Məhkəmə qərarları › İş №2(107)-37/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-37/2023

26.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-37/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) X8(bundan sonra- cavabdeh) qarşı pul tələbi barədə iddiasına dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları “X15 1814LS” yük markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil (şassi WDB9340621L224757, tip - yəhərli dartıcı, 2008-ci il buraxılışlı, ağ rəngli, bundan sonra avtomobil) xx.xx.2017-ci il tarixdə iddiaçının adına qeydə alınmışdır. “SCHMİTZ SKO24” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu (şassi WSM**********9495, tip - furqon soyuducu, 2008-ci il buraxılışlı, ağ rəngli, bundan sonra – yarımqoşqu) xx.xx.2017-ci il tarixdə iddiaçının qardaşı X5 adına qeydə alınmışdır. 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinə əsasən avtomobil və yarımqoşqu iddiaçı tərəfindən Cavabdeh icarəyə verilmişdir. Müqavilə bir il müddətinə bağlanmışdır. Eyni tarixdə tərəflər arasında avtomobilə və yarımqoşquya dair mülki məsuliyyət haqqında müqavilə bağlanmışdır. Sonuncu müqaviləyə əsasən icarəçi avtomobili və yarımqoşqunu qoruyub saxlanmağı, istifadə etməyi, texniki qaydalara uyğun istismarını layiqincə tam məsuliyyəti ilə öz üzərinə götürmüş, o cümlədən ona etibar edilmiş avtonəqliyyat vasitəsinin tam qeydinə qalmağı, sahibkarın avtonəqliyyat vasitəsinə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübariz olmağı öhdəsinə götürmüşdür (bənd 1, 1.1). İcarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir (bənd 3). Cavabdehin BCED dərəcəli sürücülük hüququ vardır. 09 may 2018-ci il tarixdə saat 13:00 radələrində Rusiya Federasiyasının Svetloqrad-Blaqodarnıy-Budenovsk yolunda cavabdeh avtomobili qoşqu ilə birlikdə idarə edərkən yol kənarındakı ağaca vurmuşdur. Hadisə ilə bağlı xx.xx.2018-ci il tarixdə Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən inzibati xətaya dair iş başlanılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus avtomobilə və yarımqoşquya dəymiş 70.000 ABŞ dolları ziyanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdehin Rusiya Federasiyasında törətdiyi qəza nəticəsində avtomobil qoşqusu ilə birlikdə tam yararsız hala düşmüş, ümumilikdə ona 70.000 ABŞ dolları həcmində ziyan dəymişdir. Avtomobilin kəllə hissəsini Gürcüstan Respublikasından 25.000 ABŞ dollarına, qoşqusunu isə 26.000 ABŞ dollarına almış, gömrükdən keçirmə rüsumu 12.000 ABŞ dolları təşkil etmiş, əlavə olaraq 12 təkər 6.000 ABŞ dollarına, 1.000 ABŞ dolları dövlət nömrə nişanlarına və əlavə olaraq digər xərclər çəkilmişdir. Cavabdeh zərərin ödənilməsindən imtina edir, telefon zənglərinə cavab vermir. İşə baxılarkən məhkəmə ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2018-ci i tarixli ekspert arayışında qeyd olunmuşdur ki, avtomobilin normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı halda nəzəri orta bazar qiyməti təxminən 65.000 manat müəyyən olunur. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)- 028/2018 nömrəli iş üzrə 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Əliyev) iddia tələbi qismən təmin edilmiş, cavabdehdən vurulmuş maddi ziyanın əvəzi olaraq 65.000 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat, cəmi 65,030 manat 40 qəpiyin iddiaçının xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan vurulmuşdur. Təqdim edilmiş mülki məsuliyyət haqqında müqavilələrin şərtlərinə görə, habelə mülki qanunvericiliyin normalarına əsasən vurulmuş zərərə görə məhz cavabdeh məsuliyyət daşıyır. Təqdim edilmiş fotoşəkillərlə də həmin avtomobilə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurulması və avtomobilin yararsız hala düşməsi təsdiq edilir. İddiaçı tərəf vurulmuş ziyanın 70.000 ABŞ dolları məbləğində olduğunu bildirsə də, bununla bağlı sübut təqdim etməmişdir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddianı qəbul etmir. Qaldırılan iddia əsaslı deyildir. O, heç bir kəsin qarşısında heç bir mülki öhdəlik daşımır. Bu baxımdan da heç kəsin qarşısında məsul deyildir. Mülki işin materiallarında hansısa mülki məsuliyyətin olması qeyd edilir. O, iddiaçı qarşısında həmin hüquqda olmamışdır. Şəxs ondan yolda qalmış avtomobilini aparmaq üçün onu aidiyyatı üzrə Rusiya Federasiyasının Svetloqrad Blaqodarnıy Budonevsk yoluna aparmışdır, ondan xahiş etmişdir ki, qeyd olunan avtomobili həmin ərazidən Azərbaycanın ərazisinə çıxarsın. O, bunu etmişdir. Ancaq baş verən hadisə onun təqsirli hərəkəti nəticəsində baş verməyib. İddiaçı həmin avtomobilin sərhədə gətirilməsini ondan xahiş edib. O da bütün bunların zəminində qeyd olunan hərəkətləri etmişdir. Burada qəzanın baş verməsi və avtomobilə zərər dəyməsi onun günahı ucbatından baş verməyib. O, şəxsin işçisi deyildir. Onunla hər hansı bir şəkildə əmək müqaviləsi bağlanmayıb. Bu baxımdan da baş verən hadisələrlə bağlı o, konkret olaraq heç bir məsuliyyət daşımır. O, İddiaçı nə işçisi, nə də ki, onun avtomobilinin mülki məsuliyyətçisidir. Məhkəmə qətnaməsinə qeyd edilir ki, mülki məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, Cavabdeh ona etibar edilmiş **-LV-*** dövlət qeydiyyat nişanlı X15 1841LS yük markalı avtomobili və **-ZC-*** dövlət qeydiyyat nişanlı SCHİTZ SKO 24 yarımqoşqu markalı nəqliyyat vasitəsini qoruyub saxlanmasını, istifadə etməsini, texniki qaydalara uyğun istismarının layiqincə, tam məsuliyyəti ilə öz üzərinə götürməsi bildirilir. Belə bir nə müqavilə, nə də onunla məsuliyyəti müəyyən edə bilcək heç bir dəlil mövcud deyil, ola da bilməz. O, Rusiya Federasiyasında heç bir qanun pozuntusu etməmişdir. Baş verən hadisə onun təqsiri ucbatından yox, avtomobilin özündə olan ciddi qüsurlar səbəbindən baş vermişdir. Həmin qüsur avtomobildə mövcud olmuşdur. Maşının hansı qiymətdə olması onun üçün önəmli deyil. Şəxs ondan həmin avtomobili sərhədə çıxarmağı xahiş edib. O da bu halları etməyə çalışmışdır. O, şəxsə zərər vurmamışdır. Həmin avtomobilin nasaz olmasını, avtomobilin mülkiyyətçisi gözəl bilirdi. Qəza onun təqsiri ucbatından baş versəydi, X13 Məcəlləsində inzibati qərar qəbul edilərdi. Belə bir qərar mövcud deyildir. Avtomobilin sahibi İddiaçı əsassız olaraq vurulmuş zərərə görə onu məsuliyyət daşıyıcısı hesab edir. Onun məhkəmə prosesindən heç bir halda xəbəri olmayıb. O, şəxsin avtomobilinin Rusiya Federasiyasında hər hansı bir zərərinin heç bir halda məsuliyyətçisi deyildir. Ondan avtomobilin sərhədə qədər gətirilməsi xahiş edilib. O, da onun istək və razılığı ilə avtomobili sərhədə gətirərkən avtomobildə olan nasazlıq və ciddi qüsur nəticəsində avtomobil öz yolundan çıxaraq qəza vəziyyətinə düşüb. Burada onun təqsirli hərəkətləri olmamış, onunla mülkiyyətçi arasında avtomobilin təhlükəsizliyi baş verə biləcək hadisə ilə əlaqədar mülki məsuliyyət müəyyən edilməyib. O, onunla belə müqavilə bağlamamışdır və heç bir məsuliyyət daşımır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1705/2019 nömrəli iş üzrə xx.xx.2019 tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və İ.Quliyev) аpellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsasının olmasına dair istinad etdiyi sübutları qismən də olsa birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)6935/19 saylı iş üzrə 14 oktyabr 2019- cu il tarixli qərarı ilə (Q.Əsgərov – sədrlik edən və məruzəçi, hakimlər E.Vəliyeva, S.Hacıyev) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi 24 aprel 2018-ci il tarixli icarə müqaviləsinə və mülki məsuliyyət haqqında müqaviləyə istinad etsə də, cavabdehin apellyasiya şikayətinin dəlili kimi aralarında belə bir müqavilə olmamasına dair dəlili üzrə araşdırma aparmayaraq, həmin sənədlərin əslinin iş materiallarında olmasına baxmayaraq bu müqavilələrdəki imzanın cavabdehə məxsusluğu, müqavilələrin bağlanmasının, eləcə də iddiaçının tələbinin əsası kimi niyə həmin müqavilələrə istinad etməməsinin səbəbləri, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə cavabdehin icarə haqqını ödəyibödəməməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi işdə olan cavabdeh barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.24-cü maddəsinin 2-ci hissəsi ilə inzibati iş açılmasına dair inzibati xəta haqqında 09 may 2018-ci il tarixli qərardadın surətinə istinad etsə də, cavabdeh tərəfindən bununla bağlı inzibati istintaq müddətinin uzadılması haqqında xx.xx.2018-ci il tarixli qərardadın, inzibati hüquq pozuntusu haqqında iş üzrə icraatın dayandırılması haqqında xx.xx.2018-ci il tarixli qərarın məzmununda göstərilənlərə, həmçinin sözügedən qəzanın cavabdehin təqsiri ucbatından baş verdiyi halda, Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun qəbul edilmiş inzibati qərarın iş materiallarında olmamasına hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən hazırki işə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə yenidən baxan apellyаsiyа instansiyası məhkəməsinin 2(107)-193/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə (R.Əliyev (sədrlik edən və məruzəçi), hakimlər A.Eyvazov və İ.Şükürov) apellyasiya şikayəti təmin olunmuş, qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmişdir. Məhkəmə MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin qərarında irəli sürdüyü hüquqi mövqelərə istinadla qeyd etmişdir ki, cavabdehin mülki məsuliyyətinin müəyyən edilmədiyi halda iş üzrə ekspertiza keçirilməsinə zərurət olmamışdır, çünki iş üzrə o zaman ekspertiza keçirilə bilərdi ki, mübahisəli avtomobilə ziyan yetirilməsində cavabdehin təqsiri və ya günahı müəyyən edilmiş olsun. Əgər birinci instansiya məhkəməsi iş üzrə mövcud olan sübutlara MPM-in 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət versə idi, işin həqiqi hallarını müəyyən edə və nəticədə ekspertizanın keçirməməsi qənaətinə gəlmiş olardı ki, bunu da etməmişdir. Cavabdehin iddiaçıya məxsus “X15 1814 LS” markalı ** LV *** dövlət qeydiyyat nişanlı yük avtomobilinə və X6 məxsus 2008-ci il buraxılışlı, ağ rəngli, **-ZC-*** dövlət qeydiyyat nişanlı “SCHMİTZ SKO24” markalı furqon soyuducu yarımqoşquya ziyan vurulmasında təqsirliliyi və ya günahı müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməsi və bu zaman onun səlahiyyətinin (hüququnun) olub-olmaması, yarımqoşquya vurulan ziyanla bağlı mülkiyyətçinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərinin müəyyən edilməsi, habelə yarımqoşqunun mülkiyyətçinin iş üzrə cəlb edilib dindirilməsini iddianın nəticəsinə təsir etməyən hal kimi qiymətləndirmişdir. İddiaçı ona dəyən maddi ziyanın məhz cavabdehin təqsirli hərəkəti və ya günahı üzündən baş verməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir. Lakin iş materiallarından belə bir sübutun təqdim olunması müəyyən edilmir. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat İşə baxmış kassasiya instansiyası məhkəməsinin 2(102)-4795/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi - hakim), Ə.Əliyev, İ.Xələfov) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kasasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə əvvəlki kasasiya tərkibinin göstərişlərini yerinə yetirməmişdir. Bundan əlavə 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsi və Mülki məsuliyyət haqqında müqavilə əsasında iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməyə səlahiyyətli (hüququ) olub-olmaması araşdırılmamış, təqdim edilmiş fotoşəkillərdən həmin avtomobilə yol nəqliyyatı hadisəsi nəticəsində zərər vurulması, avtomobilin yararsız hala düşməsi müşahidə olunsa da, yarımqoşquya vurulan ziyanla bağlı onun mülkiyyətçisinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərini müəyyən etməmiş, göstərilən məsələlərin aydınlaşdırılması ilə bağlı müqavilələrdə qeyd edilmiş yarımqoşqunun mülkiyyətçisinin iş üzrə cəlb edilib, dindirilməsinin məqsədəmüvafiqliyi müzakirə edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat Аpellyаsiyа instansiyası məhkəməsinin 2(107)-223/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.Mahmudov (sədrlik edən və məruzəçi), R.Rəfiyev və V.Məlikov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə maddi ziyanın təmin olunan hissəsinin məbləğinə aid hissədə dəyişdirilmiş və 62.000 manat müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı 3-cü şəxs qismində cəlb olunmuş X11 izahatında bildirmişdir ki, yarımqoşqu mülkiyyət hüququ ilə ona məxsus olsa da, etibarnamə əsasında iddiaçıya, iddiaçı da icarə müqavilə əsasında cavabdehə vermişdir. Lakin cavabdehin təqsirli hərəkəti nəticəsində onların əmlakına ziyan vurmasına baxmayaraq, sonuncu barışığa gəlməkdən və ziyanı ödəməkdən yayınır. İş üzrə keçirilmiş ekspert rəyi ilə icarə müqaviləsi və mülki məsuliyyət haqqında müqavilədəki imzaların cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müxtəlif orqanlara verdiyi sorğuların cavabları əsasında müəyyən etmişdir ki, X11 yarımqoşquya dair xx.xx.2017-ci il tarixdə X1 (xx.xx.2018-ci il tarixədək istifadə hüququ), xx.xx.2018-ci il tarixdə X3 (xx.xx.2018- ci il tarixədək istifadə hüququ) və xx.xx.2018-ci il tarixdə İddiaçı (xx.xx.2019-cu il tarixədək sərəncam hüququ) etibarnamələr vermişdir. Cavabdehin yarimqoşqu ilə birlikdə idarə etdiyi avtomobil xx.xx.2018-ci il tarixdə X14 Rusiya Federasiyasına keçmişdir. Avtomobil və yarımqoşqudan ibarət nəqliyyat vasitəsinin xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiya Federasiyasına və əks istiqamətdə keçidlər olmuşdur. İş üzrə alınmış xx.xx.2019-cu il tarixli qiymətləndirmə rəyi ilə mübahisəli avtomobilin orta bazar qiyməti 40.000-45.000 manat arasında, yarımqoşqunun orta bazar qiyməti 16.000-19.000 manat arasında dəyişdiyindən, apellyasiya instansiyası məhkəməsi onların dəyərinin ümumilikdə 62.000 manat məbləğində müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları əsasında, həmçinin müəyyən etmişdir ki, avtomobilə ziyan dəyərkən qüsur aktı tərtib olunmayıb, iddiaçı ziyan dəymiş hissələri mütəxəssis (usta) göstərişləri əsasında alıb və tam yararlı hala gətirib, avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün ona baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil. Məhkəmə kollegiyası bildirmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri tam əsassız olmaqla, iddia tələbinin rədd olunması üçün əsas ola bilməz. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki üçüncü icraat İşə baxmış kassasiya instansiyası məhkəməsinin 2(102)-1910/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi - hakim), Ə.Nurməmmədov, Z.Əliyev) apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, baxılan iş üzrə iddiaçı cavabdehdən əmlakın məhv olmasına görə vurulmuş zərərin əvəzini tələb edir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi tərəflər arasında məhv olduğu iddia olunan avtomobil və yarımqoşqu ilə bağlı icarə müqaviləsinin və mülki məsuliyyət haqqında müqavilənin bağlandığını müəyyən etmişdir. Baxılan iş üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı işi yeni apellyasiya baxışına göndərmiş məhkəmə tərkibinin göstərişlərindən biri ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin olmasını müəyyən edərkən hazırki işə deliktlə bağlı maddi hüquq normalarının tətbiqini əsaslandırmamışdır. Buna baxmayaraq işə sonuncu baxmış apellyasiya instansiyası məhkəməsi yenə də zərərin ödənilməsi ilə bağlı tərəflər arasında müəyyən edilmiş müqavilə münasibətləri və mülki qanunvericiliyin müqavilədən irəli gələn zərərlə bağlı münasibətləri tənzimləyən maddi hüquq normaları (Mülki Məcəllənin 385, 386.1 və 443- cü maddələri) üzrə hər hansı hüquqi dəyərləndirmə aparmadan mübahisəyə birbaşa Mülki Məcəllənin qanundan irəli gələn zərərlə (deliktlə) bağlı hüquq münasibətlərini tənzimləyən 1096 və 1097-ci maddələrini tətbiq etmişdir. Halbuki tərəflər arasında müqavilə münasibətlərinin olduğu və bu münasibətlərdən irəli gələn zərərlə bağlı məsələlər həmin müqavilələrdə tənzimləndiyi halda məhkəmə mübahisəni məhz müqavilə şərtləri və müqavilədən irəli gələn zərərlə bağlı hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları əsasında həll etməlidir. Digər tərəfdən Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddənin məzmunundan göründüyü kimi qanun real zərər dedikdə məhz zərər çəkmiş şəxsin məruz qaldığı əmlak itkisini və ya bu itkini bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri nəzərdə tutur. Zərərçəkmiş şəxsin zərər qismində təqsirli şəxsdən dəymiş real zərərin və əldən çıxmış faydanın həcmini aşan maddi nemət əldə etməsi artıq dəymiş zərərin əvəzinin ödənilməsi deyil, əsassız varlanma ilə nəticələnə bilər. Baxılan iş üzrə iddiaçı ona məxsus olduğunu iddia etdiyi əşyaların tam məhv olması nəticəsində dəymiş zərərin ödənilməsini, əşyaların tam dəyərini tələb edir. İş üzrə verilmiş və məhkəmə tərəfindən əsas sübut kimi qəbul edilmiş ekspert (qiymətləndirmə) rəylərində də dəymiş zərər əşyaların mövcud bazar dəyəri əsasında müəyyən edilmişdir. Halbuki sonuncu apellyasiya baxışı zamanı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, avtomobil və yarımqoşqudan ibarət nəqliyyat vasitəsi yol nəqliyyat hadisəsinin baş verməsindən sonra da bir neçə dəfə Rusiya Federasiyasına və əks istiqamətdə keçidlər etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları əsasında, həmçinin müəyyən etmişdir ki, avtomobilə ziyan dəyərkən qüsur aktı tərtib olunmayıb, iddiaçı ziyan dəymiş hissələri mütəxəssis (usta) göstərişləri əsasında alıb və tam yararlı hala gətirib, avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün ona baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil. Beləliklə iş üzrə məhkəmə tərəfindən həm baş vermiş yol-nəqliyyat hadisəsindən sonra qəzaya düşmüş əşyaların təmir edilərək, istifadə olunduğu müəyyən edilmiş, həm də onların tam məhv olduğu üçün bazar dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir. Halbuki Mülki Məcəllənin yuxarıda istinad olunan 21.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi zərər dəymiş əşyanı təmir edərək, həmin əşyadan təyinatı üzrə istifadəsini davam etdirir, yaxud onu özgəninkiləşdirirsə onda dəymiş real zərər qismində əşyanın bazar dəyəri deyil, onun ilkin vəziyyətinin bərpa edilməsi üçün sərf olunmuş məbləğ tələb oluna və təqsirkar şəxsdən tutula bilər. Qeyd olunanlarla yanaşı, iş üzrə kassasiya instansiyası məhkəməsindəki ikinci icraat zamanı işin yeni apellyasiya baxışına göndərmiş məhkəmə tərkibinin göstərişlərindən biri ondan ibarət olmuşdur ki, 24 aprel 2018-ci il tarixli İcarə müqaviləsi və Mülki məsuliyyət haqqında müqavilə əsasında iddiaçının özünə məxsus olmayan yarımqoşqunu cavabdehin icarəsinə verməyə səlahiyyətli (hüququ) olub-olmaması araşdırılmamış, yarımqoşquya vurulan ziyanla bağlı onun mülkiyyətçisinin cavabdehə qarşı iddia qaldırmamasının səbəblərini müəyyən etməmiş, göstərilən məsələlərin aydınlaşdırılması ilə bağlı müqavilələrdə qeyd edilmiş yarımqoşqunun mülkiyyətçisinin iş üzrə cəlb edilib, dindirilməsinin məqsədəmüvafiqliyi müzakirə edilməmişdir. Bu göstərişin icrası qaydasında apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının qardaşı X11 yarımqoşquya dair xx.xx.2018-ci il tarixdə İddiaçı (xx.xx.2019-cu il tarixədək sərəncam hüququ) etibarnamə vermişdir. Məhkəmə, həmçinin X7 3-cü şəxs qismində cəlb edərək onun izahatını almış, sonuncu yarımqoşqunun mülkiyyət hüququ ilə ona məxsus olduğunu, etibarnamə əsasında iddiaçıya, iddiaçının da icarə müqavilə əsasında cavabdehə verdiyini, cavabdehin təqsirli hərəkəti nəticəsində onların əmlakına ziyan vurduğunu bildirmişdir. Göründüyü kimi məhkəmə yarımqoşquya dair iddiaçı ilə cavabdeh arasında müqavilələrin xx.xx.2018-ci ildə bağlandığını, qəzanın xx.xx.2018-ci ildə baş verdiyini, X11 tərəfindən həmin əşyaya dair cavabdehə etibarnamənin isə xx.xx.2018-ci il tarixdə verildiyini müəyyən etsə də, iddiaçının öz mülkiyyətində olmayan əşyaya dəymiş zərəri cavabdehdən tələb etmək üçün subyektiv hüquqa malik olduğu barədə nəticəyə gəlmişdir. Halbuki Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçinin öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Baxılan iş üzrə işin müəyyən edilmiş hallarına əsasən iddiaçı yarımqoşquya dair öz qardaşından etibarnaməni icarə müqaviləsinin bağlanmasından və qəzanın baş verməsindən xeyli sonra əldə etdiyi üçün, o, yarımqoşquya dəymiş zərərin əvəzini özü üçün deyil, mülkiyyətçinin təmsilçisi qismində onun xeyrinə tələb edə bilərdi. Yarımqoşqunun mülkiyyətçisinin məhkəmə baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilməsi və iddianın təmin olunmasına etiraz etməməsi də X6 dəymiş zərərin iddiaçının xeyrinə tutulması üçün əsas ola bilməzdi. Apellyasiya baxışının hədləri Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, iddia qismən təmin olunsa da, iş üzrə iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayətini cavabdeh vermişdir. Yuxarıda artıq qeyd edildiyi kimi, cavabdeh Rayon Məhkəməsinin iddia tələbinin bir hissəsinin təmin edilməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin yalnız cavabdehə münasibətdə və mübahisələndirilən hissəsinin əsaslılığını yoxlamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında bildirmişdir ki, hər hansı hüquqi və ya fiziki şəxslərlə əmək münasibətinə girərək sürücü kimi nəqliyyat vasitəsini idarə edir və buna görə ona haqq ödənilir. xx.xx.2018-ci il tarixdə cavabdehə zəng olunaraq, sürücünün sərhəddə deportu olduğu sonradan müəyyən olunduğu üçün sərhəddi keçə bilməyən və gömrük sərhəddində qalan yüklü olan nəqliyyat vasitəsi və qoşqusunun Rusiya Federativ Respublikasına aparılmalı olduğu bildirilib. O razılaşmış və ** LV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini və ** ZC *** dövlət nömrə nişanlı qoşqunu Rusiya Federativ Respublikasına aparır və qayıdanda yol nəqliyyat hadisəsi baş verir. Bununla bağlı dərhal məlumat verir və Azərbaycan Respublikasına daxil olduqdan sonra həmin şəxs və əlavə bir neçə şəxs birlikdə ona şiddət, həddə-qorxu gələrək bir neçə sənədə imza atmasına məcbur ediblər. İddiaçı, X11 və X9 arasında xx.xx.2018-ci il tarixində üç tərəfli icarə müqaviləsi bağlanılmış və ** LV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və ** ZC *** dövlət nömrə nişanlı qoşqu vasitəsi Hikmət Musayevə icarəyə verilmişdir. Həmin müqavilə üzrə daşıma həyata keçirilərkən, yəni müqavilə qüvvədə olduğu zaman başqa şəxslə eyni müqavilənin bağlanması ikinci əqdin yalan əqd olduğunun bariz nümunəsidir. Gömrük Komitəsi tərəfindən təqdim edilmiş sənəddən görünür ki, xx.xx.2018-ci il tarixində ** LV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi, ** ZC *** dövlət nömrə nişanlı qoşqu vasitəsi icarədər qismində Hikmət Musayev (VÖEN: **********) sürücüsü A.Qulamov olmaqla "xxxx" MMC-yə məxsus pomidor məhsulundan ibarət yük gömrük orqanlarında rəsmiləşdirilmiş və Azərbaycan Respublikasının şimal sərhəddindən çıxarılmışdır. Göründüyü kimi xx.xx.2018-ci il tarixində gömrük sərhəddində olan yük ilə dolu olan nəqliyyat vasitəsinin və qoşqusunun xx.xx.2018-ci il tarixində Cavabdeh icarəyə verilməsi mümkün deyildi. Burada nəqliyyat vasitələrinin icarədarı Hikmət Musayev olduğu üçün Cavabdeh sürücü kimi yalnız onun qarşısında cavabdehlik daşıya bilərdi. Cavabdeh İddiaçı oğlu və X11 qarşısında heç bir cavabdehliyi yoxdur. İddiaçı və X19 Qurbanova qarşı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə sonradan formal bağlanmış, yalançı əqddir. İddiaçı ilə Cavabdeh arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Cavabdeh icarədarı Hikmət Musayevin olduğu ** LV *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini və ** ZC *** dövlət nömrə nişanlı qoşqu vasitəsini sürücü olaraq əmək funksiyasını icra edərək idarə etmişdir. Məhkəmə isə iddia tələbi irəli sürülən zaman müqavilənin əsas müqavilə ola-ola bağlanmasına diqqət yetirməmişdir. Belə olan halda nəqliyyat vasitəsini öz yüklərini daşımaq üçün icarəyə götürən tərəf, X9 olduğu, yüklərin məhz onların müqavilə əsasında daşımasını etdikləri "xxxx" MMC-yə məxsus olması Gömrük Komitəsi tərəfindən məhkəməyə sorğu əsasında təqdim olunmuş sənədlərdə də əksini tapır. X9 və "xxxx" MMC icarə müqaviləsi üzrə nəqliyyat vasitəsindən fayda götürən tərəfdir. Hazırda nümayəndəsi olduğum şəxs isə əmək münasibətində sürücü funksiyasını icra edən şəxsdir. Əmək müqaviləsi bağlanmadan da əmək münasibətlərinin mövcud olduğu hala hüquqi qiymət verməsinə dair yüzlərlə norma və qərarlar mövcuddur. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, baş vermiş qəzadan sonra avtomobil Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və Xaçmaz şəhərində qarajda saxlanılmışdır və hazırda da ordadır. Yarımqoşqu sonradan sərhədi keçsə də, avtomobil tam yararsız vəziyyətdə olduğundan hərəkətsiz qalmışdır. Avtomobil tam yararsız vəziyyətdə olduğundan məhkəməyə hər hansı qüsur aktı təqdim edə bilmir və hesab edir ki, avtomobilə vurulmuş ziyan yox, onun tam dəyəri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21. Hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarıinda ifadə edilmiş hüquqi mövqe: “...Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsininqətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli, iddiaçının cavabdehə qarşı pul tələbi barədə iddiası rədd edilməldiir. Belə ki, işdə olan sənədlərdən və tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, “İcarəyəverən” iddiaçı və “İcarəyə alan” cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən avtomobil və yarımqoşqu iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. Tərəflər müqavilənin qüvvədə olma müddətiem 1 il müəyyən etmişlər. Eyni zamanda 24 aprel 2018-ci il tarixdə iş üzrə tərəflər arasında mülki məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq edilmişdir ki, icarə müqaviləsi və mülki məsuliyyət haqqında müqavilədəki imzalar cavabdeh tərəfindən icra olunmuşdur. Mülki məsuliyyət haqqında müqavilə şərtlərinə görə, icarəçi avtomobili və yarımqoşqunu qoruyub saxlanmağı, istifadə etməyi, texniki qaydalara uyğun istismarını layiqincə tam məsuliyyəti ilə öz üzərinə götürmüş, o cümlədən ona etibar edilmiş avtonəqliyyat vasitəsinin tam qeydinə qalmağı, sahibkarın avtonəqliyyat vasitəsinə heç bir səbəb üzündən ziyan vurmamasını və ziyankarlığa qarşı mübariz olmağı öhdəsinə götürmüşdür (bənd 1, 1.1). İcarəçinin günahı üzündən avtonəqliyyat vasitəsinə dəyən ziyanın miqdarı müəyyən edildikdən sonra onun ödənişi mövcud qanunvericilik əsasında həyata keçirilir (bənd 3). 09 may 2018-ci il tarixdə Rusiya Federasiyasının Svetloqrad-Blaqodarnıy- Budenovsk yolunda cavabdeh avtomobili qoşqu ilə birlikdə idarə edərkən yol kənarındakı ağaca vurmuşdur. İş üzrə hər iki tərəfin məhkəmələrə verdiyi məlumatlara əsasən müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində avtomobil və yarımqoşquya vurulmuş zərərlə bağlı qüsur aktı tərtib olunmamış, iddiaçı, ziyan dəymiş hissələri mütəxəssisin (usta) göstərişləri əsasında alaraq, avtomobil və yarımqoşqunu istifadəyə tam yararlı vəziyyətə gətirmişdir. Avtomobil və yarımqoşqu hazırda Rusiya Federasiyası ərazisində olduğu üçün onlara baxış keçirmək, ekspert tədqiqatına təqdim etmək mümkün deyil. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2018-ci i tarixli rəyindən görünür ki, avtomobilin qüsur aktı ekspertə təqdim olunmamış, avtomobilə baxış keçirilməsi mümkün olmamış, bu səbəbdən avtomobilə dəymiş zərəri müəyyən etmək və faktiki avtomobilin hazırda istismarının hansı vəziyyətdə olmasını müəyyən etmək mükün olmamışdır. Ekspert həmin rəylə bu nəticəyə gəlmişdir ki, ekspertiza tədqiqatına təqdim olunmayan avtomobilin normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı halda nəzəri orta bazar qiyməti təxminən 65.000 manat təşkil edir. İşdə olan “Lex Fori” Hüquq və Qiymətləndirmə şirkətinin verdiyi xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyində göstərilir ki, avtomobilin orta bazar qiyməti 40.000-45.000 manat arasında, yarımqoşqunun orta bazar qiyməti 16.000-19.000 manat arasında dəyişir. Hazırki mülki işin başlanmasına əsas olmuş iddia ərizəsindən görünür ki, iddiaçı ona məxsus olduğunu iddia etdiyi əşyaların tam yararsız hala düşməsi nəticəsində dəymiş zərərin ödənilməsini, əşyaların tam dəyərini tələb edir. Məhkəmə bildirir ki, qəbul edilmiş ümumi təcrübəyə görə, nəqliyyat vasitəsinin məhv edilməsi dedikdə avtomobilin əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi hesab olunur. Yuxarıda qeyd olunan ekspert (qiymətləndirmə) rəylərində də dəymiş zərər avtomobil və yarımqoşuqunun mövcud bazar dəyəri əsasında müəyyən edilmişdir. İşdə olan avtomobil və yarımqoşqunun sərhəd keçidi barədə məlumatdan görünür ki, avtomobil xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, yarımqoşqu isə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək “Samur” gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiya Federasiyasına və əks istiqamətdə keçidlər etmişdir. Göründüyü kimi, baş vermiş hadisədən sonra avtomobil Rusiya Federasiyası ərazisindən xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasına keçmiş və bundan sonra respublikanın ərazisini tərk etməmişdir. İşin hazırki apellyasiya baxışı zamanı iş üzrə məhkəmə nəqliyyat-trasoloji ekspertizası və məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizaların aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza tədqiqatının nəticəsi olaraq Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə nəqliyyat-trasoloji ekspertizası üzrə verdiyi xx.xx.2022-ci il tarixli, 3/1375 nömrəli rəydən görünür ki, ekspert tərəfindən avtomobilə xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu ərazisində yerləşən müvəqqəti saxlama dayanacağında açıq havada baxış keçirilmişdir. Ekspert tərəfindən sair hallarla yanaşı həmçinin müəyyən edilmişdir ki, avtomobilin halhazırki vəziyyətdə qəzadan sonra onun detallarının götürülməsini müəyyən etmək mümkün deyildir. Avtomobilin hadisə zamanı zədələnmiş detalların müəyyən bir hissəsi avtomobilin üzərində aşkar edilmədi. İşdə olan sənədlərdən görünür ki, iş üzrə təyin edilmiş məhkəmə- əmtəəşünaslıq ekspertizasının keçirilməsi məqsədilə avtomobilin hansı hissələrinin zədələndiyi, onlardan hansının təmirlə bərpa oluna biləcəyi, hansının isə dəyişilməli olduğu barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin arayışının (nöqsan aktı) təqdim olunması təklif olunmuşdur. Məhkəmə tərəfindən vəsatətdə qeyd olunan mütəxəssisin arayışının (nöqsan aktı) məhkəməyə təqdim olunması iddiaçıya təklif olunmuş, lakin iddiaçı həmin arayışı məhkəməyə təqdim etməmişdir. Bununla bağlı Məhkəmə tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinə məlumat verilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, ekspert tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi, avtomobilə dəymiş ziyan barədə ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin qüsur aktının təqdim olunmaması qeyd olunmuşdur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə olunmuş avtomobilin hadisədən sonrakı vəziyyətini əks etdirən fotokillərdəki görüntülərlə hal-hazırda ekspert tərəfindən çəkilmiş fotoşəkildəki görüntülər eynilik təşkil etmir. Belə ki, həmin fotşəkillərdəki görüntülərin müqayisəli analizi göstərir ki, hadisədən sonra avtomobilin üzərində olan bəzi detallar hal-hazırda onun üzərində yoxdur. Bütün bu göstərilənlər, habelə iddiaçı tərəfindən avtomobilə dəymiş ziyanın avtomobilin istifadəyə yaralı vəziyyətə gətirilməsi üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsini təsdiq edən ixtisaslaşdırılmış servis müəssisəsinin mütəxəssisin arayışın təqdim edilməməsi Məhkəmənin bu qənaətə gəlməsinə əsas verir ki, avtomobil və yarımqoşqunun tam məhv olması əsası ilə həmin əmlakların dəyərinin cavabdehdən tələb olunması əsassızdır. Lakin işə baxmış Rayon Məhkəməsi tərəfindən işin qeyd olunan halları nəzərə alınmamış, həm baş vermiş yol-nəqliyyat hadisəsindən sonra qəzaya düşmüş əşyaların təmir edilərək, istifadə olunduğu müəyyən edilmiş, həm də onların tam məhv olduğu üçün bazar dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilmişdir. Halbuki, Mülki Məcəllənin yuxarıda istinad olunan 21.2-ci maddəsinə əsasən əgər mülkiyyətçi zərər dəymiş əşyanı təmir edərək, həmin əşyadan təyinatı üzrə istifadəsini davam etdirir, yaxud onu özgəninkiləşdirirsə onda dəymiş real zərər qismində əşyanın bazar dəyəri deyil, onun ilkin vəziyyətinin bərpa edilməsi üçün sərf olunmuş məbləğ tələb oluna və təqsirkar şəxsdən tutula bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin zərər qismində təqsirli şəxsdən dəymiş real zərərin və əldən çıxmış faydanın həcmini aşan maddi nemət əldə etməsi artıq dəymiş zərərin əvəzinin ödənilməsi deyil, əsassız varlanma ilə nəticələnə bilər. Bunlardan başqa, işdə olan sənədlərdən məlum olur ki, avtomobil iddiaçının mülkiyyətində olsa da, yarımqoşqu iddiaçıya deyil, onun qardaşı, iş üzrə 3-cü şəxs Əziz Əzizova məxsusdur. Əziz Əzizov yarımqoşquya dair xx.xx.2018-ci il tarixdə iddiaçının adına geniş səlahiyyətləri özündə əks etdirən etibarnamə vermişdir. Etibarnamənin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Yuxarıda artıq qeyd olunduğu kimi yarımqoşquya dair iddiaçı ilə cavabdeh arasında müqavilələr xx.xx.2018-ci il tarixdə bağlanmışdır. Həmin yarımqoşqunun olduğu nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi xx.xx.2018-ci il tarixdə baş vermişdir. Yarımqoşuqunun mülkiyyətçisi Əziz Əzizov tərəfindən həmin əmlaka dair cavabdehə etibarnamə isə xx.xx.2018-ci il tarixdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsindən 4 ay 24 gündən sonra verilmişdir. Bu baxımdan Məhkəmə hesab edir ki, iddiaçı yarımqoşquya dair öz qardaşı Əziz Əzizovdan etibarnaməni icarə müqaviləsinin bağlanmasından və qəzanın baş verməsindən xeyli sonra əldə etdiyi üçün, o, yarımqoşquya dəymiş zərərin əvəzini özü üçün deyil, mülkiyyətçinin təmsilçisi qismində sonuncunun xeyrinə tələb edə bilər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yarımqoşqunun mülkiyyətçisi olan Əziz Əzizovun iş üzrə üçüncü şəxs qismində işə cəlb edilməsi və iddianın təmin olunmasına etiraz etməməsi də ona dəymiş zərərin iddiaçının xeyrinə tutulması üçün əsas ola bilməz. Başqa sözlə, iddiaçının ümuiyyətlə yarımqoşquya dəymiş zərəri cavabdehdən tələb etmək üçün subyektiv hüququ yoxdur. Lakin işə baxmış Rayon Məhkəməsi işin bu hallarını nəzərə almamış, iddiaçının öz mülkiyyətində olmayan əşyaya dəymiş zərəri cavabdehdən tələb etmək üçün subyektiv hüquqa malik olması barədə iş üzrə səhv nəticəyə gəlmişdir. Halbuki Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçinin öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Beləliklə də, hazırki apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının iddiası əsassızdır. Buna baxmayaraq, Rayon Məhkəməsi iddianı qismən də təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır, şikayətin dəlilləri əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, apellyasiya şikayəti təmin edildiyindən, MPM-nin 119-cu maddəsinin tələbinə görə ekspertiza tədqiqatının dəyəri olan 230 manat(120+110) manat pul iddiaçıdan Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Yevlax Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 noyabr 2018ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 230(iki yüz otuz) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar