Məhkəmə qərarları › İş №2(107)-377/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-377/2020

12.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-377/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehə qarşı “borc tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1328/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1328/2019 nömrəli qətnaməsi ilə (hakim A.B.Əliyev) İddiaçı Cavabdehəqarşı 11.560 (on bir min beş yüz altmış) manat pul tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları İddiaçı Cavabdehə qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdən 11.560 manat məbləğində borcun ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ondan şəxsi balıq biznesini inkişaf etdirmək məqsədi ilə borc pul istəmişdir. O, Cavabdehə maliyyə vəziyyətinin yaxşı olmadığını bildirmişdir. Cavabdeh ona bankdan kredit götürərək ona verməsini xahiş etmişdir. O, Cavabdehə hazırda “xxxx”da 8.440 manat borcu olduğunu və həmin borcun bağlanmayacağı təqdirdə yenidən kredit götürmək imkanı olmadığını bildirmişdir. Həmin vaxtı o, “xxxx” ASC-nin Gəncə filialından olan kredit müqaviləsinə görə ayda 422 manat kredit ödəmişdir. Cavabdeh ona təklif etmişdir ki, yenidən 20.000 manat kredit götürməklə köhnə kredit borcunu bağlasın və pulun yerdə qalan hissəsini isə ona versin. Cavabdeh ona bildirmişdir ki, bank faizlərini o özü ödəyəcəkdir. Bundan sonra, danışıldığı kimi onlar “xxxx” ASC-nin Qəbələ filialından xx.xx.2018-ci il tarixdə 20.000 (iyirmi min) manat kredit götürmüşlər. Kredit götürən zaman Bankda zamin lazım olduğu bildirildikdə, Cavabdeh Əhməd adlı dostunun zamin olacağını bildirmişdir. Beləliklə, Şahid zaminliyi ilə sözügedən krediti götürülmüşdür. Kredit götürdüyü 20.000 manatın 8.440 manatını köhnə kredit borcuna ödəmiş, qalan 11.560 manatını isə Cavabdehə borc vermişdir. Keçən müddət ərzində Cavabdeh 4 ay kredit borcunu ödəmiş, sonra isə ödəməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının qardaşı Məhəmməd Məmmədov onun işlədiyi Cavid İsmayılovun təsərrüfatından nisyə balıq və balıq yemi almışdır. Uzun müddət borcunu qaytarmayınca söz-söhbət yaranmağa başlamış, Cavid İsmayılov pulunu tələb edəndə Məhəmmədin qardaşı İddiaçı bildirmişdir ki, “həmin borcu bağlayaq, Məhəmməd ödəyəndə isə hər kəs öz pulunu götürər”. İmkanları olmadığından İddiaçı kredit almışdır. Həmin dövrdə onlar qohum olduqlarından o, Nicata kredit ödəmələrində köməklik edəcəyini demişdir. Belə olub İddiaçı kredit alaraq qardaşı Məhəmməd Məmmədovun borcunu ödəmişdir. Bir neçə ay kredit ödəməsinə o da köməklik etmişdir. Sonra iddiaçının bacısı ilə nikahları pozulduğundan köməklik etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən Cavabdeh iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Şahid qismində vediyi ifadəsində göstərmişdir ki, o, heç bir tərəfin qohumu deyil və heç bir tərəflə münaqişəsi yoxdur. 2018ci ilin noyabr ayında Cavabdeh ona zəng edərək qaynının kredit götürdüyünü və zaminə ehtiyacları olduğunu bildirib, ondan zaminlik etməsini xahiş etmişdir. O da Cavabdehi tanıdığı üçün zaminlik etmişdir. Lakin götürülən pulun Cavabdehə verilməsi barədə heç bir məlumatı yoxdur, eləcə də Turanın o kreditdən ödəniş etməsindən məlumatsızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1328/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsini qanunsuz və əsassız hesab edir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, iş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Cavabdeh teleqramla məhkəmə kollegiyasına müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işin baxılmasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının xəstəliyi və sağlamlıq durumu barədə tibbi sənəd təqdim etməməsini (göndərməməsini) nəzərə alaraq onun məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz hesab edir. Belə halda məhkəmə işə şəxsin iştirakı olmadan baxmağa haqlıdır. Ona görə də məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, İddiaçı izahat və çıxışını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1328/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “xxxx” ASC ilə İddiaçı arasında bağlanan xx.xx.2018-ci il tarixli, 149CLM35603560AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27,34 faiz dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “Asan-Gəncə” xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Bərdə rayonu İmirli kəndində doğulmuş, ünvan 1 mənzil 15 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, DYİ seriyalı ******* №-li “Azərbaycan Respublikasının Ərazisində Daimi Yaşamaq üçün İcazə Vəsiqəsi”nin surətindən görünür ki, Cavabdeh xx.xx.1958-ci ildə Türkiyə Respublikasında doğulmuş, Qəbələ rayonu Zarağan kəndində qeydiyyatdadır. İşin hallarından görünür ki, İddiaçı “xxxx” ASC-nin Qəbələ filialından xx.xx.2018-ci il tarixdə 20.000 (iyirmi min) manat kredit götürdüyünü, götürdüyü 20.000 manatın 8.440 manatını köhnə kredit borcuna ödədiyini, qalan 11.560 manatını isə Cavabdehə borc verdiyini iddia etmiş, Cavabdeh isə həmin iddianı qəbul etməmiş və iddiaçıdan borc almadığını bildirmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin qənaətincə, iddiaçı iddia tələbində haqlı olmamış və məhkəməyə təqdim etdiyi sübutlar tələbin təmin edilməsi üçün kifayət etməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 740-cı maddəsinin tələbinə görə, məbləğindən asılı olmayaraq borc müqaviləsinin şifahi bağlanmasına qanun icazə vermişdir. Lakin, nəzərə almaq lazımdır ki, borc müqaviləsi şifahi bağlandıqda həmin əqdin mövcudluğunu və əqd üzrə nəzərdə tutulmuş öhdəlikdlərin icra müddəti, qaydası və şərtləri barədə müddəaları sübut etmək yükünü iddiaçı daşımalı, müqavilə yazılı bağlandıqda isə onun hər hansı müddəası ilə razılaşmadığı təqdirdə etirazının əsasını cavabdeh sübut etməlidir. Hazırkı işdə tərəflər arasında notariat qaydada təsdiq olunmuş və ya sadə yazılı formada borc müqaviləsi bağlanmamışdır, ona görə də sübutetmə yükü tam olaraq iddiaçının üzərinə düşmüşdür. Bu baxımdan, sübutetmə yükü üzərinə düşən iddiaçı cavabdehə hər hansı məbləğdə və hər hansı şərtlə borc verməsini, bununla da iddia tələbini əsaslandıra və məhkəməyə heç bir mötəbər sübut (müqavilə, akt, iltizam və s.) təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və məhkəmədə ifadəsi alınmış şahid də iddiaçı tərəfindən cavabdehə hər hansı məbləğdə pulun verilməsini təsdiq etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla yanaşı qeyd edir ki, məhkəmə Mülki Məcəllənin 740-cı maddəsinin xx xxxx 2016-cı il tarixədək qüvvədə olmuş redaksiyasına istinad etməkdə səhvə yol vermişdir. Ona görə ki, MPM-in 217.2-ci maddəsinə müvafiq olaraq, mübahisənin həllinə həmin mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları tətbiq edilməlidir. Hazırkı işin faktiki hallarına görə, tərəflər arasında mübahisəli hüquq münasibəti 2018-ci ilin oktyabrında yaranmışdır. Mülki Məcəllənin 740-cı maddəsinin xx xxx 2016-cı il tarixli Qanunla müəyyən olunmuş (xx xxxx 2016-cı il tarixdən qüvvəyə minmiş) yeni redaksiyasında isə deyilir: “(740.1) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.2) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır”. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibəti yaranan zaman Mülki Məcəllənin 740-cı maddəsinin məhz bu redaksiyası qüvvədə olmuş və 740.2-ci maddəyə əsasən tərəflərdən, xüsusən də iddiaçıdan 11.560 manat məbləğində pulun borc alınıb-verilməsi ilə bağlı müqaviləni (razılaşmanı) yazılı formada bağlamaq, yəni borc alınıb-verilməsi barədə yazılı akt (iltizam, qəbz və s.) tərtib etmək tələb olunmuşdur. Mülki Məcəllənin 329.1-ci maddəsinin mənasına görə, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanmış əqd etibarsızdır. Habelə, həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinin mənasına görə, etibarsız əqd hüquqi nəticələrə səbəb olmur. Şərh edilən hüquq normalarına müvafiq olaraq, iddiaçı cavabdehə 11.560 manat pul vermiş olsa belə, cavabdeh tərəfindən həmin pulun borc kimi alınması etiraf edilmədiyi halında ortada müvafiq yazılı sübut (akt, iltizam, qəbz və s.) olmadan iddiaçının onunla cavabdeh arasında borc müqaviləsinin bağlanmasını iddia etməsi əsassız olacaqdır. MPM-in 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Hazırkı işdə də Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbi kontekstində tərəflər arasında borc müqaviləsinin bağlanması bu barədə tərtib olunmuş yazılı sübutla (akt, iltizam, qəbz və s.) təsdiqini tapmalıdır. İddiaçının sübut qismində təqdim etdiyi ödəniş qəbzlərinə və bankomat çeklərinə, habelə “WhatsApp” vasitəsilə göndərilmiş mesajlardan çıxarışlara gəlincə məhkəmə kollegiyası hesab edir ki, həmin sənədlərin məzmunu cavabdeh tərəfindən iddiaçıdan borc alınmasının etirafı kimi qəbul edilə bilməz. Belə ki, kreditlə bağlı ödəniş qəbzlərindən müvafiq məbləğlərin bank hesabına cavabdeh tərəfindən deyil, iddiaçının özü tərəfindən ödənildiyi müəyyən olunur. Bankomat çeklərindən də pulun bank hesabına kim tərəfindən ödənildiyi bilinmir və həmin pullar məhz iddiaçının bank hesabına ödənilmişdir. “WhatsApp” mesajları isə onları yazıb göndərənin və telefon sahiblərinin kimliyi bilinmədiyindən mötəbər sübut standartlarına cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə görə, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə (rədd etməkdə) haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı Cavabdehə borc verməsini, aralarında məhz borc müqaviləsinin bağlanmasını məhkəmədə sübut edə bilmədiyindən, yəni iddia tələbini təsdiq edən mümkün və mötəbər sübutlara malik olmadığından onun pul tələbinə dair iddiası əsaslı sayıla bilməz. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə qəbuledilməzdir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1328/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(025)-1328/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar