Məhkəmə qərarları › İş №2(107)-413/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-413/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-413/2024 07.03.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbi, preyudisiya) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dаir mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023cü il tarixli, 2(014)-325/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı oğlunun cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona satılmış lakin sonradan hüquqmüəyyən edici sənədləri ləğv edilmiş 2 il sahibliyndə, istifadəsində və səlahiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0.05 ha) torpaq sahəsində apardığı tikilinin məhkəmə qərarı olmadan dağıdılması nəticəsində ona dəymiş 12.595 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırki işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpağın alqı-satqı müqaviləsinin, reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1146/2021 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 1 dekabr 2021-ci il tarixli 2(107)- 2004/2021 nömrəli qətnaməsi ilə (hakimlər - Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, mübahisəli torpaq sahəsinin 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçılara qaytarılması qət edilmişdir. O, Şəki Apellaysiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2141/2022 nömrəli qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə də müəyyən edildiyi kimi, Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməklə 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə İddiaçı verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarış, çıxarışın verilməsinə əsas olmuş 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmişdir. Bununla da 2017ci ildən mülkiyyətində, sahibliyində və istifadəsində olan Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qaytarılmışdır. O 2017-ci ildən qohumlarından olan Cavabdeh1 sözügedən torpaq sahəsinə alqı-satqı üçün 8000 (səkkiz min) pul vermiş və 2 il bundan əvvəl həmin torpaq sahəsi sahibliyində olarkən ora 20 metr uzunluğunda divar tikdirməyə başlamış, ora dəmir qapı qoydurmuşdur. Bunların hamısı Ağanın iştirakı ilə olmuşdur. Torpağı alarkən Ağa divarın çəkilməsinə köməklik edəcəyini bildirsə də, kömək etməmişdir. Divarın tikilməsi üçün 1 həftə usta işlətmiş, ustaların bazarlığı, yeməsi işməsi kimi xərcləri qarşılamışlar. Divarın tikilməsi üçün bünövrə qazdırmışlar, 800 ədəd kubik, 70 kisə sement, 1 kamaz maşını qum almışlar. Torpaq mübahisəsi olmadan niyyəti 25 metr uzunluğunda barı çəkmək idi, lakin məhkəmə mübahisələri ilə Cavabdeh1 ona etdiklərini danaraq divarın çəkilib tamamlanmasına izin verməmişdir. Ağa ilə mübahisələri müxtəlif orqanlarda davam etmişdir. Ağdaşda polis şöbəsində tədqiqatçlıların da yanında olmuş, onlar da gəlib baxmış və haqsızlıq olduğunu bildirmişdirlər, lakin mülki mübahisə olduğundan bir nəticə alınmamışdır. Ağa bununla kifayətlənməyib qoyduğu qapının kilidini dəyişdirmiş, tikdirdiyi divarını yıxmış və ona 12 595 (on iki min beş yüz doxsan beş) manat ziyan vurmuşdur. Qeyd edilənləri Cavabdeh1 əmisi X3, divarı tikən ustalar Şahid3, Şahid2, Şahid4, X2 da təsdiqləyə bilərlər. Belə ki, Şahid3 və Şahid2 8 gün işləyib 25 metr uzunuğunda divar üçün bünövrə qazıb və divar hörüblər-onlara 570 manat vermiş, Şahid4, X2 torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işinə baxmış və onlara 5 gün işlədikləri müqabilində 350 manat vermiş, 800 ədəd kubik, 70 kisə (hər kisəsi 50 kq) sement işlənib (525 manat), 1 kamaz maşını qum işlənib (150 manat), dəmir qapının hazırlanması, qapı üçün dəmir avadanlığın alınması və qapının qoyulmasına 1000 manat vermiş, həmin yerə su çəkdirmiş və bunun üçün 400 manat vermiş, usta və fəhlələrin yeməkləri üçün 300 manatlıq bazarlıq etmiş, torpağın sənədləşmə işləri üçün notariusa 500 manat xərcləmiş və torpağın satılması üçün Ağdaş Rayon Notariusunda Ağaya 5 000 manat pul, torpağın satılması zamanı isə əmisinin yanında (şahid X3) 3 000 manat pul vermişdir. Beləliklə onun torpaq alqı-satqısı zamanı mülkiyyətində olan torpağın sənədləşməsinə, divar tikilməsinə ümumilikdə 12595 manat pulun çıxıb və bu pul cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Torpaq sahəsinin sənədləşməsində uyğunsuzluqlar olması məhkəmə qətnamələri ilə təsdiq edilsə də, bunun onun günahı olmaması, torpağın ona satılması, istifadəsinə verilməsi, orada divar tikilməsi işin danılmayan həqiqətləridir və ona dəymiş ziyan cavabdehlər tərəfindən qaytarılmalıdır. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin olunmuş, Cavabdeh1 5000 manat və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758.47 manat pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 60 manatının iddiaçıya aid edilməsi, 68 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 5000 manat pul və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin əvəzi olan 1758.47 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi tоplаnmış və tədqiq оlunmuş sübutlаrа yuxarıda sadalan maddi hüquq normalarına məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlmişdir ki, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 5000 manat pul və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin əvəzi olan 1758.47 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumunun 60 manatı iddiaçıya aid edilməli, 68 manatı isə Cavabdeh1 tutularaq İddiaçı xeyrinə verilməlidir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 337, 1091, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi ilə (hakim T.Ə.Məcidovun sədrliyi və məruzəsi ilə, hakimlər V.İ.Məlikovdan və E.M.Mehdiyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(014)-325/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməmiş və cavabdehin apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2024-cü il tаrixli, 2(102)- 196/2024 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın 5000 manat təmin olunması və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilməsi və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixində məhkəmə prosesi saxtakarlıq üzərində qurulmuşdur. Hakim işə bir tərəfli baxmaqla ona özünü ifadə etməyə heç bir imkan veməmişdir. Ancaq qarşı tərəfə yəni İddiaçı yön öyrətməklə keçmişdir. Ona iddia olunan 12595 manatı təsdiq edən heç bir yazılı sənəd olmadığı halda ona 6758.47 manat pulun kəsilməsini elan etdi. O etiraz etsə də ki, “Heç bir sübut olmadan mənə qarşı haqsızlıq edirsiniz” ona kinayə ilə demişdir ki, “Xoşun gəlmir get Apellyasiya məhkəməsinə ver. Mən kimə nə qərar verəcəyimi özüm yaxşı bilirəm”. Məhkəmə xx.xx.2023-cü ildə keçməsinə baxmayaraq xx.xx.2023-cü ildə məhkəmənin qərarını zorla da olsa Orxan Qarayevdən alıb xx.xx.2023-cü ildən şifahi işlə tanış olmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü ildə rəsmi qaydada ərizə formasında xahiş etmişdir. Dəfələrlə Ağdaş rayon Məhkəməsində olmağına baxmayaraq, hakim mülki iş protokolları ilə onu tanış etməmiş və qeyd yazmağa şərait yaratmamışdır. Bundan başqa qətnamənin tam mətnini ona təqdim etməmişdir. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və işə birinci instansiya məhkəməsində baxılması zamanı prossessual normaların kobud pozulmasına yol vermiş Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyev barəsində xüsusi qərardad çıxarılmasını və hakim barəsində çıxarılmış xüsusi qərardadı intizam icraatının başlanması üçün Apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən məhkəmə hüquq şurasına göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsinin ləğv edilməsini və işə birinci instansiya məhkəməsində baxılması zamanı prossessual normaların kobud pozulmasına yol vermiş Ağdaş Rayon Məhkəməsinin hakimi barəsində xüsusi qərardad çıxarılmasını və hakim barəsində çıxarılmış xüsusi qərardadı intizam icraatının başlanması üçün apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən məhkəmə hüquq şurasına göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya ilk növbədə qeyd edir ki, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 5000 manat və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758.47 manat pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 60 manatının iddiaçıya aid edilməsi, 68 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2(014)-325/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməmiş və cavabdehin apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2024-cü il tаrixli, 2(102)- 196/2024 saylı qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi qismən, yəni iddianın 5000 manat təmin olunması və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində ləğv edilməsi və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 avqust 2023-cü il tarixli, 2(107)-882/2023 nömrəli qətnaməsi İddiaçı və Cavabdeh1 tərəfindən mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 apellyasiya şikayətində münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilmiş 5000 manat hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsi iddianın təmin edilən 5000 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Yuxarıda qeyd olunduğu kimi, hazırki tələb iki hissədən ibarət olmuşdur: -iddiaçının cavabdehlərdən aldığı və sonradan alqı-satqı müqaviləsi etibarsız hesab olunduğu torpaq sahəsinə görə ödənilmiş pul vəsaitinin tutulması və -mübahisəli torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olduğu dövrdə orada edilmiş yaxşılaşdırmaların (hasarın sökülməsi və yenidən inşa edilməsi, yeni darvazanın qoyulması) dəyərinin tutulması. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın ikinci hissəsini təmin edən birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, bu tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir ki, birinci instansiya məhkəməsi həmin maddənin dispozisiya şərtlərinə uyğun olaraq iddiaçının mübahisəli torpaq sahəsinin vicdanlı sahibi kimi qəbul etməklə, onun yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzini cavabdehdən tutulmasını haqlı hesab etmişdir. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı əvvəllər məhkəmə mübahisələri olmuş və Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Cavabdeh2 birgə iddiaları təmin edilərək, 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamə nəzərdən keçirilərkən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 337.5-ci maddəsini etibarsız hesab olunan əqdə tətbiq edərək, həmin müqavilə əsasında hazırki iddiaçının adına verilmiş hüquq müəyyənedici sənədlərin ləğv edilməsini, torpaq sahəsinin hazırki iş üzrə cavabdehlərə qaytarılmasını qət etmişdir. Birinci instansiya məhkəməsi həmin qətnamədə həmçinin göstərmişdir ki, cavabdehin (hazırki işdə iddiaçının) etibarsız əqd nəticəsində iddiaçılara (hazırki işdə cavabdehlərə) hər hansı məbləğdə pul ödəməsi təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qətnaməsində qanuni qüvvədə olan həmin qətnamədə göstərilənlərə istinad etsə də, hesab etmişdir ki, hazırki iş üzrə İddiaçı əri Şahid1 vasitəsi ilə 5000 manat pulu Cavabdeh1 vermiş və sonuncu bu cür varlanmaya haqq qazandıran qanuni əsas olmadan həmin pulu özündə saxlamaqla, əsassız varlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyini bu qaydada əsaslandırmaqla, Mülki Prosessual Məcəllənin 82.3 və 233.3-cü maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki iş üzrə eyni tərəflər arasında əvvəllər baş vermiş məhkəmə mübahisəsi zamanı etibarsız hesab olunmuş alqı-satqı müqaviləsi üzrə İddiaçı tərəfindən Cavabdeh1 hər hansı məbləğdə pul ödənilməsinin təsdiq edilmədiyi halda, eyni tərəflər həmin faktlarla və hüquq münasibətləri ilə bağlı başqa prosesdə mübahisə edə bilməzlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinin tələblərini pozaraq mübahisələndirilən həmin halı hansı sübutlarla müəyyən edilməsini də əsaslandırmamışdır. Belə ki, birinci instansiya instansiyası məhkəməsinin qeyd etdiyi: “İddiaçı əri Şahid1 mübahisəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 təmsil etdiyindən həmin 5000 manat pul da Şahid1 vasitəsilə Cavabdeh1 verilmişdir.” halı yalnız iddiaçının izahatında və birinci instansiyası məhkəməsində şahid qismində dindirilmiş onun əri Şahid1 ifadəsində əks olunmuşdur ki, həmin izahat və ifadələrə Mülki Prosessual Məcəllənin 88 və 106.1-ci maddəsinə əsasən qiymətləndirilməlidir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi iddianın 5000 manat məbləğində pulun tutulmasının təmin edildiyi hissədə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Belə ki, birinci instansiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmişdir. Bu səbəbdən onun gəldiyi nəticə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsi iddianın təmin edilən 5000 manata aid hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 saylı qətnaməsi iddianın təmin edilən 5000 manata aid hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758.47 manat pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 60 manatının iddiaçıya aid edilməsi, 68 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar