Məhkəmə qərarları › İş №2(107)-42/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-42/2023

19.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-42/2023 19.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı (açar sözlər: gediş-gəliş yolunun açılması, özbaşına tikililərin sökülməsi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı “özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürülməsi tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə iddiaçı X14 və 2 nəfər ailə üzvünün mülkiyyətinə Ağsu rayonu Hacman kəndində 0,15 ha həyətyanı torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” 30 mart 2004-cü il tarixli JN – 105F KOD 40911048 saylı şhadətnaməyə əsasən iddiaçının torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində iddiaçıya məxsus, ümumi sahəsi 89,2 kv metr olan yaşayış evi vardır.

2. Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə cavabdehin mərhum anası X1 mülkiyyətinə 0,16 ha torpaq sahəsi verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” 30 mart 2004-cü il tarixli JN – 104F KOD 40911048 saylı şhadətnaməyə əsasən Firəngiz Əliyevanın torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsində Firəngiz Əliyevaya məxsus, ümumi sahəsi 78,9 kv metr olan yaşayış evi olmuş, 17 yanvar 2007-ci ildə Firəngiz Əliyeva öləndən sonra toraq sahəsi və yaşayış evi cavabdeh X4 mülkiyyətinə keçmiş və 23 iyul 2018-ci ildə, **********68-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyat aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Elim Fərzəliyev cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək zəbt etdiyi gediş-gəliş yolunun açılması və gediş-gəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökülüb çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonunun Hacman kəndində yerləşən həyətyanı torpaq sahəsini sovxoz dövründə ona vermişlər. O da həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Evi yolun kənarında yerləşir və kəndin qırağında sonuncu evdir. Onunla qonşuluqda isə həmin kənd sakini Cavabdeh məxsus olan fərdi yaşayış evi yerləşir. Qonşusu hər ikisinin evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 8 (səkkiz) metr evnində kənd arası yolu 2015-ci ildən zəbt etmişdir. Həmin yoldan hər ikisi istifadə etmişdir. Hazırda yolun eni 2,5 metrə çatdırılmış və cavabdehin yolun zəbt etdiyi hissəsində quruluq, tayalıq və sair tikililəri inşa etmişdir. Bu barədə Dilman Bələdiyyəsinin sədrinə də müraciət etsədə nəticəsi olmamışdır. Həmçinin həmin yolu bələdiyyə də düzgün müəyyən etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X14 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Ağsu rayonunun Hacman kəndində yerləşən həyətyanı torpaq sahəsini sovxoz dövründə ona vermişlər. O da həmin torpaq sahəsində özünə fərdi yaşayış evi tikdirmişdir. Evi yolun kənarında yerləşir və kəndin qırağında sonuncu evdir. Onunla qonşuluqda isə həmin kənd sakini Cavabdeh məxsus olan fərdi yaşayış evi yerləşir. Qonşusu hər ikisinin evlərinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tutulmuş 8 (səkkiz) metr evnində kənd arası yolu 2015-ci ildən zəbt etmişdir. Həmin yoldan hər ikisi istifadə etmişdir. Hazırda yolun eni 2,5 metrə çatdırılmış və cavabdehin yolun zəbt etdiyi hissəsində quruluq, tayalıq və sair tikililəri inşa etmişdir. Bu barədə Dilman Bələdiyyəsinin sədrinə də müraciət etsədə nəticəsi olmamışdır. Həmçinin həmin yolu bələdiyyə də düzgün müəyyən etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq iddiasının təmin edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini rədd edərək izahatında göstərmişdir ki, özbaşına tikinti işi aparmamış və heç kimin gediş-gəliş yolunu kəsməmişdir, iddiaçının qeyd etdikləri əsassızdır. Ağsu rayonu, Hacman kəndində yerləşən, sahəsi 79.2 kv.metr olan 4 otaqlı ev 04 iyul 2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən mərhum anası X2 məxsus olmuş, hazırda isə onun xüsusi mülkiyyətindədir. Ekspertiza keçirilərək onun torpaq sahəsinin hüdudları ətraflı ölçülmüş, onun kimsənin torpağını zəbt etmədiyi müəyyən edilmişdir. Odur ki, Elim Fərzəliyevin ona qarşı iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

7. Birinci instansiya məhkəməsinin iclasında maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinin nümayəndəsi X15 verdiyi izahatında göstərmişdir ki, həmin ərazidə elə ağaclar var ki, 20 ildir əkilib. Sınqılbulağa kimi yollar düzəldilmişdir. Lakin bulağın yanından keçən yollar daralır. Kənd yollarının sxemi tərtib edilməmişdir. Ondan əvvəlki Bələdiyyə sədri yolları ölçüb vermişdir.

8. Ağsu rayon məhkəməsinin (hakim Tahir İsmayılov) 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi ilə iddia ərizəsi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qənaətinə görə Ağsu rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə idiiaçı Elim Fərzəliyevin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsinin və yolun Cavabdeh tərəfindən tutulması müəyyən olunmamış, Cavabdeh inşa etdirdiyi fərdi yaşayış evinin və tikililərin onun mülkiyyətində olan torpaq sahəsində olması müəyyən edilmişdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29cu, Mülki Məcəllənin 152.1-ci və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(107)-13/2021 saylı iş üzrə qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmış və hesab etmişdir ki, iddiaçı tərəf yolun cavabdeh tərəfindən tutulduğunu bildirsə də, bu halı təsdiq edəcək dair hər hansı bir sübut təqdim etməmişdir. İş üzrə təyin edilmiş ekspertiza rəyindən də görünür ki, cavabdeh tərəfindən yolun tutulması müəyyən edilmir.

c) kassasiya instansiya məhkəməsində icraat

14. İddiaçı və onun vəkili Vəkil kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(107)-13/2021 saylı qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2(102)-2579/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 dekabr 2021-ci il tarixli, 2(107)-13/2021 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır.

II. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayətində iddia ərizəsində göstərilən hallar təkrar şərh edilməklə göstərilmişdir ki, işə baxılmasında və sübutların tədqiq olunmasında iddiaçının iştirakı təmin olunmamış, bələdiyyənin cavabdehi müdafiə etməsini və cavabdehin hərəkətlərinin qanuni olmasını təsdiq edən əsassız sübutlar təqdim etməsini məhkəmə nəzərə almamış, ilkin arxiv sənədlərində yolun eninin 7-8 metr müəyyən edilməsini diqqətdən qaçırmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməssi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 129.30 (bir yüz iyirmi doqquz manat, 30 qəpik) manatın qarşı tərəfdən alınaraq Kapitalbankın müvafiq hesabına köçürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

18. Məhkəmə kollegiyasının protokol qərardadı ilə X12 hazırkı iş üzrə cavabdeh tərəfdən üçüncü şəxs qismində cəlb edilmişdir.

19. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izaha verərək şikayətin təmin edilməsini və Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.

20. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. İş üzrə iddiaçı tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

IV. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

23. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

24. Maddə 29. Mülkiyyət hüququ

İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

26. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

28. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.2. İddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir.

31. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

32. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

33. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

34. Maddə 18, 1-ci hissə. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

35. Maddə 20, 2-ci hissə. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri;

36. Maddə 20. 1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

41. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

43. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 420.Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

V. Apellyasiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, yerində baxış keçirib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

52. Müəyyən edilmişdir ki, Ağsu RAİK-nin 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə X14 və ailə üzvlərinin mülkiyyətinə 0.15 ha torpaq sahəsi verilmişdir. Ağsu RAİK-nin 28 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə mərhum X1 mülkiyyətinə 0.16 ha torpaq sahəsi verilmişdir. Cavabdeh mərhum anası X1 mülkiyyətinə verilmiş 0,16 ha torpaq sahəsini miras əmlak kimi qəbul etmiş, Ağsu rayonu, Hacman kəndində 0.16 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 79.2 kv metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə Cavabdeh adına 23 iyul 2018-ci ildə, **********68-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır.

53. İddiaçı 15 yanvar 2019-cu il tarixdə Cavabdeh və maraqlı tərəf Ağsu rayon Dilman Bələdiyyəsinə qarşı özbaşına zəbt etdiyi gediş-gəliş yolunun açılması və gedişgəliş yolunun üzərində tikdiyi özbaşına tikililərin öz vəsaiti hesabına sökdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi mübahisəni yuxarıda göstərilən qaydada həll etmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

54. Müəyyən edilmişdir ki, X13 mərhum anasından miras əmlak kimi qəbul etmiş torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən adına olan yaşayış evini oğlu Etibar Musayevə 14 avqust 2018-ci il tarixdə bağışlamış, daşınmaz əmlakın dövlət reyestrindən 04 aprel 2019-cu il tarixdə verilmiş çıxarışa görə həmin əmlaklar Etibar Musayevin adına dövlət qeydiyyatına alınmışdır.

55. Göründüyü kimi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən zaman cavabdeh kimi göstərilən Cavabdeh mülkiyyətində nə torpaq sahəsi, nə də yaşayış evi olmuşdur. Ona görə də məhkəmə kollegiyası tərəfdən X16 cavabbeh tərəfdən üçüncü şəxs kimi işə cəlb olunmuşdur.

56. Məhkəmə kollegiyası tərəfindən mübаhisə predmeti оlаn əraziyə baxış keçirmişdir. Yerli bаxışа gələn tərəflərin və mütəxəssisin iştirаklаrı ilə iddiаçının mübаhisələndirdiyi ərаziyə bаxış keçirərək müəyyən edilmişdir ki, Ağsu rayonunun Hacman kəndində tərəflərin həyətyanı torpaq sahəsi və fərdi yaşayış evləri vardır. Hər iki tərəfin evinin yaxınlığından keçən piyada və nəqliyyat vasitələrinin gediş-gəlişi üçün nəzərdə tulmuş kəndarası yol mövcuddur və tərəflər həmin yoldan hаzırdа istifadə edirlər. Lakin vizuаl bаxışlа iddiаçının iddiа etdiyi xüsusаtlаr, yəni cаvаbdehin həm kənd yolunu, həm də iddiаçının evinin arasında olan boş sahəni və ümumiyyətlə yolun çox hissəsini zəbt edərək yolların enini dаrаltmаsı və gediş-gəliş üçün nəzərdə tutulаn yоlun üzərində qаnunsuz tikililər inşа etməsi аşkаr оlunmаdı. Tərəflərin bildirdiklərinə görə, iddiaçının həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi 1990-cı ildə, cavabdehin (üçüncü şəxsin) həyətyanı torpaq sahəsində yerləşən yaşayış evi isə 1987-ci ildə inşa edilmişdir. Cavabdehin (üçüncü şəxsin) həyətyanı torpaq sahəsində ictimai yola yaxın ərazidə yerləşən yardımçı tikililərin də keçmiş zamanlarda inşa edildiyi (son illərdə tikilmədiyi) müəyyən olunur. Əraziyə baxış zamanı mübahisəli yerdə bitən ağacların yaşının da çox (təxminən 25-30 il, bəlkə də daha da çox) olduğu müəyyən olunur. Baxış zamanı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin əməkdaşı üzrə müvаfiq rəyin verilməsi üçün GPS аləti vаsitəsi ilə çöl ölçmə işlərini аpаrdı.

57. Apellyasiya şikayətinin başlıca dəlili təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlıdır.

58. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2023-cü il tarixli, 2(107)-42/2023 saylı qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir

59. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyində qeyd olunur ki; - Ağsu rayonunun Hacman kəndinin xəritəsində və elektron baza məlumatlarında həmin kənd sakinləri X14 və X10 məxsus həyətyanı torpaq sahələrinə gedən istimai yolun eni 6-8 metr nəzərdə tutulmuşdur. Belə ki, nəzərdə tutulan 6-8 metr yol yolun əks tərəfində olan həyətyanı torpaq sahələri ilə mübahisə predmeti olan həyətyanı torpaq sahələri arasında olan məsafədir. Naturada faktiki həmin həyətyanı torpaq sahələri arasında 4-6 metr məsafə mövcuddur. Yolun hərəkət hissəsi isə 3 metr təşkil edir. Hacman kəndinin həyətyanı torpaq sahələrinə dair hazırlanmış yerquruluşu layihəsindəki cizgilərlə naturada istifadəçilik arasında uyğunsuzluq olduğundan Cavabdeh və ya X16 tərəfindən ictimai yolun tutulmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında təqdim olunmuş Cavabdeh adına olan Seriya RX ******* nömrəli çıxarışa əsasən cavabdehin mülkiyyətinə verilmiş 0.16 ha torpaq sahəsi naturada istifadə etdiyi torpaq sahəsi ilə eynilik təşkil edir. - Ağsu rayonunun Hacman kəndinin xəritəsində və elektron baza məlumatlarında həmin kəndin sakinləri X14 və X10 məxsus həyətyanı torpaq sahələri arasında ictimai yol (sahəyə gedən yol) nəzərdə tutulmuşdur. - Elektron baza məlumatlarında X17 və X10 məxsus həyətyanı torpaq sahələri arasında nəzərdə tutulan ictimai yol (sahəyə gedən yol) naturada mövcuddur və hər hansı müdaxilə müşahidə olunmadı. - İddiaçı X7 mübahisələndirdiyi yol iş materiallarında olan 01 oktyabr 2021-ci il tarixli 10/4352 saylı ekspert rəyində (İ cild, iş vərəqi 191, 192) göstərilən ictimai yolla eynidir.

60. Beləliklə məhkəmə araşdırması zamanı Ağsu RAİK-nin 28 aprel 1998-ci il tarixli, 16 saylı qərarı ilə X9, X3, X6 Ağsu rayonunun Hacman kəndində verilmiş 0.15 ha həyətyanı torpaq sahəsi ilə X1 mülkiyyətinə verilmiş (sonradan növbə ilə Cavabdeh və X8 mülkiyyətiinə keçmiş) torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, X8 öz mülkiyyətində olan torpaq sahəsindən başqa digər torpaq sahəsini, gediş-gəliş yolunu tutmadığı, sonuncunun mülkiyyətində olan fərdi yaşayış evinin və yardımçı tikililərin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edildiyi müəyyən olunmuşdur.

61. Həmin faktlar iş üzrə alınmış 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli məhkəmə tikinti-texniki ekspert rəyi ilə də təsdiq olunur.

62. İş üzrə verilmiş sözügedən ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qiymətləndirir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyi tədqiq edərək, məhkəmə araşdırması zamanı 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/6899 nömrəli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, həmin ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir.

64. “X11rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

65. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh mülkiyyətinə verilmiş torpaq sahəsindən başqa digər torpaq sahəsini, gedişgəliş yolunu tutmadığı, cavabdehin (hazırda üçüncü şəxsin) inşa etdirdiyi fərdi yaşayış evinin və yardımçı tikililərin öz mülkiyyətinə verilmiş torpaq sahəsində inşa etdiyi sübuta yetirilir.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

67. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

68. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

70. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

71. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

73. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir.

74. İş üzrə mütəxəssis rəyinin xərcini təşkil edən 406 (dörd yüz altı) manat İddiaçı tutularaq (Kapital Bank ASC Xətai Filialı kodu-200071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********1944 Benefisiarın adı: KADASTR və YERQUR LAYİHƏ TADQ MAR, Benefisiar hesab AZ23AİİB********************, VÖEN **********) hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 2(016)-173/2019 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul İddiaçı tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. İş üzrə mütəxəssis rəyinin xərcini təşkil edən 406 (dörd yüz altı) manat iddiaçıdan tutularaq (Kapital Bank ASC Xətai Filialı kodu-200071, VÖEN **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ013501**********1944 Benefisiarın adı: KADASTR və YERQUR LAYİHƏ TADQ MAR, Benefisiar hesab AZ23AİİB********************, VÖEN **********) hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar