Məhkəmə qərarları › İş №2(107)-364/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-364/2023

25.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-364/2023 25.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı "istifadə hüququnun bərpa edilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair iddiası üzrə mülki işə (Açar sözlər: İstifadə hüququnun bərpası, maneələrin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı "istifadə hüququnun bərpa edilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair Ağsu Rayon Məhkəməsinin 28 noyabr 2022ci il tarixli 2(016)-855/2022 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı "istifadə hüququnun bərpa edilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi ilə Ağsu Rayon Məhkəməsinə müraciət edərək Ağsu rayonu Qaraqoyunlu kənd ərazisində yerləşən və cavabdeh anası Cavabdeh1 adına mülkiyyət hüquqları ilə qeydiyyata alınan torpaq ərazisindən və onun üzərindəki yaşayış evindən istifadə hüququnun bərpa edilməsi, cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və evin açarlarının nüsxəsinin ona təqdim edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağsu rayonu, Qaraqoyunlu kənd ərazisində yerləşən 110 inventar nömrəli texniki pasport hazırlanan və daha sonra cavabdeh olan anası Cavabdeh1 adına həmin ərazi üzrə Aqrar İslahatlar Komissiyasının xx.xx.1999-cu il tarixli 50 saylı qərarı əsasında JN-057F, kod 40808018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Qeyd olunan torpaq sahəsi 1987-ci ildən mərhum atası X7 mülkiyyətində və istifadəsində olmuşdur. Atası həmin torpaq sahəsində həyatda ikən birgə yaşamaqları üçün 1 mərtəbəli 2 otaqlı yaşayış evi tikdirmişdir. Həmin həyətyanı sahədə müxtəlif meyvə ağacları əkilmişdir. Atası xx.xx.1996cı ildə vəfat etmişdir. Atası vəfat edənədək mübahisəli ərazidəki 1 mərtəbəli 2 otaqlı yaşayış evində onunla və ailə üzvləri ilə birgə yaşamışdır. Daha sonra müvafiq tikili yenidən restavrasiya olmuşdur. 2022-ci ilin fevral ayından etibarən isə cavabdeh onun həmin torpaq sahəsinə və o ərazdəki 1 mərtəbəli 2 otaqlı yaşayış evinə daxil olmağına qapıların kilidlərini dəyişdirməklə və yeni açarları ona verməməklə maneəçilik törədir. Dəfələrlə cavabdehə qanunsuz olaraq yaşayış evindən istifadəyə maneəçilik törətməməyini, qanunsuz əməllərinə son verməsini, məsələnin aralarında sülh yolu ilə həll etməsini bildirsə də, cavabdeh onunla heç bir razılığa gəlməmişdir. Bu səbəbdən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Onunla cavabdeh arasında hüquq münasibətləri 1987-cı ildən mövcud olmuş və ailə üzvü kimi mübahisəli mənzildə birgə yaşamışlar. Bu halda həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından həmin mənzilə istifadə hüququnu əldə etmişdir. 1999-cu ildə evin hüquqi vəziyyəti dəyişərək yeni hüquq münasibətləri yaranmış və lakin onun əldə etdiyi istifadə hüququ heç bir halda məhdudlaşdırılmamışdır.

Birinci instansiya məhkəməsində icraat

3. Ağsu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(016)-855/2022 saylı qətnaməsi ilə (hakim B.Qasımov) İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı "istifadə hüququnun bərpa edilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Ağsu rayonu, Qaraqoyunlu kəndində 1962-ci ildə inşa edilmiş fərdi yaşayış evi üzrə X4 adına 1987-ci ilin dekabr ayında 110 inventar nömrəli yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Sonradan təxminən 2002-ci ildə İddiaçı daimi əsaslarla yaşamaq üçün Bakı şəhərinə köçmüş və orada ev alaraq hazırda da həmin evin qeydiyyatındadır. Bu müddətə kimi də təxminən 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk edib, kənddə aldığı şəxsi evində yaşamış, sonradan həmin evi satıb Bakıda ev alaraq orada yaşamışdır. Lakin bəzi əmlakları isə kənddə yerləşən mübahisəli evin bir otağında qalmaqdadır ki, cavabdeh tərəf də həmin halı təsdiq etmişdir. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X14 və ailə üzvlərinə verilmişdir. Qeyd edilən ailə üzvləri sırasında İddiaçı adı qeyd edilməmişdir. Yaşayış evi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində daşınmaz əmlak kimi qeydə alınmamışdır.

Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

5. İddiaçı əvvəllər mübahisəli evdə yaşasa da, 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk etmiş, 2002-ci ildən sonra isə həmin evdən qeydiyyatdan çıxmışdır. Hazırda o, Bakı şəhərində yaşayır. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair JN-057F, kod-40808018 olan şəhadətnaməyə əsasən X14 və ailə üzvləri X13, Cavabdeh2, X15, X11, X8, X16 və X9 mülkiyyətinə Ağsu rayon Aqrar İslahat Komissiyasının 14 may 1999-cu il tarixli 50 saylı qərarı ilə 0,28 ha torpaq sahəsi verilmişdir. İddiaçı və cavabdehlər məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, iddiaçı 6 aydan çoxdur ki, mübahisə predmeti olan evdə yaşamır, oranı daimi əsaslarla oranı tərk etmişdir. Ona görə də, iddia rədd edilməlidir.

6. Məhkəmə qeyd etmişdir ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeydşərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir.

7. İddiaçının və cavabdehlərin izahatlarından və tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, tərəflər arasında yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir.

8. Beləliklə, məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı "istifadə hüququnun bərpa edilməsi və maneələrin aradan qaldırılması" tələbinə dair iddiası rədd edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

9. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1,152.1,152.2,152.5-ci maddələri, Azərbaycan Respublikası xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 54, 60, 87, 123-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

11. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına istinad etsə də, qərarı səhv şərh etmişdir. Belə ki, qərardan aydın görünür ki, iddiaçının həmin mənzildə 6 aydan artıq müddətdə yaşamaması onun istifadə hüquqlarından məhrum etmir. Lakin məhkəmə bu qərara istinad etsə də, növbəti abzasda qeyd etmişdir ki, “..iddiaçı 6 aydan çoxdur ki, mübahisə predmeti olan evdə yaşamır, oranı tərk etmişdir. Ona görə də iddia rədd edilməlidir". Göründüyü kimi qətnamənin əsaslandırıcı hissəsi ilə məhkəmənin gəldiyi qənaət arasında ziddiyyət vardır.

12. Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 10cu bəndinə istinad etsə də, sonradan heç bir izah verməmişdir ki, bu normaya nəyə görə istinad edir. Əksinə qanunun bu norması iddiaçının xeyrinə yozulmalıdır. Belə ki, İddiaçı mübahisəli evdən istifadə hüququnun itirilməsinə dair nə cavabdehlər nə də başqa şəxslər tərəfindən heç bir zaman heç bir iddia qaldırılmamışdır, onun istifadə hüququna məhkəmə qərarı ilə xitam verilməmişdir.

13. Məhkəmə hüquq analogiyasından yalnış istifadə edərək cavabdehə heç bir əsas olmadan icarədar prizmasından yanaşmışdır. Cavabdehin həmin yaşayış evinə dair mülkiyyət hüququları qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, mübahisəli evin yerləşdiyi torpaq üzərində mülkiyyət hüquqları cavabdehin adına qeydə alınmışdır, lakin məhkəmə unudur ki, həmin torpağın mülkiyyətə verilməsinə dair xx.xx.1999-cu il tarixli 50 saylı qərarda Cavabdeh1 başqa iddiaçının bacı və qardaşları, habelə qardaşın arvadı və uşaqlarının adları da qeyd olunmuşdur. Yəni bu şəxslərin hamısı torpağın paylı mülkiyyətçiləri sayılırlar, lakin heç biri evin icəradarı hesab edilə bilməz. Məhkəmə heç bir şəkildə nəzərə almamışdır ki, həmin yaşayış evini iddiaçının atası tikib, hətta tikintidə iddiaçının özü də iştirak edib, daha sonra iddiaçı uzun illər ailə üzvü kimi həmin mənzildə yaşayıb, başqa yerə köçdükdən sonra da daim həmin evə gedib-gəlib, evin saz vəziyyətdə saxlanılması üçün daim xərclər çəkib, təmir işlərinə öz vəsaitini xərcləyib, hazırkı gündə də şəxsi əşyaları həmin mənzildə saxlanılır. Arada pandemiya səbəbindən rayona gedib-gələ bilməyib, daha sonra isə öyrənib ki, mənzilin açarlarını anası dəyişib və onu doğma evinə buraxmır, iddiaçı öz əşyalarından istifadə etməkdən də məhrum edilib. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir, sübutların tam həcmi toplanılmamışdır. Məhkəmə iş materiallarında olan, zəruri əhəmiyyət kəsb edən sənədə heç bir hüquqi qiymət verməmişdir, həmin materiala istinad etməmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 14 saylı Şamaxı Ərazi İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli 444 saylı məktubunda deyilir ki, Cavabdeh1 adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar edilmişdir. Fərdi yaşayış evinə dair isə 110 saylı inventar nömrəli texniki pasport mərhum X5 adına 1987-ci ildə hazırlanmışdır. Göründüyü kimi, Cavabdeh1 həmin mənzilin mülkiyyətçisi deyildir, ümumiyyətlə mənzilə dair mülkiyyət hüquqları mövcud deyildir. Yuxarıda qeyd etdiyi ki, məhkəmənin həmin şəxsə münasibətdə icarədar/mülkiyyətçi prizmasından yanaşması əsassızdır, qanunsuzdur. Belə olan halda məhkəmənin tətbiq etdiyi normaların heç birinin həmin şəxsə aidiyyatı yoxdur. Məhkəmə yanlış qənaətə gəlmişdir ki, şəxsin başqa yerdə yaşaması onun digər mənzillərə dair istifadə hüququndan məhrum edilməsi ilə nəticələnir. Şəxsin bir neçə mənzili ola bilər, yalnız onlardan birində yaşaya bilər, bu o demək deyil ki, digərlərindən istifadə edə bilməz. İddiaçı ailə vəziyyəti ilə əlaqədar olaraq, Bakı şəhərinə köçmüşdür, uzun müddətdir Bakıda yaşayır. Lakin, atasından qalan evə mütəmadi olaraq gedib-gəlmiş, hər ayda azı 3-4 dəfə rayona getmiş, anasına baş çəkmiş, yuxarıda qeyd etdiyi kimi, mənzilin abadlaşmasında və saz vəziyyətdə saxlanılmasında daim öz vəsaitindən istifadə etməklə iştirak etmişdir. Hazırda naməlum səbəbdən ata ocağına buraxılmır, orada yerləşən şəxsi əşyalarından istifadə edə bilmir. Məhkəmə cavabdehlərin etiraflarına da düzgün qiymət verməmişdir. Çünki cavabdehlər məhkəmə iclasında izahat verərkən, bildirmişdirlər ki, özləri 15 ilə yaxın rayon mərkəzində yaşayırlar, kəndə getmirlər. Onların sözlərinə görə iddiaçı daim ata evinə gedib-gəlirmiş. Məhkəmə bu izahatlara heç bir qiymət verməmişdir. Məhkəmə formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməmiş, əksinə işin mahiyyətinə aid olmayan normalar sadalanmışdır.

14. Odur ki, qeyd edirlənləri nəzərə alaraq, Ağsu Rayon Məhkəməsinin 2(016)- 855/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz vermişdir.

16. Cavabdeh1 etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiasını qəbul etmirlər. Apellyasiya şikayəti əsassızdır. İddiaçı 30 ildən çoxdur ki, Bakı şəhərində yaşayır və mübahisəli evə dair heç bir haqqı yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş edir.

17. Cavabdeh X3 apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 2(016)-855/2022 saylı, 28.11,2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 və X2 və mümkünsüzlüyü barədə məlumat vermədən kollegiyanın iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu ilədək qüvvədə olan); 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

21. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağsu Rayon Məhkəməsinin 2(016)- 855/2022 saylı, 28.11,2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Odur ki, İddiaçı Şakər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(016)-855/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 1962-ci ildə Ağsu rayonu, Qaraqoyunlu kəndində inşa edilmiş fərdi yaşayış evi üzrə X4 adına 1987-ci ilin dekabr ayında 110 inventar nömrəli yaşayış evinin texniki pasportu tərtib edilmişdir. X4 oğlu İddiaçı 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk edib, kənddəki özünə məxsus evində yaşamış, sonradan yaşayışını Bakı şəhərindəki evində davam etdirmişdir. Lakin İddiaçı bəzi əmlakları mübahisəli evin bir otağında qalmaqdadır. Mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə X14 və ailə üzvlərinə verilmişdir. Qeyd edilən ailə üzvləri sırasında İddiaçı adı qeyd edilməmişdir. Yaşayış evi isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində daşınmaz əmlak kimi qeydə alınmamışdır. İddiaçı əvvəllər mübahisəli evdə yaşasa da, 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk etmişdir. Hazırda o, Bakı şəhərində yaşayır. İddiaçı və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, iddiaçı 6 aydan çoxdur ki, mübahisə predmeti olan evdə yaşamır, oranı daimi əsaslarla tərk etmişdir.

29. İş materialına əlavə edilmiş, Ağsu rayon Dövlət Arxivinin məhkəmə kollegiyasının sorğusuna 07 aprel 2023-cü il tarixli, 5-34-5RA\2-17\2023 saylı cavab məktubundan görünür ki, Qaraqoyunlu kənd sovetinin 1991-1995-ci illərinə aid 1-ci təsərrüfatbaşına kitabının 122-123-cü səhifələrindən müəyyən olundu ki, İddiaçı təsərrüfat başçısı olmaqla adına 0,06 ha həyətyanı torpaq sahəsi, o cümlədən 0,01 ha tikinti altında torpaq sahəsi və ümumi sahəsi 26 kv/metr, o cümlədən yaşayış sahəsi 17 kv/metr olan yaşayış evi qeyd olunmuşdur.

30. Qaraqoyunlu kənd sovetinin 1996-2000-ci illərinə aid 1-ci təsərrüfatbaşına kitabının 61-ci səhifəsində qeyd olunmuşdur ki, İddiaçı Bakı şəhərinə köçdüyü üçün xx.xx.1998-ci ildə təsərrüfatı bağlanmışdır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

32. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, mülki işin ədalətli və düzgün araşdırılması üçün məhkəmə mübahisəli hüquq münasibətlərinin nə zaman yarandığını, daha sonra isə həmin münasibətlərə hansı maddi hüquq normalarının tətbiq edilməli olduğunu müəyyən etməlidir.

33. İş materialları ilə, eyni zamanda tərəflərin izahatları ilə məlum olmuşdur ki, tərəflər arasında yaranmış yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 2000-ci ilədək yaranmışdır. Bu isə o deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir.

34. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin sübutları düzgün qiymətləndirməməsi, məhkəmə iş materiallarında olan, zəruri əhəmiyyət kəsb edən sənədə hüquqi qiymət verməməsi, həmin materiala istinad etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, mülki iş materiallarına əlavə edilən 1987-ci ilin dekabr ayında tərtib edilmiş inventar nömrəsi 110 olan texniki pasportun surətindən görünür ki, 1962-ci ildə Ağsu rayonu, Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi bir mərtəbədən, ümumi sahəsi 52.6 kv.metr, yaşayış sahəsi 34.2 kv.metr, köməkçi sahəsi 18.4 kv. metr olan 2 otaqdan ibarətdir və həmin fərdi yaşayış evinə dair texniki pasport X4 adına verilmişdir. Birinci instansiya məhkəməsi təqdim edilmiş sənədlərə hüquqi qiymət vermiş, onlara istinad etmişdir.

35. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin sübutların tam həcmini toplamaması, məhkəmənin iddiaçının atasının tikdiyi yaşayış evinin tikintisində iddiaçının özünün də iştirak etməsi, başqa yerə köçdükdən sonra da daim həmin evə gedib-gəlməsi, hər ayda azı 3-4 dəfə rayona getməsi, anasına baş çəkməsi, mənzilin abadlaşmasında iştirak etməsi, evin saz vəziyyətdə saxlanılması üçün daim xərclər çəkməsi, təmir işlərinə öz vəsaitini xərcləməsinə dair dəlillərini də əsassız hesab edirək qeyd edir ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Həmin siyahının 2.3-cü bəndində kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış, 2.4-cü bəndində isə üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasportlar mülkiyyət hüququnun əldə edilməsi üçün əsas olan sənədlər kimi göstərilmişdir.

38. Göründüyü kimi Ağsu rayonu, Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evi 1962-ci ildə inşa edildiyindən, həmin mübahisələndirilən yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən sözügedən fərdi yaşayış evi üzərində texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport mülkiyyət hüququnun əldə edilməsi üçün əsas hesab edilir.

39. Lakin tərəflərin birinci instansiyası məhkəməsinin iclasılarında verdikləri izahatlarından da görünür ki, İddiaçı əvvəllər mübahisəli evdə yaşasa da, 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk etmiş, eyni kənddə yerləşən özünə məxsus evdə yaşamış, 2002-ci ildən sonra isə həmin evdən qeydiyyatdan çıxmışdır.

40. Göründüyü kimi, İddiaçı mübahisələndirilən evdən çıxmaqla daimi yaşamaq üçün başqa yaşayış yerinə köçmüşdür. Bununla da onun istifadə hüququ itirilmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

42. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

43. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbindən göründüyü kimi Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.

44. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarını səhv şərh etməsi, qətnamənin əsaslandırıcı hissəsi ilə məhkəmənin gəldiyi qənaət arasında ziddiyyətin olması, Mənzil Məcəlləsinin 60-cı maddəsinin 10-cu bəndinə nəyə görə istinad edilməsinə izah verilməməsi, qanunun bu normasının iddiaçının xeyrinə yozulmalı olması, qətnamə qəbul edilərkən tətbiq edilməli normalara istinad edilməməsi, əksinə işin mahiyyətinə aid olmayan normaların sadalanması, iddiaçının mübahisəli evdən istifadə hüququnun itirilməsinə dair heç bir iddianın qaldırılmaması, onun istifadə hüququna məhkəmə qərarı ilə xitam verilməməsi, məhkəmənin hüquq analogiyasından yalnış istifadə edərək cavabdehə heç bir əsas olmadan icarədar prizmasından yanaşması, torpağın mülkiyyətə verilməsinə dair xx.xx.1999-cu il tarixli 50 saylı qərarda Cavabdeh1 başqa iddiaçının bacı və qardaşları, habelə qardaşın arvadı və uşaqlarının adları da qeyd olunmaqla heç birinin evin icəradarı hesab edilməmələri, Cavabdeh1 həmin mənzilin mülkiyyətçisi olmaması, ümumiyyətlə mənzilə dair mülkiyyət hüquqlarının mövcud olmaması, məhkəmənin şəxsin başqa yerdə yaşamasının onun digər mənzillərə dair istifadə hüququndan məhrum edilməsi ilə nəticələnməsində yanlış qənaətə gəlməsi, şəxsin bir neçə mənzilinin ola bilməsi, bunun digərlərindən istifadə edə bilməməsi demək olmamasına dair dəlillərinə münasibət bildirərək hesab edir ki, şikayətin həmin dəlilləri əsassızdır.

45. Belə ki, X29 haqqında Azərbaycan Respublikası Qanunun 1.0.10-cu bəndinə əsasən qanunun analogiyası-konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsidir.

46. Həmin Qanunun 1.0.11-ci bəndinə əsasən hüququn analogiyası-yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsidir.

47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

48. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

49. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur.

50. Məhkəmə kollegiyası belə olan halda qeyd edir ki, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsi icarədar və onun ailə üzvlərini əhatə etsə də, həmin Məcəllənin 123-cü maddəsi ilə 53-cü maddəyə birbaşa müraciət göstərilmiş və bundan sonra həmin ailə üzvləri arasında yaranmış mülki hüququ münasibətləri qanunun analogiyası üzrə digər maddələri ilə öz həllini tapmışdır.

51. Bundan sonra kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsi 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

52. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

53. Göründüyü kimi xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən iddiaçının ailə üzvü kimi evdən istifadə hüququ yaranmışdır. Lakin sonradan o həmin evi könüllü tərk etdiyindən, daimi yaşamaq üçün başqa yaşayış evinə köçdüyündən onun bu evə istifadə hüququ itirilmiş hesab edilir.

54. Belə ki, Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icardar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış sahəsinə məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

55. Kollegiya qeyd edir ki, iddiaçının mübahisəli evə yaranmış istifadə hüququ onun həmin evi daimi əsaslarla tərk etməsi ilə bağlı itirilmiş hesab edildiyindən, hazırda onun sözügedən evə istifadə hüququnun tanınması, maneələrin aradan qaldırılması və evin açarlarının nüsxəsinin ona təqdim edilməsi barədə iddiasının təmin edilməsi üçün əsaslar mövcud deyildir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz qətnaməsini yalnız iddiaçıya məxsus digər yaşayış sahəsinin olması ilə deyil, iddiaçının 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk etməsi ilə əsaslandırmışdır.

56. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının 2000-ci ilədək digər yaşayış sahəsinə köçməklə mübahisə predmeti olan evi daimi əsaslarla tərk etməsi öz təsdiqini tapdığı halda, birinci instansiya məhkəməsinin iddiaçının mübahisəli evdən istifadə hüququnun itirilməsi üçün ayrıca iddia tələbini, istifadə hüququna xitam verilməsinə dair məhkəmə qərarını diqqətə almalı olması kimi bir vəzifəsi olmamışdır.

57. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin iddiaçının uzun illər ailə üzvü kimi həmin mənzildə yaşamasını, hazırkı gündə də şəxsi əşyalarının həmin mənzildə saxlanılmasını nəzərə almaması, iddiaçının öz əşyalarından istifadə etməkdən də məhrum edilməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iddiaçıya məxsus bəzi əmlakların kənddə yerləşən mübahisəli evin bir otağında qalması, 2000-ci ilədək olan dövrdə mübahisəli evdə yaşadıqdan sonra 2000-ci ilədək mübahisə predmeti olan evi daimi əsaslarla tərk etməsi birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş halıdır. Həmçinin iddiaçının iddia tələbi mübahisəli evdə yerləşən əşyaları ilə bağlı olmamışdır. Belə ki, mübahisəli evdə yerləşən əşyaları ilə bağlı ayrıca, istənilən iddia tələbini irəli sürməsi iddiaçının hüququdur.

58. Məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində göstərdiyi məhkəmənin cavabdehlərin etiraflarına düzgün qiymət verməməsi, cavabdehlər məhkəmə iclasında izahat verərkən, 15 ilə yaxın rayon mərkəzində yaşadıqlarını, kəndə getmədiklərini bildirmələri, onların sözlərinə görə iddiaçının daim ata evinə gedibgəlməsinə dair izahatlara məhkəmənin heç bir qiymət verməməsi, məhkəmənin formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etməsinə dair dəlillərinə də münasibət bildirərək qeyd edir ki, həmin dəlillər də əsaslı hesab edilə bilməz.

59. Belə ki, iş materialı ilə İddiaçı birinci instansiya məhkəməsində işə baxılmasının nəticəsi üzrə tərəflərin izahatlarındakı hər hansı bir təhrifetmə ilə bağlı protokola heç bir qeyd verməsi halı müəyyən edilməmişdir.

60. Buna görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyatorun apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas ola bilməz.

61. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, birinci instansiyası məhkəməsi iddia tələbini rədd etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

62. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Ağsu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(016)-855/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağsu Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli 2(016)-855/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar