Məhkəmə qərarları › İş №2(107)-387/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-387/2020

06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-387/2020 06.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) qarşı “pul tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)- 546/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)-546/2019 nömrəli qətnaməsi (hakim T.Qubadov) iddia qismən təmin edilmiş, cavabdehdən 1100 (bir min yüz) manat pul tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən borca görə 2750 manat, maddi ziyana görə 1500 manat, mənəvi ziyana görə 1500 manat, cəmi 5750 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Əhmədli qəsəbəsində 5 № li Peşə məktəbində müəllimə işləyir. Cavabdeh də həmin məktəbin “Turizm” bölməsində oxumuş, iş yoldaşı X1 müəlliməsi olmuş və Turalın yaxşı adam olduğunu ona demişdir. Beləliklə, Turalla tanışlığı yaranmışdır. Tural 2018-ci ildə turizmlə məşğul olmaq üçün şirkət açmaq istədiyini bildirmiş və ona şərik olmağını təklif etmişdir. Bu səbəbdən Tural ondan borc pul istəmişdir. Nəğd pulu olmadığından Kapital bankın Əhmədli filialından 1000 manat kredit götürüb Turala vermişdir. Bir müddət sonra Turala əlavə olaraq 700 manat borc vermişdir. Tural sonradan ona “Tur-Al-Travel” şirkəti açdığını demiş və şirkətin reklamı üçün ondan əlavə 700 manat pul istəmiş, cavabdehə inandığı üçün yenə də ona 700 manat pul vermişdir. Turalın təsis etdiyi şirkət üçün kirayələdiyi ofis Bakı şəhəri Səbail rayonu, İçərişəhər metrostansiyasmm yaxınlığında yerləşirdi. O, özü də “şirkət”in tanınması və böyüməsi üçün reklamlar etmiş, hətta turlarda bələdçi kimi fəaliyyət göstərmişdir. Bunun müqabilində heç bir gəlir əldə etməmişdir. İlk vaxtlar şirkətin fəaliyyətinin yeni olduğunu, fəaliyyətin əvvəllərində müəyyən çətinliklərin olduğunu nəzərə alaraq cavabdehə güzəştə getmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, iyun ayında məktəblilərin “Məzun günü”ndə Quba rayonuna tur təşkil etmişlər, Qubada Çənlibel gölü ərazisindəki istirahət mərkəzinə icazə verilməsi üçün 350 manat pul lazım olmuşdur. Tural bunu əvvəlcədən danışmadığı və razılaşdırmadığı üçün nəqliyyat xərcinə verilməli olan pulu ona vermişdir. Bu səbəbdən Bakı şəhərinə geri qayıtdıqda sürücüyə verməyə pulu olmamışdır. Ona görə də, o, özü “Gənclik Moll”dakı Kapital bankın bankomatlarmdan özünə məxsus “1 kartı”ndan pul çıxarıb 350 manat sürücüyə vermişdir. Beləliklə, Turalın ona 2750 manat borcu yaranmışdır. Sonradan bilmişdir ki, Turalın yaratdığı “Tur-Al-Travel” şirkətinin hüquqi şəxs olması barədə hər hansı bir sənədi yoxdur, sadəcə, o, özünə VÖEN açmışdır. Sonradan Turalın onun aldatdığım başa düşüb həmin fəaliyyətdən kənarlaşmışdır. Cavabdehin bu hərəkətlərindən stres keçirmiş, nəticədə ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instasniya məhkəməsinin iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Bakı şəhəri Əhmədli qəsəbəsində 5 № li Peşə məktəbində “Turizm” bölməsində oxumuşdur. İddiaçı həmin məktəbdə müəllimə işləmiş və oradan bir-birilərini tanımışlar. O, özünə VÖEN açdıraraq “Tur-Al-Travel” adlı turizm şirkəti yaratmışdır. İddiaçı bunu bildikdə onunla şərik olmaq istədiyini bildirmişdir. İddiaçı ilə bütün riskləri, əvvəl-əvvəl gəlir əldə etməyin mümkün olmamasını, buna görə ilk olaraq reklam olunmağın vacibliyini qabaqcadan müzakirə edərək birgə fəaliyyətə başlamışlar. Lakin bununla bağlı aralarında hər hansı bir müqavilə və ya yazılı razılaşma olmamışdır. Bütün razılaşmaları şifahi olmuşdur. Beləliklə, həmin şirkətin fəaliyyət göstərilməsinə görə hər ikisinin, həm iddiaçının, həm də özünün xərci çıxmışdır. Lakin, o, iddiaçıdan borc almamışdır. Aralarındakı münasibət borc münasibəti deyil, ortaqlıq münasibəti olmuşdur. İddiaçının çəkmiş olduğu xərclər şərik olaraq ortaq fəaliyyətə heç bir təminat verilmədən qoyulan xərclərdir. Şirkətin və onların ortaq fəaliyyəti cəmi üç ay olmuşdur. İddiaçı ilə aralarında hər hansı bir öhdəlik olmamışdır ki, ziyana düşdükləri təqdirdə iddiaçının ziyanını, o, ödəyəcəkdir. İddiaçı onunla şərikinə fəaliyyətə başlayarkən öz riski ilə hərəkət etmişdir. Ona görə də nəticəyə görə öz riski ilə də məsuliyyət daşımalıdır. İddiaçı özü də yaxşı bilir ki, bu fəaliyyət nəticəsində hər hansı bir qazanc olmamış, sonradan isə fəaliyyət tam dayanmışdır. Bununla belə, iddiaçının onun oxuduğu məktəbdə müəlimə işləməsini, gənc qadın olmasını və düşdüyü vəziyyəti nəzərə alaraq çəkmiş olduğu xərcin bir qismini bir kişi olaraq qarşılamağı özünə borc bilir. Ona görə də iddiaçıya borc olaraq deyil, yuxarıda qeyd edilən ortaq fəaliyyətlə bağlı iddiaçının çəkmiş olduğu xərcə görə 1100 manat pul ödəməyə razıdır. Qalan hissədə isə iddianın rədd edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnаmədən nаrаzı qаlаn iddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instasniya məhkəməsi qanunsuz və əsassız qətnamə qəbul etmiş, cavabdeh tərəf vədinə əməl etməmiş, onu aldatmış hər hansı bir turizm fəaliyyəti ilə bağlı olan şirkət yaratmamış, yalnız özü vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. O, kredit götürərək xx.xx.2018-ci ildə Bankdan götürdüyü 1000 manat məbləğində kredit məbləğini, 2018-ci ilin mart ayının 15-də ofisin icrarəsi üçün 700 manat, sonradan “Tur-AL Travel” şirkətinə şərik olmaq üçün 700 manat növbəti dəfə məktəblilərin məzun günündə Quba-Bakı turunda nəqliyyat xidməti göstərən avtobusun çatışmayan xərci olan 350 manat, ümumilkdə cavabdehə 2750 manat pul vermiş, cavabdeh hər hansı bir vədinə əməl etməmişdir. Sonradan isə aldadılğını görüb münasibətləri pisləşmiş və ödədiyi məbləğləri geri qaytarmağı tələb etmişdir. Birinci instansiya məhkəməsi isə cavabdehin mövqeyini müdafiə etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının tam təmin edilməsini xahiş etmişdir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə bildiriş verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı teleqram göndərərək onun iştirakı olmadan işə baxılmasını və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olamdan hazırkı işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21,23, 386 və 389-cu mаddəsinə istinad etmişdir. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edir ki, iddiaçı Bakı şəhərində yerləşən “Turizm” kollecində müəllim işləmiş, cavabdeh isə həmin təhsil müəssisəsində təhsil almışdır. Tərəflər arasında turizm fəaliyyəti göstərən şirkət yaratmaq və gəlir əldə etmək üçün ilkin razılıqları olmuş, lakin tərəflər arasında bu fəaliyyətin hansı şərtlərlə həyata keçirilməsi, kim tərəfindən pul vəsaitinin qoyulması, əldə ediləcək gəlirin bölüşdürülməsi və ya ziyanın qarşılanması ilə bağlı konkret razılığın olmasını müəyyən etmək mümkün deyildir. Cavabdeh tərəfindən yaradılmış şirkətlə bağlı və ya VÖEN-i ilə bağlı aidiyyəti sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh öz riskləri ilə bu işə başladıqlarını qeyd etsə də, tərəflərin bu işdə necə iştirak etməsi, konkret olaraq cavabdeh tərəfindən hansı vəsaitin qoyulması, bu fəaliyyətdə necə iştirak etməsi məlum deyil, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddianı qismən qəbul edərək iddiaçının kredit götürdüyü 1100 manat məbləğində vəsaiti ödəməyə razı olduğunu bildirmişdir. İddiaçı isə 2750 manat məbləğində vəsaiti cavabdehə verdiyini, sonradan cavabdeh tərəfindən vədinə əməl etmədiyini, yəni turizm şirkəti yaratmadığını, müqavilə bağlamadığını, eyni zamanda cavabdehin də hər hansı bir iş görmədiyini və fəaliyyətin olmadığını görmüş və nəticədə bu işdə yalnız onun zərərə düşdüyünü görmüş və cavabdehə verdiyi pulları tələb etmişdir. Məhkəmə kollegiyası tərəflərin müəyyən bir ortaqlıq fəaliyyəti ilə məşğul olmaq üçün ilkin razılıqları olsa da, tərəflərin həmin ortaqlıqda hansı formada iştirakı, konkret olaraq cavabdehin həmin ortaq fəaliyyətdə iştirakı müəyyən edilməmiş, həmçinin turizm fəaliyyəti ilə məşğul ola biləcək şirkətin yaradılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan qeyd edilən halların müəyyən edilməməsi, tərəflərin qanuni turizm fəaliyyəti ilə bağlı hər hansı bir qanuni fəaliyyəti olmadığından, bu fakt sübut olmadığından məhkəmə kollegiyası tərəflər arasında mülki hüquqi müqavilədən əmələ gələn mübahisə olaraq qiymətləndirə bilmir. Tərəflər bu hallarla bağlı məhkəmə kollegiyasının iclasında iştirak etməklə hər hansı bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə kollegiyası müəyyən edir ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında ərizə yazaraq iddiaçının kredit borcu olan 1100 manat məbləğində vəsaiti ödəməyə razı olduğunu bildirmişdir. Bundan əlavə işdə olan (iş materialları 8 vərəq) Unibank ASC-yə məxsus e-Manat pul ödəniş aparatından verilmiş xx.xx.2018-ci il tarixli 283379, 283377 nömrəli, xx.xx.2018-ci il tarixli 317973 nömrəli qəbzlərdən görünür ki, Cavabdeh bank hesabına ümumilikdə 732 manat məbləğində vəsait ödənilmişdir. Qeyd edilən aparatlarda müvafiq əməliyyat zamanı həmin qəbzlərin əməliyyatı aparan şəxsə təqdim edilməsini, həmçinin həmin qəbzlərin müddət keçdikdən sonra üzərindəki yazıların pozulması faktını nəzərə alaraq həmin qəbzlərin surətini sübut olaraq qəbul edilməsi qanuni hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edilən vəsaitin də cavabdehdən tutulmasını qanuni əsaslı hesab edir. Ona görə ki, tərəflər arasında qanunun tələbinə uyğun razılaşmanın olması müəyyən edilməməklə cavabdehin həmin razılaşmanın həyata keçirilməsində iştirakı müəyyən olmadığından, həmin razılaşmanın baş tutmasından qəsdən və ya digər məqsədlə yayınması faktı ortada olmadığından cavabdeh bununla bağlı hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə kollegiyası 732 manat məbləğində vəsaitin də cavabdeh tərəfindən əsassız varlanma olaraq əldə etməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2018- ci il tarixli qərarında göstərilmişdir ki, “mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə ümumilkdə cavabdehin etiraf etdiyi 1100 manat kredit götürülən vəsait və 732 manat bilavasitə cavabdehin bank hesabına vəsaitin köçürülməsi təsdiq edilir, lakin qeyd edilən məbləğlər istisna olmaqla qalan hissədə iddiaçının cavabdehə pul vəsaiti verməsi təsdiq edilmir. Bundan əlavə iddiaçı maddi ziyana görə 1500 manat və mənəvi ziyana görə 1500 manat, cəmi 3000 manat məbləğində vəsait tələb edir. İddia tələbinin maddi və mənəvi ziyan tələbi ilə bağlı hissəsi ilə bağlı qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının, etirazın əsaslarını sübut etmək isə cavabdeh tərəfin üzərinə düşdüyündən, iddiaçı ona maddi ziyanın vurulduğunu sübut etməlidir. İddiaçı ona maddi ziyan vurulmasını təsdiq edən sənədlər məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli Qərarında qeyd edilir ki, "Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarın 10-cu bəndində göstərilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri, habelə işin diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə kollegiyası da hesab edir ki, birinci instansiya məhkəməsi maddi və mənəvi ziyan tələbinə aid hissədə iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməklə həmin hissədə iddia tələb olunan 2750 manat məbləğə münasibətdə 1100 manat və əlavə 732 manat olmaqla 1832 manat hissədə təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(035)-546/2019 nömrəli qətnaməsi qismən-Cavabdeh 1100 (bir min yüz) manat pul tutulması hissəsində ləğv edilərək, tutulmalı olan məbləğ 1832 (bir min səkkiz yüz otuz iki) manat müəyyən edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar