Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-362/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: nisyə alqı-satqı, pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin borclu olduğu 800 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat və cəmi 830 manat məbləğində pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında şifahi razılaşmaya əsasən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən cavabdehə 12 ay müddətinə, hissəhissə hər ay 100 manat ödəmək şərti ilə 1200 manat dəyərində ELCİ Paltaryuyan satılmışdır. Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil alaraq 1200 manat pulun cavabdehə tam həcimdə geri qaytarılmasını söz vermişdir. Lakin, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 1200 manat borcu yaranmışdır. Ona görə də hazırkı iddia ilə iddiaçı məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdeh 2020-ci ilin may ayında müraciət edərək xx.xx.2022-ci ilədək pulunu qaytarmaq şərtilə, ondan hissə-hissə hər ay 100 manat ödəmək şərti ilə 12 ay müddətinə 1200 manat dəyərində ELCİ Paltaryuyan almışdır. Cavabdehin əminliklə ona verdiyi sözə inandıqdan sonra Paltaryuyan maşınını cavabdehə verilməsi ilə bağlı aralarında şifahi razılaşmaya əsasən tərəf olaraq hər ikisi həmin müqavilənin şərtlərinə əməl edəcəklərinə söz vermişdirlər. Eyni zamanda X3 əsasən vermiş olduğu ELCİ Paltaryuyanın dəyəri olraq 1200 manat pulun cavabdeh tərəfindən tam həcimdə geri qaytarılmasını söz vermişdir. O, qeyd olunan razılaşmaya əsasən verdiyi sözünü və şərtlərini əməl etsədə, lakin, cavabdeh isə verdiyi sözünə əməl etməyərək bu vaxta kimi Paltaryuyan maşınının dəyəri olan 1200 manat məbləğində pulun cəmi 400 manatını ödəmiş, qalıq borcu olaraq 800 manatı isə ödəməmişdir. Verilən müddətdən xeyli vaxt keçməsinə baxmayaraq o, dəfələrlə telefonla cavabdehdən pulunu tələb etdikdə cavabdeh isə telefon zənglərinə cavab verməməklə, ya da ki, cürbəcür bəhanələr gətirməklə borcu qaytarmaqdan yayınmışdır. Cavabdehin həqiqətəndə ondan 1200 manat dəyəri olan ELCİ Paltaryuyanın almasını təsdiq edən səs yazısı vardır ki, o, bu səs yazısını diskə köçürməklə ərizəsinə əlavə etmişdir. Cavabdehin keçən müddət ərzində borclu qaldı 800 manat məbləğdə olan borc pulu ödəmədiyindən belə nəticəyə gəlir ki, cavabdeh özü könüllü olaraq ona olan borcunu qaytarmaq fikrində deyildir. Ona görə də, cavabdehdə olan borcunun almasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, nə də ki, iddiaya qarşı öz etirazını və ya mülahizəsini məhkəməyə göndərməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 nömrəli qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh ELCİ Paltaryuyan üçün 800 manat ödənilməmiş hissəyə görə və ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 830 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən cavabdehə 12 ay müddətinə, hissə-hissə hər ay 100 manat ödəmək şərti ilə 1200 manat dəyərində ELCİ Paltaryuyan satılmışdır. Cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil alaraq 1200 manat pulun cavabdehə tam həcimdə geri qaytarılmasına söz vermişdir. Lakin, iddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirsədə, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəmədən kənar həll olunması, üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 1200 manat borcu yaranmışdır. Tələb olunsa da borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
8. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia həm faktiki, həm də hüquqi baxımdan əsaslıdır və təmin edilməlidir
9. Məhkəmə həmçinin hesab etmişdir ki, dövlət rüsumuna görə ödənilmiş 30 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 443.1, 448.1 567, 600.1, 600.2, 600.4, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında şifahi razılaşma mövcud olsada lakin hazırda iddiaçıya olan ümumi borcu 400 manat təşkil edir. Məlumat üçün qeyd edir ki, iddiaçı iddia verən zaman iddia ərizəsinə müvafiq sübutları əlavə etsədə lakin borcun konkret nə qədər olmasını təsdiq edən sübutu iddiasını əlavə edə bilməmişdir. İddiaçı ona olan borcunu 100% artırmaqla əlavə qazanc əldə etmək istəmişdir. Lakin məhkəmə işin bu halını araşdırmamış iddiaçının izahatı əsasında qətnamə tərtib etmişdir. İddiaçı iddiasını tam sübuta yetirə bilmədiyinə görə Zərdab Rayon Məhkəməsinin qətnaməsi qismən ləğv olunmalıdır. Məhkəmə qətnamə qəbul edən zaman onun hüquqlarının müdafiəsində maraqlı olmamışdır.
13. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsa da məhkəmə qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmuşdur.
14. Birinci instansiya məhkəməsi işə baxan zaman iddiaçının iddiasını tam sübuta yetirə bilmədiyini müəyyən etsə də nədənsə iddianı tam şəkildə təmin etmişdir.
15. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 saylı qətnaməsinin qismən ləğv olunaraq, LC paltaryuyanı üçün ödəniləcək məbləğin 400 (dörd yüz) manat müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçı X2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir
18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkməyə elektron qaydada göndərdiyi müraciətində səhhətində yaranmış problemlə əlaqədar məhkəmə prosesində iştirak edə bilmədiyini göstərmiş, məhkəmə prosesinin bir ay müddətinə təxirə salınmasını xahiş etmişdir. Lakin o, müraciətinə səhhətinin vəziyyətinə dair hər hansı bir sənəd əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. 406.1-ci maddəsinin tələbinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Belə ki, cavabdeh Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 nömrəli qətnaməsinin qismən ləğv olunaraq, LG paltaryuyanı üçün ödəniləcək məbləğin 400 (dörd yüz) manat müəyyən olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
23. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)- 545/2023 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur .
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
26. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə, hissə-hissə hər ay 100 manat ödəməklə 2022-ci ilin oktyabr ayında tam qaytarmaq şərti ilə dəyəri 1200 manat təşkil edən LG markalı paltaryuyan maşın satılmışdır. İddiaçı üzərinə düşən öhdəlikləri yerinə yetirərək, 1200 manat dəyərində LG markalı paltaryuyan maşını cavabdehə təhvil versə də, cavabdeh öhdəliyinin tam icrasını təmin etməmiş, aldığı məhsulun dəyərindən 400 manatını ödəsə də qalan 800 manat borcun qaytarılmasını təmin etməmişdir.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırda iddiaçıya olan ümumi borcunun 400 manat təşkil etməsi, iddiaçının borcun konkret nə qədər olmasını təsdiq edən sübutu iddiasına əlavə edə bilməməsi, iddiaçının ona olan borcunu 100% artırması, məhkəmənin işin bu halını araşdırmaması, iddiaçının izahatı əsasında qətnamə tərtib etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, cavabdeh özü apellyasiya şikayəti ilə iddiaçı ilə aralarında 1200 manat dəyərində LG markalı paltaryuyan maşınla bağlı alqı-satqı münasibətlərinin mövcudluğunu təsdiq etmiş, lakin iddiaçıya borcunun 400 manat qalmasını əsas gətirərək, LG paltaryuyan üçün ödəniləcək məbləğin 400 (dörd yüz) manat müəyyən olunmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıdan 1200 manat dəyərində LG markalı paltaryuyan maşının alınması etiraf edildiyi halda onun dəyərinin iddiaçıya qaytarılmasına dair sübutetmə vəzifəsi iddiaçının deyil, artıq cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə belə bir sübut təqdim edilməmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında keçirilməli olsa da məhkəmənin qətnamə qəbul edilən zaman qanunvericiliyin tələblərini pozmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan cavabdehin 25 oktyabr 2023-cü il tarixdə saat 12:15də keçiriləcək məhkəmə iclasına dəvət edilməsinə dair mülki iş üzrə məhkəmə bildirişindən və poçt xəbərnaməsindən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatları özündə əks etdirən bildiriş 18 oktyabr 2023-cü il tarixdə Cavabdeh ünvanına təqdim edilmişdir.
30. Bununla əlaqədar məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
31. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
32. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd edilən dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.
33. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-545/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.