Məhkəmə qərarları › İş №2(107)-362/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-362/2022

15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-362/2022 15.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “2052.76 (iki min əlli iki manat 76 qəpik) manat vurulmuş ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2052 manat 76 qəpik məbləğində vurulmuş ziyanın cavabdehdən alınıb İddiaçı kassasına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ilə ərizə təmin edilmişdir. Borclu Cavabdeh etirazı əsasında Balakən Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli qərardadı ilə 28 dekabr 2010-cu il tarixli məhkəmə əmri ləğv edilmiş, iddia icraatına keçirilmişdir. İddiaçı ləğv edildiyindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzi iddiaçı qismində işə cəlb olunmuşdur. Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddia təmin olunmuş, Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpiyin (iki min əlli iki manat yetmiş altı qəpik) tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməsi, 30 manat dövlət rüsumu xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə ödənilməsi, 140 manat ekspertiza xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(107)- 1379/2021 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2021-ci il tarixli, 2(107)- 1379/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(102)-6618/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1379/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında Cavabdeh işlədiyi dövrdə müəssisəsinin meşə mühafizə işçiləri tərəfindən 31 avqust 2008-ci il tarixdə meşələrin mühafizəsi vəziyyətini araşdırmaq məqsədi ilə aparılmış yoxlama zamanı 833 manat 64 qəpik məbləğində 106,99 kub.metr həcmində fısdıq cinsindən müxtəlif diametrli ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. 03 sentyabr 2008-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin mütəxəssisi tərəfindən aparılmış birgə operativ nəzarəti yoxlama zamanı 1704 manat 51 qəpik məbləğində fısdıq və ağcaqayın cinsindən 273.16 kub.metr həcmində ağacların qanunsuz kəsilməsi aşkar olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2008-ci il tarixli 370 S nömrəli sərəncamına əsasən həmin dolayının X6 Qoruğuna verilməsi ilə aparılmış təhvil -qəbul zamanı 93 manat 17 qəpik ziyan aşkarlanmışdır. Beləliklə aparılmış 3 yoxlama zamanı 2631 manat 32 qəpik məbləğində meşə fonduna vurulmuş ziyandan ödənilməmiş 2052 manat 76 qəpik ziyan qalmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin ziyanı ödəməkdən imtina edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Balakən Rayon Məhkəməsi tərəfindən çıxarılan qətnamədən tam narazıdır. Balakən Rayon Məhkəməsi qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin həqiqi hallarına uyğun olmayan, qeyri-obyektiv və qərəzli qətnamə qəbul etmişdir. İddiaçı tərəf iddia tələbini sübut etmək üçün İddiaçı tərəfindən tərtib edilmiş 31 avqust 2008-ci il tarixli, 03 sentyabr 2008-ci il tarixli akt və 31 avqust 2008-ci il tarixli qanunsuz kəsilmiş ağacların ilkin siyahısını təqdim etmişdir. O, keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi işləmişdir. İddiaçı bəzi meşə dolayılarının X6 Qoruğuna verilməsi ilə bağlı meşə dolayısında yoxlamalar aparılmışdır. Həmin dolayıda ağac qırma hallarına rast gəlinmişdir. Lakin həmin ağacların qırılmasında o, təqsirkar olmamışdır. Həmin qırıntılar onun işlədiyi müddətdə olmamışdır. Həmin ağac qırıntıları ilə bağlı o heç bir məsuliyyətə cəlb edilməmişdir və onun həmin işdə təqsiri sübuta yetməmişdir. Heç bir məsuliyyətə cəlb edilmədiyi və təqsirli olmağı sübut olunmadığı halda, İddiaçı guya onlara onun tərəfindən ziyan vurulması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh qanunsuz ağac kəsilməsində və müəssisəyə 2052.76 manat ziyan vurulmasında təqsirli olması iş materiallarında yoxdur, iddiaçı tərəf də bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla bağlı Cavabdeh barəsində hər hansı araşdırma aparılmamış, onun barəsində inzibati tənbehvermə haqqında qərar, cinayət işinin başlanmamasının rədd edilməsi haqqında qərar, ittihamedici hökm və ya digər məsuliyyətə cəlb edilmə barədə hər hansı sənəd olmamışdır. Balakən Rayon Məhkəməsi işin yuxarıda qeyd edilən hallarını araşdırmamış, işin bu dəlillərinə düzgün hüquqi qiymət verməmişdir Ona görə də, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. MPM-in 376.2-ci maddəsinə görə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Öyrənilən işdən bəlli olur ki, tərəflər üzürlü səbəblərdən məhkəməyə gəlməməməsi ilə bağlı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. İşdən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(102)-6618/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1379/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 dekabr 2021-ci il tarixli 2(102)-6618/2021 saylı qərarında göstərilmişdir ki, məhkəmə kollegiyası məruzəçini, iddiaçının vəkilinin izahatıbı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Cavabdehin keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi vəzifəsində işləməsi işin mübahisə edilməyən halıdır. İddiaçı müəssisə hazırki iddia tələbində cavabdehin müəssisədə işlədiyi dövrdə qanunsuz olaraq ağacların kəsilməsini göstərmiş və tərtib edilmiş aktlara əsasən 2052,76 manat pulun cavabdehdın iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. İddia tələbinin təmin edən birinci instansiya məhkəməsi və onun gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin mülki hüquq pozuntuları (deliktlərlə) bağlı normalara istinad edərək hesab etmişlər cavabdehin əməlləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Lakin, işə baxan məhkəmələr bu qənaətə gələrkən tərəflər arasında olan münasibətləri düzgün müəyyən etməmiş, nəticədə mübahisəyə aid olmayan normaları tətbiq edərək maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, məhkəmələr mübahisəyə mülki hüquq pozuntuları ilə bağlı normaları tətbiq edərkən nəzərə almamışdır ki, işin mübahisələndirilməyən hallarına gərə, cavabdeh iddiaçı müəssisənin (keçmiş İddiaçı) işçisi olmuş, meşə gözətçisi işləmiş, tərəflər arasında əmək münasibətləri olmuşdur. Təbiətə ziyan dəyməsi cavabdehin hərəktləri nəticəsində deyil, onun hərəkətsizliyi, işçi kimi öz vəzifələrini layiqincə yerinə yetirməməsi nəticəsində olmuşdur. İddiaçı tərəfindən vurulduğu hesab edilən ziyanın da məhz cavabdehin müəssisədə meşə gözətçisi işlədiyi dövrdə, onun nəzarət etdiyi meşə sahəsində müəyyən edildiyi bildirilmişdir. Belə olan halda məhkəmələr irəli sürülən iddia tələbinin qanuni əsasını müəyyən edərkən mülki hüquq pozuntuları ilə bağlı normalara deyil, Əmək Məcəlləsinin əmək münasibətlərini tənzimləyən normalara istinad etməli idilər. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qisməm təmin edilməli, iş üzrə Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)- 1/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktdan görünür ki, Cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 106,99 kub.metr həcmində fısdıq ağaclarını kəsərək dövlət meşə fonduna 833 manat 64 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan İddiaçı tərəfindən tərtib edilmiş 03 sentyabr 2008-ci il tarixli aktdan görünür ki, Cavabdeh Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayısından meşə qanunvericiliyini pozaraq gizli yolla müxtəlif diametrli 273,16 kub.metr həcmində fısdıq və ağcaqayın ağaclarını kəsərək dövlət meşə fonduna 1704 manat 51 qəpik məbləğində ziyan vurmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli 4/202 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Balakən Rayon Meşə Mühafizəsi və X2 Meşəbəyliyinin 8 saylı meşə dolayısında kəsilmiş ağaclar barədə tərtib edilmiş 31 avqust 2008-ci il tarixli aktın sonunda «3» rəqəmi qarşısındakı imza, 03 sentyabr 2008-ci il tarixlərdə tərtib edilmiş aktın sonunda «4»rəqəmi qarşısındakı imza,31 avqust 2008-ci il tarixli qanunsuz kəsilmiş ağacların ilkin siyahısının sonunda «3» rəqəminin qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə ƏM-in) 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. ƏM-in 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. ƏM-in 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə,yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi tam həcmdə maddi məsuliyyət daşıyır. Cavabdehin keçmiş İddiaçı Aralıq meşəbəyliyinin 8 saylı meşə dolayasında meşə gözətçisi vəzifəsində işləməsi işin mübahisə edilməyən halıdır. İddiaçı müəssisə hazırki iddia tələbində cavabdehin müəssisədə işlədiyi dövrdə qanunsuz olaraq ağacların kəsilməsini göstərmiş və tərtib edilmiş aktlara əsasən 2052,76 manat pulun cavabdehdın iddiaçının xeyrinə tutulmasını tələb etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən normaların tələbindən göründüyü kimi, sübutetmə vəzifəsi ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulmuşdur, işdə iştirak edən hər bir tərəf istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. Məhkəmə isə mövcud sübutlar əsasında işi mahiyyəti üzrə həll etməli və qətnamə qəbul etməlidir. Hazırda öyrənilən işdən bəlli olur ki, iddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı məhkəməyə bu iddianı təmin etmək üçün yetərli sübutlarını təqdim etmişdi. MPM-in 385.1 və 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır: MPM-in 384.0.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; MPM-in 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi tələb “2052.76 manat, yəni beş min manatdan az olduğundan hazırki iş üzrə kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olsada, mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdir, Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməklə, Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 saylı qətnаməsi ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpiyin (iki min əlli iki manat yetmiş altı qəpik) tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilməli, ödənilmiş 30 manat dövlət rüsumu və 140 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 385, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 07 may 2021-ci il tarixli 2(019)-1/2021 saylı qətnаməsi ləğv edilsn. İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 2052 manat 76 qəpiyin (iki min əlli iki manat yetmiş altı qəpik) tutularaq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti X5 Təsərrüfatı Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş 30 manat dövlət rüsumu xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə, 140 manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar