Məhkəmə qərarları › İş №2(107)-412/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-412/2020

13.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-412/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, X1, Cavabdeh iştirakları ilə, X1 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1849/2019 saylı qətnaməsindən X9 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) xx.xx.2019-cu il tаrixli, 2(075)-1849/2019 saylı qətnaməsi ilə X1 (bundan sonra mətndə iddiaçı) Cavabdeh (bundan sonra mətndə cavabdeh) ona vurmuş olduğu zərərin əvəzi kimi 1760 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurmuş olduğu zərərin əvəzi kimi 1760 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instasniya məhkəməsində iddiaçı tələbini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh onun qardaşı, həm də yaxın qonşusudur. Atası sağlığında onlara miras kimi çatacaq torpaq sahələrini onların arasında bölüşdürmüş və hər birinin torpaq sahəsini özünə tanıtdırmışdır. Lakin, onların xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək evdə olmamalarından cavabdeh istifadə edərək uzun müddət ərzində yetişdirdikləri fındıq bağında yetişmiş fındıq məhsullarının çox hissəsini yığmış, yığılmış fındıq məhsulunun çəkisi təxminən 550 kiloqrama yaxın olmuşdur. Fındıq məhsulunun hazırda bir kiloqramının satış qiyməti 3,2 manat, alış qiyməti isə 3,6 manat təşkil edir. Cavabdeh onun istifadəsində olan fındıq bağından qanunsuz olaraq topladığı fındıq məhsulunun dəyəri 1760 manat təşkil edir. Beləliklə də, cavabdeh ona 1760 manat məbləğində zərər vurmuşdur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin fındıq yığdığı və onun istifadəsində olan torpaq sahəsinin ona məxsus olması ilə bağlı hər hansı bir sənədi yoxdur. Ümumiyyətlə, atalarından qalmış torpaq sahələri ilə bağlı digər qardaşlarının da sənədləri yoxdur. Lakin, onların ataları Kərim Xasıyev 2010-cu ildə vəfat etmiş və atalarından qalmış miras olan torpaq sahələrini faktiki olaraq qəbul etmələri məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. O, 2011-ci ildə cavabdehin evinin arxasında 14 sot torpaq sahəsində bağ salmışdır. Həmin torpaq sahəsini atası ona vermişdir. O, öz evindən üst tərəfdə də 35 sotda eyni ildə fındıq bağı salmışdır. İslahat zamanı ona ailə üzvləri ilə birlikdə 1.15 hektar pay torpaq sahəsi verilmişdir. 31 sot da ata mülkündə olan həyətyanı torpaq sahəsi vardır. O, hazırki iddiasında haqlıdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş emişdir. Birinci instasniya məhkəməsində cavabdeh izahatında göstərmişdir ki, iddiaçı onun qardaşıdır. O, digər qardaşı Abuzərlə 1990-cı ildən yaşadıqları kənddə traktor işlətmişlər. Evlərinin arxasında 9 sot torpaq sahəsi yerləşir. Həmin torpaq atalarından miras qalmış torpaq sahələridir. İddiaçı onun evinin arxasında yerləşən və atasından qalmış torpaq sahəsindən fındıq yığmağa çalışır. Həmin torpaq sahəsinin sənədləri yoxdur və sənədlərin hazırlanması üçün 640 manat rüsum tələb olunur. O, həmin xərci çəkdikdən sonra qeyd edilən torpaq sahəsi ilə bağlı adına reyestrdən çıxarış alacaqdır. Onun öz evinin yerləşdiyi torpaq sahəsində 20-21 top fındıq ağacı vardır. İddiaçının isə kəndin ayrı hissəsində öz evi, öz torpaq sahəsi və torpaq sahəsində 200 topa yaxın fındıq ağacları vardır. Bu qədər əmlakı olmasına baxmayaraq iddiaçı onun evinin yanında olan torpaq sahəsinə müdaxilə etməyə çalışır. O, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə daxil olmamış, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən fındıq yığmamış, ümumiyyətlə iddiaçıya hər hansı bir məbləğdə ziyan vurmamışdır. Buna görə də iddianı qəbul etmir. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası əsassızdır və buna görə də iddianın təmin edilməməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəilləri: İddiaçılar apelyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan və atasından miras qalmış torpaq sahəsinə dair hüquqi sənədləri olmasa da həmin torpaq sahəsinə vergi və digər xərcləri ödəyir. Həmin torpaq sahəsinə faktiki sahibliyini nümayiş etdirir. Məhkəmədən iddianın baxılmamış saxlanmasını xahiş etsə də, məhkəmə onun ərizəsinə məhəl qoymamışdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv tələbinin təmin edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək tələbinin təmin edilməməsi barədə birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının tələbinin haqsız olduğunu bildirdi və birinci instansiya məhkəmsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanmasını xahiş etmişdir. İddianın baxılmamış saxlanmasına etiraz etdi. Hüquq məsələləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (budan sonra mətndə-MPM) 372.6cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarından müəyyən edilmişdir ki, Şəki Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2 (075)-464/2018 nömrəli qətnaməsi ilə Cavabdeh və X12 tərəfindən ataları X4 miras qalmış, Azərbaycan Respublikası Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən ataları X5 adına verilmiş A 195783 saylı, A 195782 saylı, A 195801 saylı, A 195794 saylı, A 195793 saylı, A 195787 saylı, A 195701 saylı, A 195547 saylı torpaq sahəsinin ölçü planlarına qeyd olunan Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahələri, atalarından miras qalmış torpağa mülkiyyət hüququna dair verilmiş JN-0107 seriyalı 40404058 kodlu dövlət aktında qeyd edilən Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən torpaq sahəsi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilməsi qərara alınmışdır. Şəki şəhər İHB-nin İkinci Biləcik kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli, 10 nömrəli arayışa əsasən İkinci Biləcik kənd sakini mərhum X5 torpaq vergisini onun təsərrüfatında olan X6 ödəməsi qeyd edilir. Şəki şəhər İHB-nin İkinci Biləcik kənd İcra Nümayəndəliyi tərəfindən Şəki rayonu, İkinci Biləcik kənd sakini X7 verilmiş xx xxxx 2017-ci il tarixli, 461 nömrəli arayışa əsasən onun valideynləri olan mərhum atası X8 və anası X10 vəfat edəndən sonra onlara məxsus 0,31 hektar həyətyanı torpaq sahəsində 1960-ci ildə tikilmiş ümumi sahəsi 80 kvadrat metr və yaşayış sahəsi 68 kvadrat metr olan evdə hal-hazırda X9 öz ailəsi ilə birlikdə yaşayır. Valideynlərinin sağlığı dövründə də X3 oğul olduğu üçün o evdə yaşamışdır. Məhkəmə kollegiyası iş materiallarından və tərəflərin izahatlarından müəyyən etmişdir ki, fındıq məhsulunun yığılması iddia olunan torpaq sahəsi tərəflərin atalarından miras qalmış və müvafiq məhkəmə qərarı əsasında vərəsə olaraq iddiaçı və cavabdeh tərəfindən qəbul edilməsi təsdiq edilir. Qeyd edilən torpaq sahələrinin iddiaçı və ya cavabdehə məxsus olmasına dair hüquqmüəyyənedici sənədlər yoxdur. Belə ki, fındığın yığılması iddia edilən torpaq sahəsinin hansı vərəsəyə məxsus olmasını və naturada bölünüb sərhədlərinin müəyyən edilməklə iddiaçının adına hər hansı bir hüquq müəyyənedici sənədin verilməsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan osnra mətndə MM): 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. 1157-1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Bundan əlavə qeyd edilən vərəsələr olan iddiaçı və cavabdeh atalarından miras qalmış torpaq sahələri üzərində bərabər istifadə və sahiblik hüquqları var və həmin əmlakı tam formada mülkiyyətlərinə keçirmək üçün hüquqi əsasları mövcuddur. MM-in: 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia rədd edilərkən əsaslandırılmışdır ki, cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsindən 550 kiloqram çəkidə fındıq məhsulunu yığmaqla ona 1760 manat dəyərində ziyan vurduğunu bildirsə də, o, cavabdeh tərəfindən fındıq yığdığını bildirdiyi torpaq sahəsi ilə bağlı, o cümlədən həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən heç bir sənədi məhkəməyə təqdim etməmiş, cavabdehin ona məxsus fındıq məhsulunu yığmasını sübut edə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilən hallarla birinci instansiya məhkəməsinin qənaətinin əsaslı olması təsdiq edilir. Belə ki, iddia üzrə tərəflərə vərəsəlik qaydasında atalarından miras qalmış torpaq sahəsi onların mülkiyyətlərinə keçməsə də, onarın ümumi birgə idarəçiliyində istifadəsində və sahibliyindədir. Lakin qeyd edilən torpaq sahəsi naturada kimə məxsus olması müəyyən edilməmiş, konkret olaraq ziyan vurulması iddia edilən torpaq sahəsinin iddiaçıya məxsus olması müəyyən deyil. Yuxarıda qeyd edilən hüquq normalarından da müəyyən edildiyi kimi qeyd edilən miras əmlak vərəsələr tərəfindən faktiki qəbul edilsə də, həmin əmlak onların birgə idarəçiliyində olmaqla ümumi istifadələrindədir. Ona görə də tərəflər qeyd edilən torpaq sahəsini ilkin olaraq hər birinnin mülkiyyətini naturada müəyyən etməklə həmin torpaq sahəsinə mülkiyyət sənədi və texniki sənədlər əldə etməli və bundan sonra tərəflərə məxsus torpaq sahələri naturada kimə məxsusluğu müəyyən edilə və bu zaman tərəflərin hər hansı bir iddiasının irəli sürülməsi üçün hüquqi əsasları mövcud olmuş olar. Bu hallar olmadığıdan gələcək birgə mülkiyyətçilərin bir-birinə qarşı əmlakdan istifadə ilə bağlı vurulmuş ziyanı tələb etməsi əsaslı ola bilməz. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd edilən normanın məzmununa görə ziyan vurma üçün məsuliyyətin yaranma şərtləri mövcud olmalıdır, yəni ziyan vuran şəxsin hüquqa hərəkət və ya hərəkətsizliyi, həmin hərəkət və ya hərəkətsizliklə vurulmu ziyan arasında səbəbli əlaqə və ziyan vuran şəxsin təqsiri ortada olmalıdır. İddiaçınıın tələb etdiyi kimi, hazırkı halda cavabdehin fındıq ağaclarından fındıq məhsulunu yığması ilə bağlı hərəkətləri, qeyd edilən ağacların bitdiyi torpaq sahəsinin tərəflərin birgə mülkiyyətində olması ehtimal edildiyindən cavabdehin həmin hərəkətələri mülki qanunvericiliyin tələblərinə zidd hesab edilmir. Bundan əlavə apelyasiya şikayətində iddiaçı birinci instasniya məhkəməsində iddianın baxılmamış saxlanması barədə ərizəsinin nəzərə alınmamasını qeyd etmişdir. Bu halda iddiaçının vəsatəti əsasında iddia o zaman baxılmamış saxlana bilər ki, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməsin. Hazırkı vəziyyətdə iddiaçı belə bir vəsatət versə də cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün həmin işə mahiyyəti üzrə baxılmaışdır. Məhkəmə kollegiyası bu səbəbdən apelyasiya şikayətində iddiaçının irəli sürdüyü dəlillərin birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab etmir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: X2 tərəfindən verilmiş apelyasiya təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tаrixli, 2(075)-1849/2019 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar