Məhkəmə qərarları › İş №2(107)-405/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-405/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-405/2023 28.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Kredit borcu, faiz) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-75/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4420,82 AZN əsas; 370,54 AZN faiz, cəmi 4791,31 AZN məbləğində vəsaitin və ödənilmiş 67,91 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 4420,82 AZN əsas; 370,54 AZN faiz, cəmi 4791,31 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İşə əlavə edilmiş iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq mülki iş üzrə Cavabdeh məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. 5.Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-75/2023 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsinə əsasən 4420,82 (dörd min dörd yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində əsas borc, 370,54 (üç yüz yetmiş manat əlli dörd qəpik) manat ona hesablanmış faiz borcu, cəmi 4791,36 (dörd min yeddi yüz doxsan bir manat otuz altı qəpik) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, Cavabdeh 67,91 (altmış yeddi manat doxsan bir qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh illik 25 faiz olmaqla xx.xx.2022-ci il tarixədək müddətinə 5000 manat kredit xətti açılmışdır. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsinə əsasən 4420,82 manat əsas borc məbləği Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab etmişdir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə Cavabdeh xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsinə əsasən 370,54 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab etmişdir. Məhkəmə daha sonra cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh etiraz ərizəsində göstərmişdir ki, o, banka daha çox pul ödəmişdir. Hesab etmişdir ki, məhkəmə mühasibatlıq ekspertizası təyin edilmədən qətnamənin qəbul edilməsi mümkün olmayacaqdır. Odur ki, işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia təmin olunduğundan Cavabdeh İddiaçı ASC-in xeyrinə 67,91 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçı tərəf texniki səhvə yol verərək iddia ərizəsinin “xahiş etdi” hissəsində müvafiq olaraq əsas borc və faiz məbləğlərini toplayaraq 4791.31 manat göstərmişdir. Halbuki tələb edilən borc məbləğlərinin cəmi məbləği 4791.36 manat təşkil edir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 448.2, 739.1, 741-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1 və 76.2, 77.1, 78.1, 78.1-1, 107, 119.1 217.3, 217.4-cü maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, onun 4420,82 AZN əsas; 370,54 AZN faiz, cəmi 4791,31 AZN məbləğində borcu yoxdur. Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin ediləcəyi təqdirdə onun borcunun aşağı olması müəyyən ediləcəkdir. Lakin, Zaqatala Rayon Məhkəməsi iş üzrə ədalətli qətnamə qəbul olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76 və 88 maddələrinin tələblərini pozmuşlar ki, bu da son nəticədə qəbul edilmiş qətanamələrin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. Qeyd edilənləri nəzərə alaraq, Zaqatala Rayon Məhəkəməsin 06 yanvar 2023-cü il tarixli, 2(033)- 75/2023 iş saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbuledilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin rədd olunmasını, qətnamənin qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini, cavabdeh isə məhkəməyə göndərdiyi ərizəsində üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işin başqa vaxta təxirə salınmasını xahiş etmişlər. Tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmələri barədə heç bir üzürlü səbəb bildirməməklə yanaşı buna dair hər hansı bir sənənd də təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

14. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-75/2023 saylı qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsinə əsasən, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında illik 25 faiz olmaqla xx.xx.2022-ci il tarixədək müddətinə 5000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borclu olduğu kredit borcunu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçıya qaytarmamışdır.

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

19. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Zaqatala Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə araşdırması zamanı təqdim edilən sübutlara qiymət verərək iş üzrə yekun məhkəmə aktı qəbul etmişdir.

21. Belə ki, mülki iş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli, BBLK1808430A114 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında illik 25 faiz olmaqla xx.xx.2022-ci il tarixədək 5000 manat kredit verilməsi barədə müqavilə bağlanmışdır. İş üzrə Cavabdeh həmin kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi üzərinə götürsə də, borclu olduğu pulu müqavilə üzrə tərtib edilmiş ödəniş cədvəlində nəzərdə tutulduğu qaydada iddiaçı təşkilata qaytarmamışdır.

22. Bundan başqa iş materiallarında olan İddiaçı ASC-nin 12 sentyabr 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh BBLK1808430A114 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə olan borcu 4420,82 manat əsas, 370,54 manat faiz, cəmi 4791,31 manat məbləğindədir.

23. Mülki iş materiallarında olan maliyyə arayışı onu sübut edir ki, cavabdehin banka həqiqətən də ödənilməmiş borcu mövcuddur.

24. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, onun 4420,82 AZN əsas; 370,54 AZN faiz, cəmi 4791,31 AZN məbləğində borcu yoxdur. Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin ediləcəyi təqdirdə onun borcunun aşağı olması müəyyən ediləcəkdir. Lakin, Zaqatala Rayon Məhkəməsi iş üzrə ədalətli qətnamə qəbul olunması üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə də razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi ekspertizanın məhkəmə tərəfindən təyin edilməsi imperativ xarakterli norma olmadığından, birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza keçirilməsinə zərurət görmədiyindən iddiaçı tərəfindən verilmiş sənədləri mötəbər sübut kimi qəbul edərək, qətnamə qəbul etmişdir.

26. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cavabdeh iddiaçı banka onun 4420,82 AZN əsas, 370,54 AZN faiz, cəmi 4791,31 AZN məbləğində borcunun olmadığını göstərsə də, "xxxx" ASC-nə məhz hansı məbləğdə əsas və faiz borcunun qalması barədə heç bir fikir ifadə etməmiş, bankla aralarında kredit müqaviləsinin imzalanması, bankdan kredit məbləğinin götürülməsi öz təsdiqini tapdığı halda kredit borcundan aparılmış ödənişlərə dair heç bir sənədi də təqdim etməmişdir.

27. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

28. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

29. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təkzib olunur.

30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-75/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(033)-75/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar