Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-370/2024 06.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş “apellyasiya şikayətinin geri qaytarılması” barədə həmin məhkəmənin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikаyətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən onun xeyrinə 6600 manat maddi ziyanın, həmin pula görə götürdüyü bank kreditnə görə ödədiyi 1400 manat pulun, cəmi 8000 manat ziyanın və 51 manat dövlət rüsumunun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 həmin qiyabi qətnamə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin (hakim İlqam Həsənquliyev) 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ilə Zərdab Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadından şikayət vermiş və şikayətini belə əsaslandırmışdır ki, ...Zərdab rayon məhkəməsi cavabdehin apellyasiya şikayətini geri qaytararkən MPM-nin 253.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, MPM-nin 253.3-cü maddəsinə görə Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Məhkəmə nəzərə almamışdır ki, qiyabi qətnamənin ləğvi ilə əlaqədar ərizə 10 gün müddətinə verilməlidir. Cavabdeh həmin müddəti, yəni qiyabi qətnamənin ləğvi ərizə verilməsi və ona baxılması müddəti bitmişdir. Məhz buna görə də cavabdeh MPM-nin 253.3-cü maddənin tələbinə əsasən apellyasiya şikayəti vermişdir. Həmin apellyasiya şikayəti də aidiyyəti üzrə baxılması üçün göndərilməlidir. Ona görə də, şikayətin təmin olunmasını, Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadın ləğv edilməsini, mülki işin apellyasiya baxışına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı 02 fevral 2024-cü il tarixdə İddiaçı tərəfindən etiraz ərizəsi daxil olmuş, həmin etirazda Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ləğv edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respubliaksı MPM-in 253.2.1-ci maddəsinə görə qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından apellyasiya qaydasında şikayət verilməsi yalnız bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə, həmçinin 253.2.2-ci maddəsinə görə cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə qiyabi icraat qaydasında qəbul edilmiş məhkəmə aktlarından şikayət verilə bilər. Cavabdeh qiyabi qətnamənin ləğvi üçün Zərdab Rayon Məhkəməsinə müraciət etməli olduğu halda apellyasiya şikayəti verdiyi üçün apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaəti ilə razılaşmır. Belə ki, MPM-in 241.5-ci maddəsinin mənasına görə söhbət qiyabi qətnamədən getmir. Həmin normaya əsasən iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. MPM-in 251-ci maddəsində də qiyabi qətnamədən bəhs edilmir. Həmin maddədə göstərilmişdir ki, qiyabi məhkəmə qətnaməsini ləğv edərkən hakim işə mahiyyəti üzrə baxılmasını təzələyir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. MPM-in 253.2.2-ci maddəsinə əsasən, cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə apellyasiya qaydasında şikayət verilə bilər. Hazırkı vəziyyətdə qeyd olunan hallardan biri baş verməmişdir. MPM-in 244-cü mаddəsinə əsаsən, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 253.3-cü maddəsinə görə, qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. MPM-in 253.3-cü maddəsi tərəflərə qiyabi qətnaməni mübahisələndirmələri üçün 2 imkan (seçim) tanıyır. Birinci imkan (seçim) ondan ibarətdir ki, tərəf qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 gün ərzində həmin qətnamənin ləğvi üçün ərizə verə bilər. İkinci halda isə qiyabi qətnamədən adi qaydada apellyasiya şikayəti verə bilər Bu zaman tərəf qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti (10 gün) keçməlidir. Qanun həmin imkanlardan (seçimlərdən) hansından istifadə hüququnu tərəfin öz ixtiyarına buraxşdır. İş materiallarında görünür ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil Zərdab Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsinin surətini 23 noyabr 2023-cü il tarixdə məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada götürmüş və 07 dekabr 2023-cü il tarixdə həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini qiyabi qətnaməni rəsmi qaydada aldıqdan 14 gün sonra vermişdir. Göründüyü kimi, nümayəndə öz seçiminə görə qiyabi qətnamənin ləğvi üçün ərizə deyil, həmin qətnamədən apellyasiya şikayəti vermək hüququndan istifadə etmişdir. Eyni zamanda apellyasiya şikayəti artıq qiyabi qətnamənin ləğvi üçün ərizənin verilməsinin qanunla müəyyən edilmiş müddəti ötürüldükdən sonra verilmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əyər qiyabi qətnamənin ləğvi üçün ərizə verilməmişdirsə, ona baxılması da istisna olunur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil şikayəti təmin olunаrаq iş üzrə Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ləğv edilməli və apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.3-cü maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etsin. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263-264, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı “pul tələbinə dair” mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(035)-304/2023 saylı qiyabi qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiyanın mümkünlüyünün yoxlanılması üçün qəbul edilsin. Qərаrdаd elan olunduğu andan qаnuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-370/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-370/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver