Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-358/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavbdeh Cavabdeh2 qarşı “vurulmuş ziyan tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2 (035)-37/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 948 manat pulun cavabdehdən alınıb ona verilməsinə, dövlət rüsumunun cavabdehə aid edilməsinə və həyətindən qanunsuz istifadə etdiyi üçün həyətindən açdığı 2 qapının bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 18 fevral 2021-ci il tarixli, 2 (035)-37/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh doğma qardaşdırlar. İddiaçıya məxsus 2.04 ha torpaq sahəsini tərəflər aralarında şifahi razılaşmaya əsasən 2013-cü ildən 2019-cu ilədək cavabdeh istifadə etmiş və razılaşdıqları kimi cavabdeh iddiaçıya hər il 200 ədəd ot kipi vermiş, lakin 2019-cu ildə isə 200 ədəd ot kipini verməmişdir. Həmçinin iddiaçı həmin torpaq sahəsindən istifadə etsə də torpağa dair vergini ödəməmişdir. Hazırda kənd bələdiyyəsi vergiyə görə yaranmış 148 manat borcu iddiaçıdan tələb edir. Həmçinin cavabdeh qanunsuz olaraq onun həyətinə gediş-gəliş üçün qapı qoymuşdur. Dəfələrlə iddiaçı cavabdehdən 200 əəd presə görə 800 manat, vergi borcuna görə 148 manat pulu və cavabdeh tərəfindən qoyulmuş qapının bağlanmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəməyə iddia verildikdən sonra bələdiyyənin hesabına 148 manat vergi borcunu ödənilmişdir. Cavabdeh iddiaçıya 200 ədəd ot kipinin verməsini təklif etsə də, cavabdeh iddiaçının bu təklifini qəbul etmir, çünki etibar etmir, cavabdeh ot kipinə zəhər vurar, nəticədə heyvanları qırılar. Hazırda məhkəmədən cavabdehdən 200 ədəd ot kipinə görə 800 manat, dövlət rüsumuna görə 30 manat pulun alınaraq iddiaçıya verilməsi və cavabdeh tərəfindən qanunsuz iddiaçının həyətlərinə açdığı 2-ci qapının bağlanması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarının ətraflı araşdırmayıb. Məhkəmə hesab edib ki, həyətinə açılan qapının cavabdeh tərəfindən açıldığını sübut edə bilməmişdir. Həmin qapı mərhum ataları tərəfindən açılıb. Barəsində şikayət verilən məhkəmə aktından göründüyü kimi cavabdehə məxsus həyətlə onun həyətinin arasında qapı var və o, həmin qapının olmasını istəmir. Həmin qapının bağlanmasım tələb edir, lakin cavabdeh buna imkan vermir. Həmin qapının kimin tərəfindən açılmasından asılı olmayaraq qapının mövcudluğunu mülkiyyət hüququna qanunsuz müdaxilə hesab edir. Ona görə də bağlanmasını tələb edir. Mülkiyyətində olan həyətyanı sahəyə qapını kimin açmasından asılı olmayaraq bağlanmasını tələb etməkdə haqlıdır. Eləcə də cavabdehin verməli olduğu ot kipini ona ziyan vurmaq üçün zəhərləyib verəcəyi ehtimalının yüksəkliyini nəzərə alaraq onun naturada deyil, pulla əvəzləşdirilməsini tələb etməkdə haqlıdır. Məhkəmə nəzərə almalı idi ki, torpaqdan istifadənin hər ili üçün cavabdeh 200 ədəd ot kipi vermək öhdəliyini məhkəmədə etiraf edib. Qeyd edilənlərə əsasən Birinci instansiya məhkəməsinin barəsində şikayət verilən qətnaməsinin ləğv ediılməsi, iddianın təmin edilməsinə dair yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, aralarında olan razılaşmaya cavabdeh onlara hər il 200 kip yonca tayı verməli idi. Cavabdeh əvvəlki illər yonca kiplərini versə də, 2020-ci ildə vermədi. Ondan sonra torpağı özləri əkib-becərməyə başladılar. Sonradan təklif olunmuş otu da ona görə qəbul etmirlər ki, aralarında narazılıq olduğundan heyvanlarının zəhərlənməsindən ehtiyat edir. Bundan əlavə həyətlərinin arasında olan qapının da bağlanmasını xahiş edir. Odur ki birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı onun doğma qardaşıdır. Düzdür əvvəllər aralarında olmuş razılığa görə o iddiaçı tərəfə hər il 200 kip ot tayı verirdi. Sonuncu il torpağa yonca deyil, arpa əkmiş, lakin məhsul olmadığından iddiaçı tərəfə ot tayı verə bilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsinin icraatı zamanı iddiaçı tərəfə 100 bağlama ot təklif etmişlər, lakin sonuncular otu qəbul etməmiş, ondan pul tələb edirlər. Aralarında pulla bağlı heç bir danışıq olmamışdır. Həyət qapısına gəldikdə isə qeyd edir ki, həyət atalarından qalmış, lakin sonradan iki hissəyə bölünmüşdür. Qapı da atalarının vaxtından mövcuddur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2 (035)- 37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 23.02.2021-ci il tarixli, ********* №li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Qaravəlli bələdiyyəsinin hesabına 148 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə görə mükı hüquq və vəzifələrin müəyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılr. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatından müəyyən olundu ki, iddiaçı ilə cavabdeh doğma qardaşdırlar. İddiaçı cavabdehlə aralarında şifahi razılığa əsasən 2013-cü ildə özünə məxsus 2.04 ha pay torpaq sahəsini istifadə üçün cavabdehə vermişdir. Cavabdeh həmin torpaq sahəsini 2019-cu ilədək istifadə etmiş və hər il üçün 200 ədəd ot kipi vermiş, 2019-cu ili çıxmaq şərti ilə, çünki həmin ildə cavabdeh həmin torpaq sahəsinə taxıl əkmişdir. Tərəflərin arasında vergi borcunun cavabdeh tərəfindən ödənilməsinə razılıq olmasa da, cavabdeh bələdiyyənin hesabına 148 manat vergi borcunu ödəmişdir. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən istifadə etdiyi üçün yenə də ot kipinin verilməsini təklif etsə də, iddiaçı buna razı olmamış, əvəzinə 800 manat pul tələb etmişdir. Lakin tərəflər arasında buna dair yazılı müqavilə, nə də ki, hər hansı bir razılaşma mövcud olmadığından onların hüquq və vəzifələrinin nədən ibarət olmasını və razılaşmanın hansı şərtlərlə şərtləndirildiyini məhkəmə araşdırması zamanı müəyyən etmək mümkün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi və apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi qənaət düzgün olmuşdur. Birinci ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkinci, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun deyildir. Çünki, iddiaçı cavabdehdən maddi zərərə və digər tələblərə görə pul tələb edir. Bu tələblərə dair iddiaçının izahatından başqa iş materiallarında hər hansı bir mötəbər sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmiş və apellyasiya şikayətində də təqdim ediləcəyinin mümkünlüyü barədə hər hansı bir dəlil irəli sürülməmişdir. Üçüncü, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin iddiaçı bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Dördüncü, kollegiya qeyd edir ki, bu halda işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə olan vəziyyətdə bu qənaəti əsaslı hesab etmək olarmı, ələbttə ki, açıqlanmamış və əsaslandırılmamış bu qənaəti işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun hesab etmək olmaz. Beşinci, kollegiyanın araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qapı həyətlərarası hasarda olmaqla, cavabdeh tərəfindən deyil, iddiaçının və cavabdehin atası tərəfindən qoyulmuş, tərəflər bölgünü bu qaydada qəbul etmiş, yalnız zərurət olduqda, yəni bir-birlərinə gedib-gəlmək lazım olanda istifadə etmişlər. Kollegiyanın qənaətinə görə zərurət olmadıqda həmin qapının məhkəmədən kənar qaydada istifadə edilməməsi istisna deyil. Göründüyü kimi iddiaçı tərəf qapının bağlanması ilə bağlı da iddiasını məhkəmə iclasında əsaslandıra bilməmiş, nə də ki, iddianın təmin edilməsi üçün məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən, apelyasaiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və yeni qətnаmə qəbul edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçıya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla iddiaçıya münasibətdə dəyişdirilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2 (035)-37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin yalnız “həyət qapısının bağlanmasının təmin edilməyən” hissəsindən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-358/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-358/2022
15.02.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver