Məhkəmə qərarları › İş №2(107)-412/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-412/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-412/2021 03.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Hümmətrov Hümmət Həmid oğlunun iclas katibliyi ilə Yevlax Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tаrixli, 2(039)-894/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Bank cavabdehlərə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun ilə borcalan Cavabdeh1 arasında 24.01.2014-cü il tarixdə bağlanmış 15L000002611 nömrəli “Kredit xətti müqaviləsi” üzrə yaranmış əsas kredit borcun ödənilməsi məqsədi ilə 5.960 manat, kreditdən istifadəyə görə hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 3.316,13 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 4.113,74 manat olmaqla, cəmi 13.390 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun öhdəliklərinin icrasına zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada Bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim G.Cavadova) 25 avqust 2020-ci il tаrixli, 2(039)- 894/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas kredit borcunun ödənilməsi məqsədi ilə 5.960,82 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.873,94 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 300 manat, cəmi 8.134,76 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən İddiaçı ASC tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iddia digər zamin Cavabdeh3 münasibətdə də təmin olunmalıdı idi. Lakin birinci instansiya məhkəməsi həmin hissədə maddi hüquq normalarını səhv tətbiq etmişdir. Odur ki, qeyd olunanlar nəzərə alınaraq Yevlax Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tаrixli, 2(039)-894/2020 saylı qətnaməsi qismən, zamin Cavabdeh3 münasibətdə ləğv edilməli, iddia tələbi həmin hissədə də təmin edilməlidir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, tərəflər heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tаrixli, 2(039)-894/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, 23.01.2015-ci il tarixdə bağlanmış “Kredit razılaşmasına” əsasən aylıq 2.166 faiz dərəcəsi ilə, 48 ay müddətinə, “Kredit müqaviləsinin” ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən edilmiş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat məbləğində kredit iddiaçı Bank tərəfindən Cavabdeh1 verilmişdir. Kreditin təminatı olaraq Cavabdeh3 ilə 23.01.2015-ci il tarixli “Zaminlik müqaviləsi” bağlanmış və həmin müqavilələrə əsasən Cavabdeh3 Cavabdeh1 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuşlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Məhkəmə kollegiyası da hesab edir ki, iddianı qismən təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin zamin Cavabdeh3 münasibətdə gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə görə zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, müraciətdə qaldırılan məsələlərin bir çoxuna Plenumun 2018-ci il 31 may tarixli Qərarında aydınlıq gətirildiyindən onlar geniş şəkildə təkrarlanmadan, hazırkı müraciət əsasında şərh edilməli olan məsələlərin məhz həmin Qərarda əks olunmuş hüquqi mövqelər baxımından nəzərdən keçirilməsi məqsədə müvafiqdir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarda əks olunmuş hüquqi mövqeyinə görə, zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir. “Banklar haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən, bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Göründüyü kimi, kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər. Zaminliyə xitam verilməsi halları isə Mülki Məcəllənin 477-ci maddəsində müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 477.0.1-ci maddəsinə görə, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, Mülki Məcəllənin 477.0.1-ci maddəsi istənilən dəyişikliyə görə deyil, yalnız həmin maddədə müəyyən edilən hallar baş verdiyi təqdirdə zaminliyin xitamını nəzərdə tutur. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara: - kreditin ümumi məbləğinin artırılması; - kreditin faizinin artırılması; - kreditin valyutasının dəyişdirilməsi; - kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu 2018-ci il 31 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu mövcud qanunvericilik normalarından çıxış edərək zaminlik müqaviləsinin bağlanmış hesab edilməsi üçün yuxarıda göstərilən zəruri şərtlərin kredit müqavilələrində göstərilməli olması qənaətinə gəlmişdir. Həmçinin Plenum hesab etmişdir ki, həmin şərtlərin müqavilədə göstərilməməsinin və ya zaminin razılığı alınmadan sonradan dəyişdirilməsinin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb oldugu müəyyən edilərsə, zaminliyə xitam verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gələrkən bir sıra ölkələrin mülki qanunvericiliyinin zaminliyə xitam verilməsinə dair normalarının müqayisəli təhlilini apararaq, bu məsələnin fərqli qaydada tənzimləndiyini müəyyən etmiş və müvafiq şərhi məhz Mülki Məcəllənin 477-ci maddəsinin məna və məzmunu çərçivəsində vermişdir. Gələcəkdə mülki dövriyyənin sabitliyinin, dayanıqlığının və bank sektorunun inkişafının təmin edilməsi baxımından qanunverici tərəfindən həmin normaların təkmilləşdirilməsi istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Məhkəmə kollegiyası kredit xətt müqaviləsi üzrə zamin Cavabdeh3 kredit razılaşmasından və razılaşma üzrə ödəniş planından məlumatı olmadığından və razılığı alınmadığından, verilən kreditin faiz dərəcəsinin onunla razılaşdırılmadığından, bütün bu halların onun üçün əlverişsiz nəticələrə səbəb olmasını, yuxarıda göstərilən qanun normalarının və qərarların tələbləri baxımından nəzərə alaraq hesab edir ki, cavabdehzamin Cavabdeh3 münasibətdə zaminliyə xitam verilməli olduğundan iddia tələbi ona aid hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tаrixli, 2(039)-894/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar