Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-362/2025 12.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması, indeksasiya, minimum əmək haqqının misli) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)-1272/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahlarından 15 aprel 2009-cu il tarixdə X4 və 16 dekabr 2011-ci il tarixdə X6 doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli 2(033)-194/2017 nömrəli qətnaməsi ilə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş X1 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Bundan sonra Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-1129/2018 nömrəli qətnaməsinə əsasən böyük oğlu 15 aprel 2009-cu il tarixdə X4 cavabdehin himayəsinə verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından 16 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli 2(033)-194/2017 nömrəli qətnaməsi ilə təyin edilmiş hər ay bir uşaq üçün 80 (səksən) manat aliment məbləğinin artırılaraq hər ay bir uşaq üçün 235 (iki yüz otuz beş) manat müəyyən edilməsi və həmin məbləğin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir..
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından 15 aprel 2009-cu il tarixdə X4 və 16 dekabr 2011-ci il tarixdə X6 doğulmuşdur. Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli 2(033)-194/2017 nömrəli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və birgə nikahlarından doğulmuş X1 və X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 80 manat məbləğində sabit pul məbləğində alimentin cavabdehdən tutulması qət edilmişdir. Bundan sonra Zaqatala Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-1129/2018 nömrəli qətnaməsinə əsasən böyük oğlu 15 aprel 2009-cu il tarixdə X4 cavabdehin himayəsinə verilməsi qət edilmiş, lakin aliment ödənilməsi ilə bağlı qətnamədə heç bir münasibət bildirilməmişdir. Həmin gündən etibarən cavabdeh bir uşağa görə ona cəmi hər ay 80 manat pul ödəmişdir. Buna baxmayaraq cavabdeh hər ay ödəməli olduğu 80 manat aliment məbləğini belə aylarla gecikdirmiş, dəfələrlə şikayət etdikdən sonra aliment məbləğini ödəmişdir. Hazırda isə, böyük oğlu X4, təhsili ilə bağlı olaraq onun yanına gəlmişdir. Hazırda hər iki övladı onun himayəsindədir. Hər iki uşağa təkbaşına baxır. Ona görə də, böyük oğlu X1 onun himayəsində verilməsi üçün məhkəməyə müraciət etmək fikrindədir. Beləliklə, hazırda Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli 2(033)-194/2017 nömrəli qətnaməsinə əsasən bir uşaq üçün müəyyən edilən 80 manat aliment məbləği çox az olduğuna və bir uşağın ehtiyaclarını təmin etmədiyinə görə alimentin artırılması üçün məhkəməyə müraciət etməli olmuşdur. O Bakı şəhərində yaşayır, salonda lazeroloq kimi işləyir, aylıq qazancı uşaqlarına tək başına baxmaq üçün kifayət etmir. Həmçinin, müəyyən edilmiş 80 manat aliment məbləği uşaqların təhsil xərclərinə, o cümlədən minimal ehtiyaclarının qarşılanmasına kifayət etmir. Cavabdeh isə bir ata kimi uşaqların böyüdülməsində maddi dəstəyi çox azdır. Bir valideyn kimi övladlarının sağlamlığı, yüksək səviyyədə təhsil alması, dünya görüşünün formalaşması və təlim-tərbiyəsi onun üçün son dərəcə əhəmiyyət kəsb edir və imkan daxilində bütün bu xərcləri qarşılamağa çalışır. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli qətnaməsi ilə təyin olunmuş 80 manat aliment hazırki vəziyyətdə uşaqlarının böyüdülməsi, təhsil və digər xərcləri üçün kifayət etmir. İddianın təmin edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin ümumi uşaqları olan 16 dekabr 2011-ci il tarixdə doğulmuş X6 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün artan tələbat iddiaçının cavabdehdən aldığı bir uşağa görə 80 manat miqdarında aliment məbləği ilə ödənilə bilmir və həmin aliment miqdarı uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən azdır. Bundan başqa, həmin aliment miqdarı məhkəmə tərəfindən 2017-ci ildə, yəni uşağın müvafiq olaraq 5 yaşı olarkən təyin edilmişdir. Hazırda isə uşaq 13 yaşındadır və ötən müddət ərzində uşağın artan tələbatındakı dəyişiklik, o cümlədən onun geyimi, qidalanması, təhsili və tibbi kimi xərcləri də özündə ehtiva edən əlavə zəruri məsrəfləri yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanması üçün artan tələbatının cavabdeh tərəfindən ödənilən bir uşaq üçün 80 manat məbləğində alimentlə ödənilə bilməməsi barədə iddiaçının arqumentləri ilə razılaşır və hesab edir ki, aliment məbləğinin bir uşaq üçün 180 manata artırılması uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətedici hesab edilə bilər. Alimentin hesablanması vaxtı ilə bağlı məhkəmə qeyd edir ki, alimentin artırılmış miqdarı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır.
5. Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)-1272/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, Zaqatala Rayon Məhkəməsinin 15 fevral 2017-ci il tarixli 2(033)-194/2017 nömrəli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə 16 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində tutulan 80 (səksən) manat miqdarda alimentin məbləğinin artırılması, 16 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh 32 (otuz iki) manat dövlət rüsumunun tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78 və 112.1-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Zaqatala rayon məhkəməsinin 15 fevral 2017-ci il tarixli 2(033)-194/2017 saylı qətnaməsi Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ N 381310 nömrəli nikahın pozulması haqqında şəhadətnamə Zaqatala rayon məhkəməsinin 05 noyabr 2018-ci il tarixli 2(033)-1129/2018 saylı qətnamə 20 sentyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış AZE seriyalı 10866896 nömrəli şəxsiyyət vəsiqəsi AZE seriyalı 10866885 nömrəli şəxsiyyət vəsiqəsi Zaqatala rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 870624 saylı doğum haqqında şəhadətnamə
8. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi iddia ərizəsində qeyd olunanları (Bakı şəhərində yaşadığını, ikinci oğlunun da onun himayəsində olmasını) nəzərə almamış, aliment məbləğinin bir uşaq üçün 180 manata artırılmasını uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayət edici hesab etmişdir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əhalinin əsas sosial demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 16 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 180 (bir yüzsəksən) manat təyin etməklə, bir uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı (alimenti) təmin etməmişdir.
10. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)- 1272/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)-1272/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
15. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial, hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsində göstərilir ki, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin müdafiyəsi valideynlərin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər.
16. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3-cü maddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirə bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. İddiaçı Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)- 1272/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını göstərmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, birinci instansiya məhkəməsi aliment müəyyən edərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbi üzrə tutulmalı alimenti minimum əmək haqqı məbləğinin mislinə uyğunlaşdırmamaqla səhvə yol vermişdir.
22. Hazırki iş üzrə iddia tələbi alimentin ödənilməsi barədə olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalı, bu zаmаn tərəflərin mənаfeləri аrаsındа ədаlətli tаrаzlıq prinsipinə riаyət оlunmаlıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu, yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Yaranmış vəziyyətdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən aliment məbləği müəyyən edilərkən uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkili, tərəflərin maddi həyat şəraiti və uşağın mənafeyi nəzərə alınaraq uşağın saxlanması üçün bir uşağa görə 180 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin təmin edilməsi üçün əsas ola bilməz.
23. Bununla yanaşı, kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarın”a əlavə və dəyişikliklər edilmişdir. Həmin Qərarın 1.2.1-ci bəndi ilə 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir. “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəlsə də, iş üzrə qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinin tələbləri pozulduğundan İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)-1272/2024 nömrəli qətnaməsi dəyişdirilməli, Cavabdeh 16 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan artırılmış alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay bir uşaq üçün 0,52 misli məbləğində müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Zaqatala Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(033)-1272/2024 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh 16 dekabr 2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutularaq İddiaçı verilməli olan artırılmış alimentin məbləği, sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin hər ay bir uşaq üçün 0,52 misli məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.