Məhkəmə qərarları › İş №2(107)-417/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-417/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-417/2024 22.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 2(075)-484/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35040 manat, 24000 ABŞ dolları, 267537,84 Rusiya rublu məbləğində borcun ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh2 və X1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-484/2023 saylı əlavə qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 35040 manat, 24000 ABŞ dolları və 267537.84 rubl və iş üzrə ödənilmiş 341 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı oğlunun xeyrinə ödənilməsi, Şəki Rayon Məhkəməsini 11 may 2023-cü il tarixli, 2(075)-484/2023 saylı qətnaməsi ilə İddiaçı oğlunun iddiasının X4 qarşı hissəsində təmin edilməməsinin nəzərə alınması qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin e-2(075)-484/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(075)-484/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-484/2023 saylı əlavə qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 yenidən apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin e-2(075)-484/2023 saylı xx.xx.2023-cü il tarixli əlavə qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(075)-484/2023 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-484/2023 saylı əlavə qətnaməsindən ilk iddia tələbi üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət və prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. Şəki Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(075)-484/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(075)-484/2023 saylı qərardadı ləğv edilməli və Şəki Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(075)-484/2023 saylı saylı qərardadından Cavabdeh2 verdiyi şikayətə yenidən baxılması üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli ŞRPF № 05/174 saylı məktubdan görünür ki, SS871096953AZ saylı məktub "xxxx" MMC-nin 2 saylı PF-nin 17 saylı PŞ-nin xx.xx.2023-cü il tarixli AZ1017/********** saylı teleqramına əsasən və sistemdə göründüyü kimi xx.xx.2023-cü il tarixdə şəxsən ünvançıya çatdırılmışdır. Cavabdeh2 tərəfindən apellyasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmaqla verilmiş, həmçinin müddətin bərpası barədə məhkəməyə vəsatət verilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. İş materiallarından görünür ki, Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 9 yanvar 2023-cü il tarixli 2(075)-484/2023 saylı qərardadından şikayət və prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir. Lakin birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək müddətin bərpasına dair ərizəyə münasibət bildirməmişdir. Ona görə də kollegiya hesab edir ki, Şəki Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(075)-484/2023 saylı qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 9 yanvar 2024-cü il tarixli, 2(075)-484/2023 saylı qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar