Məhkəmə qərarları › İş №2(107)-383/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-383/2021

23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-383/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin nümayəndəsi X5 və Cavabdeh2 ASC-nin vəkili X3 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-nə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 ASC tərəfindən verilmiş Apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-yə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərələ əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər Şöbəsi tərəfindən hər ay 190 manat olmaqla, xx xxxxxx 2019-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək 13 aylıq ödənilməmiş ödəncin birdəfəlik ödənilməsinə, bu ödəncin müəssisə tərəfindən hər ay ödənilməsini, o cümlədən ona vurulmuş maddi ziyana görə hər bir cavabdehdən 1000 manat, mənəvi zərər görə hər cavabdehdən 5000 manat zərərin əvəzinin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim R.Əlizadə) 2(039)-1784/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı hər ay ödəniləcək aylıq ödəncin xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2020-ci il tarixədək ödənilməyən hər ay 180 manat, xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxxxx 2020-ci il tarixədək ödənilməyən hər ay 190 manat hissəsi Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi, həmin ödəniş hər ay Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan Cavabdeh2 ASC Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax şəhəri 57 nömrəli SMD-də suvaqçı işləyərkən 1989-cu il tarixdə istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar istehsalat xəsarəti almışdır. Buna görə 57 saylı SMDdən hər ay müavinət alırdı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 29 oktyabr tarixli sərəncamı ilə işlədiyi 57 nömrəli X2 Cavabdeh2 ASC-nin balansına keçmişdir. O, istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqədar üstünə beton düşməsi nəticəsində müəssisədə aldığı xəsarətdən əlil olmuşdur. İşlədiyi müəssisə Cavabdeh2 ASC-nin balansına keçənədək 2003-cü ilədək bütün müavinətləri ödənilmişdir. Cavabdeh2 ASC-nin tərəfindən isə 2005-ci ildən xx xxxxxx 2019-cu ilədək müavinəti tam olaraq ödənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 314S xx xxxxxxx 2005-ci il tarixli sərəncamında 57 nömrəli X2 Cavabdeh2 ASC-nin balansına keçirilərkən təbii ki, müəssisənin borcları da Cavabdeh2 ASC-nin üzərinə qoyulmuşdur. O, 2019-cu ilin yanvar ayının 1-dək hər ay istehsalatda baş verən bədbəxt hadisə ilə əlaqdar Cavabdeh2 ASC-dən 138 manat ödənc alırdı. Ancaq 2019-cu ilin yanvar ayından etibarən həmin məbləğ ona verilməmişdir. Nəticədə yanvar-iyul ayları üçün 7 ay ərzində hər ay 138 manat olmaqla 966 manat məbləğ ona ödənməmişdir. O, dəfələrlə Cavabdeh2 ASC-yə müraciətlər etmiş, ona ödəniləcək məbləği tələb etmişdir. Lakın həmin məbləğ ona qaytarılmadığından, istehsalatda baş verən bədbəxt hadisənin qurbanları olaraq o aidiyyatı ödənci artıq 9-cu aya keçir ki, almır. Cavabdeh2 ASC-nin Yevlax rayonunda da idarəsi fəaliyyət göstərir. Bu müəssisə onun xəsarət aldığı 57 saylı SMD-nin hüquqi varisidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2005ci il tarixli 374S nömrəli sərəncamı ilə X9 57 nömrəli SMD Cavabdeh2 ASC-nin balansına verilmişdir. Bu səbəbdən də əmək zədəsinə görə veriləcək ödənc bu müəssisənin üzərinə qoyulmuşdur. Həmin məbləğ ona ödənilmədiyinidən hazırki iddia ərizəi ilə məhkəməyə mürciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətləri onunla əsaslandırmışdır ki, işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin və mülki qanunvericiliklə müəyyən edilmiş digər xərclərin əvəzinin işə götürən tərəfindən ödənilməsi halının baş verməsi, bu hüququn işçidə yaranması üçün işəgötürənin tam və ya qismən təqsirli olması mütləqdir. İş materiallarından da görünür ki, baş vermiş bədbəxt hadisədə işəgötürənin tam və ya qismən də olsa təqsiri hər hansı sənədlə sübuta yetirilmir. Normadan da göründüyü kimi təkcə istehsalatda bədbəxt hadisənin baş verməsi halının mövcudluğu heç də işəgötürən tərəfindən işçiyə dəymiş zərərin və digər xərclərin ödənilməsi vəzifəsini ehtiva etmir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 ASC-nin vəkili X6 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iş materiallarından da göründüyü kimi baş vermiş bədbəxt hadisədə işəgötürənin tam və ya qismən də olsa təqsiri hər hansı sənədlə sübuta yetirilmir. Göründüyü kimi təkcə istehsalatda bədbəxt hadisənin baş verməsi halının mövcudluğu heç də işəgötürən tərəfindən işçiyə dəymiş zərərin və digər xərclərin ödənilməsi vəzifəsini ehtiva etmir. Bundan əlavə iddiaçı tərəfindən məhkəməyə bədbəxt hadisənin baş verməsi ilə əlaqədar “İZ” aktı təqdim edilməyib. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin nümayəndəsi X7 bildirdi ki, ümumiyyətlə bu iddianın onlara heç bir aidiyyəti yoxdur. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, 1989-cu il tarixdə baş vermiş hadisə nəticəsindən xəsarət alsa da, cavabdeh təşkilat ona dəymiş ziyanı ödəmir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər : Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə Apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya Apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, Apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 32220166 saylı arayışından məlum olur ki, İddiaçı 2-ci qrup əlilliyinə görə 233.20 manat əmək pensiyası alır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Beləliklə, İddiaçı xəsarət alması ilə nəticələnmiş istehsalatda baş vermiş bədbəxt hadisədə işəgötürənin təqsirli olması, həmin hadisəyə görə işəgötürənin hüquqi məsuliyyətə cəlb olunması müəyyən edilməmişdir. Buna görə də, İddiaçı istehsalat xəsarəti nəticəsində sağlamlığının pozulmasına görə nə işəgötürən “Yevlax Kəndtikinti” 57 nömrəli X1, nə də həmin müəssisənin birləşdiyi Cavabdeh2 ASC-dən hər hansı ödənc tələb oluna bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarında istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində İddiaçı sağlamlığının pozulmasına görə ona işəgötürən tərəfindən müavinət ödənilməsi, həmin müavinətin kəsilməsi barədə heç bir sübut yoxdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(039)-1784/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinə və Cavabdeh2 ASC-nə qarşı “istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində şəxsə vurulmuş zərərlə əlaqədar ödəncin hər ay ödənilməsi, ödənilməmiş ödəncin birdəfəlik verilməsi və maddi və mənəvi ziyan” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar