Məhkəmə qərarları › İş №2(107)-387/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-387/2024

27.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-387/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selin adlı övladları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-947/2017 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Lakin həmin məbləğ uşağın saxlanması üçün kifayət etmir və uşaqları saxlamaqda maddi çətinlik çəkir. Bu da uşağın normal inkişafına və problemlərinin həllinə maneçilik törədəir. Ona görə də iddiaçı məhkəmədən aliment miqdarının dəyişdirilərək cavabdehdən hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat;

3. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o ikinci dəfə ailə qurmuşdur, azyaşlı uşaqları var, iddiaçının tələb etdiyi məbləğ çoxdur və həmin məbləği ödəməyə imkanı çatmır. Ona görə də iddia tələbinin qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-947/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selinın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəsinə aldığı vaxdan hesablanması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər xx.xx.2016-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selin adlı övladları doğulmuşdur. Sonradan nikahları məhkəmə qaydasında pozulmuş və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-947/2017 nömrəli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selinın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik olmuşdur və iddiaçının maddi cəhətdən çətinlikləri yaranmışdır. Ona görə də iddiaçı alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsini məhkəmədən xahiş edir. Lakin iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin hər uşaq üçün 220 manat məbləğində tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab etmişdir ki, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir.

9. Məhkəmə hesab etmişdir ki, İddiaçı öz iddia tələbinin əsasları olan faktiki halları qismən sübuta yetirmişdir. Belə ki o, məhkəməyə cavabdehin qazancı və digər gəlirləri barədə mötəbər sübutlar təqdim etməmişdir.

10. Məhkəmə hesab edir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat müəyyən edilməsi ədaləti və məqsədə müvafiqdir.

11. Beləliklə, məhkəmə işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə, “Uşaq Hüquqları” haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.2, 112-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a)Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2388/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun və azyaşlı uşaqlarının maddi vəziyyətini çətin maddi duruma qoymuşdur. 2024-cü ildə isə yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Ona görə Mingəçevir Şəhər Məhkəməsinin ədalətsiz qətnaməsi ilə razı deyildir.

15. Lakin cavabdeh hər ay hər uşağa 120 manat göndərməklə valideynlik hüququnu tam yerinə yetirdiyini zənn edir. Ona görədə məhkəmə cavabdehin maddi vəziyyətinin çətin olması barədə verdiyi ifadələri deyil, azyaşlı uşaqların bugünkü tələbatlarını nəzərə almalı idi.

16. Hazırda azyaşlı uşaqları böyüyürlər, onların xərcləri artıb, o onların aylıq xərclərini ödəmək qabiliyyətində deyildir. Buna görə də azyaşlı 2 (iki) uşaqlarının saxlanmaları üçün cavabdehdən hər uşağa 220 manat sabit pul məbləğində alimentin tutulması məqsədə müvafiqdir

17. Məhkəmə qətnamənin təsviri hissəsində qeyd etmişdir ki, iddiaçı cavabdehin qazancının və digər gəlirlərinin hər bir uşaq üçün 220 manat məbləğinin tutulacağı həcmdə olmasını tam sübuta yetirə bilmədiyi üçün iddia qismən təmin edilməlidir. Apellyator şikayətində bildirir ki, əgər cavabdehin qazancını və digər gəlirlərini o sübuta yetirəcəksə onda məhkəməyə niyə müraciət edirdi ki? Bunun üçün məhkəmənun qanunla müəyyən olunmuş qaydada səlahiyyətləri vardır ki, cavabdehin qazancı və digər gəlirləri barədə tədbirlər görsün. Lakin məhkəmə cavabdehin ifadələrinəistinadən onun ailə vəziyyətini nəzərə alıb. Onun iddiasını qismən təmin etmişdir. Bu da uşaqların ehtiyaclarını faktiki olaraq ödəmir.

18. O heç bir yerdə işləmir. valideynlərinin himayəsi ilə dolanır, 5 ildən artıqdır ki, cavabdehlə ayrı-ayrı şəhərlərdə yaşayırlar. Onun harasa və ya hansı satəşkilata gedib cavabdehin barəsində, qazancının və ya digər gəlirlərinin olmasını müəyyən etmək iqtidarında deyildir, nə də yeni sübutların toplanılıb məhkəməyə təqdim etməyə maddi imkanı da yoxdur.

19. Ailə və maddi vəziyyəti çox çətindir, özü işləmir. Məhkəmə tərəfindən müəyyən edilmiş hər uşağa 150 manat uşaqların ehtiyaclarını ödəmir, uşaqların hər ikisi məktəblidirlər.

20. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)- 2388/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, hər uşağa hər ayda 220 manat aliment məbləğinin müəyyən edilməsini, yeni ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini, iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında özünün hazırda fərdi qaydada reklam fəaliyyəti ilə məşğul olmaqla aylıq əmək haqqısının 400 manat təşkil etdiyini göstərmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında özünün hazırda "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyərək tutulmalar aparıldıqdan sonra aylıq 600 manat, X8 İstismarı İdarəsində isə mühəndis vəzifəsində işləyərək aylıq 497 manat əmək haqqı aldığını, iddiaçı ilə aralarındakı ailə münasibətlərinə xitam verilməsindən sonra isə yenidən ailə qurduğunu və yeni ailəlikdən də himayəsində iki azyaşlı uşağının olduğunu göstərmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-ci bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-cı maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

26. BMT-nin 20 noyabr 1989-cu il tarixli «Uşaq hüquqları haqqında» Konvensiyasının; 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan bütün şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 18-ci maddəsinin 1-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin ediliməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır.

27. BMT-nin «Uşaq Hüquqları Bəyannaməsi»nin; 2 saylı prinsipinə əsasən uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalarından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, eləcə də anası, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Uşağın lazımi qidalanma, mənzil, əyləncə və tibbi xidmət hüququ olmalıdır.

28. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun; 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosail, hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarına əsasən nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın birinci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi”). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum olanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Kollegiya qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin yekununda qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsini iddianın təmin edilməmiş hissəsində mübahisələndirirmişdir.

35. Buna görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissələrdə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

37. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selin adlı uşaqları İddiaçı himayəsindədirlər. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-947/2017 nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü Emil və xx.xx.2012-ci il təvəllüdlü Selinın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 120 manat olmaqla, sabit pul məbləğində cəmi 240 manat alimentin tutulub İddiaçı ödənilməsi qət edilmişdir. Bundan başqa Cavabdeh yenidən nikaha daxil olmuş və onun yeni ailəlikdən də himayəsində 05 fevral 2017-ci il və 21 dekabr 2018-ci il təvəllüdlü iki uşağı vardır.

38. Həmçinin məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı fərdi qaydada reklam işləri ilə məşğul olmaqla aylıq qazancı 400 manat, cavabdeh isə "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyərək aylıq əmək haqqısı 800 manat, bundan başqa cavabdeh X8 İstismarı İdarəsində mühəndis vəzifəsində işləyərək aylıq əmək haqqısı 497 manat təşkil edir. Lakin iddiaçı tərəfindən alimentin cavabdehin qazancının müəyyən hissəsində tutulması şəklində iddia tələbi irəli sürülməmişdir.

39. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

40. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını nəzərə alır. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsasdır. Lakin bu zaman hər iki tərəfin işləməklə məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş qazanca malik olmaları, həmçinin cavabdehin himayəsində yeni ailəlikdən olan iki uşağının da olması nəzərə alınmalıdır.

42. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsi dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(051)-2388/2023 nömrəli qətnaməsi dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, sabit pul məbləğində cəmi 360 manat aliment tutularaq İddiaçı verilsin. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar