Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-403/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi tələbi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X3 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı (bundan sonra birinci iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu – cəmi 68300 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, cavabdeh 2013-cü ildə onun və ailə üzvlərinin İsmayıllı rayonu Şəbiyan kəndi ərazisində yerləşən, cəmi 5,96 hektar kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsini illik hər hektarını 1200 manata olmaqla, icarəyə götürərək ona on illik icarə haqqı olaraq 12000 manat pul vermişdir. Onlar arasında yazılı razılaşma olmamış və cavabdeh torpaq sahəsindən uzun illər istifadə etmişdir. 2021-ci ilin yayında növbəti ilin məhsul yığımından sonra, yəni torpağa əkmiş olduğu taxıl məhsulunu yığdıqdan sonra o, cavabdehdən torpağını boşaltmasını tələb etmiş və həmin vaxt cavabdeh torpaq sahəsini boşaltmaq əvəzinə İsmayıllı rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək guya torpağı ondan alğısatqı yolu ilə alması, torpaq sahəsini münbitləşdirmək üçün xərc çəkməsi və digər uydurma faktlarla müraciət edərək ondan 34030 manat pul tələb etmişdir. İsmayıllı rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək ondan 24350 manat və 30 manat dövlət rüsumu tutulması barədə qətnamə qəbul edilmişdir. O, məhkəmədə torpağının uzun müddət cavabdeh tərəfindən istifadə edilərək külli miqdarda gəlir götürməsini səsləndirsə də məhkəmə bunu sübut kimi qəbul etməmişdir. Bu barədə qarşılıqlı iddia vermək isə onun ağlına gəlməmişdir. O, qətnamədən apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2(107)-295/2022 nömrəli qətnaməsinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək İsmayıllı rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclənmiş 10000 manat tələbinin təmin olunmuş 2000 manata aid hissəsində ləğv edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 13 sentyabr 2022-ci il tarixli 2(102)-4638/2022 nömrəli qərarına əsasən Şəki Apelyasiya Məhkəməsinin 29 mart 2022ci il tarixli 2(107)-295/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnaməsi çıxandan sonra cavabdeh ona məxsus həmin torpaq sahəsini növbəti dəfə şumlatdıraraq taxıl məhsulu əkmiş və məhsulun yığılması vaxtını gözləmişdir. Çıxarılmış məhkəmə qətnamələrindən görünür ki, o, 5,96 hektar torpaq sahəsini cavabdehə satmışdır, əgər belədirsə, onda cavabdeh bu torpağın hər hektarından X14 İnkişaf Mərkəzinin 05 iyul 2021-ci il tarixli 06-A saylı arayışına əsasən, ildə 9536 manat olmaqla, 2013-2021-ci illər ərzində isə 85824 manat pul qazanmışdır ki, bu da onun üçün əldən çıxmış faydadır. Halbuki, o, bu torpaq sahəsində daha bahalı məhsul, yəni sarımsaq yetişdirmək fikri olmuşdur ki, onda da o, daha çox gəlir əldə edəcəkdi. “X4” MMC-nin 03 fevral 2022-ci il tarixli 21 nömrəli rəyi ilə də ona və ailə üzvlərinə məxsus olan, İsmayıllı rayonu Şəbiyan kəndində iki ərazidə, 0,72 hektar və 5,24 hektar torpaq sahəsində fermer buğda əkərsə, toxumla birlikdə şumaltına mineral gübrə tətbiq edərsə, payız və yaz yemləmə gübrəsini vaxtında verərsə, alaq otlarına, yabanı vələmirə, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün apararsa, bu məhsulların yetişdirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra əldə edilən qazanc 238,4 sentner, yaxud 54165 manat təşkil edər. Həmin məbləğ onun üçün əldən çıxmış faydadır. Bundan əlavə, apelyasiya şikayəti verilən kimi, cavabdehin onun torpaq sahəsindən təkrar istifadə edərək, oranı şumlayaraq taxıl məhsulu əkmişdir. Bununla da cavabdeh ona təkrar maddi ziyan vurmuşdur. Həmin bir illik maddi ziyanın da məbləği 13840 manat təşkil edir. Cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu – cəmi 68300 manat pulun alınaraq ona ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin (hakim: R.Şirinov) 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı cavabdehdən 54165 manat məbləğində əldən çıxmış fayda, 13840 manat əldə edəcəyi məbləğ və ödədiyi 295 manat dövlət rüsumu – cəmi 68300 manat pulun alınaraq ona ödənilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər arasında hər hansı bir formada icarə müqaviləsi mövcud olmamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, JN 0019 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 1,24 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X17 və X1 mülkiyyətinə, JN 0020 KOD 40713038 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən 4,72 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X11, X5, X12, X8, X6, X9 və X7 mülkiyyətinə verilmişdir. Hazırkı iş üzrə iddiaçı ilə hazırkı iş üzrə cavabdeh arasında mübahisəli torpaq sahələrinin alqı satqısı barədə razılaşma olmuş, hazırkı iş üzrə cavabdeh torpaq sahələrinin aralarında razılaşdırılmış dəyərini hazırkı iş üzrə iddiaçıya tam şəkildə ödəməklə həmin torpaq sahəsini satın almışdır. Həmin vaxt torpaq sahəsinin alğı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün lazım olan sənədlər tam hazır olmadığından tərəflər alğı-satqı müqaviləsinin sənədləri tam şəkildə hazır olduqdan sonra rəsmiləşdiriləcəyi barədə razılığa gəlmişlər. Bundan sonra hazırkı iş üzrə iddiaçı torpaq sahəsini hazırkı iş üzrə cavabdehə təhvil vermişdir. Hazırkı iş üzrə iddiaçı torpaq sahlərinin alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etdiyi üçün hazırkı iş üzrə cavabdeh hazırkı iş üzrə iddiaçıya qarşı 5,96 hektar torpaq sahələrinin hazırki bazar qiymətləri ilə olan 24000 manat, həmin torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün xərclədiyi 10000 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat – cəmi 34030 manat pulun alınaraq ona verilməsi barədə İsmayıllı rayon Məhkəməsində iddia qaldırmışdır. İddia tələbi qismən təmin edilərək, cavabdeh İddiaçı torpaq sahələrini hazırkı bazar qiymətinə uyğun olaraq 22350 manat, torpağı tam yararlı vəziyyətə gətirmək üçün 2000 manat və 30 manat dövlət rüsumu – cəmi 24350 manat və 30 manat dövlət rüsumu – cəmi 24380 (iyirmi dörd min üç yüz səksən) manat alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İsmayıllı rayon Məhkəməsinin qətnaməsi torpaq sahələrini əkin-biçin üçün yararlı hala gətirmək üçün təmin olunmuş tələbin 2000 manata aid hissəsində ləğv edilmiş, qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində göstərilən məbləği ödəmədiyindən cavabdeh iddiaçı və onun ailə üzvlərinə məxsus 5,96 hektar torpaq sahəsini qaytarmamışdır. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab edir ki, iddiaçı hər hansı bir məbləğdə gəlirdən məhrum olmuşsa belə, bu onun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməsi səbəbindən baş vermişdir. Qeyd olunanlara əsasən məhkəmə qərara gəlir ki, iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyator apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə həqiqəti müəyyən etməmiş, qərəzli olaraq yalnız cavabdehin yalan izahatlarını qətnamədə qeyd edərək yanlış nəticəyə gəlmişdir. Heç bir qətnamədə torpaq sahəsinin satılması sübut olunmamışdır. Torpaq sahəsi satılası olsaydı, bunu qısa bir zamanda notariat kontorunda rəsmiləşdirmək olardı. Buna heç bir problem olmamışdır. Lakin, onun və ailə üzvlərinin torpaq sahəsini satmaq niyyəti olmamışdır. İcarəyə verdiyi torpaq sahəsi uzun illər Əli Bayramov adına sovxozun istifadəsində olan əkin torpaqları olmuşdur. Bu torpaqlar yararlı halda olmuş, onların yararlı hala salınmasına ehtiyac olmamışdır. Cababdeh yalan-özünə sərf edən məlumatlar vermiş, məhkəmə isə bu məlumatları yoxlamamış, həqiqət olmasına inanaraq qətnaməyə qeyd etmişdir. Azərbaycan Respublikasında Aqrar İslahat aparılan zaman kolxoz və sovxozların istifadəsində olan torpaqlar 3 kateqoriyaya bölünərək bölünmüşdür. Əkinə yararlı torpaqlar “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə xx.xx.1996-cı ilə kimi həmin ərazidə daimi qeydiyyatda olan və yaşayan şəxslərə verilmişdir. Bu torpaqlar əkinə tam yararlı olmuş, onların yenidən nəyə görəsə “yararlı hala” salınmasına ehtiyac olmamışdır. Onun iddia tələbi 2013-cü ildən 2021-ci il tarixə kimi qanunsuz istifadə etməsi nəticəsində İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 saylı qətnaməsinin icra etməməsi ilə deyil, İsmayıllı rayonu, Şəbiyan kəndində yerləşən 5.96 (1.24 + 4.72) ha torpaq sahəsindən 2014-cü ildən-2021-ci ilədək, yəni 8 il ərzində arpa və ya buğda əkiləcəyi təqdirdə, bütün aqrotexniki qulluq xərcləri çıxmaqla təxminən 238.4 sentner məhsul və ya 54165,00 manat əldə edilməsi müəyyən edildiyindən həmin dövr üçün əldə edəcəyi gəliri tələb etmişdir. Məhəkəmə isə həqiqəti deyil, özünün subyektiv fikirlərinə uyğun nəticəni qətnaməyə köçürmüşdür. Bu qətnamə qanuni, əsaslı hesab oluna bilməz. Bundan əvvəl baxılmış işlərdə də hakim yanlış bir qətnamə qəbul etmişdir. Bir daha bildirir ki, bu torpaq sahəsi uzun illər ərzində Əli Bayramov adına sovxozun əkin sahələri olmuşdur. Bu sahəni əkinə yaralı hala salmaq lazım deyildi. Əkinə tam yararlı bir sahə idi. Məhkəmə yalnız cavabdehin özünə sərf edən izahatına istinad edib iddianı rədd edib. Odur ki, qeyd edilənlər nəzərə alınaraq İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili Vəkil izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədə müvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 9536 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)- 302/2022 saylı qətnaməsi iddianın təmin edilməyən 9536 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası öncə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İsmayıllı rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli 2(107)-295/2022 nömrəli qətnamələri Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahibin, yəni hazırki iş üzrə Cavabdeh mülkiyyətçidən, yəni İddiaçı əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi üzrə tələbi barədə olmuşdur. Hazırki iddia tələbi isə Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçinin (İddiaçı) vicdanlı sahibdən (Cavabdeh) onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsi üzrə tələbi barədədir. Qeyd olunan maddələrdə göstərilən hüquqlar mülkiyyətçinin və vicdanlı sahibin birbirindən asılı olmayan hüquqlarıdır və həmin hüquqlardan birinin təmin olunması ilə bağlı qətnamənin icra olunmaması digər hüququn təmin olunmasını istisna edə bilməz. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsas vardır. İddiaçının apellyasiya şikayətinin digər hissələrinə gəldikdə isə, kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsinin satılmış olub-olmaması və ya həmin torpaq sahəsini yararlı hala salmağa ehtiyac olub-olmaması kimi məsələlər Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən hazırki işin predmeti deyildir. Belə ki, həmin məsələlər İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli 2(107)-295/2022 nömrəli qətnamələrində araşdırılmış və yekun qərar qəbul olunmuşdur. Sonuncu qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli 2(102)-4638/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmaqla, hal-hazırda qüvvədədir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kollegiya qeyd edir ki, hazırki iş üzrə iddia tələbi qismən əsaslıdır. Belə ki, yuxarıda da, qeyd edildiyi kimi, Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi (İddiaçı) vicdanlı sahibdən (Cavabdeh) onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququna sahibdir. Göründüyü kimi, bu hüquq vicdanlı sahibin əmlaka sahib olduğu bütün müddət üçün deyil, onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan sonrakı müddət üçün nəzərdə tutulmuşdur. O cümlədən, qanun mülkiyyətçinin əldən çıxmış faydanı deyil, vicdanlı sahibin götürməli olduğu gəlirlərin əvəzinin ödənilməsini tələb etmək hüququnu nəzərdə tutmuşdur. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mübahisəli torpaq sahələrinə münasibətdə vicdanlı sahib olması da İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2(037)-212/2021 nömrəli və Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 mart 2022-ci il tarixli 2(107)-295/2022 nömrəli qətnamələri ilə müəyyən edilmişdir və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbinə əsasən hazırki iş üzrə araşdırılmamışdır. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-212/2021 nömrəli işi üzrə iddia ərizəsi məhkəməyə 9 fevral 2021-ci ildə verilmişdir. Deməli, Cavabdeh torpağa sahibliyinin qanunsuz olduğunu həmin vaxt artıq bilirdi. Həmin vaxta qədər konkret hansı anda Cavabdeh əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi məlum olmadığından kollegiya hesab edir ki, həmin iddianın verilməsi vicdanlı sahibin onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi vaxt olaraq götürülməlidir. Hazırki iş üzrə iddiaçının yalnız Cavabdeh torpaqdan götürdüyü məhsulun dəyərini tələb etmək hüququ olduğundan və əkin-biçin 2021-2022-ci illəri əhatə etdiyindən kollegiya hesab edir ki, hazırki iş üzrə konkret ay və gün tarixləri deyil, məhsul yığımı vaxtı önəm kəsb edir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli, 2(107)-403/2023 nömrəli qərardadı ilə ekspertiza təyin edilmiş və əldə edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 may 2023-cü il tarixli 7/587-9/2990 nömrəli ekspert rəyində göstərilmişdir: Ekspertiza tədqiqatı Şəki Apellyasiya məhkəməsi 2(107)-403/2023 saylı mülki iş materialında olan (səhifə 21) Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X14 İnkişaf Mərkəzinin 06-A Ne-li 05 iyul 2021-ci il tarixli arayışına əsasən Şəbiyan kənd sakini İddiaçı mülkiyyətində olan və ümumi sahəsi 5,96 ha torpaq sahəsinə özünün iştirakı ilə baxış keçirilmişdir. Torpaq sahəsi iki yerdə (0,72 ha və 5,24 ha) yerləşirdi. Həmin torpaq sahəsində fermer buğda əkərsə, əkin zamanı reproduksiyalı toxumdan istifadə edərsə, toxumla birlikdə şum altına mineral gübrə tətbiq edərsə, payız və yaz yemləmə gübrəsini vaxtında verərsə, alaq otlarına, yabanı vələmirə, xəstəlik və zərəvericiiərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün apararsa hər hektardan 40 sentner və daha çox məhsul əldə edə bilər. 1 hektarın məhsuldarlığını 40 sentner olarsa, onda 5,96 ha torpaq sahəsindən fermerin bir ildə götürdüyü məhsul 5,96 ha x 40 sentner = 238,4 sentner olar. İş materialında olan məlumatlara və rəyin bioloji tədqiqat hissəsində göstərilənlərə əsasən 5,96 (1,24+4,72) ha sahədən əldə ediləcək 238,4 (5,96 ha x 40 sentner) sentner buğda məhsulunun 2013-2021-ci illərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8344,00 (23,84 ton x 350 man) manat müəyyən olunur. O cümlədən: -1,24 ha x40 sentner = 4,96 ton x 350 man=1736,00 manat, - 4,72 ha x 40 sentner = 18,88 ton x 350 man=6608,00 manat. 2022-ci ilin məhsul yığımı mövsümünə təxminən 9536,00 (23,84 ton x 400 man) müəyyən olunur. O cümlədən: -1,24 ha x 40 sentner = 4,96 ton x 400 man=1984,00 manat, - 4,72 ha x 40 sentner = 18,88 ton x 400 man=7552,00 manat.” Göründüyü kimi, 2022-ci il məhsul yığımı mövsümünə mübahisəli torpaq sahələrindən ümumilikdə 9536 manat gəlir götürülə bilərdi. Yuxarıda əsaslandırılmış hallar əsasında kollegiya hesab edir ki, hazırki iş üzrə iddiaçı yalnız həmin 9536 manatı Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməyən 9536 manata aid hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsi iddianın təmin edilməyən 9536 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərci tərəflər arasında bərabər şəkildə bölünməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(037)-302/2022 saylı qətnaməsi iddianın təmin edilməyən 9536 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilsin. 9536 manat pul və 41 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınaraq büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X2, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-403/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-403/2023
10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver