Məhkəmə qərarları › İş №2(107)-396/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-396/2020

07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-396/2020 07.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1023/2019 saylı qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyətə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 1710,02 manat əsas, 415,44 manat faiz, 261,12 manat Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan borc, 1235,21 manat cərimə məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-1023/2019 saylı qərardadı ilə (hakim Rəfayel Şirinov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-1023/2019 saylı qərardadından şikayət vermişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-1023/2019 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)- 1023/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı mülki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə fərmanın təsiri altına düşür. Qeyd olunan fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda, banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən borc məbləğinə Fərmanda nəzərdə tutulan güzəştlərin tətbiq olunacağı təqdirdə borcun məbləğinin dəyişməsi (azalması) istisnasızdır ki, bu da həmin iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasdır. Məhz bu məntiqdən çıxış edərək Fərmanın 6.2. bəndində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 8.10. bəndində deyilir ki, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Fərmanın qanuni qüvvəsini almasından 5 aydan çox vaxt keçməsinə baxmayaraq iddiaçı bank tərəfindən qeyd olunan prosessual hərəkətlərlə bağlı birinci instansiya məhkəməsinə məlumat daxil olmamışdır. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermişdir, onda, fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Fərmanda nəzərdə tutulan güzəştlərin məhkəmə baxışı zamanı tətbiq olunması istisnadır. Çünki Fərmanda nəzərdə tutulan bəzi güzəştlərin tətbiqi tərəflərin müqavilə azadlığı hüququnu qoruyur. Beləki, borclu şəxslərlə yeni müqavilə bağlanması təklifi tərəflərin qarşılıqlı iradə ifadəsi ilə məhkəmədənkənar qaydada həll oluna bilər. Eyni zamanda dövlət dəstəyi ilə qaytarılmalı vəsait və yaxud azaldılmalı borc məbləği tərəflərin iştirakı ilə qarşılıqlı razılaşma yolu ilə həll edilə bilər. Çünki qəbul edilmiş qərarlardan tərəflərin məhkəməyə müraciət etmək hüquqları hər bir halda saxlanılır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan hallarını ümumiləşdirərək belə hesab edir ki, qeyd olunan Fərman onun təsir dairəsinə düşən kredit müqavilələri üzrə yaranmış mübahisələrin məhkəməyəqədər xüsusi həlli qaydasını müəyyənləşdirmişdir. Fiziki şəxslərin borclarının bir hissəsini dövlət qarşıladığı üçün həmin güzəştlər edilmədən analoji iddialara məhkəmədə baxıla bilməz. Hazırda bankların icraatında olan qeyd olunan müqavilələr üzrə Fərmanın müddəaları tətbiq olunduqdan sonra məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, Fərman qanuni qüvvəyə mindikdən sonra onun müddəaları tətbiq olunmadan irəli sürülmüş iddialar məhkəmədənkənar həll qaydasına riayət olunmaması əsası ilə icraata qəbul edilməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmalıdır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə olunmadığından məhz birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarmışdır. Məhkəmə kollegiyası bununla razılaşır. İddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa yenidən iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, iddiaçıya izah olunur ki, Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra borcun ödənilməsi ilə bağlı həll edilməmiş mübahisə qalarsa, hazırkı qərardad yenidən iddia tələbi ilə məhkəməyə müraciət etməyə mane olmur. Analoji müqavilələr üzrə mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydası qeyd olunan fərmanla müəyyən edildiyindən həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddət iddia müddətinə daxil olmamalıdır. Çünki həmin fərman məhz fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə verilmişdir. Yəni fərman vətəndaşların mənafeyi üçün verildiyindən həmin prosedurlara sərf edilmiş müddət bankların ziyanına istifadə oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytararkən birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, İsmayıllı Rayon Məhkəməsinin bu işlə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-1023/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməyə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 387 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(037)-1023/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar