Məhkəmə qərarları › İş №2(107)-378/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-378/2023

28.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-378/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, Cavabdeh1(eyni zamanda digər cavabdehlər Cavabdeh5 və Cavabdeh2 nümayəndəsi) iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işi üzrə Yevlax Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli, 2(039)-256/2020 saylı qətnaməsi ilə X1 və X2 miras qalmış, Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin ilkin və qarşılıqlı iddiaçılar tərəfindən qəbul edilmiş sayılması və həmin yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X6; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X3; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 paylarının müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(107)-329/2021 saylı qətnaməsi ilə Yevlax Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tаrixli, 2(039)- 256/2020 saylı qətnaməsi iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. 13 mart 2022-ci il tarixli miras payın bağışlanması müqaviləsi ilə hazırki iş üzrə iddiaçı Tağıyeva X5 Regional Asan Xidmət mərkəzində notariat ofisində verilmiş 13 mart 2022-ci il tarixli, 2V-298 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin ona çatası cəmi 1/3 hissə olan payını vərəsə sırasında olan və öz növbəsində 1/3 hissə payları olan övladları X9 və X7 bağışlamışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilir ki, Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsinin 8/80 hissəsinin üzərində İddiaçı (hazırki iş üzrə iddiaçı), 11/80 hissəsinin üzərində X6 (iddiaçının qızı), 11/80 hissəsinin üzərində X3 (iddiaçının qızı), 50/80 hissəsinin üzərində X10 mülkiyyət hüququ; Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 3/40 hissəsinin üzərində X6 (iddiaçının qızı), 3/40 hissəsinin üzərində X3 (iddiaçının qızı), 34/40 hissəsinin üzərində isə Cavabdeh1 (hazırki iş üzrə cavabdeh) mülkiyyət hüququ qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2016-cı il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli, 2(051)-4015/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair Cavabdeh1 etirazı təmin edilmiş və iş başqa birinci instansiya məhkəməsinə verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli, 2(107)-1774/2016 saylı qərardadı ilə Cavabdeh1 işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına verdiyi etirazı təmin edilmiş, İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli, 2(039)-5090/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə və üçüncü şəxs Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinə X8, X11 ilə birgə ümumi mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərardadın üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə kimi İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Yevlax Rayon Məhkəməsinin icraatında olan iddiası üzrə işin icraatı dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli, 2(039)-13/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(039)-13/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 2(039)-13/2020 saylı qərardadı ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(107)-2295/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2(039)-2092/2021 nömrəli qərardadı tam, Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)- 2092/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş; İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(039)-4/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə icraatın, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı mülki işin nəticəsinə dair yekun məhkəmə aktı təqdim edilənədək dayandırılması qərara alınmışdır. Yevlax Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(039)-4/2022 saylı qərardadı ilə İddiaçı 2(039)-4/2022 saylı mülki iş üzrə icraatın təzələnməsi barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 08 may 1999-cu il tarixdə X13 ilə nikaha girməklə evlənmişdir. Onların birgə evliliklərindən 23 fevral 2005-ci il təvəllüdlü Fidan, 29 mart 2006-cı il təvəllüdlü Türkan adı qızları olmuşdur. Sehrab Tağıyevlə ailə qurduqdan sonra o, Sehrab Tağıyevin qeydiyyatda olmaqla yaşadığı ünvan 1 evə gəlin köçmüşdür. Burada o, qayınanası Xatın Tağıyeva və əri Sehrab Tağıyevlə birlikdə təsərrüfat idarə etməklə yaşamışlar. Onlarla bərabər qeydiyyatda başqa ünvanda olan Sehrab Tağıyevin əvvəlki nikahdan olan oğlu Cavabdeh3 də yaşamışdır. Yaşadıqları ev qayınanası Xatın Tağıyevanın adına 2007-ci ildə sənədləşdirilmişdir. Ancaq torpaq sahəsi qayınanası və ərinin adına olmuşdur. Qayınanası 2008-ci ildə onun və Cavabdeh3 həmin evə qeydiyyata düşməsinə notarial qaydada razılıq ərizəsi vermişdir. Ancaq əri Sehrab Tağıyev dövlətdən mənzil və ya torpaq almaq məqsədi ilə onların oraya qeydiyyata düşmələrini münasib görməmişdir. 14 fevral 2015-ci il tarixdə qayınanası, 09 iyul 2015-ci il tarixdə əri Sehrab Tağıyev vəfat etmişlər. 1999-cü ildən bu günki günə qədər o, həmin evdə mübahisəsiz şəkildə yaşayır. Mənzildə kommunal xərcləri ödəyir. Cari təmir xərclərini aparır. Yaşadığı mənzil Xatın Tağıyevanın adına 2007-ci ildə vərəsəlik qaydasında sənədləşdirilmişdir. Övladlarının, yaşayış evindən nənələrindən vərəsəlik qaydasında mülkiyyət payı vardır. Ərinin isə torpaqda mülkiyyət payı vardır. Yevlax Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(039)-4/2022 nömrəli iş üzrə qəbul etdiyi 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim R.Əlizadə) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi işin müəyyən edilmiş hallarına əsaslanaraq belə qənaətə gəlmişdir ki, İddiaçı mübahisəli evə mülkiyyət hüququ olmuşdur, lakin o, həmin evdə özünə məxsus payını övladlarına bağışlamışdır. Mülkiyyət hüququ sahiblik, sərəncam vermək və ondan istifadə etmək hüququdur. İddiaçı hazırda istifadə hüququnun tanınmasını tələb edir. Lakin şəxsin istifadə hüququndan da üstün olan mülkiyyət hüququ olsa da, həmin hüquqdan istifadə edərək, evdə olan payını (mülkiyyət hüququnu) bağışlamışdır. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2, 152.1, 666.1, 666.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Mən ünvan 2 evə 1999-cu ildə gəlin köçdüyümdən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək həmin mənzilə istifadə hüququmun müəyyən olunması barədə iddia qaldırmışam. Məhkəmə isə mənim istinad etdiyim maddi normaya hansı səbəbdən istinad etmədiyi barədə əsaslandırma aparmadan hesab etmişdir ki, mən öz cüzi mülkiyyət payımı bağışladığımdan mənim iddia tələbim təmin oluna bilməz. Halbuki, yuxarı instansiya məhkəməsinin də mövqeyi bundan ibarət olmuşdur ki, mənim həmin evə mülkiyyət payım 1/20 hissə ilə bağlı olduğundan qalan hissə ilə bağlı məsələ açıq qalmışdır. Bundan əlavə olaraq, yaşayış evinin mülkiyyətçisi və iddia tələbim üzrə Cavabdeh1 hüquqi varisi olduğu, yəni əsl cavabdeh də mənim ünvan 2 evə yaşayış yeri üzrə qeydiyyata düşməyimə dair notarial qaydada razılıq ərizəsi də vermişdir. Digər tərəfdən mənzilə 1999-cu ildən yaranan istifadə hüququmun 2021-ci ildə yaranan miras payı hüququ ilə eyniləşdirilməsi doğru deyildir. 1999-cu ildən yaranan hüquq münasibətləri ilə 2021-ci ilin hüquq münasibətləri fərqli olduğundan məhkəmənin bu şəkildə dəyərləndirmə aparması qanunsuzdur. Məhkəmə 1999-cu ildə yaranmış hüquq münasibəti üzrə mənim də iddiamın maddi əsası olan maddi norma üzrə deyil, sonradan qəbul edilmiş Mülki Məcəllənin normaları əsasında hüquqi dəyərləndirmə aparmaqda haqlı olmamışdır. Mən həmin mənzil üzərində olan 1/20 hissə mülkiyyət payımı qızlarıma bağışlamışam. Apellyasiya Məhkəməsinin qeyd etdiyi “Yəni, sözü gedən fərdi yaşayış evinin yerdə qalan hissəsi ilə bağlı məsələ açıq qalır” hissə ilə bağlı iddia tələbim üzrə məhkəmə heç bir qiymət verməmişdir. Mənim həmin mənzil üzərində olan, sonradan vərəsəliklə əlaqədar əldə etdiyim 1/20 hissə mülkiyyət payımın qızlarıma bağışlamağım əsası ilə 1999-cu ildə mənzildə ailə üzvü kimi yaşamaqla əldə etdiyim və mənzilin mülkiyyətçisi Xatın Tağıyevanın da qəbul edərək yəşayış yeri üzrə qeydiyyata düşməyimə razılıq verdiyi istifadə hüququmun tanınması tələbimin təmin edilməməsi əsassızdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, Rayon Məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1 (eyni zamanda digər cavabdehlər Cavabdeh5 və Cavabdeh2 nümayəndəsi) izahatında bildirmişdir ki, iddiaçı, istifadə hüququnun müəyyən edilməsini istədiyi ev onun mərhum anasından miras qalmışdır. Məhkəmə qətnaməsi ilə həmin evə və evin yerləşdiyi torpaq sahəsinə hazırki iş üzrə iddiaçının və onun qızlarının, eyni zamanda hazırki iş üzrə cavabdehlərin vərəsəlik payı müəyyən edilmişdir. Cavabdehlərdən Cavabdeh2 və Cavabdeh5 onun bacı və qardaşıdır. Cavabdeh4 və Cavabdeh3 isə mərhum qardaşı Sehrabın birinci nikahdan olan uşaqlarıdır. İddiaçı və onun qızları isə mərhum qardaşı Sehrabın ikinci ailəsi olmuşdur. Qeyd etdiyi kimi məhkəmə qətnaməsi ilə bütün vərəsələrin həm torpaq sahəsində, həm də mübahisələndirilən evdə vərəsə kimi payları müəyyən edilmişdir. İddiaçı mübahisəli ev üzrə özünə düşən payı qızlarına, digər cavabdehlər isə mənə bağışlamışdır. Hazırda həmin ev üzərində mənim 34/40 hissədə mülkiyyət hüququm dövlət qeydiyyatına alınmışdır. 6/40 hissə isə iddiaçının qızlarının mülkiyyətindədir. Evin yerləşdiyi torpaq sahəsi üzrə isə cavabdehlər öz paylarını anaları X12, yəni mərhum qardaşı Sehrabın birinci nikahdan olan arvadına bağışlamışlar. Sonuncunun 50/80 hissədə torpaq üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Torpaq sahəsinin qalan, yəni 30/80 hissəsi isə müvafiq olaraq iddiaçının və qızlarının mülkiyyətindədir. Rayon Məhkəməsi iddiaçının mübahisəli evə istifadə hüququnu müəyyən etməməklə haqlı olmuşdur. Apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı və cavabdehlər Cavabdeh4 və Cavabdeh3 məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və birinci instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsiin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur. İşdə olan sənədlərə və tərəflərin məhkəmələrə bildirdikləri məlumatlara əsasən məlum olur ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 məxsus olmuşdur. Xatın Tağıyevanın övladı X13 ilə hazırkı iş üzrə iddiaçı 08 may 1999-cu il tarixdə nikaha girərək ailə qurmuşlar. Onların bu nikahından Türkan və Fidan adlı iki övladları olmuşdur. 08 iyun 2008-ci il tarixdə Xatın Tağıyeva gəlini olan hazırkı iş üzrə iddiaçının və nəvəsi Cavabdeh3 mülkiyyətində olan mübahisəli evə qeydiyyata alınması barədə razılıq ərizəsi vermişdir. Mübahisəli evin əvvəlki mülkiyyətçisi Xatın Tağıyeva 14 fevral 2015-ci il tarixdə, hazırkı iş üzrə iddiaçının əri Sehrab Tağıyev isə 09 iyul 2015-ci il tarixdə vəfat etmişlər. Yevlax Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 02 sentyabr 2020-ci il tarixli 2(039)-256/2020 saylı qətnaməsi ilə Xatın Tağıyeva və Sehrab Tağıyevdən miras qalmış, Mingəçevir şəhəri Ərəş küçəsi 44 ünvanında yerləşən 0.084 hektar torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 100.4 m2 olan fərdi yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh2; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh1; yaşayış evinin 5/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh5; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X6; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə X3; yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh4 və yaşayış evinin 1/20 hissəsinə, torpaq sahəsinin 1/8 hissəsinə Cavabdeh3 payları müəyyən edilməsi qət edilmişdir. 13 mart 2022-ci il tarixli mirası payın bağışlanması müqaviləsinə əsasən hazırkı iş üzrə iddiaçı 13 mart 2022-ci il tarixli 2V-298 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisəli evin ona çatası cəmi 1/3 hissə olan payını vərəsə sırasında olan və öz növbəsində 1/3 hissə payları olan övladları Fidan və Türkana bağışlamışdır. Göründüyü kimi, iddiaçı 1999-cu ildə mərhum Sehrab Tağıyevin arvadı kimi mübahisəli evə gəlin köçməklə və evin əvvəlki mülkiyyətçisi Xatın Tağıyeva ilə birgə təsərrüfat aparmaqla həmin yaşayış sahəsinə istifadə hüququ əldə etmişdir. 2020-ci il tarixdə iddiaçı vərəsəlik qaydasında mübahisəli evin 1/3 hissəsinə mülkiyyət hüququ əldə etmiş, daha sonra isə həmin payı övladları Fidan və Türkana bağışlamışdır. Məhkəmə bildirir ki, mülkiyyət hüququ - sahiblik, istifadə və sərəncam vermək hüquqlarının məcmusudur. İddiaçı mübahisəli evin ona məxsus 1/3 hissədə olan payını övladlarına bağışlamaqla, evə olan bütün hüquqlarını, o cümlədən də istifadə hüququnu itirmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “yaşayış sahəsinə istifadə hüququnun müəyyən edilməsi barədə iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas yoxdur. Məhkəmə, iddiaçının apеlyasiya şikayətində sadaladığı dəlillərini işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, Rayon Məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də Məhkəmə bеlə qənaətə gəlir ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, qətnamə dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Yevlax Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 20 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar