Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-371/2022 22.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə İddiaçı cаvаbdеhlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanlığın ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(014)-1900/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cаvаbdеhlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı “maddi ziyanlığın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X1 (indezit) 1 ədəd 800 manat dəyərində, nehrə 1 ədəd 120 mnat dəyərində, qaz pletqası 1 ədəd 150 manat dəyərində paltaryuyan (media) 1 ədəd 800 manat dəyərində, paltaryuyan mexaniki 2 gözlü 1 ədəd 250 manat dəyərində, pərdə 4 metr 50 manat dəyərində, qaz sobası (pitminutqa) 1 ədəd 130 manat dəyərində, televizor LG markalı 1 ədəd 250 manat dəyərində, peyk aparatı 1 ədəd 50 manat dəyərində, elektrikli somavar 1 ədəd 70 manat dəyərində, ütü 1 ədəd 50 manat dəyərində, qab-qacaq dəsdi (mətbəx üçün) 500 manat dəyərində ət çəkən maşın 1 ədəd 100 manat dəyərində, elektrikli süpürgə 1 ədəd 100 manat dəyərində, 82 ekran plazma televizor LG markalı 1 ədəd 500 manat dəyərində, mikser 1 ədəd 100 manat dəyərində, elektrikli şirə çəkən 1 ədəd 110 manat dəyərində, elektrikli çörək bişirən 1 ədəd 100 manat dəyərində, stol 1 ədəd stul 6 ədəd (plastik stolstul dəsdi) 150 manat dəyərində, çuğun vedrə 2 ədəd 40 manat dəyərində, peyk antenası 1 ədəd 60 manat dəyərində, elektrik ət çəkən maşın 1 ədəd 90 manat dəyərində, saç feni 1 ədəd 100 manat dəyərində olan əşyaların və yaxud onların dəyəri olan 4670 manat miqdarında dəymiş maddi ziyanın və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Ağdaş Rayon Məhkəməsinin (hakim N.Əliyev) 21 sentyabr 2021-ci il tarixli, 2(014)- 1900/2021 nömrəli qətnaməsi ilə İddiaçı cаvаbdеhlər X7, Cavabdeh2 və Cavabdeh3 qarşı «maddi ziyanlığın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh X2 1 ədəd “LG” markalı köhnə televizor, peyk antenası, ütü və mexaniki paltaryuyan adlı əşyalar naturada onlar olmadıqda isə dəyəri alınaraq İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, qalan 15 manatı isə cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin ləğv olunmasına, iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. işin faktiki halları: İddiаçı tələbi оnunlа əsаslаndırmışdır ki, cavabdeh X7 ilə xeyli müddətdir ki, nikahları pozulmuşdur. Buna baxmayaraq bu günə qədər Səfərova Ofelya ilə ayrı-ayrılıqda ancaq valideyinə məxsus bir evdə yaşamışlar. Dəfələrlə cavabdeh Səfərova Ofelya valideyinlərinə məxsus yaşadıqları evdən ona və valideynləinə məxsus ev əşyalarını aparmaqla onlara maddi ziyanlıq vurmuşdur. O isə öz növbəsində hər dəfəsində 102 qaynar xəttinə müraciət etmişdir. Sonuncu dəfə 03 dekabr 2019-cu il tarixində cavabdeh Səfərova Ofelya ona məxsus evdən 1 ədəd televizor 250 manat dəyərində 500 manat pul və peyk antena paratı 1 ədəd 50 manat dəyərində götürərək ona maddi ziyanlıq vurmuşdur. Bununla bağlıda rayon polis şöbəsinə müraciət etmişdir. Bundan sonra cavabdeh Səfərova Ofelya digər cavabdehlər ilə birlikdə qanunsuz əməllərinə yenə də davam etdi. 25-30 may 2020-ci il tarixi aralarında o evdə olmadığı zaman cavabdehlər X7, Cavabdeh2 və Cavabdeh3 birlikdə valideynlərinə məxsus evdən soyuducu (indezit) 1 ədəd 800 manat dəyərində, nehrə 1 ədəd 120 manat dəyərində, qaz pletqası 1 ədəd 150 manat dəyərində paltaryuyan (media) 1 ədəd 800 manat dəyərində, paltaryuyan mexaniki 2 gözlü 1 ədəd 250 manat dəyərində, pərdə 4 metr 50 manat dəyərində, qaz sobası (pitminutqa) 1 ədəd 130 manat dəyərində, televizor LG markalı 1 ədəd 250 manat dəyərində, peyk aparatı 1 ədəd 50 manat dəyərində, elektrikli somavar 1 ədəd 70 manat dəyərində, ütü 1 ədəd 50 manat dəyərində, qab-qacaq dəsti (mətbəx üçün) 500 manat dəyərində ət çəkən maşın 1 ədəd 100 manat dəyərində, elektrikli süpürgə 1 ədəd 100 manat dəyərində, 82 ekran plazma televizor LG markalı 1 ədəd 500 manat dəyərində, mikser 1 ədəd 100 manat dəyərində, elektrikli şirə çəkən 1 ədəd 110 manat dəyərində, elektrikli çörək bişirən 1 ədəd 100 manat dəyərində, stol 1 ədəd stul 6 ədəd (plastik stolstul dəsti) 150 manat dəyərində, çuğun vedrə 2 ədəd 40 manat dəyərində, peyk antenası 1 ədəd 60 manat dəyərində, elektrik ət çəkən maşın 1 ədəd 90 manat dəyərində, saç feni 1 ədəd 100 manat dəyərində olan ona və valideynlərinə məxsus ev əşyalarını yaşadığı, valideynlərinə məxsus evdən apararaq mənimsəmişdir. Dəymiş maddi ziyanlıqla bağlı yenidən 102 qaynar xəttinə müraciət etmişdir. Bundan sonra polis şöbəsindən dəymiş ziyanla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda cavabdehlər tərəfindən ona ümumilikdə 4450 manat dəyərində maddi ziyanlıq dəymişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tələbinin qismən təmin edilməsini qəbul etmir. Ona görə ki, məhkəmə irəli sürdüyü tələb üzrə demək olar ki, araşdırma aparmamış, çəkişmə prinsipinin tələblərini pozmuş, təqdim etdiyim sübutları qəbul etməmiş, tərəfindən məhkəməyə dəvət edilmiş şahidlərin didndirilməsini təmin etməmişdir. Məhkəmə sübutların təmini barədə heç bir tədbir görməmişdir. Məhkəmə, həmin əmlaklıarın birgə nikah zamanı əldə olunmasına baxmayaraq, cavadeh tərəfindən daşınıb aprılması faktını araşdırmamış, (bu halları şahidlər təsdiq edə bilərlər, məhkəmə isə bu sübutdan istifadəyə şərait yaratmamışdır) mübahisə üzrə DİN-nin “102” xidmətinə etdiyi şikayətin icra məmurları tərəfindən əmlaka dair tərtib edilmiş aktın nəticlərini sübut kimi qəbul etmədiyindən düzgün nəticəyə gəlməmişdir Cavabdeh tərəfindən 4 əşyanın etiraf edilməsini isə məhkəmə dərhal qəbul etmiş və işin həqiqi və faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə maraqlı bir nəticəyə gəlir ki, birgə nikah zamanı kimin istifadəsində olmuşdursa, ona məxsusdur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin21.1, 21.2, 152.1, 1572, 157.5. 225 1 225 2 225 3 225 4. 225 5 1096.1, 1096
2. 1097.1-ci maddələrinə, Ailə Məcəlləsinin 32.1, 34.1, 41 2-ci maddələrinə istinad etmişdir. (Bu maddi normaların açıqlaması qətnamədə göstərilmişdir) Vurulmuş ziyan birgə mülkiyyətdə olan əşyaların cavabdeh tərəfindən aparılması halları ilə sübuta yetirilmiş hesab edildiyindən, (şahid ifadələri ilə bu fakt təsdiqlənə bilər) əmlakların dəyəri bölünməli olduğu halda, məhkəmə irəli sürülən iddia üzrə qeyd olunan normaların tələblərini pozmuşdur Belə ki, məhkəmə birgə nikahda əldə olunmuş əşyaların taleyinin necə olması hallarını araşdırmadığı halda, birgə nikah haqqında olan normalara istinad etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinin tələblərini mübahisə predmetinə düzgün tətbiq etməmişdir. Həmin maddənin mənasına görə, daş-qaş və digər zinət şeyləri istina olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i. a) nikah dövründə ərlə-arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın(ərin) mülkiyyəti sayılır. İddia olunan əmlakların siyahısında göstərilmiş 1 ədəd fen yalnız qadın əşyası kimi hesab edilə bilər. Digər əşyalar isə ümumi birgə mülkiyyət hesab edildiyindən hər iki tərəfə də eyni dərəcədə məxsusdur. Yəni ki, bərabər şəkildə bölünməlidir.(dəyəri və mövcudluğu mübahlsələndlrilməmişdir) Məhkəmə, istər Mülki Məcəllənin, istərsə də Ailə Məcəlləsinin normaları birgə nikah dövründə əldə edilmiş əmlakdan yalnız 4 ədəd köhnə əşyanın təmin etməsi ilə düzgün nəticəyə gəlməmişdir. Qeyd edilənlərə əsasən Ağdaş rayon məhkəməsinin 21 09.2021-ci il tarixli, 2(014)-1900/2021 saylı qətnaməsini qismən iddia tələbinin təmin olunmadığı hissəsində ləğv edib, iddia tələblərinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları:
Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılma aparılmamışdır. Belə ki, onun tərəfindən dəvət olunmuş şahidlər birinci instansiya məhkəməsi tərəfindən dindirilməmişdir. Ona görə də Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf səbəb və mümkünsüzlüyünü bildirmədən təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavbdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Hüquqi məsələlər :
Apellyasiya şikayəti qətnamənin qismən ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(014)-1900/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: 13 dekabr 2019-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından toplanmış 03.12.2019-cu il tarixli, HK-1-1257 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən dəvət olunaraq şahid qismində dindirilmiş X3 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O, bir neçə dəfə Ofelyanı əlində çanta evə daxil olduğunu görmüş, lakin özü ilə nə apardığını bilmir. Məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən dəvət olunaraq şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, iddiaçı onun qardaşıdır. O, bir neçə dəfə Ofelyanı maşınla gələrək əlində çanta evə daxil olduğunu, görmüşdür. Lakin çantada nə apardığını bilmir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakların araşdırılması ilə bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 157.4.-cü maddəsinin tələbunə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətilər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi mövqeyi ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Şahid ifadələrinə gəldikdə isə kollegiya iddiaçı tərəfindən məhkəməyə təqdim olunan şahidlərin ifadələrini məhz bu xarakterli mübahisə üçün mötəbər hesab etmir. Çünki, şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübut etmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlumat mənbələrindən aldığı və qanunvericiliklə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. İşin nəticəsində hüquqi baxımdan maraqlı olma dedikdə iş üzrə tərəflərlə yaxın qohumluq və tanışlıq münasibətlərinin olmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş şahidlər cavabdehin əlində çanta gəldiyini bildirsələr də, evdən nə apardığı barədə hər hansı ifadə verməmişdir. Bundan əlavə kollegiya şahid ifadələrinə həm də ona görə tənqidi yanaşır ki, iddiaçının tələb etdiyi əşyaların bir çoxunun ölçüsünə görə çantada aparılması qeyri-mümkündür. Hazırki iş üzrə, iddia tələbinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin bu hissədə, yəni cehiz əşyalarından yalnız 1 ədəd “LG” markalı köhnə televizor, peyk antenası, ütü və mexaniki paltaryuyan adlı əşyaların etiraf etməsi ilə əlaqədar sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(014)-1900/2021 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(014)-1900/2021 nömrəli qətnaməsi ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Hakim Ayaz Mahmudov