Məhkəmə qərarları › İş №2(107)-398/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-398/2023

19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-398/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hüseynov Məzahir Valeh oğluna qarşı kredit müqaviləsi üzrə ödənilməli olan pulun tutulması tələbinə dair ilk, cavabdeh Hüseynov Məzahir Valeh oğlunun İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: pul tələbi, əqdin etibarsız hesab edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun vəkili Nümayəndə və cavabdeh Hüseynov Məzahir Valeh oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Hüseynov Məzahir Valeh oğluna qarşı kredit müqaviləsi üzrə ödənilməli olan pulun tutulması tələbinə dair ilk, cavabdeh Hüseynov Məzahir Valeh oğlunun İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)- 1041/2022 nömrəli qətnaməsindən cavabdeh Hüseynov Məzahir Valeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı ilə cavabdeh Hüseynov Məzahir Valeh oğlu arasında cavabdehə məxsus Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti məhəllə 1054 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin 6-cı binanın 8-ci mərtəbəsində yerləşən 37 saylı mənzilin alqı-satqısı ilə bağlı münasibət yaranmışdır. Tərəflər mənzilin qiymətini 197.000 manata razılaşmışlar. Razılaşdıqları məbləğın 56000 manatının iddiaçı tərəfindən Azərbaycan Beynalxalq Bankına kredit müqaviləsi qarşılığında ödənilməsi razılaşdırılmışdır. Alqı-satqı müqaviləsi rəsmiləşdirilməmişdir. Cavabdehin təcili pula ehtiyacı olduğundan iddiaçı 28 fevral 2022-ci il tarixdə cavabdehə 58000 manat borc verməyə razılaşmış və bununla bağlı aralarında kredit müqaviləsi bağlanmışdır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı (bundan sonra iddiaçı) Hüseynov Məzahir Valeh oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən kredit müqaviləsi üzrə ödənilməli olan 58000 (əlli səkkiz min) manat məbləği, hüquqi yardıma görə ödənilmiş 300 manat və 265 (iki yüz altmış beş) manat dövlət rüsumu olmaqla cəmi 58565 (əlli səkkiz min beş yüz altmış beş) manat məbləğinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Hüseynov Məzahir Valeh oğlu qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilə aralarında 28 fevral 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, ev almaq istəyərkən cavabdehin verdiyi elanı görmüş, onun satışa çıxardığı Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti məhəllə 1054 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin 6-cı binanın 8-ci mərtəbəsində yerləşən 37 saylı mənzili almaq qərarına gəlmişdir. Həmin mənzili 197.000 manata almağa razılaşmış, məbləğin 139.000 manatını nəğd ödəmişdir. Evin sənədləri tam hazır olmadığından evi adına rəsmləşdirə bilməmişdir. Razılaşdıqları məbləğdən qalan 56000 manatı ödəmək məqsədi ilə Azərbaycan Beynalxalq Bankında ipoteka müqaviləsi bağlamışdır. 2022-ci ilin mart ayından başlayaraq kredit müqaviləsi üzrə hər ay 600 manat ödənişləri aparır. Mənzilin dəyərini tam ödədiyi üçün cavabdeh mənzilin onun adına sənədləşdirilməsi üçün lazım olan sənədi vermişdir. Bundan sonra o mənzili təhvil almışdır. Mənzili aldığı vaxt tam təmirli olmamışdır. Cavabdeh ona taxta sexi və təmir işləri görmək üçün şirkətinin olduğunu bildirərək ev təmir etməyi, mətbəx mebelini, qapı və pəncərələrini taxta materialdan yığmağa söz vermişdir. Bundan başqa cavabdeh özünün müxtəlif rayonlarda istirahət mərkəzlərinin olduğunu da demişdir. Cavabdeh evin təmirini yüksək səviyyədə aparacağına onu inandıraraq bu məqsədlə ondan pul istəmişdir. O, da 28 fevral 2022-ci il tarixdə cavabdehə 58000 manat borc verməyə razılaşmış və bununla bağlı aralarında kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə o cavabdehə 58000 manat borc vermiş, cavabdeh isə krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Onun cavabdehlə aralarında olan ev alqı-satqısı ilə cavabdehə verdiyi 58000 manat borc məbləğinin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh onun evinin təmiri ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün o Yasamal rayon Polis İdarəsinə müraciət etmiş, araşdırılmadan sonra cinayət işinin başlanması rədd edilərək ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, Məzahir Hüseynov əvvəllər dələduzluq cinayəti törətdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh müqavilə şərtlərini pozduğu üçün hazırkı tələblə məhkəməyə müraciət etməyə məcbur olmuş və bunun üçün də əlavə vəsait xərcləmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin ona qarşı qaldırdığı iddia tələbi ilə bağlı bildirir ki, cavabdehin ona qarşı bu tələblə qarşılıqlı iddia qaldırmaqda məqsədi kredit müqaviləsi əsasında ondan aldığı 58000 manat pulu müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmaqdır. Ona görə də qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş edir.

5. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə xəbərdar edilməsinə, istifadəsində olan mobil nömrəsinə “AZEMİS” informasiya sistemi vasitəsi ilə SMS xəbərdarlığı göndərilməsinə baxmayaraq məhkəmə baxış iclaslarına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini göstərərək qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə cavabdehin məhkəmə baxış iclaslarına gəlməməsinin səbəblərini üzürsüz hesab edərək və qarşılıqlı iddia tələbinə baxılmasına dair İddiaçı ərizəsi nəzərə alınmaqla işə cavabdeh Məzahir Hüseynovun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını qərara almışdır.

6. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ilin əvvəllərində işlərində yaranmış problemləri həll etmək üçün həyat yoldaşı X2 məxsus Bakı şəhəri Tbilisi prospekti məhəllə 1054 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı bina, 8-ci mərtəbəsində yerləşən 37 saylı mənzili satışa çıxarmaq məcburiyyətində qalmışdır. İddiaçı onunla əlaqə saxlayaraq evi almaq istədiyini bildirmişdir. Onlar evə baxış keçirdikdən sonra İddiaçı evi bəyəndiyini, evin dəyəri kimi 197.000 manat ödəməyə razı olduğunu, lakin tam məbləği ödəməsi üçün pulu çatmadığından evi ipoteka ilə almaq istədiyini bildirmişdir. Onunla razılaşsa da evə dair mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı olmaması səbəbindən ipoteka ilə bağlı sənədləşmələrin yekunlaşması üçün uzun müddət tələb edildiyini, onunsa təcili pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı təklifi ilə evin razılaşdıqları dəyərindən bir hissəsinin ona ödənilməsi və evin çıxarışının olmaması səbəbindən beh müqaviləsi bağlaya bilmədiklərindən bununla bağlı aralarında borc müqaviləsi bağlanılması, eyni gündə o da mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etməməsi barədə notarial qaydada ərizə verəcəyinə, bütün sənədləşmə işləri yekunlaşdıqdan sonra aralarında son haqq-hesab aparılacağına razılaşmışlar. Pula ehtiyacı olduğu üçün İddiaçı təklifi ilə razılaşmış və 28 fevral 2022-ci ildə Bakı şəhəri 51 saylı notariat ofisində İddiaçılə aralarında 58.000 manat dəyərində borc müqaviləsi bağlanmış və Ülvi həmin məbləği ona vermişdir. O, isə razılaşmalarına uyğun olaraq həyat yoldaşı X2 məxsus mənzilə dair 01 noyabr 2014-cü il tarixli Al-06/244 saylı müqavilədən irəli gələn bütün hüquq və vəzifələrin İddiaçı keçirilməsinə və həmin mənzilin İddiaçı adına rəsmiləşdirilməsinə razılıq verilməsi barədə ərizə vermiş və ərizəni notarial qaydada təsdiqlədərək İddiaçı təqdim etmişdir. Mənzil İddiaçı adına tam rəsmiləşdirildikdən sonra Ülvi mənzilin dəyəri kimi razılaşdıqarı pulu ona ödəmiş və aralarında bütün haqq-hesab yekunlaşmışdır. 2022-ci ilin avqust ayının sonlarında ona məlum olmuşdur ki, İddiaçı heç bir hüquqi qüvvəsi olmayan, yalnız görünüş üçün bağladıqları 28 fevral 2022-ci il tarixli borc müqaviləsini əsas tutaraq həmin müqavilədə borc kimi rəsmiləşdirilmiş, əslində evin dəyərinin bir hissəsi kimi ona ödədiyi pulun öz xeyrinə ondan tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, İddiaçılə aralarında bağlanmış 28 fevral 2022-ci il tarixli borc müqaviləsi görüntü xarakteri daşıdığından, heç bir hüquq və vəzifələr yaratmayan uydurma əqd olduğundan həmin əqd məhkəmə qaydasında etibarsız hesab edilməlidir. Ona görə də aralarında 28 fevral 2022-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasında cavabdehə məxsus Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti məhəllə 1054 ünvanda yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış kompleksinin 6-cı binanın 8- ci mərtəbəsində yerləşən 37 saylı mənzilin alqı-satqısı ilə bağlı münasibət yaranmışdır. Tərəflər mənzilin qiymətini 197.000 manata razılaşmış, iddiaçı həmin məbləğin 139.000 manatını cavabdehə nəqd ödəmişdir. İddiaçı cavabdehlə razılaşdıqları məbləğin qalan hissəsini ipoteka müqaviləsi bağlayaraq ödədiyindən cavabdeh sözü gedən mənzilin iddiaçının adına rəsmiləşdirilməsinə dair razılıq ərizəsi vermişdir. İddiaçı 2022-ci ilin mart ayından başlayaraq kredit müqaviləsi üzrə ödənişləri aparır. İddiaçı cavabdehə 28 fevral 2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdədək qaytarmaq şərti ilə 58000 manat borc vermiş və bununla bağlı həmin tarixdə aralarında kredit müqaviləsi bağlamışlar. Cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaları pozaraq götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının müraciəti əsasında Yasamal rayon Polis İdarəsində Məzahir Hüseynovun əməli barədə araşdırılma aparılmış, araşdırma nəticəsində İddiaçı Məzahir Hüseynovla aralarında mənzilin təmiri barədə yaranmış mübahisə mülki xarakterli olduğundan xx.xx.2022-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məzahir Hüseynov məhkəmə baxış iclaslarında iştirak etmədiyindən iddia tələblərinə dair münasibətini öyrənmək mümkün olmamış, iştirak etdiyi məhkəmə hazırlıq iclasında iddia tələbini qəbul etmədiyini göstərsə də iddia tələbini qəbul etməməsinə və qarşılıqlı iddia tələbini əsaslandırdığı hallara dair sübutları məhkəməyə təqdim etməmişdir.

8. Məhkəmə İddiaçı iddia tələbində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçı cavabdehin təklifi ilə 28 fevral 2022-ci il tarixdə ona 58000 manat mələğində borc pul vermiş və bununla bağlı aralarında həmin tarixli kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh xx.xx.2022-ci il tarixdədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq cavabdeh götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı məhkəməyə müraciət edərkən hüquqi yardıma görə 300 manat, dövlət rüsumu kimi 265 manat vəsait ödəmişdir.

9. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Məzahir Hüseynova qarşı kredit müqaviləsi üzrə ödənilməli olan pulun tutulmasına dair iddia tələbi təmin edilməli, Məzahir Hüseynovdan kredit müqaviləsi üzrə ödənilməli olan 58000 (əlli səkkiz min) manat məbləği, İddiaçı hüquqi yardıma görə ödədiyi 300 manat və dövlət rüsumu kimi ödədiyi 265 (iki yüz altmış beş) manat cəmi 58565 (əlli səkkiz min beş yüz altmış beş) manat məbləği alınaraq İddiaçı ödənilməlidir

10. Məhkəmə Məzahir Hüseynovun qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin görüntü xarakteri daşıdığını, heç bir hüquq və vəzifələr yaratmayan uydurma əqd olduğunu, həmin əqdin məhkəmə qaydasında etibarsız hesab edilməli olduğunu qeyd etsə də, iddia tələbinin əsaslığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmin faktlar məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. Məzahir Hüseynovun qarşılıqlı iddia tələbində göstərdiyi xüsusatlar İddiaçı iddia tələbi ilə ziddiyyət təşkil edir. Belə ki, məhkəmə araşdırması ilə tərəflər arasında evin alqı-satqısna dair İddiaçı Məzahir Hüseynova ödədiyi məbləğlə, tərəflər arasında bağlanmış borc müqaviləsinin bir-biri ilə əlaqəsinin olmadığı müəyyən olunur.

11. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Hüseynov Məzahir Valeh oğlunun İddiaçı qarşı aralarında 28 fevral 2002-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibatsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi rədd edilməlidir.

12. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1041/2022 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı cavabdeh Hüseynov Məzahir Valeh oğluna qarşı kredit müqaviləsi üzrə ödənilməli olan pulun tutulmasına dair iddia tələbinin təmin edilməsi, Hüseynov Məzahir Valeh oğlundan kredit müqaviləsi üzrə ödənilməli olan 58000 (əlli səkkiz min) manat məbləği, hüquqi yardıma görə ödənilmiş 300 manat və 265 (iki yüz altmış beş) manat dövlət rüsumu olmaqla cəmi 58565 (əlli səkkiz min beş yüz altmış beş) manat məbləğinin alınaraq İddiaçı ödənilməsi, Hüseynov Məzahir Valeh oğlunun İddiaçı qarşı aralarında 28 fevral 2002-ci il tarixdə bağlanmış borc müqaviləsinin etibatsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 740-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

14. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, qeyd edilən tarixdə tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1-ci bəndində qeyd edilmişdir ki, borc verən borc alana 58000 manat pulu notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə borc verir, müqavilənin 2-ci bəndinə qeyd edilir ki, “Borc alan” krediti xx.xx.2022-ci il tarixdədək “Borc verənə” qaytarmağı öhdəsinə götürür. Müqavilənin 3-cü bəndində tərəflər kreditin faizsiz verilməsini, müqavilənin 8-ci bəndində “Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya ödəmədikdə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyacağı şərtləndirilmişdir. Müqavilənin 9-cu bəndində qeyd edilir ki, tərəflər arasında müqavilə üzrə mübahisələr onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur.

15. İş materiallarına əlavə edilmiş cavabdeh Məzahir Hüseynovun "xxxx" MTKnın rəhbərliyinə yazdığı xx.xx.2022-ci il tarixli notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Bakı şəhəri Tbilisi prospekti məhəllə 1054 ünvanında "xxxx" MTK tərəfindən inşa olunmuş çoxmərtəbəli yaşayış kompleksinin 6-cı bina, 8-ci mərtəbəsində həyat yoldaşı X2 məxsus olan 37 saylı mənzilə dair 01 noyabr 2014-cü il tarixli Al-06/244 saylı müqavilədən irəli gələn bütün hüquq və vəzifələrin ünvan 3 ünvanında yaşayan İddiaçı adına keçirilməsinə razılıq verilməsini və həmin mənzilə dair İddiaçı ilə müvafiq sənədləşmə aparılmasının təmin edilməsini xahiş etmişdir. Məzahir Hüseynov ərizəsində həmin mənzilə dair bütün hüquqlardan imtina etmiş və heç bir şəkildə hər-hansı bir tələb irəli sürməyəcəyini bildirmişdir.

16. İş materiallaına əlavə edilmiş məhkəmə sorğusu əsasında Bakı Şəhər Yasamal rayon Polis İdarəsindən alınmış iş materiallarının surətlərindən görünür ki, İddiaçı şikayət ərizəsinə əsasən Yasamal rayon Polis İdarəsinin Təhqiqat şöbəsində HK-1/690 təhqiqat işi açılmış və TŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan Ülvi Həməzyevə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

17. İş materiallarına əlavə edilmiş ABB-nin hesabdan çıxarışından və kredit üzrə ödəniş qrafikinin surətindən müəyyən edilir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək kredit müqaviləsi üzrə hər ay 600 manat ödənişlər etmişdir.

18. İş materialına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qəbzin surətindən müəyyən edilir ki, İddiaçı hüquqi yardıma görə 300 manat vəsait ödəmişdir.

19. İş materiallarına əlavə edilmiş İddiaçı ərizəsindən görünür ki, cavabdeh məhkəmə baxış iclasına gəlmədiyindən işə cavabdehin iştirakı olmadan baxılmasını, onun iddia tələbinin təmin edilməsini və cavabdehin qarşılıqlı iddia tələbinə baxılaraq rədd edilməsini xahiş edir.

20. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Hüseynov Məzahir Valeh oğlu аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh Hüseynov Məzahir Valeh oğlu apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-1041/2022 saylı qətnaməsinin ləğv edilməsini, ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddiamın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında cavabdeh Hüseynov Məzahir Valeh oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1041/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

28. Apellyator İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)- 1041/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyasının araşdırmaları zamanı bu qətnamənin 1-ci bəndində göstərilənlər işin təsdiq edilmiş halları olaraq müəyyən edilmişdir.

31. Eyni zamanda, cavabdeh borc müqaviləsində göstərilən 58.000 manatın mənzilin alqı-satqısı üçün razılaşdırılmış 197.000 manat pula daxil olduğunu, nəticədə iddiaçının cavabdehə mənzilin alqı-satqısı üçün pulu ödəyərkən həmin 58.000 manatın oradan çıxıldığını iddia etmiş, iddiaçı isə borc müqaviləsində göstərilən 58.000 manatın cavabdehin təcili pula ehtiyac olduğu üçün ona borc olaraq verildiyini, həmin pulu mənzilin alqı-satqısı üçün razılaşdırılmış 197.000 manata heç bir əlaqəsinin olmadığını, həmin 197000 manat ödənilərkən borc müqaviləsindəki pulu oradan çıxılmadığını, beynəlxalq banka ödənilmiş 56.000 manat istisna olmaqla, qalan pulun tam şəkildə cavabdehə ödənildiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında mənzillə bağlı rəsmi alqı-satqı müqaviləsi mövcud deyildir, belə bir alqı-satqının mövcudluğunun prezumpsiya olunması hər iki tərəfin alqı-satqı faktına istinad etməsinə əsaslanmışdır. Alqı-satqı barədə heç bir sənəd mövcud olmadığından mübahisəli məsələ olan - 197.000 manat ödənilərkən 58.000 manatın oradan çıxılıb-çıxılmadığı sübut olunmur. Belə olan halda, rəsmi müqavilə ilə təsdiq olunan 58.000 manat borc heç bir sübutla təsdiq edilməyən şifahi mülahizələrə nisbətdə üstün mövqedə tutulmalıdır. Prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun.

32. Cavabdeh qarşılıqlı iddia ərizəsində və apellyasiya şikayətində həmin müqavilənin əslində beh müqaviləsi olduğunu iddia etsə də, cavabdehin bu dəlilləri də yalnız formal mülahizələrdən ibarət olmaqla qalır və heç bir sübutla təsdiq edilmir.

33. İşin sübutlarla təsdiq olunan halı 58.000 manatın 28 fevral 2022-ci il tarixli borc müqaviləsi əsasında İddiaçı tərəfindən cavabdeh Hüseynov Məzahir Valeh oğluna borc olaraq verildiyidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Göründüyü kimi, mülki işin materiallarında borcun verilməsi barədə yazılı müqavilə mövcud olmaqla, borcun qaytarılması barədə heç bir sənəd və ya qeydin mövcudluğu aşkar edilmir.

34. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmə tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas deyildir.

35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ilk iddianı təmin, qarşılıqlı iddianı edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh Hüseynov Məzahir Valeh oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1041/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Hüseynov Məzahir Valeh oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli 2(037)-1041/2022 nömrəliqətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar