Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-401/2022 24.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tаrixli, 2(046)-639/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 manat ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Göyçay rayonu Aqrar islahat Komissiyasının 28 iyun 1998-ci il tarixli 40 nömrəli qərarı ilə ona və ailə üzvlərinə (torpağa mülkiyyət hüququna dair JN 100 saylı dövlət aktı) 2,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 1.63 ha hissəsində 2020-ci ildə arpa məhsulu əkmişdir. X4 30 aprel 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində taxıl sahəsinə baxmağa gedərkən Cavabdeh təxminən 100 baş qoyunu taxıl sahəsində otardığının şahidi olmuş və Amil Məsimov dərhal DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Hadisə ilə bağlı Göyçay rayon Polis Şöbəsində araşdırma aparılmış və tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay X7 Mərkəzinə göndərilmişdir. Göyçay X7 Mərkəzinin 15 may 2020-ci il tarixli 58 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə təqsrili bilinərək 50 manat məbləğində cərimə edilmişdir. Əkilmiş arpa məhsulu cavabdehin otardığı xırda buynuzlu heyvanların tapdağı altında tamamilə məhv olmuşdur. Dəymiş zərərin ödənilməsi kömək göstərilməsi üçün Şəkər bələdiyyəsinə və müxtəlif inzibati orqanlara müraciət etmiş, Şəkər Bələdiyyəsinin sədri cavabdehlə əlaqə saxlayaraq vurulmuş zərərin ödənilməsi üçün köməklik edəcəyini bildirmiş, lakin xeyli müddət sonra cavabdehin zərəri ödəməkdən boyun qaçırmışdır. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində 2000 manat maddi zərər dəymişdir. Buna görə də iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tаrixli, 2(046)-639/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 592.50 manat dəymiş ziyanın əvəzi və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan Göyçay rayonunun Şəkər kəndində yerləşən 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunun Cavabdeh təsərrüfatında olan xırdabuynuzlu heyvanların otarılması əsas gətirərək ona ziyan vurulduğuna görə cavabdehdən maddi ziyan tələb edir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh 30.04.2020-ci il tarixdə saat 19 radələrində təsərrüfatında olan 24 baş xırdabuynuzlu heyvanları İddiaçı məxsus 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya ziyan vurmuşdur. İddiaçıya dəymiş ziyan Göyçay DAİM-nin bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən 01.07.2021-ci il tarixdə verilmiş rəyə əsasən hesablanmalıdır. 1. İddiaçı məxsus torpaq sahəsinin 2020-ci il üçün orta məhsuldarlığı (1.63 ha X 29.08 sentner (2908 kq) = 4740 kq) təşkil edir.
2. Cavabdeh 30.04.2020-ci il tarixdə təsərrüfatında olan 24 baş xirdabuynuzlu heyvanları İddiaçı məxsus 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya (4740 X 25/100=1185) kiloqram ziyan vurmuşdur.
3. Bununla da İddiaçı cavabdeh tərəfindən dəymiş ziyan (1185 kq X 0.50 manat = 592.5 manat) təşkil edir. Məhkəmə baxışı zamanı İddiaçı Cavabdeh tərəfindən ona 2000 manat ziyan vurulmasına əsas verə bilən heç bir mötəbər sübutu məhkəmə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1097.1-ci maddələrinə, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarı, Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyətləri onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə iddia yazaraq qeyd etmişdir ki, o, özünə məxsus 2,63 ha torpaq sahəsində arpa məhsulu əkmişdir. İşə əlavə edilmiş Göyçay DAİM-ni bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən verilmiş rəydən isə görünür ki, 1 ha torpaq sahəsində arpa məhsulu əkilmişdir. Həmin rəydə isə qeyd olunmamışdır ki, İddiaçı məxsus neçə hektar torpaq sahəsində arpa məhsulu əkilmişdir və əkilmiş arpa sahənin nə qədər hissəsinə ziyan dəymişdir. İşə əlavə edilmiş həmin rəy məhkəmənin icraatında olan 2(046)-502/2021 saylı və 2(046)-638/2021 saylı mülki işlərində də istifadə olunmuşdur. Buradan belə görünür ki, mütəxəssis tərəfindən verilmiş 01.07.2021-ci il tarixli rəy Göyçay Rayon Məhkəməsində baxılan bütün işlər üçün istifadə olunur. Bundan başqa rəy dəqiq olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi üçün verilməmişdir. Həmin rəy ümumilikdə Şəkər kəndi ərazisində olan torpaqlara münasibətdə verilmişdir. Lakin o da iddia edir ki, İddiaçı 1,63 ha torpaq sahəsində arpa məhsulu əkməmişdir. O, cəmi 1 ha sahədə arpa məhsulu əkmişdir və iş materiallarından görünür ki, onun 24 baş xırda buynuzlu heyvanı vardır. Lakin əslində isə 18 baş xırda buynuzlu heyvanı vardır. 18 baş xırda buynuzlu heyvan 1 ha əraziyə 30.04.2020-ci il tarixdə saat 19 radələrində girərək cəmi 1 saat ərzində 1 ha ərazidə yerləşən arpa məhsuluna ziyan vura bilməzlər. Bundan başqa bildirir ki,Göyçay Rayon Məhkəməsinin 2(046)- 502/2021 və 2(046)-638/2021 saylı qətnamələrindən görünür ki, 30.04.2020-ci il tarixdə həm X1 məxsus 2,49 ha torpaq sahəsində, həm də həmin tarixdə həmin saatlarda X3 məxsus 2,08 ha torpaq sahəsində əkilmiş arpa məhsuluna həmin 18 baş qoyun zərər vurmuşdur. Məhkəmə aydınlaşdırmamışdır ki, 10-15 baş qoyun üst-üstə 5 hektardan çox sahədə əkilmiş arpa məhsulunu tamamilə məhv etmiş və yaxud da ziyan vurmuşdur. O isə bildirir ki, onun qoyunları X2 Musayevə məxsus torpaq sahələrindəki arpaları yemək üçün girmiş və dərhal onlar onun tərəfindən sahədən çıxarılmışdır. X5 məxsus arpa sahəsinə isə onun qoyunları girməmiş, onun torpaq sahəsinə çatmamış o, qoyunlarını sahədən çıxartmışdır. Qeyd olunanlardan görünür ki, məhkəmə işi tam hərtərəfli araşdırmamışdır. İş üzrə ekspertiza təyin etməmişdir ki, 10-15 baş qoyun həmin arpa sahələrinin hansı hissələrinə və nə qədər zərər vurmuşdur. Bir rəy ilə əsası olmayan sənəd ilə vurulmuş zərəri riyazi tənlik üsulla həll edərək məhkəmə vurulmuş ziyanı müəyyən etmişdir. Bundan başqa məhkəmə arpa məhsulunun əkilmiş sahəsinə baxış keçirməmiş və həmin sahənin nə qədər hissəsində qoyunun olduğunu və qoyunların həmin ərazidə kimin tərəfindən aşkar olunduğunu, qoyunların həmin ərazidə nə qədər müddətdə olduqlarını müəyyən etməmişdir. O, məhkəməyə 26.11.2021-ci il tarixdə teleqram vuraraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə onun teleqramını nəzərə almadan onun iştirakı olmadan məhkəmə iclasını keçirmişdir. Beləliklə də 185-ci maddənin tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsində ekspertiza təyin edilməmiş, bir çox suallar ekspertiza tərəfindən cavablandırılmalı olduğu halda mütəxəssis rəyinin verdiyi qeyri-obyektiv, həqiqətə uyğun olmayan birbaşa bu mübahisə ilə bağlı olmayan mütəxəssis rəyinə istinad edilərək məhkəmə tərəfindən riyazi hesablamalar yolu ilə zərər müəyyənləşdirilmişdir. Məhkəmə tərəfindən həmin zərər müəyyənləşdirilərək mütəxəssis rəyinin verdiyi zərər vura biləcəyi faizlərin yuxarı həddi ilə hesablanmışdır. Yəni, mütəxəssis rəyində qeyd olunur ki, 1 ha arpa sahəsi otarılmaqla və tapdalanmaqla zədələnmə nəticəsində təqribən 5-25% ziyan vurula bilər. Məhkəmə isə bu ziyanı hesablayarkən rəydə göstərilən 5%-lə 25% arasında olan ortaq məxrəci deyil, yuxarı rəqəmi ilə hesablama aparmışdır. Məhkəmə öz qətnaməsində bunun səbəbini qeyd etməmişdir ki, nəyə görə arpaya dəymiş ziyan mütəxəssisin yazdığı təqribi rəqəmlərdən 5%-lə deyil, 25%-lə hesablamışdır. Məhkəmənin bu hərəkətindən görünür ki, məhkəmə bu işə qiymət verərkən qərəzsiz olmuşdur və məhkəmə bu hərəkəti ilə həm də ekspertiza vəzifəsini həyata keçirmişdir. O, məhkəmə kollegiyasından Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli 2(046)-639/2021 saylı qətnaməsinin tam ləğv edilməsinə və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Kostitusiyası: Azərbaycan Respublikasının Kostitusiyasmm 24-cü maddəsinin İİİ-cü hissəsinə görə, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmişəmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyasiya şikayətinin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tаrixli, 2(046)-639/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam şəkildə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq qismən təmin etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tаrixli, 2(046)-639/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay rayonu Şəkər kəndində yerləşən 2.63 ha torpaq sahəsi İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Həmçinin Göyçay rayonu, Veysəlli kəndində yaşayan Cavabdeh təsərüfatında 24 baş xırdabuynuzlu heyvan vardır. X4 30 aprel 2020-ci il tarixdə təxminən saat 20:30 radələrində taxıl sahəsinə baxmağa gedərkən Cavabdeh təxminən 100 baş qoyunun taxıl sahəsində otardığının şahidi olmuş və Amil Məsimov dərhal DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bununla bağlı İnzibati Tənbeh vermə haqqında 15.05.2020-ci il tarixli qərara əsasən Cavabdeh İXM-nin 232-ci maddəsi ilə təqsirli bilinib 50 manat inzibati qaydada cərimə edilmişdir. Beləliklə məhkəmə kollegiyasına təqdim edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh 30.04.2020-ci il tarixdə saat 19 radələrində təsərrüfatında olan 24 baş xirdabuynuzlu heyvanları İddiaçı məxsus 1.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkilmiş arpa məhsulunu otarmaqla iddiaçıya ziyan vurmuşdur. Vurulmuş ziyanın müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay X7 Mərkəzinə müvafiq rəyin veilməsi ilə bağlı sorğu verilmişdir. Məhkəməyə təqdim edilmiş Göyçay DAİMnin bitkiçilik sektorunun müdiri Qiyas Rəsulov tərəfindən 01.07.2021-ci il tarixli rəyindən görünür ki, 1) 2020-ci ildə Göyçay rayonu Şəkər kəndi ərazisində 1 hektar torpaq sahəsində payızlıq arpanın orta məhsuldarlığı 29.08 sentner (yəni 2908 kq) olmuşdur. 2) 2020-ci ilin aprel ayı ərzində 1 hektar torpaq sahəsində arpa məhsulu əkilmiş ərazidə xırda buynuzlu heyvanların otarılması məhsuldarlığa mənfi təsir edə bilər. 3) Aprel ayında payızlıq arpa bitkisi boruaçıxma fazasında olduğu üçün, 24 baş xırdabuynuzlı heyvanlar (heyvanların yaş qrupundan, cinsindən, gün ərzində otarılmanın say və müddətindən, bitkinin inkişaf mərhələsindən, əkin sahəsinin suvarma və yağış nəticəsində nəmlənməsindən asılı olaraq 1 ha payızlıq arpa səhəsinə otarılmaqla və eləcədə bitkilərin tapdalanaraq zədələnməsi nəticəsində təqribən 5-25 faiz ziyan vura bilər. 4) 2020-ci ildə 1 ton arpa məhsulunun orta bazar qiyməti biçini zaman məhsulun keyfiyyətindən asılı olaraq 400-450 manat, qış və yaz mövsümündə keyfiyyətindən asılı olaraq 500-550 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında 01.07.2021-ci il tarixli arpa sahələrinə dəymiş maddi ziyanla bağlı rəy verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin rəy mötəbər sübut kimi qiymətləndirilərək, rəyə əsasən qətnamə qəbul edilmişdir. Rəy nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, apellyator bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, rəy sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin sorğusu əsasında verilmiş rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iddianı təmin etməməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya şikayətində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməmiş, məhkəmə işə baxarkən işi hərtərəfli araşdırmamış, iş üzrə toplanmış sübutlara maddi hüquq normasına uyğun qiymət verməmişdir. Bundan başqa rəy dəqiq olaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi üçün verilməmişdir. Həmin rəy ümumilikdə Şəkər kəndi ərazisində olan torpaqlara münasibətdə verilmişdir. Kollegiya şikayətin həmin dəlilləri ilə razılaşmır. İşin faktiki hallarından görünür ki, tərəflər arasında mübahisə yaratmış hadisə 30 aprel 2020-ci ildə baş vermişdir. Birinci instansiya məhkəməsinin sorğusu əsasında 01.07.2021-ci il tarixli arpa sahələrinə dəymiş maddi ziyanla bağlı rəy verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin rəy mötəbər sübut kimi qiymətləndirilərək, rəyə əsasən qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razıdır. Belə ki, verilmiş rəydə birinci instansiya məhkəməsinin sorğuda verilmiş sualları cavablandırılmışdır. Beləliklə, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tаrixli, 2(046)-639/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, tərəflərin hazırki qətnamədən kassasiya şikayəti vermək hüququ nəzərdə tutulmamışdır. 01 oktyabr 2021-ci ildən qüvvəyə minmiş MPM-nin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 02 dekabr 2021-ci il tаrixli, 2(046)-639/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.