Məhkəmə qərarları › İş №2(107)-419/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-419/2025

22.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-419/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X6 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)- 62/2025 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə Qax Rayon Məhkəməsinə müraciət edərək mərhum atası X2 miras qalmış Qax rayonu Əmbərcay kəndində yerləşən 2000 kv.m kənd təssərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X7 xx.xx.2006-cı il tarixdə ölmüşdür. Hazırda ondan miras qalmış Qax rayonu Əmbərçay kəndində yerləşən 2000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair plan ölçü sənədi mövcuddur. Lakin, atasından miras qalmış əmlaka dair Çıxarış olmadığından, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşinmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə müraciət etmiş, inzibati orqan isə maneə olduğundan çıxarışın verilməsindən imtina etmişdir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o mərhum atasından qalmış digər torpaq sahələrini öz adına rəsmiləşdirmiş, bir tək mübahisəli torpaq sahəsi qalmışdır. Cavabdehlər həmin sahənin kənarını bağlamışlar. Torpaq islahatı zamanı onların adına bir-neçə yerdən əlavə olaraq hazırkı mübahisəli torpaq sahəsini də əmlak payı verilmişdir. Atasından miras qalmış torpaq sahələrini öz adına rəsmiləşdirmiş, hazırkı mübahisəli torpaq sahəsinin mövcudluğundan xəbəri olmamışdır. Reyestr Xidmətinin əməkdaşları ona həmin torpaq sahəsinini də atasına məxsus olmasını demişlər. Həmin əməkdaşlar ölçmə işləri aparan zaman cavabdehlər onlara maneçilik törətmişlər. Bu səbəbdən çıxarışın verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək göstərmişdir ki, 1978-ci ildən həmin torpaq sahəsini əkib-becərmiş və alaq otlarını təmizləmişdir. İndi kimsə gəlib çıxıb deyir ki, həmin torpaq sahəsi onundur. O, həmin torpaq sahəsini heç kəsə verməyəcəkdir. Ölçü işlərinin aparılmasına razı deyildir. Həmçinin bildirir ki, əgər ekspertiza təyin olunarsa torpaq sahəsinə heç kəsin daxil olmasına, ölçmə işlərinin aparılmasına icazə verməyəcəkdir. Həmin torpaq sahəsi onun dədə-baba torpağıdır. İddianın rədd edilməsini xahiş etdi.

5. Cavabdeh1 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, Cavabdeh2 onun əmisidir. Aqrar İslahat dövründə onun atasına və babasına pay torpaqları verilmişdir. Əgər kəsir olsaydı onun babasının torpağında da olardı. Olar bilər ki, torpaq islahatı zamanı torpaq sahələri ölçülərkən sürüşmə baş vermişdir. Əmisi Kamilin dedikləri ilə razıdır. İddianın rədd edilməsini xahiş etdi.

6. Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)-62/2025 nömrəli qətnaməsi ilə (hakim Taleh Kərimov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinə qarşı mərhum atası X2 miras qalmış Qax rayonu Əmbərcay kəndində yerləşən 2000 kv.m kənd təssərrüfatı təyinatlı torpaq sahəsinə dair Çıxarışın alınması üçün ölçmə işlərinin aparılmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə iddiasının təmin edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

7. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mərhum atasının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən müvafiq Çıxarış olmasa da, həmin torpaq sahəsinin ona verilməsini təsdiq edən ilkin sənəd hesab olunan torpaq sahəsinin planı və ölçü sənədi vardır. İddiaçı torpaq sahəsini adına keçirmək üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmiş, həmin orqanın əməkdaşları ölçmə işləri üçün torpağa baxış keçirmək istəsə də, cavabdehlər buna imkan verməmişdir. Nəticədə miras qalmış torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi mümkün olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı adına sənədləşməsini tələb etdiyi torpaq sahəsi üzrə titul sahibliyə malikdir. Lakin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o mərhum atasından qalmış torpağı adına rəsmiləşdirə bilmir. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulur. Ona görə də, cavabdehin daşınmaz əmlakın dövlət reyestri xidmətinin nümayəndələrinə etdiyi qanunsuz müdaxilələrinə son qoyulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 157.4, 164.1-ci maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermişlər.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən prosesual hüquq normalarını pozmuş, işin faktiki hallarını araşdırmamışdır. İş üzrə sübutlar əldə edilərək iş materiallarına əlavə edilməmişdir. Məhkəmə yalnız iddiaçının mülahizələrinə əsasən qətnamə çıxarmışdır. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə əməl olunmamışdır.

12. Onlar 1978-ci ildən həmin torpaq sahəsini əkib-becərmiş və alaq otlarını təmizləmişlər. İndi kimsə gəlib çıxıb deyir ki, həmin torpaq sahəsi onundur. Həmçinin aqrar islahatı zamanı həmin torpaq sahəsi onların pay torpağından zəbt kimi çıxılmışdır. İddiaçı bu faktı özü də məhkəmədə təsdiq etmişdir.

13. Ölçü işlərinin aparılmasına razı deyillər. Hesab edirlər ki, torpaq sahəsi paylanarkən sənədlərdə sürüşmələr olmuş və iddiaçının torpaq sahəsi səhvən onların torpaqla üst-üstə düşmüşdür. Bu fakt isə Qax rayonu Əmbərçay bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı ilə təsdiq edilir.

14. Hesab edirlər ki, iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilməli və yuxarıda qeyd olunan fakt araşdırılmalıdır. Həmin torpaq sahəsi onların dədə-baba torpaqlarıdır.

15. Odur ki, Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)-62/2025 nömrəli qətnаməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmaması, Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)-62/2025 nömrəli qətnаməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 saylı Şəki ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə kollegiyasına göndərdikləri teleqramlarında məhkəmə kollegiyasının iclasının təxirə salınmasını xahiş etsələr də, maraqlı şəxs nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirak etməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

21. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

22. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyatorlar birinci instansiya məhkəməsinin qətnаməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)-62/2025 nömrəli qətnаməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Qax rayon Aqrar İslahat Komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə İddiaçı 30 may 2006-cı il tarixdə vəfat etmiş mərhum atası X4 Qax rayonu Əmbərçay kəndinin ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 2000 kv.m ölçüdə torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsi tərəfindən 08 iyul 2013-cü il tarixdə mərhum X3 adına A N 446795 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qax Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(024)-788 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, 30 may 2006-cı il tarixdə ölmüş X2 miras qalmış Qax rayonu Əmbərçay kəndində yerləşən 2498.93 kv.m, 2000 kv.m, 1300 kv.m olan 2.64 ha torpaq sahələrinin və 1938-ci ildə tikilmiş evin İddiaçı adına keçirilməsi məqsədi ilə mirasın qəbulu müddətinin keçməsi üzürlü hesab edilməklə həmin müddət uzadılmışdır. İddiaçı atasından miras qalmış 2000 kv.m ölçüdə torpaq sahəsinə dair rəsmiləşdirilmə işlərinin aparılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdehlər tərəfindən maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsində ölçü işlərini apara bilməmişlər.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin torpaq sahəsinin onların dədəbaba torpaqları olmasına dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon Şöbəsinin 08 iyul 2013-cü il tarixli, A N 446795 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat komissiyasının 10 sentyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə 2000 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin aqrar islahatı zamanı həmin torpaq sahəsinin onların pay torpağından zəbt kimi çıxılması, torpaq sahəsi paylanarkən sənədlərdə sürüşmələrin olması və iddiaçının torpaq sahəsinin səhvən onların torpaqla üst-üstə düşməsi, onların 1978-ci ildən həmin torpaq sahəsini əkib-becərmələri, alaq otlarını təmizləmələrinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

32. Kollegiya qeyd edir ki, normanın tələbindən də göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən torpaq sahəsində hər hansı bir üst-üstə düşmə, sürüşmə hallarının olub-olmamasının müəyyənləşdirilməsi üçün, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin olubolmamasının müəyyən edilməsi məqsədi ilə torpaq sahəsinin yerində naturada ölçülmə zərurəti müəyyən edilir. Yəni yerində ölçmə işlərinin nəticəsi üzrə torpaq sahəsində həqiqətən zəbt və yaxud da üst-üstə düşmə hallarına tam aydınlığın gətirilməsi mümkündür ki, cavabdehlər tərəfindən isə ölçü işlərinin aparılmasına maneçilik yaradılmışdır.

33. Cavabdehlərin 1978-ci ildən həmin torpaq sahəsini əkib-becərmələri, alaq otlarını təmizləmələrinə dair dəlillərinə gəlincə məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, torpaq sahəsindən uzun müddət ərzində digər şəxslər tərəfindən istifadə edilmişdirsə belə, bu hal hazırda mövcud sənədlər üzrə həmin torpaq sahəsində ölçü işlərinin aparılmasına maneçilik törədilməsinə əsas vermir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməli olmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

35. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiza təyin edilib-edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Hazırkı mübahisə üzrə isə ekspertizanın təyin edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin prosesual hüquq normalarının pozulması, işin faktiki hallarının araşdırılmaması, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)-62/2025 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

37. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 06 yanvar 2025-ci il tarixli, 2(024)-62/2025 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar