Məhkəmə qərarları › İş №2(107)-354/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-354/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-354/2021 04.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6140 ABŞ dolları pulun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ondan müxtəlif tarixlərdə ümumilikdə 6900 (altı min doqquz yüz) ABŞ dolları borc pul almışdır. Bu barədə cavabdeh ona yazılı izahatlar da vermişdir. Cavabdeh bu günədək həmin borcun 1290 (bir min iki yüz doxsan) manat, yəni, 760 (yeddi yüz altmış) ABŞ dolları hissəsini ona ödəmişdir. Lakin, cavabdehin borcun 6140 (altı min bir yüz qırx) ABŞ dolları hissəsi bu günədək ödənilməmişdir. Nəticədə, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə son dövrədək borcun qaytarılması ilə bağlı aralarında telefon danışıqları və yazışmalar olsa da, cavabdeh hər dəfəsində borcun qaytarılmasından yayınmışdır. Sonuncu dəfə Cavabdeh 2019-cu ilin oktyabr ayında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman ona 150 manat borcundan ödəmiş və bu faktı məhkəmə araşdırması zamanı da təsdiq etmişdir. Lakin, növbəti məhkəmə prosesində həmin pulu pay olaraq ona verdiyini bildirmişdir. Zaqatala Rayon Məhkəməsi isə bir tərəfli olaraq, Cavabdeh həmin ifadəsini səmimi olaraq qəbul etmiş və Cavabdeh ona borclu olduğu halda 2019-cu ilin oktyabr ayında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman ödədiyi 150 manat pulu pay kimi qiymətləndirmişdir. Çünki, Cavabdeh 2019-cu ilin oktyabr ayında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında olduğu zaman ona 150 manat pul ödədiyi sübuta yetirildiyi halda, iş üzrə iddia müddətinin tətbiqi mümkün olmayacaq və dolayısıyla da məhkəmə iddianı təmin etməli olmacaqdı. Göründüyü kimi, faktiki olaraq hazırki işdə 3 illik iddia müddətinin tətbiqi üçün hüquqi əsaslar mövcud deyildir. Qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onun əsaslandırmışdır ki, Məhkəmə iclasında iddiaçı sözügedən borc məbləğindən 760 ABŞ dollarının 2018-ci ildə cavabdeh tərəfindən ödənildiyini göstərmiş, lakin məhkəmə iclasları təxirə salınmasına baxmayaraq borc məbləğinin 2018-ci ildə ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı 760 ABŞ dollarının 2018-ci ildə ödənilməsini göstərməklə iddia müddətinin keçməməsi ilə bağlı görüntü yaratmaq istəmişdir. İş üzrə cavabdeh məhkəmə iclasında 2015-ci ildə alınmış borc məbləğinin 1000 manat və 700 ABŞ dolları olmasını, iddiaçı tərəfindən pulun faizə verilməsini, pul verdiyi andan əmək haqqı kartının girov qoyulmasını, həmin borc məbləği tam ödənildiyindən iddiaçı tərəfindən 2016-cı ildə yenidən faizlə oğlu Əliyə 1000 manat borc verildiyni göstərmiş, iddiaçı tərəfindən məcbur edildiyindən hazırkı tələbdə göstərilən məbləğin imzası ilə təsdiq etmək məcburiyyətində qaldığını bildirmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh hazırkı tələblə bağlı borc məbləğini 2016cı ilədək tam olaraq ödədiyini göstərsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda ümumilikdə 6900 ABŞ dolları pul vermişdir. Cavabdeh həmin borc məbləğindən 1290 manatını, yəni 760 BŞ dollarını ona ödəmişdir. Lakin qalan 6140 ABŞ dolları indiyədək ödənilməmişdir. O, cavabdehdən həmin borcun qaytarılmasını tələb etsə də, sonuncu bundan imtina etmişdir. Belə olan halda məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə sübutlar qiymətləndirilərkən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. İddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunvericilik aktının qeyd olunan normasından da göründüyü kimi hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. MM-in 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Ş.Əliyevanın şikayəti ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, “qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir.” «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında iddia müddətinə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi aşağıdakı kimi müəyyənləşdirilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İlk növbədə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən məbləğdə pulun iddiaçıdan alınmasına dair qəbzə imza etmişdir. Düzdür o, verdiyi izahatında həmin izahatı iddiaçının təzyiqi nəticəsində yazdığını bildirsə də, bununla bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya cavabdehin bu etirazını əsassız sayır. Bundan başqa iddiaçı qeyd edilən məbləğdən bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Kollegiya iddiaçının izahatını inandırıcı hesab edir. Belə ki, borca dair qəbzdən görünür ki, borcun ümumi məbləği 6900 ABŞ dollarıdır. Hazırda isə iddaçı 6140 ABŞ dolları tələb edir. Bundan başqa Cavabdeh iddiaçıya 2019-cu ilin 21 avqust tarixində 200 manat, elə həmin ilin oktyabr ayında 50 manat maddi dəstək məqsədilə pul verdiyini bildirmişdir. İşin bu halını cavabdeh kollegiyanın iclasında yazdığı yazılı izahatında da etiraf etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin məbləğlərdə pulları iddiaçıya məhz maddi dəstək məqsədilə verdiyini səmimi qəbul etmir. Belə ki, tərəflər arasında hər hansı bir qohumluq əlaqəsi yoxdur. Bundan əlavə tərəflər arasında hər hansı bir qonşuluq, dostluq və digər mənəvi və ya sosial bağlar da olmamışdır. Belə olduğu təqdirdə cavabdehi qohumu, qonşusu, dostu olmayan iddiaçıya 250 (200+50) manat məbləğində pul verməyə yalnız borc pul öhdəliyi vadar edə bilərdi. Ona görə də Məhkəmə kollegiyası həmin faktları borc məbləğinin bir qisminin qaytarılması kimi qəbul edir. Belə olduğu təqdirdə iddia müddətinin axımı İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, yəni 2019-cu ilin oktyabr ayından başlanır. İddiaçı isə iddia ərizəsi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə məlum olur ki, iddiaçı iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlili ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməli, Cavabdeh 6140 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(033)-886/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cаvаbdeh Cavabdeh 6140 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar