Məhkəmə qərarları › İş №2(107)-375/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-375/2023

06.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-375/2023 06.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina, ləğv, icraata qəbul) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair ilk və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən İddiaçı2 apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi barədə Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)-1201/2022 nömrəli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha və 1.8 ha torpaq sahəsinə çəkilmiş xərcin yəni 12321 (on iki min üç yüz iyirmi bir) manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34495 (otuz dörd min dörd yüz doxsan beş) manatın və əldən çıxmış faydanın yəni 21312 (iyirmi bir min üç yüz on iki) manatın, rəyin tərtib edilməsi üçün KristalMM MMC-yə ödənilmiş 1100 manat xidmət haqqının və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara verilməsi, Cavabdeh1 və Cavabdeh2 36750 manat vurulmuş maddi ziyanın və 201 manat dövlət rüsumunun İddiaçı1 və İddiaçı2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və Cavabdeh1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi göndərərək, İddiaçı1 və İddiaçı2 36750 (otuz altı min yeddi yüz əlli) manat vurulmuş maddi ziyanın və ödənilmiş 201 manat dövlət rüsumunun cavabdehlər İddiaçı1 və İddiaçı2 alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli 2(075)-1201/2022 nömrəli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha və 1.8 ha torpaq sahəsinə çəkilmiş xərcin yəni 12321 (on iki min üç yüz iyirmi bir) manatın, Şəki rayonu Baş Göynük kəndində yerləşən 1.48 ha torpaq sahəsində tərəflərindən əkilmiş ağacların dəyəri olan 34495 (otuz dörd min dörd yüz doxsan beş) manatın və əldən çıxmış faydanın, yəni 21312 (iyirmi bir min üç yüz on iki) manatın, Kristal-MM MMC-yə ödənilmiş 1100 manat xərcin və ödənilmiş 298 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq onlara verilməsi tələbinə dair ilk iddialarının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1 və İddiaçı2 36750 (otuz altı min yeddi yüz əlli) manat məbləğdə pul vəsaiti və ödənilmiş 201 manat dövlət rüsumu alınaraq Cavabdeh1 və Cavabdeh2 verilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı2 narazı qalmış, onun apellyasiya şikayəti 08 oktyabr 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(075)-1201 /2022 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinə çəkilmiş xərcin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən İddiaçı2 nümayəndəsi (vəkili) X1 verdiyi apellyasiya şikayətinin qaytarılması qərara alınmışdır. İddiaçı2 Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201 /2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsi 22 oktyabr 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)-1201/2022 nömrəli qərardadı ilə Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən iş üzrə İddiaçı2 apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməmişdir. İddiaçı2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinin 6 fevral 2022-ci il tarixli 2(075)-1201/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)- 1201/2022 nömrəli qərardadı ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən iş üzrə İddiaçı2 apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməli, apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. İş materiallarından müəyyən olunur ki, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmçinin iş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(075)-1201/2022 saylı qətnaməsi “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə elektron təsdiq edilməklə 07 sentyabr 2022-ci il tarixdə saat 11:53-də İddiaçı1 məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Bundan başqa iddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2022-ci il tarixdə məhkəmənin inzibati binasına gələrək təkidlə məhkəmə qətnaməsininin onlara təqdim edilməsini xahiş etmişlər. Buna görə də məhkəmə iclas katibi tərəfindən qeyd edilən qətnamələr Şəki rayon məhkəməsinin inzibati binasının 9-cu zalında şəxsən iddiaçılar İddiaçı1 və İddiaçı2 təqdim edilmiş və onlardan 07 sentyabr 2022- ci il tarixdə xx.xx.2022-ci il tarixli məhkəmə qətnaməsini qəbul etmələrinə dair qəbz alınmışdır. Belə ki, iş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli qəbzlərdən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli 2(075)-1201/2022 saylı qətnaməsini özü şəxsən 07 sentyabr 2022-ci il tarixdə qəbz yazmaqla təhvil almışlar. İddiaçı2 apellyasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, o Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti Şəki Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qərardadı ilə müddətin ötürülməsi ilə əsaslandırılaraq geri qaytarılmışdır. O prosessual iddia müddətini bir gün ötürmüşdür. Buna səbəb onun hüquqi savadının olmaması olmuşdur. Apellyasiya şikayəti verdiyi qətnaməni xx.xx.2022-ci il tarixdə almışdır. Lakin prosessual müddətdən anlayışı olmadığından vəkilə şikayət vermək üçün müddətin sonuncu günü müraciət etmişdir. Ona görə də müddət ötürülmüşdür. Buna görə də məhkəmə müddətin ötürülməsini üzrlü hesab ede bilər. Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)- 1201/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin berpa edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2 və 363.3-cü maddələrinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Həmin qərardaddan şiakyət verilə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi müddətinin onun göstərdiyi səbəblərdən 1 gün ötürüldüyü nəzərə alınmaqla, onun ötürülmüş müddətin bərpasına dair ərizəsində göstərdikləri müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)-1201/2022 nömrəli qərardadı ləğv edilməli, Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən iş üzrə İddiaçı2 apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilməli, apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 4 noyabr 2022-ci il tarixli 2(075)-1201/2022 nömrəli qərardadı ləğv edilsin. Şəki Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(075)-1201/2022 saylı qətnaməsindən iş üzrə İddiaçı2 apellyasiya şikayətinin verilməsi müddəti bərpa edilsin. Apelyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar