Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-377/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsəzadə Haqverdi Nəbi oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1388/2020 saylı qətnaməsindən iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 569.17 manat əsas, 1462.98 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx xxxx 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 84.88 manat borc olmaqla, cəmi 2117.03 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1388/2020 saylı qətnaməsi ilə iddiа qismən təmin edilmiş, Cavabdeh 569.17 manat əsas borc və 30 manat dövlət rüsumu tutulub LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı LPO İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Cavabdeh ilə bağlanmış kredit müqaviləsi üzrə borc məbləği prezidentin müvafiq fərmanının təsir dairəsinə düşdüyündən hesablanmış kompensasiya məbləği cavabdehin əsas kredit borcundan silinmişdir. Lakin cavabdeh sonradan əsas kredit borcunun bağlanması üçün heç bir ödəniş etməmiş, həmçinin əsas kredit borcunun restruktruzasiyası üçün də bugünədək banka müraciət etməmişdir. Göstərilənlərə əsasən Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1388/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1388/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Məhkəmə kollegiyasının iclasında iş materialları ilə müəyyən edilmişdir ki, “İddiaçı» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27% ödəmək şərtilə 768.96 manat məbləğində kredit verilmiş, müqavilənin şərtinə əsasən cavabdeh kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə banka ödəməli olmuşdur. Kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə kredit məbləğinin verilməsinə, cavabdeh tərəfindən borcun ödənilməsi müqavilə üzrə üzərinə götürülməsinə baxmayaraq o, müqavilə öhdəliklərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 6-cı bəndində göstərilmişdir ki, banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində göstərilmişdir ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Həmin Fərmanın 8.9-cu bəndində göstərilmişdir ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Maliyyə X1 fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası haqqında xx xxxx 2019-cu il tarixli qərarının ümumi müddəasına əsasən bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra-Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini ( qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin qaydaların 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin qaydaların 6.9-cu bəndinə əsasən kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Həmin qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslandırılmamışdır. Belə ki, İddiaçı LPO İddiaçı ASCilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüşdür. Yəni, Cavabdeh LPO İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə onun İddiaçı ASC-yə xx xxxx 2019-cu il tarixə 569.18 manat borcu qalmışdır. Lakin iddiaçı LPO İddiaçı ASCiddia ərizəsinin geri götürülməsi və cavabdehlə yeni müqavilənin bağlanma imkanlarını araşdırmadan işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Halbuki, digər banklarla yanaşı iddiaçı LPO İddiaçı ASC-yə də qeyd edilən Fərmanın 6-cı bəndinə əsasən banklara nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirləri görmələri, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmələri tövsiyə edilmişdir. Lakin, iddiaçı LPO İddiaçı ASC qeyd edilən Fərmanın 6-cı bəndində göstərilənlərə riayət etməsinə dair məhkəmə kollegiyasına hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanın tələbləri əsas götürülərək Cavabdeh İddiaçı ASCyə xx xxxx 2019-cu il tarixə yaranmış 569.18 manat borcu ilə bağlı onlar arasında yeni müqavilə bağlanmamış, yəni tərəflər arasında yeni müqavilə öhdəlikləri əmələ gəlməmişdir. Belə olduğu halda iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh 569.18 manatdan artıq məbləğdə, o cümlədən əlavə olaraq faiz və cərimə borcu tələb etməsi üçün hər hansı bir hüquqi əsası yaranmamışdır. Ona görə də kollegiya bu qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)- 1388/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(075)-1388/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-377/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-377/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver