Məhkəmə qərarları › İş №2(107)-365/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-365/2020

09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-365/2020 09.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi ilə, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə iddiaçının iddianı təmin etmək üçün tədbir görülməsi barədə vəsatətə görülməsi barədə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-965/2019 nömrəli qərardadından iş üzrə iddiaçı “xxxx” ASC tərəfindən tərəfindən verilmiş şikayətə, Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı “xxxx” ASC məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-cü il tarixli, **********97914 nömrəli kredit müqaviləsi üzrə iddiaçı “xxxx” ASC qarşısında əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2017-ci il tarixədək 4.934,79 manat məbləğində hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği və əsas borc məbləğinin tam şəkildə qaytarıldığı xx.xx.2017-ci il tarixədək gecikdirilmiş məbləğə illik 15% dərəcəsi ilə hesablanmış 1.512,83 manat məbləğində penya, 30 manat ödənilmiş rüsum məbləği, sənədlərin surətlərinin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat, cəmi 6.492,62 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı təmin etmək üçün tədbir görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh adına beş nəfər ailə üzvü ilə birlikdə qeydiyyata alınmış İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-965/2019 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan iddiaçı “xxxx” ASC-nin nümayəndəsi şikayət verərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2002-ci il tarixli 089 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədləri icra olunarkən, tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 3-cü hissəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələbin yönəldilməsinə yol verilmir. Birinci instansiya məhkəməsi ən zı 0,26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoymalı idi. Birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğundan ləğv edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-965/2019 nömrəli nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X4 şikayətini müdafiə edərək bildirdi ki, birinci instaniya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. O, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh bildirdi ki, qeyd edilən ailə üzvlərinin adına olan İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,26 hektar torpaq sahəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında X1. Ona görə də birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş edir. Apellyasiya instansiya məhkəməsi şikayəti tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı(bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1-ci və 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək kimi kimi tədbirlər görülə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2018-ci il tarixli qərarında qeyd olunru ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə,... ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.... Qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. Məhkəmə kollegiyasının iclasında tədqiq edilən və əslində çıxarış edilərək iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli İsmayıllı rayon Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh, ailə üzvləri Rəqibə Mirzəyeva, Gülşən Pənahova, Süleyman Mirzəyev və Gülər Babayeva JN406, KOD407190028 nömrəli Dövlt Aktı əsasında birgə mülkiyyətlərində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 1,26 hektar torpaq sahəsini 5000 manat müqabilində X2. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubundan da müəyyən edilir ki, JN406, KOD407190028 nömrəli Dövlt Aktı əsasında Cavabdeh və beş nəfər ailə üzvü ilə birlikdə mülkiyyətlərində İsmayıllı rayonu, İsmayıllı kəndində 1,26 hektar torpaq sahəsi vardır. Qeyd edilən sənədlərdən müəyyən edilir ki, alqı-satqı müqaviləsi əsasında satılmış torpaq sahəsi ilə üzərinə həbs qoyulması tələb edilən torpaq sahəsi eynidir. Məhkəmə kollegiyası hazırkı vəziyyətdə mübahisəli torpaq sahəsinin artıq cavabdehin mülkiyyətində olmaması baxımından birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək etmək hüququ vardır. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadıdəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: iddiaçı “xxxx” ASC-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-965/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar