahiyyəti üzrə baxmışdır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası MPM-nin, İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənlik yaranması ilə yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə inzibati məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-nin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşülür. Yuxarıda qeyd olunmuş müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. 384.0.4-cü maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(035)- 576/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya sonda qeyd edir ki, iddiaçıya hazırki mübahisənin həlli ilə bağlı ilk növbədə həmin sənədləri verən orqana müraciət etmək hüququ, inzibati orqan tərəfindən müraciəti həll olunmadığı təqdirdə, həmin orqanın hərəkət və hərəkətsizliyindən məhkəmə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263- 264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(035)-576/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına (vəkil vasitəsilə) kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar