Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-417/2022 28.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı “kiçik iddia tələbinə dair” mülki iş üzrə (Açar sözlər: kredit borcu, kiçik iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(035)-298/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 27 iyun 2019-cu il tarixli, MFNPU- 1543-KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 1679.49 manat, faiz borcuna görə 6.26 manat, cəriməyə görə 0.00 manat, cəmi 1685.75 manat və 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, MFNPU-1543-KMP saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 1 faiz olmaqla, 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1789.11 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh iddiaçıya əsas borca görə 1679.49 manat, faiz borcuna görə 6.26 manat, cəriməyə görə 0.00 manat, cəmi 1685.75 manat borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 27 oktyabr 2021-ci il tаrixli, 2(035)- 298/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-1543-KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1676.58 manat, faiz borcuna görə 5.77 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1712.35 manat məbləğində pulun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab-Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, MFNPU-1543-KMP saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 1 faiz olmaqla, 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1789.11 manat məbləğində kredit verilmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosesinin gedişində keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/4577 saylı, 30.08.2021-ci il tarixli rəyi ilə Cavabdeh İddiaçı ASC-yə əsas kredit borcuna görə 1676.58 manat, faiz borcuna görə 5.77 manat borcu olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 27 iyun 2019-cu il tarixli, MFNPU-1543-KMP saylı kredit müqaviləsi üzrə kredit borcuna görə 1676.58 manat, faiz borcuna görə 5.77 manat, dövlət rüsumuna görə 30 manat, cəmi 1712.35 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab- Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1, 448.1, 739.1-cu və 445-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamədən narazıdır, qətnaməni ədalətsiz, qanunsuz və əsassız hesab edir və sözügedən qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını zəruri hesab edir. Belə ki, qətnamə çıxarılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, hüquq normaları düzgün tərtib edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin əhəmiyyəti olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. İş materiallarından göründüyü kimi, onunla “Rabitə Bank" ASC arasında imzalanmış 27.06.2019-cu il tarixli, MFNPU-1543- KMP saylı saylı Kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə nağd şəkildə istifadə olunmaqla, illik 1 % olmaqla 1789,11 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə aralarında imzalanmış 27.06.2019-cu il tarixli, MFNPU-1543-KMP saylı Kredit müqaviləsinə əsasən ona verilmiş kredit hissə-hissə qaytarmaq şərti ilə verilmişdir. Zərdab Rayon Məhkəməsi 2(035)-298/2021 nömrəli mülki iş üzrə 27.10.2021-ci il tarixdə qəbul etdiyi qətnamədə borcalan kimi onun hüquqları pozulmuşdur. Zərdab Rayon Məhkəməsinin 27.10.2021-ci il tarixli 2(035)-298/2021 saylı qətnaməsinin nəticə hissəsində qət edilmiş ardıcıllığa əsasən faiz borcunun artıq hesablandiğı nəzərə alınmamışdır. Məhkəmənin bu qənaəti onun mənafeyinə tamamilə ziddir. Nədənsə məhkəmə bu faktları demək olar ki heç nəzərə almamışdır. Bundan əlavə, qətnamənin nəticə hissəsində məhkəmənin iddiaçının iddiasını müdafiə etdiyi cavabdeh olaraq onun hüquqlarını nəzərə almamışdır. Kreditin ayrıldığı vaxt ilə qətnamənin çıxarıldığı vaxt onun hüquqlarının məhkəmə tərəfindən nəzərə alınmaması ilə bağlı məhkəmənin gəldiyi nəticə isə tamamilə əsassızdır. Kreditin vaxtında ödəyə bilməməyinin əsas səbəbi səhhəti ilə olan problemləri olmuşdur. Bıı səbəbdən də ardıcıl olaraq krediti icra edə bilməmişdir. İş üzrə telefonla Banka müraciət edərək üzürlü səbəbdən kredit öhdəliyini icra edə bilməməyi ilə əlaqədar olaraq borcalana möhlət verilməsini xahiş etmişdir. Həmin müraciətinə Bank tərəfindən hər hansı münasibət bildirilməmiş, əksinə xəbərdarlıq edilmədən (pretenziya irəli sürülmədən) məhkəməyə müraciət olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.5 maddəsinə əsasən - Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır. Məhkəmə prosesində hakimə və iddiaçıya cavabdehin sağlamlıq imkanlarının və əmək qabiliyyətinin bərpa olunduğu, həmiçinin ödəniş qabiliyyətinin olduğu barəsində məlumat verilsə də bu hal nəzərə alınmamışdır. Xüsusilə vurğulamışdır ki, onun, cavabdeh olaraq kredit öhdəliyinin icrasını gecikdirməsinə səbəb olan səhhətindəki problemlər olmasaydı qalan kredit borcunu qrafik üzrə vaxtında və tam ödəyə bilərdi. Qeyd olunanları nəzərə alaraq, o, məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 2(025)-298/2021 saylı 27.10.2021-ci il tarixli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrnin səbəbləri və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(035)-298/2021 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(035)-298/2021 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(035)-298/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 27 iyun 2019-cu il tarixli, MFNPU-1543-KMP saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 1 faiz olmaqla, 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1789.11 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini icra etsə də, cavabdeh öhdəlikləri lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh iddiaçıya əsas borca görə 1679.49 manat, faiz borcuna görə 6.26 manat, cəriməyə görə 0.00 manat, cəmi 1685.75 manat borcu yaranmışdır. Həmin borcun könüllü şəkildə ödənilməsi cavabdehdən tələb olunsa da, borcun könüllü ödənişi təmin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, apellyator şikayətində bildirmişdir ki, məhkəmə faiz borcunun artıq hesablandığını nəzərə almamışdır. O, bildirir ki, məhkəmənin bu qənaəti onun mənafeyinə ziddir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Faiz məbləğinin artıq hesablanmasını apellyator əsaslandıra bilməmişdir. Həmçinin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işin obyektiv araşdırılması üçün ekspertiza təyin edilməsi barədə qərardad qəbul etmişdir. 9/4577 saylı 30.08.2021-ci i tarixli ekspert rəyindən görünür ki, cavabdehin banka əsas borc üzrə 1676,58 manat, faiz borcu üzrə 5,77 manat borcu olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulmuş faiz borcu əsas borca uyğun olaraq hesablanmışdır. Apellyator apellyasiya şikayətinin dəlillərində bank tərəfindən ona xəbərdarlıq edilmədən (pretenziya irəli sürülmədən) məhkəməyə müraciət olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçı tərəfin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulduğu halda istədiyi vaxt məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi 27 iyun 2019-cu il tarixdə 60 ay müddətinə bağlanmışdır. Yəni kredit müqaviləsinin müddəti bitməmiş və müqavilə ləğv edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin pretenziya irəli sürülməməsi ilə bağlı dəlili də əsaslı deyildir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunmuş dəlillər birinci instansiya məhkəməsinin mülki iş üzrə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, apellyasiya şikayətinin dəlilləri cavabdeh tərəfindən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(035)-298/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tаrixli, 2(035)-298/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-417/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-417/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver