Məhkəmə qərarları › İş №2(107)-40/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-40/2025

16.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-40/2025 16.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı əldən çıxmış fayda tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə (Açar sözlər: yaxşılaşdırmaların əvəzi (MM 157.7) , əldən çıxmış fayda (MM 157.5)) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X6 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(025)-577/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 65 E cizgisində göstərilmiş 0,19 ha hissəsində cavabdeh İddiaçı tərəfindən 17 ədəd fındıq kolu, 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı əkilmişdir. Cavabdeh 2022-ci ildə İddiaçı qarşı həmin torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)-1031/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İlk iddia tələbi ilə İddiaçı Cavabdeh torpaq sahəsinə etdiyi yaxşılaşdırmaların əvəzinin, cavabdeh isə qarşılıqlı iddia tələbi ilə iddiaçıdan torpaqdan istifadəsi nəticəsində əldən çıxmış faydanın əvəzinin ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə Cavabdeh 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlkin iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonunun Mıxlıqovaq kəndində yaşamış və hazırda da orada yaşayır. Hələ kolxoz dövründən mübahisə predmeti olan 0,19 ha torpaq sahəsi ailəsinin istifadəsində olmuş və orada fındıq, şabalıd və qoz ağacları əkib becərmişdir. Bu günə qədər də oradan istifadə edirlər. Torpaq sahəsinin ətrafının hasarlanması üçün dəmir tordan istifadə etmiş, tikanlı məftil, basdırmalar basdırmış və torpağın yaxşılaşdırılması üçün nə lazımdırsa etmişdir. 2022-ci ilin sentyabr ayına qədər cavabdehlə aralarında torpağa dair heç bir mübahisə olmamışdır. Mübahisə predmeti olan 0,19 ha torpaq sahəsini öz torpağı bilmiş və buna görə də qulluq göstərməklə bütün zəruri işləri görmüşdür. 2022-ci ilin sentyabr ayında Qəbələ Rayon Məhkəməsindən ona cavabdeh kimi çaırış gəlmiş və məhkəmədə həmin torpaq sahəsinin mülkiyyətçisinin Cavabdeh olmasını bilmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli 2(025)-78/2022 saylı qətnaməsi ilə 0,19 ha torpaq sahəsinin ondan alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsinə hər hansı bir iradı yoxdur. Lakin qeyd etdiyi kimi orada meyvə ağacları əkmiş, qoruyub saxlamış və ətrafına 180 manat xərc çəkərək hasarlamışdır. Bununla belə Cavabdeh aqrar islahatı keçiriləndən ona hər hansı irad bildirməmişdir. Torpaqda çəkilən xərclər də daxil olmaqla hər bir topanın qiyməti 144 manat olmaqla 17 topa fındıq - dəyəri 17 x 144 = 2448 manat, hər birinin dəyəri 55 manat olan 14 ədəd qoz ağacı - dəyəri 14 x 55 = 770 manat, hər birinin dəyəri 80 manat olmaqla 12 ədəd şabalıd ağacı dəyəri - 12 x 80 = 960 manat və hər birinin dəyəri 20 manat olmaqla 10 ədəd qovaq ağacı dəyəri - 10 x 20 = 200 əkmiş və becərmiş, cəmi 2448 + 770 + 960 + 200 + 180 = 4558 manat xərc çəkmişdir. Əkdiyi meyvə ağaclarının yaxşı bar verdiyini görən Cavabdeh torpaq sahəsinin mülkiyyətində olmasından sui-istifadə edərək torpaq sahəsindən istifadəyə mane olan hallara son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İndi o, çəkdiyi xərcləri Cavabdeh tələb edir. Çünki o, ötən 25 ildən bəri orada bağ saldığını görsə də dözümlülük göstərmişdir ki, bu da ona tələbində haqlı olduğuna əsas verir. Yəni Cavabdeh meyvə ağaclarının bar verməsini gözləmiş bundan sonra ona qarşı iddia qaldırmışdır.

4. Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 4800 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə ona və 8 nəfər ailə üzvlərinin mülkiyyətinə 0,19 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0065 saylı kodu 40614018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktl ilə adlarına rəsmiləşdirilmişdir. Mülkiyyət hüququnu təsdiq edən sənədi aldıqdan sonra cavabdehdən həmin torpaq sahəsinindən qanunsuz istifadənin dayandırılmasını dəfələrlə tələb etsələr də cavabdeh uzun illər müxtəlif bəhanələrlə - başqa torpaqla əvəzləşdirəcəyi, əvəzində pul verəcəyi kimi vədlər versə də sözünə əməl etməmiş, torpaq üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Məcbur olub zəbt olunmuş torpaq sahəsinin boşaldılması, törədilən maneələrə son qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-781/2022 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Qətnamə xx.xx.2023-cü il tarixdə icra olunmuş, 0,19 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları bərpa olunmaqla torpaqdan istifadəyə törədilən maneələrə son qoyulmuşdur. Buna görə də hesab edir ki, İddiaçı ilkin iddia tələbi tam əsassızdır. O, uzun illər həmin torpaq sahəsindən qanunsuz istifadə etməklə mülkiyyətçi olaraq əldə etdikləri gəlirdən onları məhrum etmiş, torpaqdan istifadəyə maneələrə son qoyulduqdan sonra da yenidən maddi ziyan vurmaq məqsədi ilə hazırkı iddia tələbi ilə torpağa çəkdiyi xərci və gəlir olaraq 4558 manat tələb edir. İddiaçı guya 2022-ci ilin sentyabr ayından cavabdeh qismində məhkəməyə çağırılanda həmin torpaq sahəsinin onun mülkiyyətində olmasını bilməsi barədə dedikləri yalandır. O, həmin torpaq sahəsinin mülkiyyətində olmadığını 20 ildən artıq müddət ərzində bilmişdir. Qəsdən həmin torpaqdan istifadələrinə uzun illər maneələr yaratmaqla 4800 manat məbləğində əldə olunacaq real gəlirdən onları məhrum etmişdir. İddiaçı iddiada 0,19 ha torpaq sahəsində 17 ədəd fındıq topası,14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı əkdiyini göstərmişdir. Fındıq ağacları kolxoz-sovxoz dövründə əkilmiş, qoz və şabalıd ağacları təbii yolla bitmiş, 200 manat qiymətləndirdiyi 10 ədəd qovaq ağacları isə başqa sahədə olmaqla həmin torpaq sahəsində əkilməmişdir. Meyvə ağaclarının yaxşı bar verdiyini görəndən sonra məhkəmədə iddia qaldırması barədə onun göstərdikləri gülünc yanaşmadır.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində iddiaçı Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 65 E cizgisində göstərilmiş 0,19 ha hissəsində cavabdeh İddiaçı tərəfindən uzun illərdir ki, 17 ədəd fındıq kolu, 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd tikinti materialına uyğun qovaq ağacı əkilmiş, qulluq göstərilərək boya-başa çatdırılmışdır. Cavabdeh 2022ci ildə ona qarşı həmin torpaq sahəsinin boşaldılması və törədilən maneələrə son qoyulması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)-1031/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Buna görə də, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh 0,19 ha torpaq sahəsində əkib becərdiyi ağaclara çəkilən xərc olaraq 4558 (dörd min beş yüz əlli səkkiz) manat pulun Cavabdeh alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.

7. “X3” MMC-nin 05 iyun 2023-cü il tarixli 023/19 qeydiyyat nömrəli “Meyvə ağaclarının dəyərinin müəyyən edilməsinə dair” İddiaçı xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyində Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bağ sahəsindəki 17 ədəd fındıq ağacının dəyərinin 2448 manat, 14 ədəd qoz ağacının dəyərinin 770 manat, 12 ədəd şabalıd ağacının dəyərinin 960 manat və 10 ədəd tikinti materialına uyğun qovaq ağacının dəyərinin 200 manat, ümumilikdə isə 4178 manat təşkil etdiyi göstərilmişdir.

8. Buna görə də məhkəmə hesab etmişdir ki, JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktında mülkiyyət hüququ müəyyən edilmiş və hazırda tərəflər arasında mübahisələndirilən, lakin Cavabdeh 2022-ci ildə məhkəmə qətnaməsi çıxaralanadək susmaqla dözümlülük nümayiş etdirmiş 0,19 ha torpaq sahəsində İddiaçı uzun illər əkib becərdiyi və qulluq göstərdiyi ağaclar İddiaçı məxsusdur və onun mülkiyyətidir. Bir sözlə, mübahisəli torpaq sahəsində uzun müddət əkib becərdiyi ağacların dəyərinin tələb olunmasında və yuxarıda adı çəkilən qətnamənin əsaslandırıcı hissəsində izahı verilən hüquqlardan yararlanmaqla istifadə etməsində haqlıdır. Buna görə də, ilkin iddia tələbi qismən təmin edilməli, 17 ədəd fındıq ağacının dəyəri 2448 manat, 14 ədəd qoz ağacının dəyəri 770 manat, 12 ədəd şabalıd ağacının dəyəri 960 manat və 10 ədəd tikinti materialına uyğun qovaq ağacının dəyəri 200 manat, ümumilikdə isə 4178 manat Cavabdeh alınaraq ona verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

9. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Cavabdeh qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil edir.

10. İşin halları ilə müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)-1031/2022 saylı qətnaməsinin çıxarılması ilə İddiaçı aralarında mübahisələndirilən 0,19 ha torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinini mülkiyyətində olduğunu və həmin torpaq sahəsinə sahibliyinin qanunusuz olduğunu artıq bilmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh 2022-ci ildən etibarən cavabdehin həmin torpaq sahəsindən götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır.

11. Məhkəmə qeyd edir ki, X3” MMC-nin 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli “Fındıq bağının illik məhsuldarlığının və əldə edilmiş gəlirin qiymətləndirilməsi barədə” Cavabdeh xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyində Qəbələ rayonu Mıxlıqovaq kəndində yerləşən bağ sahəsindəki 17 ədəd fındıq ağacının hər birinin 1 illik orta məhsuldarlığı 12 kiloqram və 1 ağacdan əldə edilən gəlir 36.00 manat təşkil etdiyi göstərilmişdir. Rəydə göstərilir ki, 17 ədəd fındıq ağacından 1 il ərzində ümumilikdə 204 kiloqram qabıqlı fındıq məhsulu əldə etmək mümkündür. 1 kiloqram qabıqlı fındıq məhsulunun dəyəri orta hədd olaraq 3.00 manat təşkil edir. Rəydə həmçinin göstərilir ki, 204 kq x 3.00 azn = 612 azn hesablama metodu ilə müəyyən edilir ki, 17 ədəd fındıq ağacının illik dəyəri 612 manat həddindədir.

12. Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh 0,19 ha torpaq sahəsindən qanunsuz istifadəyə görə İddiaçı 4800 manat iddia tələbi qismən təmin edilməklə 17 ədəd fındıq ağacının illik dəyəri olaraq 612 manat İddiaçı alınaraq ona verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

13. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(025)-577/2023 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 4178 (dörd min yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 612 (altı yüz on iki) manat məbləğində pul vəsaitinin tutularaq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157 və 1097-ci maddələrinə istinad etmişdir.

15. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)- 1031/2022 saylı qətnaməsi “X3” MMC-nin 05 iyun 2023-cü il tarixli 023/19 qeydiyyat nömrəli “Meyvə ağaclarının dəyərinin müəyyən edilməsinə dair” İddiaçı xx.xx.2023-cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyi “X3” MMC-nin 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli “Fındıq bağının illik məhsuldarlığının və əldə edilmiş gəlirin qiymətləndirilməsi barədə” Cavabdeh xx.xx.2023cü il tarixli sifariş məktubu əsasında verilmiş qiymətləndirici rəyi

16. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisənin həlli ilə bağlı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh olan İddiaçı “X3” MMCdən xx.xx.2023-cü il tarixdə 023/19 qeydiyyat nömrəli qiymətləndirmə rəyi almışdır. O da həmin “X3” MMC-dən xx.xx.2023-cü il tarixdə 023/050 saylı qiymətləndirmə rəyi almışdır. Hər iki rəy eyni torpaq sahəsində, eyni cinsdən olan ağaclara görə verilsə də, son dərəcə fərqli qiymət alınmışdır. İki rəy arasındakı bu fərq məhkəmə tərəfindən araşdırılmamış və düzgün olmayan hüquqi qiymət verilmişdir. İlkin iddia üzrə verilən qiymətləndirilmə rəyi demək olar ki, cüzi fərqlə mötəbər sübut kimi qəbul edilmiş, qarşılıqlı iddia üzrə qiymətləndirmə rəyi üzrə 9792 manatın ancaq 612 manatı məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmənin gəldiyi hüquqi nəticə qəbuledilməzdir.

18. Ona görə də, Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)- 577/2023 saylı qətnaməsini ilkin iddiaya aid hissədə tamamilə ləğv edilməsi və qarşılıqlı iddia üzrə tələbin isə iddia tələbində göstərilmiş məbləğdə təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz ərizəsi göndərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

21. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-577/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 Mətləb oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında Vəkil2 Mətləb oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

26. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(025)- 577/2023 nömrəli qətnaməsini ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın rədd olunmuş hissəsində mübahisələndirdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissələrdə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

28. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisələndirilməyən hallarıdır. Birinci instasniya məhkəməsi tərəfindən hər iki iddia qismən təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verməklə ilk iddiaya dair hissədə ondan yaxşılaşdırmalara görə tutulması qət edilən məbləğin düzgün hesablanmadığını iddia edir. Kollegiya bu barədə qeyd edir ki, ilk iddianın hüquqi əsasını Mülki Məcəllənin 157.7ci maddəsi təşkil etmişdir. Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələ gəlməsi üçün çəkilmiş xərci mülkiyyətçidən tələb edə bilməz. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilər artıq əşyanın (torpaq sahəsinin) tərkib hissəsinə çevrilir. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərq əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası tərəfindən JN-0065 (Kod:********) nömrəli “Torpağın mülkiyyət hüququna dair" dövlət aktına əsasən Qəbələ rayonu Mıxlıqovaq kəndində iddiaçı Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 65 E cizgisində göstərilmiş 0,19 ha torpaq sahəsinin təklikdə (boş halda) qiymətinin nə qədər olması; üzərində 17 topa fındıq kolu, 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı ilə birlikdə həmin torpaq sahəsinin qiymətinin nə qədər olması; həmin torpaq sahəsinin 17 topa fındıq kolu yerləşən hissəsi istisna olmaqla, qalan 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı yerləşən hissəsinin qiymətinin nə qədər olmasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə torpaqşünaslıq və əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 28 oktyabr 2024-cü il tarixli 10/2345-9/2302 nömrəli ekspert rəyində göstərilmişdir ki, Qəbələ rayonu, Mixlıqovaq kəndində yerləşən, mübahisə predmeti olan 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 65 E cizgisində göstərilmiş 0.19 ha torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq dəyəri (üzərindəki ağaclar nəzər alınmadan) təqribən 12,065.00 manat (19 sot x 635 manat) məbləğində müyyən olunur. İnternet məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair (torpaq sahəsi üzərində olan 17 topa fındıq kolu, 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı ilə birlikdə) anoloji elanlar mövcud olmadığından müqayisə metodu tətbiq edilməklə tədqiqat aparılması mümkün olmamışdır. Kollegiya tərəfindən həmin məsələnin müəyyən edilməsi üçün qiymətləndirici-ekspert dəvət edilməsi qərara alınmış, qiymətləndirmə müstəqil qiymətləndirici "XXXX" CONSULTING MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 13 mart 2025-ci il tarixli G-03/25-049 nömrəli qiymətləndirmə rəyində göstərilmişdir ki, Qəbələ rayonu, Mıxlıqovaq kəndində Cavabdeh və onun ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.63 ha torpaq sahəsinin 65E cizgisində göstərilmiş 0.19 ha torpaq sahəsinin (boş halda) bazar qiyməti 19000 manat, likvid qiyməti-16000 manat təşkil edir.

2. Üzərində 17 topa fındıq ağacı, 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı olmaqla həmin torpaq sahəsinin bazar qiyməti-30900 manat, likvid qiyməti-26500 manat təşkil edir.

3. Üzərində 14 ədəd qoz ağacı, 12 ədəd şabalıd ağacı və 10 ədəd qovaq ağacı olmaqla həmin torpaq sahəsinin bazar qiyməti-25800 manat, likvid qiyməti 22000 manat təşkil edir. Kollegiya qeyd edir ki, göstərilən qiymətlərlə hesablandıqda, iddiaçı tərəfindən edilmiş yaxşılaşdırmaların dəyəri bazar qiyməti ilə götürüldükdə (30900-19000) 11900 manat, likvid qiymətlə götürüldükdə isə (26.500-16.000) 10.500 manat təşkil edir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinə iddiaçı tərəfindən edilmiş yaxşılaşdırmaların dəyəri birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş məbləğdən, hətta iddiaçının özünün tələb etdiyi məbləğdən artıqdır. Halbuki, iddiaçı tələbində 4558 manat pul tələb etmiş, birinci instansiya məhkəməsi tərəfindən qət edilmiş 4178 manat məbləği isə mübahisələndirməməklə razılaşmışdır. Cavabdeh qarşılıqlı iddia ərizəsində həmçinin fındıq ağaclarının kolxoz-sovxoz dövründə əkildiyini, qoz və şabalıd ağaclarının təbii yolla bitdiyini, 200 manat qiymətləndirdiyi 10 ədəd qovaq ağaclarının isə başqa sahədə olmaqla həmin torpaq sahəsində əkilmədiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim edə bilməmişdir. Torpaq sahəsinə edilmiş yaxşılaşdırmaların dəyərinin apellyasiya şikayətinə əsasən daha az məbləğdə müəyyən edilməsi üçün heç bir əsas mövcud deyildir.

29. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlillərinə münasibət bildirərək qeyd edir ki, “X3” MMC-nin İddiaçı sifariş məktubu əsasında verdiyi 05 iyun 2023-cü il tarixli 023/19 qeydiyyat nömrəli qiymətləndirici rəyi mübahisəli torpaq sahəsində yerləşən ağacların və fındıq kollarının qiymətinin müəyyən edilməsi barədə, Cavabdeh sifariş məktubu əsasında verdiyi 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli qiymətləndirici rəyi isə həmin ağaclar və fındıq kollardan əldə edilmiş məhsulun dəyərinin müəyyən edilməsi ilə bağlı olmuşdur. Haqqında rəy verilən məsələ eyni olmadığından nəticənin fərqli olması da təbiidir.

30. Qarşılıqlı iddiaya aid hissədə kollegiya əvvəla qeyd edir ki, cavabdehin qarşılıqlı iddiasının hüququi əsasını Mülki Məcəllənin 157.5-ci maddəsi təşkil etmişdir. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Hazırki iş üzrə cavabdeh qarşılıqlı iddiasında əmlakın iddiaçıda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin (4800 manat dəyərində) qaytarılmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi isə qarşılıqlı iddianı qismən 612 manat həcmində təmin etmişdir. Apellyasiya şikayətinin qarşılıqlı iddiaya aid hissədə 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli qiymətləndirici rəyində göstərilmiş 9792 manatın 612 manatının təmin edilməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu qətnamənin 10-cu bəndində göstərilmiş dəlillərlə həmin məsələyə hüquqi qiymət vermişdir. Belə ki, Mülki Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi vicdanlı sahibdən onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. (bax bənd 23) Qəbələ Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(025)-1031/2022 saylı qətnaməsinin çıxarılması ilə İddiaçı aralarında mübahisələndirilən 0,19 ha torpaq sahəsinin Cavabdeh və onun ailə üzvlərinini mülkiyyətində olduğunu və həmin torpaq sahəsinə sahibliyinin qanunusuz olduğunu artıq bilmişdir. Belə olan halda, qarşılıqlı iddia üzrə iddiaçı və ilkin iddia üzrə Cavabdeh 2022-ci ildən etibarən cavabdehin həmin torpaq sahəsindən götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranmışdır. 16 may 2023-cü il tarixli 023/050 qeydiyyat nömrəli qiymətləndirici rəyində göstərilmiş 9792 manat 16 il üçün hesablanmış məbləğ olmuşdur ki, 2022-ci ildən etibarən hesablandıqda həmin məbləğ 612 manat təşkil etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsində iddiaçının torpaqdan istifadəsinin qanunsuz olduğunu 20 ildən artıq müddətidir bildiyini iddia etsə də, bu barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim edə bilməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

31. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi hər iki iddianı qismən təmin edərkən ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissələrdə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissələrdə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(025)-577/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspert rəyinin verilməsinə görə 50 manat və qiymətləndirmə rəyinin verilməsinə görə 500 manat pul Cavabdeh tutulmalıdır. Apellyatorun mübahisələndirdiyi ilk iddianın təmin edilmiş və qarşılıqlı iddianın təmin edilməmiş hissələri hər biri ayrı-ayrılıqda 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli 2(025)-577/2023 nömrəli qətnaməsi mübahisələndidilən - ilk iddianın təmin edilmiş, qarşılıqlı iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat Cavabdeh tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Qiymətləndirici rəyinin dəyəri olaraq 500 manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. (AZ 52İBAZ********************, VÖEN **********, Müxbir hesab AZ03NABZ013501**********2944, KOD 805539, SWİFT BİC İBAZAZ2X). Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar