Məhkəmə qərarları › İş №2(107)-410/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-410/2025

22.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-410/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, Cavabdeh iştitrakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)- 1473/2024 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. Qəbələ Rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli, 2(025)-463/2020 nömrəli qətnaməsinə əsasən tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 70 manat olmaqla ümumilikdə 140 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tağıyeva (Səmədova) Nigar Səbiri qızına verilməsi qət edilmişdir.

2. Sonradan İddiaçı Cavabdeh qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər bir üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) sabit pul məbləğində aliment müəyyən edilməsi və 50 manat mediasiya xərci tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı 2009-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X8 adında uşaqları olmuş və münasibətləri pozulduğundan boşanmışlar. Birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsinə verilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)-1385/2019 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması hər uşaq üçün ayda 60 manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat aliment tutulması müəyyən edilmişdir. İddiaçı uşaqlarla birlikdə Qəbələ şəhərində kirayədə qalır və Qəbələ MRX-da arxivçi işləyir. Onun qazancı cəmi 400,0 manat məbləğində əmək haqqı və 120,0 manat məbləğində alimentdən ibarətdir və həmin məbləğdən ayda 250,0 manat kirayə haqqı ödəyir. Qalan məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait getdikcə artır və ana təkbaşına uşaqların maddi və sair ehtiyacının təmin olunmasında çətinlik çəkir. Ona görə də, uşaqın saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırmışdır.

4. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, 2009-cu ildə İddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013- cü il təvəllüdlü X8 adında uşaqları olmuş və münasibətləri pozulduğundan boşanmışlar. Birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsinə verilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(025)- 1385/2019 nömrəli qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması hər uşaq üçün ayda 60 manat olmaqla, cəmi 120 (bir yüz iyirmi) manat aliment tutulması müəyyən edilmişdir. İddiaçı Qəbələ MRX-da işləyir və 500,0 manat məbləğində əmək haqqı alır. 1-ci qrup gözdən əlillik səbəbindən işləyə bilmədiyindən onun qazanc əldə etmək imkanı yoxdur. Aylıq gəlirləri cəmi 337,0 manat pensiya və 300,0 manat müavinət olmaqla cəmi 6667,0 manat təşkil edir. O, İddiaçı xeyrinə kəsilmiş alimenti ödəməklə yanaşı tətil dövründə uşaqları öz yanında saxlayır və əlavə xərclər çəkir. Qalan məbləğ isə onun ən zəruri maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir. Ona görə də, iddia tələbi əsassızdır.

5. Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)-1473/2024 nömrəli qətnaməsi ilə (hakim Ü.Qənbərov) iddia tələbinin qismən təmin edilməsi, birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 150,0 (bir yüz əlli) manat olmaqla, cəmi 300,0 (üç yüz) manat sabit pul məbləğində müəyyən edilməsi, bu qətnamə ilə müəyyən edilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh 50,0 (əlli) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı verilməsi, cavabdeh X3 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

6. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, tərəflərin gəlirləri nəzərə alınaraq birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, alimentin məbləği müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minumumu nəzərə alınmalıdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 75.4, 76.1, 78.1, 78.2, 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarına, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. 16. Qətnamədən narazı qalan İddiaçı və Cavabdeh apellyasiya şikayəti vermişlər.

9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia tələbini qismən təmin edərkən işin mövcud hallarını nəzərə almamış, tərəflərin təqdim etdiyi sübutları araşdırmamış, Ailə Məcəlləsinin tələblərini pozmuş, nəticədə əsassız qətnamə qəbul etmişdir.

10. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Göründüyü kimi qanunverici aliment təyin edərkən məhkəmələrə tərəflərin ailə və maddi vəziyyətinin nəzərə alınması tələbini qoymuşdur. Məhkəmə isə onun ailə və maddi vəziyyətini nəzərə almamışdır. Onun aylıq gəliri 420 manat əmək haqqı və 140 manat alimentdən ibarətdir. Həmin məbləğin də 250 manatını kirayə verir, 50 manatı isə aylıq kommunal xərclərə çıxılır. Yerdə qalan cüzi məbləğ ilə isə uşaqlara baxmaqda çətinlik çəkir. Məhkəmə bu halları nəzərə almamışdır.

11. O, isə hal-hazırda bir uşaq üçün aliment məbləği 246 manat olduğu halda, 2 uşaq üçün cəmi 140 manat aliment alır. Hesab edir ki, məhkəmə tərəfindən 2 uşaq üçün 300 manat müəyyən edilməsi də olduqca aşağı məbləğdir. Hesab edir ki, 300 manat aliment uşaqların əvvəlki təminatının saxlanılması üçün kifayət deyildir. Məhkəmənin təyin etdiyi 150 manat aliment məbləği ilə uşağın qayğısına qalmaq təəssüf ki, mümkün deyildir.

12. Azərbaycan Respublikası“Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hesab edir ki, məhkəmənin təyin etdiyi 2 uşaq üçün 300 manat aliment ilə bu qeyd edilənlərə nail olmaq mümkün deyildir.

13. Yeni qəbul olunmuş Plenium qərarına əsasən alimentin artırılması barədə ərizələrdə alimentin tutulması məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Bu səbəbdən alimentin artırılan hissəsi iddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan hesablanmalıdır.

14. Məhkəmə iddia tələbini tam təmin etməməsini ümumiyyətlə əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı cavabdehin ümumilikdə 667 manat pensiya alması sübuta yetirilmişdir. Onun isə aylıq əlinə çatan əmək haqqı məbləğinin 420 manat olması müəyyən edilmişdir. Cavabdeh heç bir yerdə işləməsə də, ondan çox gəlir əldə edir və öz evində yaşayır. O isə kirayədə qalaraq aylıq 250 manat kirayə pulu ödəyir. Lakin məhkəmə Qanun normalarının mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsindən azad etməməsini nəzərə almamışdır. Halbuki ölkədə bir uşaq üçün minimum yaşayış minimumu 235 manat müəyyən olunduğu təqdirdə, həmin aliment məbləğini ödəyə bilməməsini sübut etmək cavabdehin vəzifəsi idi. Lakin məhkəmə nədənsə bütün sübutetmə yükünü onun üzərinə atmışdır.

15. Bütün sübutlar məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən lazımınca qiymət verilməmişdir.

16. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)- 1473/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(025)-1473/2024 nömrəli qətnaməsini qəbul etmir. Qətnamənin qismən ləğv olunmasını istəyir. Hər uşağa hər ay 80 manat cəmi 160 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmir. Bildirir ki, 1986cı il tarixdən 2002-ci il tarixədək 3-cü qrup gözdən əlildir, xəstəliyi sonrakı illərdə şiddətlənmiş görmə qabiliyyətinin təxminən 70-80 %-nı itirdiyinə görə ona xx.xx.2002-ci il tarixdən müddətsiz 1-ci qrup əlillik verilmişdir. Müalicəsinin müntəzəmliyinə nəzarət edilməzsə görmə qabiliyyətinin tam itirilməsi təhlükəsi vardır. Müalicənin zəruruiliyini nəzərə alaraq dövlət ona 337 manat pensiya və 300 manat müavinət təyin edib. Həmin 667 manatın təxminən borcun 500 manatı gözünün müalicəsinə xərclənilir. Hesab edir ki, həmin məbləğ yəni həm pensiya və həm də müavinət dövlət tərəfindən ona səbəbsiz yerə verilmir. Müalicənin kəsilməsi görmə qabiliyyətinin tamamilə itirilməsinə səbəb olacaq. Ancaq məhkəmə bu halı nəzərə almamış, aliment məbləğini əsassız olaraq 300 manata qaldırmışdır.

18. Hər iki uşaq ailəsinin nəzarətində olmaqla öz üzərlərində ata evinin hər cürə qayğısını hiss edirlər. Tətil dövürlərində hər iki uşağı öz yanında saxlamaqla aliment ödənişindən əlavə başqa xərclərini də çəkir.

19. Müddətsiz 1-ci dərəcəli əlillik qrupu ilə müddətsiz əlillik olduğunu məhkəməyə bildirsə də nəticəsi olmamış, məhkəmə onun birinci qrup əlil kimi aliment ödəmə imkanının hansı vəziyyətdə olduğunu düzgün qiymətləndirməmiş və müalicə vəsaitini aliment ödənişi artımına yönəltmişdir. Pensiya və müavinət formasında xəstəliyinin müalicəsinə verilən vəsaitin aliment artımına yönəldən məhkəmə müalicəsinin hansı vəsait hesabına aparılacağını nəzərə almamışdır.

20. Apellyasiya şikayətinə əlavə etdiyi Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial müavinət pensiya və əlillik barədə məlumatlarının araşdırılması və qiymətləndirilməsi qətnamənin dəyişdirilməsinə səbəb ola bilər.

21. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)- 1473/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün hazırki qətnaməyə əsasən tutulacaq alimentin miqdarını endirərək hər uşağa hər ay 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçı cavabdehin apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin əsassız olması səbəbindən şikayətin təmin edilməməsini, qərar qəbul edərkən Ailə Məcəlləsinin 112-ci maddəsinin tələblərini nəzərə alaraq aliment təyin olunmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)-1473/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edərək, öz apellyasiya şikayətinin təmin edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına elektron qaydada göndərdiyi ərizəsində məhkəmə iclasında maddi imkanı olmadığından iştirak edə bilməyəcəyindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin; 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda aliment tutulması barədə tərəflər məhkəməyə müraciət edə bilərlər. 75.4-cü maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 110.1-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən, alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1-ci maddəsinə əsasən, alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

27. “Uşaq hüquqları haqqında” Konvensiya: “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.

28. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).

29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

30. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

33. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

34. İddiaçı apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)-1473/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın təmin edilən hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmamışdır.

35. Cavabdeh isə apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)-1473/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsini, xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2023-cü il təvəllüdlü X2 üçün hazırki qətnaməyə əsasən tutulacaq alimentin miqdarını endirərək hər uşağa hər ay 80 manat olmaqla cəmi 160 manat sabit pul məbləğində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın rədd edilmiş hissəsində, cavabdehin apellyasiya şikayətinə münasibətdə isə iddianın hər ay hər uşaq üçün təmin edilmiş 80 manatdan yuxarı olan hissəsində, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətlərinin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, onların apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

38. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-463/2020 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmalarından ötrü hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət olunmuşdur. İddiaçı uşaqlar üçün yaşayış minimumunun artmasına, uşaqların tələbatlarına, ötən müddət ərzində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin artmasına, 2020-ci ildə aliment təyin edilən zaman cavabdehin 300 manat pensiya aldığı halda hazırda həmin məbləğin 600 manat təşkil etməsinə istinad edərək, alimentin məbləğinin artırılaraq uşaqlardan hər biri üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayəti ilə razılaşmayaraq, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə isə qismən razılaşaraq, birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi üçün əsasdır.

42. Belə ki, məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin məhkəmənin aliment məbləğini əsassız olaraq 300 manata qaldırmasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli plenum qərarından görünür ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin məhkəmə araşdırması zamanı cavabdehin ümumilikdə 667 manat pensiya almasının sübuta yetirilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan elektron sorğu məlumatlarından göründüyü kimi cavabdehə İ dərəcəli gözdən əlilliyinə görə 300 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdü, İİ qrup əlilliyə görə 337.77 manat və 130 manat sosial müavinət ödənilir.

44. Kollegiya qeyd edir ki, cavabdehə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(025)-463/2020 nömrəli qətnaməsi ilə aliment təyin edilərkən ümumilikdə 667 manat pensiya və müavinətdən az miqdarda pensiya və müavinətin ödənilməsinə dair məhkəməyə heç bir sənəd təqdim edilməmişdir.

45. Kollegiya qeyd edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun artırılması alimentin məbləğinin də artırılması üçün əsas təşkil etməməklə yanaşı İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-463/2020 nömrəli qətnaməsi ilə alimentin müəyyən edilməsindən sonra, yəni hazırkı vəziyyətdə Cavabdeh ailə və ya maddi vəziyyətində alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək artırılmasına əsas verən müsbət dəyişikliyin baş verməsi barədə heç bir sübut təqdim edilməmişdir.

46. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

48. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

49. Kollegiya əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, İddiaçı tərəfindən hazırkı vəziyyətdə cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin baş verməsi barədə hər hansı bir sübutun təqdim edilməməsinə, məhkəmə kollegiyası tərəfindən də cavabdehin maddi vəziyyətində müsbət dəyişikliyin baş verməsinin müəyyən edilməməsinə baxmayaraq, bu hal İddiaçı Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-463/2020 nömrəli qətnaməsi ilə tutulması qət edilmiş aliment məbləğinin indeksasiyası məqsədi ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etməsini istisna etmir.

50. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”

51. Məhkəmə kollegiyası qeyd etməyi vacib hesab edir ki, birinci instansiya məhkəməsindəki məhkəmə araşdırması zamanı maddi və prosessual hüquq normalarının tələblərinin pozulması halının müəyyən edilməsinə baxmayaraq, iddiaçı apellyasiya şikayətində maddi hüquq normalarının (Ailə Məcəlləsinin) pozuntusunu iddiasının tam təmin edilməməsi ilə əlaqələndirdiyindən, həmçinin onun apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilməməklə, şikayəti formal mülahizələrdən ibarət olduğundan, İddiaçı apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilə bilməz.

52. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cavabdeh apellyasiya şikayəti isə qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)-1473/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(025)-1473/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar