Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-37/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı su bərəsinin açılaraq bərpa edilməsi və yenidən tutulmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar rayonu, Boyat kəndində iddiaçıya ümumi mülkiyyət hüququ əsasında mənsub olan torpaq sahəsinə gedən tutulmuş su bərəsinin açılaraq bərpa edilməsi və həmin su bərəsinin yenidən tutulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahim etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş mütəxəssis və ekspert rəyləri arasında ziddiyyət var. Belə ki, rəylərin birində Ucar rayon X2 xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evi üçün verilmiş 5101,07 kvm torpaq sahəsində su bərəsi elektron baza məlumatlarında nəzərdə tutulmadığı, digər rəydə tərəflərə məxsus torpaq sahəsinin planı və ölçüsü sənədlərində olan döngə nöqtələrinin koordinatlarının naturadakı faktiki istifadəçilyin koordinatları ilə üst-üstə düşməməsi, eyni zamanda iddiaçıya fərdi yaşayış evi tikmək üçün verilmiş 5101,07 kvm torpaq sahəsinə su bərəsinin nəzərdə tutulmaması göstərilsə də sonuncu rəydə iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı borunun mövcud olması, borunun bir hissəsinin iddiaçı, digər hissəsinin isə cavabdeh tərəfdə yerləşməsi, iddiaçının iddia etdiyi su bərəsinin cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmasının, həmçinin İddiaçı naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsinin cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsinin müəyyən olunduğu göstərilmişdir. Lakin ekspert mütəxəssis rəyində Ucar rayon X2 xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə işlənilmiş planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğunu da qeyd etmişdir. Maraqlıdır ki, sonuncu rəyi verən mütəxəssis iddiaçı ilə cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhəddində yeraltı borunun mövcud olmasını, borunun bir hissəsinin iddiaçı, digər hissəsinin isə cavabdeh tərəfdə yerləşməsini müəyyən etdiyini göstərsə dı daha sonra iddiaçının iddia etdiyi su bərəsinin(boru deyil, bərə) cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmasını müəyyən etdiyini qeyd edir. Halbuki məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2019-cu il tarixli rəyində iddiaçıya fərdi yaşayış evi tikmək üçün verilmiş 5101,07 kvm torpaq sahəsinə su bərəsinin nəzərdə tutulmaması göstərilmişdir. Bundan başqa xx xxxxxx 2019-cu il tarixli, əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyində mütəxəssis Ucar rayon X2 xx xxxxxx 1998-ci il tarixli 17 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinə işlənilmiş planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğunu göstərir. Göründüyü kimi rəylər arasında ziddiyyət var və bu ziddiyyətli məqamların aydınlaşdırılması üçün mübahisəli əraziyə baxış keçirilməli, rəyi verən mütəxəssislər məhkəmədə dindirilərək ziddiyyətli məqamlara aydınlıq gətirməli idi. Lakin vəkili məhkəməyə vəsatət verərək iddiaçının düzləndiyini(doldurulduğunu) iddia etdiyi su bərəsinin yerləşdiyi əraziyə mütəxəssislərin iştirakı ilə baxış keçirilməsini, məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli rəyinin verilməsi zamanı rəy vermiş mütəxəssis İ.Məmmədov, xx xxx 2019-cu il tarixli rəyin verilməsi zamanı rəy vermiş mütəxəssis Rahib Teymurov və xx xxxxxx 2019-cu il tarixdə keçirilən əlavə məhkəmə tikinti-texniki ekspertizası zamanı rəy vermiş mütəxəssis Yaqub İsgəndərovun məhkəməyə dəvət edilərək dindirilməsini xahiş etsə də hakim heç bir əsas göstərmədən vəsatəti təmin etməmişdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq səhhətilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa bir vaxta təyin edilməsini xahiş etmişdir. Lakin bununla bağlı hər hansı bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib, proses iştirakçısının izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbini təmin etməklə düzgün olmayan hüquqi nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyi və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinə əsasən İddiaçı adına işlənmiş **********0239 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arşında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Beləki, sxemə əsasən plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi üst-üstə düşmür. Həmçinin elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuş və İddiaçı Güləli oğlunun naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan 0,02 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Bundan əlavə İddiaçı adına işlənmiş **********0239 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgidə su borusu əks edilməmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsində göstərilir ki, Аzərbаycаn Respublikаsındа mülkiyyət tоxunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən xüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə etmək və оnun bаrəsində sərəncаm vermək hüquqlаrındаn ibаrətdir. Heç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİİ bəndində göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı adına işlənmiş **********0239 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarla onun faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları arşında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq mütəxəssis rəyinə əlavə olunmuş sxemdə öz əksini tapmışdır. Beləki sxemə əsasən plan-ölçü sənədində göstərilən torpaq sahəsi ilə faktiki istifadə olunan torpaq sahəsi üst-üstə düşmür. Həmçinin elektron məlumat bazasında mövcud olan xəritə materiallarına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş 5101.07 kv.m torpaq sahəsinə su bərəsi nəzərdə tutulmamışdır. Bundan əlavə iddiaçının iddia etdiyi su bərəsi cavabdehin istifadəsində olan ərazidən keçən hissəsində doldurulmuş və İddiaçı Güləli oğlunun naturada istifadəsində olan torpaq sahəsinə gedən və düzlənməsi iddia olunan su bərəsi cavabdeh tərəfindən çəpərlənərək istifadə olunan 0,02 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilindədir. Bundan əlavə İddiaçı adına işlənmiş **********0239 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgidə su borusu əks edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. İş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(063)-14/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı su bərəsinin açılaraq bərpa edilməsi və yenidən tutulmasının cavabdehə qadağan edilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 300 (üç yüz) manat pul İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. İş üzrə məhkəmə kollegiyası tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat pul İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-37/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-37/2021
11.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver