Məhkəmə qərarları › İş №2(107)-382/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-382/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-382/2024 20.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı oğlunun, Cavabdeh - Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)-120/2023 saylı qətnаməsindən cavabdehin vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” İXP ******* nömrəli, 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, “Opel Astra” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

2. İş materiallarında olan TP 516944 nömrəli, 03 avqust 2022-ci il tarixli İnzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar mübahisələndirilməmiş, halhazırda qüvvədədir.

3. İş materiallarında olan Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan, “Volkswagen Polo” markalı, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12299 manat təşkil edir.

4. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosu tərəfindən verilmiş 07 oktyabr 2022-ci il tarixli, 141 nömrəli arayışdan görünür ki, İddiaçı Vəkil1 ilə bağladığı xx.xx.2022-ci il tarixli, 425 saylı hüquqi yardım göstərilməsi ilə bağlı müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 100 manat ödəniş etmişdir.

5. İş materiallarında olan AE N seriyalı, 011661 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2006-cı ildə istehsal olunmuş “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r.

6. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli, ƏN-V 527207 seriya nömrəli Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, etibar edən X5 buraxılış ili 2006-cı il olan “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili X4 etibarnamə ilə vermişdir.

7. İş materiallarında olan "xxxx" MMC tərəfindən 15 fevral 2023-cü il tarixdə verilmiş, ƏEM/F04-044/23 saylı mütəxəssis rəyindən görünür ki, buraxılış ili 2015-ci il olan, boz rəngli, “Volkswagen Polo” markal, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissələrinin təmiri üçün alınacaq ehtiyat hissələrinin və usta xərcinin dəyəri 11.334 manat təşkil edir.

8. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Volkswagen Polo” markalı, K302C0777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10160 manat müəyyən edilir.

II. Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı “əmlaka vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh əməli nəticəsində vurulmuş maddi ziyanın yəni, 7299 (yeddin min iki yüz doxsan doqquz) manatın, müqavilə əsasında vəkilə ödənilmiş 100 (bir yüz) manatın və dövlət rüsumu kimi ödənilmiş 94 nasxöd) dörd) manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Baş Zəyzid kəndində yaşayan xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh özünə məxsus olan “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yol nəqliyyat hadisəsi törədərək ona məxsus olan “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobili vuraraq ona məxsus olan avtomobilə maddi ziyan vurmuşdur. Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının V Tağım Yol patrul xidməti inspektoru X1 tərəfindən tərtib edilmiş yol hərəkəti qaydaları və yol hərəkəti təhlüksizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən inzibati xəta haqqında 03 avqust 2022-ci il tarixli İXP ******* nömrəli protokola əsasən Şəki rayonu Baş Zəyzid kəndində yaşayan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Belə ki, Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 238460 nömrəli akta əsasən buraxılışili 2015ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan “Volkwagen Polo” markalı K302CO777 rus qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 12299 manat təşkil etmişdir. Həmin yol nəqliyyat hadisəsi zamanı ona məxsus minik avtomobilinə 12.299 manat maddi ziyan dəymiş və sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, qalan 7299 manat maddi ziyan isə cavabdeh tərəfindən ona geri qaytarılmamışdır. Cavabdeh ona məxsus olan avtomobilə dəymiş ziyanın qalan hissəsini yəni 7299 manat maddi ziyanı ödəməkdən qərəzli olaraq yayındığı üçün məhkəməyə müraciət etmək məcburiyyət qarşısında qalmışdır.

11. Cavabdeh hazırkı iddiaya etirazından görünür ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Opel Astra” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Polis İdarəsinin Yol Paturul Xidməti Alayının V Tağım Yol patrul xidməti inispektoru X1 və “Azsığorta” şirkəti və ekspert tərəfindən hadisə yerinə baxış keçirilmişdir. Baş Dövlət Polis İdarəsinin Yol Paturul Xidməti Alayının V Tağım Yol paturul xidməti inispektoru X1 03 avqust 2022-ci il tarixli barəsində İXP ******* nömrəli protokola tərtib edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə edilmiş və cəriməni ödəmişdir. Hadisə yerində iştirak etmiş “Azsığorta” şirkəti və ekspert “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanlığı hesablamış və məlum olmuşdur ki, “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə 5000 (beş min) manat ziyanlıq dəymiş və sığorta şirkəti tərəfindən qarşılanmışdır. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcimi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan “Volkswagen Polo” K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan şişirdilmiş rəqəm yazaraq 12.299 (on iki min iki yüz doğsan doqquz) manat hesablamışdır. Hazırda 2015-ci il buraxılışlı olan, “Volkswagen Polo” minik avtomobilinin bu günkü reyal bazar qiyməti 13000 (on üç min) manat təşkil edir. Beləki bir sol qabaq qapı və krlonun əzilməsinə “Azsığorta” şirkəti və ekspert yerində baxış keçirərək canlı şəkildə gördükləri ziyanlığın 5000 (beş min) manat təşkil etdiyini görmüş və zərərkeçmişə ödəmişlər. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi əlavə olaraq 7299 (yeddi min iki yüz doxsan doqquz) manat dəymiş ziyanlıq aktını hardan çıxadıqları və yazmaları qaranlıq məqamın olmasını göstərir. “Volkswagen Polo” minik avtomobilini 12.299 (on iki min iki yüz doğsan doqquz) manata sıfırdan bütün detallarını təzələmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın fakt “Azsığorta” şirkəti və ekspert hadisə yerində dəymiş ziyanlığı canlı görməklə hesablayaraq qarşı tərəfə dəymiş 5000 (beş min) manatı ödəmişdir. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta.əsas tutaraq yenidən 7299 (yeddi min iki yüz doğsan doqquz) manat ziyan tələbi ilə məhkəmədə mülkü iddia qaldırmaqları əsasız olduğundan iddia rədd edilməlidir. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli aktı əsas tutaraq yenidən 7299 (yeddi min iki yüz doğsan doqquz) manat ziyan tələbi ilə iddiaçının məhkəmədə qaldırdığı iddia əsasız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

12. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı izahatında bildirmişdir ki, Cavabdeh ona məxsus olan K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərdən məhkəməyə qədər dövr ərzində heç bir ödəniş etməmişdir. Yalnız sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razıdır. Yenidən ekspertiza keçirilməsinə ehtiyac və zərurət yoxdur. Odur ki, iddia tələbinin rəyə uyğun təmin edilməsini məhkəmədən xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 izahat verərək bildirmişdir ki, iddiaçıya avtomobilə vurduğu zərərə görə “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmişdir. Həmin məbləğdə pulla avtomobili təmir etmək mümkündür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə razı deyil. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Şəki Rayon Məhkəməsinin (hakim Elşən Vəliyev) 12 oktyabr 2023-cü il tаrixli, e- 2(075)-120/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 5160 (beş min bir yüz altmış) manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 65 (altmış beş) manatı və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manatı tutularaq İddiaçı ödənilməsi, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi, məhkəmə xərci qismində iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülki hüquq pozuntusu təşkil etdiyindən bununla bağlı mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq olunmaqla mübahisə həll olunmalıdır.

16. Məhkəmə hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir. Lakin iddianın vurulmuş maddi zərərlə bağlı hissəsi ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 7299 (yeddin min iki yüz doxsan doqquz) manat manat məbləğ tələb etməsinə və Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan, “Volkswagen Polo” markal, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə 12299 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertiza zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 10160 manat müəyyən edilmişdir. Sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, vurulan ziyanın məbləği Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində müəyyən olunan həddə qiymətləndirilməli və ekspert rəyində müəyyən olunan həddə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

17. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5160 (beş min bir yüz altmış) manat əsas borc, hüquqi yardım üçün vəkilə ödənilmiş pulun 65 (altmış beş) manatı və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun 61 (altmış bir) manatı tutularaq İddiaçı ödənilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1, 1108.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

19. Cavabdehin vəkili Vəkil3 Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)-120/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

20. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmuş, şikayətdə əlavə olaraq göstərilmişdir ki, “Volkswagen Polo” minik avtomobilini 12.299 manata sıfırdan bütün detallarını təzələmək mümkündür. Faktiki olaraq “Azsığorta” şirkəti və ekspert hadisə yerində dəymiş ziyanlığı canlı görməklə hesablayaraq qarşı tərəfə dəymiş 5000 (beş min) manatı ödəmişdir. Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci tarixli 238460 nömrəli akta əsas tutaraq yenidən 7299 (yeddi min iki yüz doxsan doqquz) manat ziyan tələbi ilə məhkəmədə mülkü iddia qaldırmaqları əsasız olduğundan iddia rədd edilməli idi. Turbo.az saytına nəzər yetirəndə də aşkar görünür ki, iddiaçıya məxsus nəqliyyat vasitəsinin qiymətləri 13000-15000 azn arasında dəyişir. Göründüyü kimi məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Ona görə də Şəki Rayon Məhəkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)- 120/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

22. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e- 2(075)-120/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi.

26. Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır.

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

32. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

33. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.

34. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehin vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)-120/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

49. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 03 avqust 2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, İddiaçı məxsus “Volkswagen Polo” markalı, K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış və nəticədə İddiaçı məxsus “Volkswagen Polo” markalı, K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Yol nəqliyyat hadisəsi zamanı V Tağım YPX inspektoru, polis baş serjantı X1 tərəfindən “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” İXP ******* nömrəli, 03 avqust 2023-cü il tarixli protokolda “Opel Astra (Hibrid)” minik markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən 327.1 halına (hallarına) yol verildiyi və nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində (maddələrində) nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Cavabdeh dəymiş ziyanı ödəmədiyi üçün hazırki iddia ilə iddiaçı məhkəməyə müraciət etmişdir. İddiaçı ona məxsus olan “Volkswagen Polo” markalı, K302CO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə vurulan zərərdən məhkəməyə qədər sığorta hadisəsi kimi “Azsığorta” şirkəti tərəfindən 5000 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən bundan başqa məhkəməyə qədər olan dövr ərzində heç bir ödəniş edilməmişdir.

50. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun avtomobilinə dəymiş maddi zərərlə bağlı 7299 (yeddin min iki yüz doxsan doqquz) manat manat məbləğ tələb etməsinə və Haval Azərbaycan Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli, 238460 nömrəli akta əsasən buraxılış ili 2015-ci il olan, mühərrik həcmi 1.4, ban nömrəsi XWBZZZ61ZGG011391 olan, “Volkswagen Polo” markal, K302GO777 Rusiya dövlət qeydiyyat nişanlı avtomobilə 12299 manat zərər dəyməsi qeyd olunmasına baxmayaraq, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizazı zamanı iddiaçının avtomobilinə dəyən ziyan məbləği 10160 manat müəyyən edilmişdir. Sığorta hadisəsi kimi ona “Azsığorta” şirkəti tərəfindən 5000 manat ödəniş edilmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus avtomobilə vurulmuş ziyanla bağlı heç bir ödəniş edilməmişdir

51. Hazırkı mübahisənin predmetini məhz delikt, yəni yol hərəkəti qaydaları qaydalarının nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; zərər vuran şəxsin təqsirli olması. Belə ki, hüquqpozanın davranışının hüquqazidliyi mülki-hüquqi məsuliyyətin məcburi şərtidir. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

52. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

53. Mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir.

54. Yuxarıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, cavabdehin iddiaçıya qarşı delikt-mülki hüquq pozuntusu törətməsi işin mübahisəsiz halıdır. Eyni zamanda iddiaçının cavabdehə qarşı mövcud tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ da yaranmışdır. Bu baxımdan məhkəmə prosessual qənaət prinsipindən istifadə edərək həmin məsələlərlə bağlı hüquqi dəyərləndirmə aparılmasını lazım bilmir.

55. Apellyasiya şikayətinin başlıca dəlili hesablanmış ziyanın yüksək olması ilə bağlıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vurulmuş zərəri iş üzrə alınmış ekspert rəyinə əsasən müəyyənləşdirmişdir.

56. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

57. Məhkəmə kollegiyası 05 sentyabr 2023-cü il tarixli, 9/4757 nömrəli ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və həmin rəyi sübut növü kimi qəbul edir.

58. X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

60. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

61. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

62. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.

63. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

64. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

65. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)-120/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh vəkili Vəkil3 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tаrixli, e-2(075)-120/2023 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar