Məhkəmə qərarları › İş №2(107)-363/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-363/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-363/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Aydəmirov Elməddin Şabəddin oğlunun katibliyi, iddiaçı-İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12.170 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat-cəmi 12.500 (on iki min beş yüz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 06 may 2021-ci il tarixli, 2(054)- 42/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh nisyə alınmış malların dəyəri olaraq 12.170 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş məbləğin 100 manatdan ibarət hissəsi-cəmi 12.300 (on iki min üç yüz) manat tutularaq İddiaçı ödənilməsi, hüquqi yardıma görə cavabdehdən tələb olunan xidmət haqqı məbləğinin qalan 200 (iki yüz) manatdan ibarət hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir Şəki Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli 2(107)-1501/2021 nömrəli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı “12.170 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 12.500 (on iki min beş yüz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilmişdir. Qərardaddan narazı qalan iddiaçı kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişlər Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(102)- 5976/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli 2(107)- 1501/2021 nömrəli qərardadı ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. işin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhərində yaşayır. "xxxx" MMC firmasından müxtəlif mallar götürüb pərakəndə satış obyektlərinə və fiziki şəxslərə çatdırır. Verdiyi malın pulunu alıcıdan özü götürüb firmaya ödəyir. Qarşılıqlı razılığa əsasən alıcılara bəzən nisyə mal verib bir müddət sonra pulunu götürür. Cavabdehə də əvvəllər nağd, aralarında tanışlıq münasibəti yarandıqdan sonra isə nisyə mal vermişdir. Cavabdehin aldığı mallardan 10.10.2017-ci il tarixə ona 12.170 manat borcu qalmış, cavabdeh Günəşli qəsəbəsindəki evini satıb həmin borcu ödəyəcəyi barədə 30.05.2018-ci il tarixdə yazılı qəbz tərtib edərək imzalayıb ona vermişdir. Bir müddət sonra cavabdehin Günəşli qəsəbəsindəki evini satdığı ona məlum olmuş, bundan sonra o, cavabdehə bir daha müraciəət edərək borcunu ödəməsini tələb etmişdir. Buna baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəmək istəməmiş, mobil telefon nömrələrini, iş yerini və faktiki yaşadığı ünvanı tez-tez dəyişərək borcu ödəməkdən yayınmış, son vaxtlarda isə onun telefon zənglərinə də cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etməyə məcbur olmuş, məhkəməyə müraciət etmək məqsədi ilə hüquqi yardım üçün vəkilə 300 manat, dövlət rüsumunu ödəməyə isə 30 manat vəsait sərf etmişdir. Hazırda o, 12.170 manat əsas borc, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat - cəmi 12.500 (on iki min beş yüz) manat məbləği cavabdehdən tələb edir. Birinci instansiya məhkəməsində İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, Allahverdi Zərbəliyevə mal verməmişdir və onun cavabdehə nisyə olaraq verdiyi mallara görə cavabdehin özündən başqa hər hansı şəxs maddi məsuliyyət daşımır. Son vaxtlaradək cavabdeh ona 12.170 manat borclu olduğunu inkar etməyərək evini satıb öz borcunu ödəyəcəyini vəd etsə də, sonradan vədinə əməl etməmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında iddia ərizəsinin və iddiaçının izahatının məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Birinci instansiya məhkəməsində Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsində cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında cavabdehin məhkəməyə göndərdiyi etiraz ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdeh onun oğludur. Allahverdi Zərbəliyev cavabdehi mağazadan kənarlaşdırandan sonra mağazada olan malları özü istədiyi kimi firmalara paylamışdır. Hesab edir ki, iddiaçının cavabdehdən tələb etdiyi borca görə də Allahverdi Zərbəliyev cavabdehdir. İddiaçının məhkəməyə təqdim etdiyi 30.05.2018-ci il tarixli qəbz onun oğlu Cavabdeh tərəfindən yazılıb imzalanmış olsa da, həmin qəbzin hansı şəraitdə, təsir və ya təzyiq altında yazılıb-yazılmadığını da bilmir. Qeyd etdiklərinə əsasən iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün olmayan hüquqi nəticəyə gələrək işi hərtərəfli, obyektiv və qərəzsiz şəkildə araşdırmadan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır Belə ki, iddiaçının guya mənim ona hansısa qəbz verdiyim barədə qeyd etdiklərinə münasibət bildirən zaman nümayəndəm (anam) həmin vaxt mənim xəstə olduğumu qeyd etsə də məhkəmə qətnamədə mənim ötən dövrdə qəbzi mübahisələndirmədiyimi yazır. Mənim məlumatım olmayan və yaddaşımda qalmayan hansısa yazını mübahisələndirməyim anlaşılan deyil. Həm də qətnamədə nümayəndəmin qəbzin mənim xəstə olduğum dövrdə tərtib olunduğu barədə dedikləri hansısa "təsir və təzyiq altında yazıldığı" kimi qeyd edilmişdir. Digər tərəfdən iddiaçının məndən tələb etdiyi məbləğin nə vaxt verdiyi və hansı malların dəyəri olduğu, həmin məbləğin necə hesablandığı barədə heç bir sübut mövcud deyil. Qanunun tələbinə görə sübutetmə yükü iddia edənin üzərinə düşür. İddiaçı isə 2017ci ildən keçən 4 (dörd) il ərzində bir dəfə də mənə, Polis orqanına və ya Məhkəməyə müraciət etməmişdir, iddiaçı iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmiş, məhkəməyə iddia müddətinin keçirilməsinə əsas olmuş hər hansı üzürlü səbəb təqdim etməmiş, keçirilmiş iddia müddətinin bərpa edilməsi barədə ərizə verməmişdir. İddiaçının yalan və təzadlı ifadələrinə və mülahizələrinə əsaslanan Oğuz Rayon Məhkəməsi qeyd edilənlərə istinad edərək əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmənin qənaətinə görə mənim iddiaçıdan nə vaxtsa nisyə mal almağım həmin borcu etiraf etməyim anlamına gəlir. Əslində mən 08 oktyabr 2017-cİ İl tarixdə icarəyə götürdüyüm mağazada olan bütün mallarla birlikdə mağazanın açarlarını icarəyə verən X1 verərək oranı tərk etmişəm. Həmin vaxt mağazada mənim nağd pulla aldığım mallar da olmuşdur. Səhəri gün, yəni 09 oktyabr 2017-ci il tarixdə atam həmin mağazaya getmiş, mağazada 3 (üç) rəfin tamamilə boşaldığını, malların şirkətlərə qaytarıldığını görmüşdür. Hazırki iş üzrə iddiaçının da mağazadan özünə məxsus malları aparıb-aparmaması barədə məlumatım yoxdur. Bu səbəbdən də mən X1 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişəm. Ən maraqlısı isə odur ki, məhkəmə həmin hadisənin dəqiq hansı tarixdə baş verdiyini qeyd etməmişdir və mənim məhkəməyə 29 mart 2018-ci il tarixli qətnamədən başqa hər hansı sübut təqdim etmədiyimi bildirmişdir. Odur ki, Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, “Best Boya” markalı müxtəlif malları pərakəndə ticarət obyektlərinə verməklə, bir müddət sonra pulunu götürür. Cavabdehlə də bir müddət bu qaydada işləmişdir. Lakin sonradan cavabdeh onun etibarından sui istifadə edərək, borcunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh borcunun olması ilə bağlı qəbz də vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına teleqram göndərərək, səhhəti ilə bağlı məhkəmə iclasınının təxirə salınmasını xahiş etsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 2(102)-5976/2021 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 avqust 2021-ci il tarixli 2(107)-1501/2021 nömrəli qərardadı ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə və Ali Məhkəmənin göstərişlərinə əsasən hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; İş materialların 7-ci səhifəsində olan əlyazma qəbzin məzmunundan görünür ki, Cavabdeh (Oğuz rayon Xaçmaz kəndində yaşayan 1987-ci il təvəllüdlü) 10.10.2017-ci il tarixə İddiaçı 12.170 manat borcu qalmış, cavabdeh Günəşli qəsəbəsindəki evini satıb həmin borcu ödəyəcəyi barədə söz vermişdir (tarix 30.05.2018). 24.11.2020-ci il tarixli ödəniş qəbzdən görünür ki, vəkilə ödənilmiş xidmət haqqı 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər (mülki Məcəllənin 600-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh üzərinə öhdəlik götürsə də, buna əməl etməmiş və belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı deyil. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparır.

1. cavabdeh apellyasiya şikayətində iddiaçıya hər hansı borcunun olmadığını bildirsə də, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz dəlillərini formal mülahizələrlə əsaslandırmağa çalışmışdır.

2. cavabdeh tərəf mülki işin 7-ci səhifəsində olan “qəbzdə” borcunun olduğunu ərizədəki şərtlərlə razılaşaraq imzalamasının əsl səbəblərini inandırıcı şəkildə izah etmir, yaxud etmək istəmir, amma qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir.

3. kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə imzalanmış qəbzdəki (ərizədəki) pulun qaytarılması tələbidir.

4. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər, həmçinin digər şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün ya müqavilə, ya da sadə formalı qəbzə imza etməklə iradə ifadələrini təsdiq edirlər. Bu kimi müqavilələri və ya qəbzləri imzalayan zaman isə könülülü olaraq müqavilənin (qəbzin) şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin, sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. MPM-in 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi hissəsində gəlmiş olduğu nəticə ilə razılaşır və həmin nəticənin işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyini qeyd edir və buna görə də hesab edir ki, iş üzrə Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(054)-42/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar