Məhkəmə qərarları › İş №2(107)-391/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-391/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-391/2024 27.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsindən İddiaçı BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada 781 manat əsas borcun, 1082,79 manat faiz borcunun, cəmi 1863,79 manat borc məbləğinin və ödənilmiş 38,63 manat dövlət rüsumunun tutularaq, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Ağdaş rayonu, Qobu Üstü kənd sakini Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 55 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 15%-lə heyvandarlığın inkişafı məqsədilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə fiziki şəxslər Cavabdeh3 və Cavabdeh2 arasında 18 iyul 2014-cü il tarixli 109z və 110z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Əsədov X6 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu 3219 manat əsas borcdan, 1259 manat isə faiz borcundan ödəmişdir. Bununla da cavabdeh kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 781 manat, faiz borcu 1082,79 manat, cəmi borcu 1863,79 (min səkkiz yüz altmış üç manat, yetmiş doqquz qəpik) manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1 və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş pretenziya və xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra edərək kredit müqaviləsi üzrə verməli olduğu kredit məbləğini Cavabdeh1 vermişdir. Amma Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir. Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmiş və bu günə kimi borcunu ödəməmişdir. Cavabdeh1 öz öhdəliyini icra etməməsi nəticəsində İddiaçı QSC BOKT-a zərər vurmuşdur. Bu isə həm Cavabdeh1, həm də zaminin Kredit Təşkilatı qarşısında müvafiq məsuliyyətinin yaranmasına əsas verir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 781,10 manat əsas borc, 1082,79 manat faiz borcu olmaqla, cəmi borcu 1863,79 (min səkkiz yüz altmış üç manat, yetmiş doqquz qəpik) manat borcun və ödənilmiş 38,63 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ünvanlayaraq kredit müqaviləsi üzrə əsas borclu olduğunu və həmin kredit müqaviləsinin 18 iyul 2014-cü il tarixdə 24 ay müddətinə bağlandığından müqavilə üzrə iddia müddətinin buraxıldığını bildirərək iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər.

6. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsi (hakim C.Sultanov) ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsində müəyyən etmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 55 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 15%-lə heyvandarlığın inkişafı məqsədilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə fiziki şəxslər Cavabdeh3 və Cavabdeh2 arasında 18 iyul 2014-cü il tarixli 109z və 110z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zamin borclu Əsədov X6 qarşısında öhdəliklərini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öhdəliklərinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 781 manat, faiz borcu 1082,79 manat, cəmi borcu 1863,79 (min səkkiz yüz altmış üç manat, yetmiş doqquz qəpik) manat təşkil edir. Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 55 saylı kredit müqaviləsinin müddəti 18 iyul 2016-cı il tarixdə başa çatmışdır. Cavabdeh1 isə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə həmin müqavilə üzrə ödəniş etmişdir. İddiaçı isə həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı tələblə 30 avqust 2023-cü il tarixində məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm əsas öhdəlik üzrə iddia müddəti buraxıldığından, həm də zaminliyə xitam verildiyindən zaminlər bank qarşısında heç bir məsuliyyət daşımırlar.

11. Həmçinin Zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə 18 iyul 2016-cı ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından məhkəməyə müraciət olunan vaxtadək artıq 7 ildən çox müddət keçmiş və zaminliyə xitam verilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiasının qanunla müəyyən olunmuş müddəti buraxıldığından təmin edilməməlidir.

13. Belə olan halda məhkəmə hesab etmişdir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367, 372.1, 372.2, 373.2, 375, 385.1, 442, 443.1, 448.1, 449.1, 462.1, 467, 472.1, 472.2, 477.0.4, 739, 739.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 119.1, 217.3, 217.4-ci maddəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan İddiaçı BOKT QSC apellyasiya şikayəti vermişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəinki pozmuş, faktiki olaraq cavabdeh tərəfindən iddia tələbinin olmadığı və əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmadığı halda kredit müqaviləsinin qaydalarına qiymət verməmiş, son nəticədə qeyri-obyektiv bir qətnamə qəbul etmişdir.

17. Göründüyü kimi cavabdeh iddia müddətinn tətbiqi barədə ərizə verməklə öhdəliyn icrasından birtərəfli qaydadaimtina etmşdir ki, işə baxmış məhkəmə də bunu qəbul etməklə, həmin maddənin tələblərinin cavabdeh tərəfindən pozulmasına rəvac vermişdir.

18. Birinci instansiya məhkəməsi zamin Cavabdeh2 iddia müddətinin tətbiqi barəsindəki ərizəni zaminə münasibətlərə tətbiq etməli olduğu halda, əsassız olaraq bu ərizəni əsas borcluya da tətbiq etmişdir ki, bu da qanunsuzdur. Zamin kredit müqaviləsində tərəf deyil və kredit müqaviləsi üzrə iddia müddətinin tətbiqi barədə ərziənin verilməsi onun səlahiyyətinə aid deyildi. O, zaminlik müqaviləsi üzrə tərəf olduğu üçün, həmin müqavilə ilə bağlı iddia müddətinin təbiq barədə ərizə verməyə haqlı idi. Birinci instansiya məhkəməsi də onun ərizəsini nəzərə alıb, zaminliyə xitam verilməsi əsası ilə ona və digər zaminə münasibətdə iddianı rədd edə bilərdi. Buradan da göründüyü kimi məhkəmə maddi hüquq normalarını pozmuşdur.

19. Birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulması onda əks olunmuşdur ki, məhkəmə tərəflərə eyni cür yanaşmamış, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, eləcə də, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmişdir.

20. Cavabdehlərdən heç biri məhkəmə iclasında iştirak etməmişlər. Borclunun zamini Cavabdeh2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərmişdir. Əsas kredit müqaviləsi üzrə borclu məhkəmə iclasına gəlməmiş və iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iddia müddətini zaminlərə münasibətdə tətbiq etməli olduğu halda, əsas borcluya da tətbiq etmişdir ki, bununla da qanunsuz bir qətnamənin çıxarılmasına nail olmuşdur. Qeyd olunmalıdır ki, sözü gedən ərizə elektron məhkəmə portalına yüklənməmişdir.

21. Göründüyü kimi o, qanuni və əsaslı deyildir Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Lakin qətnamədən göründüyü kimi o yalnız cavabdeh tərəfin maraqları nəzərə alınmışdır.

22. Odur ki, Ağdaş rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2(014)- 1465/2023 nömrəli qətnaməsini ləğv ediməsini və İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı BOKT QSC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehlərdən Cavabdeh1 məhkəməyə göndərdiyi ərizəsində təyin olunmuş məhkəmə iclasında maddi vəziyyəti ilə əlaqədar iştirak edə bilməyəciyini göstərmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, Ağdaş Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etsə də digər cavabdehlər gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”

Apellyasiya baxışının hədləri

30. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

32. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.

33. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 55 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 15%-lə heyvandarlığın inkişafı məqsədilə 4000 (dörd min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı ilə fiziki şəxslər Cavabdeh3 və Cavabdeh2 arasında 18 iyul 2014-cü il tarixli 109z və 110z saylı zaminlik müqavilələri bağlanmışdır. Bağlanmış zaminlik müqavilələrin şərtlərinə görə zaminlər borclu Cavabdeh1 iddiaçı Təşkilat qarşısında öhdəlikləri yerinə yetirilənədək birlikdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 781 manat, faiz borcu 1082,79 manat, cəmi borcu 1863,79 manat təşkil edir. Cavabdeh1 ilə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Ucar filialı arasında bağlanmış 18 iyul 2014-cü il tarixli 55 saylı kredit müqaviləsinin müddəti 18 iyul 2016-cı il tarixdə başa çatmışdır. Cavabdeh1 isə sonuncu dəfə xx.xx.2019-cu il tarixdə həmin müqavilə üzrə ödəniş etmişdir. İddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı 30 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 isə mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən, yəni 30 oktyabr 2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddianın 3 illik iddia müddəti tətbiq edilməklə rədd edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi əsası ilə iddianı təmin etməkdən imtina etməklə mülki qanunvericiliyin normalarını pozması, əqdin iştirakçıları arasında bu barədə hər hansı mübahisənin olmaması, birinci instansiya məhkəməsinin zamin Cavabdeh2 iddia müddətinin tətbiqi barəsindəki ərizəni zaminlə münasibətlərə tətbiq etməli olduğu halda, əsassız olaraq bu ərizəni əsas borcluya da tətbiq etməsinin qanunsuz olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, tərəflərin arasında yaranan münasibətlər borcla bağlı öhdəlik münasibətləridir və birinci instansiya məhkəməsi işin hallarını araşdıraraq cavabdehin iddiaçı ilə borc razılaşması üzrə öhdəliyini icra etmədiyini müəyyən etmiş, lakin iddia müddəti keçdiyinə görə iddianı təmin etməmişdir.

39. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

40. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-cimaddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.

41. Belə müqavilələrdən birini Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

42. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

43. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).

44. Məhkəmə kollegiyası işin hallarını bu baxımdan araşdıraraq qeyd etdir ki, tərəflər arasında kredit müqaviləsi 18 iyul 2014-cü il tarixdə 24 ay müddətinə bağlanmış, cavabdeh Xəyal Məmmədov sonuncu dəfə həmin müqavilə üzrə 31 yanvar 2019-cu il tarixdə 30 manat ödəniş etmiş, iddiaçı isə 25 avqust 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, 24 ay müddətinə bağlanmış 18 iyul 2014-cü il tarixli kredit müqaviləsinin icrası müddətindən, yəni 18 iyul 2016-cı il tarixdən sonra iddia müddətinin axımı31 yanvar 2019-cu il tarixdə kəsilmiş, 31 yanvar 2019-cu il tarixdən iddianın məhkəməyə təqdim edildiyi 25 avqust 2023-cü il tarixədək isə 3 illik iddia müddəti artıq keçmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin zamin Cavabdeh2 iddia müddətinin tətbiqi barəsindəki ərizəsinin zaminlə münasibətlərə tətbiq etməli olmasına dair dəlili ilə bağlı əlavə olaraq qeyd edir ki, işdə olan (İ.V.56) Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsindən görünür ki, o, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiasının 3 illik iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin iş materiallarında Cavabdeh2 hazırkı iddia tələbi üzrə iddia müddətinin tətbiqinə dair hər hansı bir ərizəsi mövcud deyildir.

46. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə iddia müddətinin tətbiqi barədə ərizənin Cavabdeh2 tərəfindən təqdim edilməsi barədə qətnamədəki mövqeyini texniki yanlışlıq kimi qiymətləndirir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

48. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-1465/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar